Məhkəmə qərarları › İş №1(124)-111/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-111/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-111/2022 13.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan təmiz çəkisi 0,659 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 06 may 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanında olan yaşadığı evin yaxınlığında saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş və şöbədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0,659 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 131,78 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 3,828 qram çəkidə külli miqdarda psixatrop maddə olan metamfetmini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 09 iyul 2021-ci il tarixdə saat 04:20-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən avtomobil parkında Sumqayıt ŞPİnin PPXT-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, polis bölməsdə üzərinə şəxsi axtarış aparılarkən, əynində olan şalvarının kəmərinin arxa hissəsində saxlamış olduğu ağ sellafon paketin içərisində olan 02 ədəd qara rəngli sellofan torbanın içərisindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı ayrıayrılıqda təmiz çəkiləri 70,450 qram və 61,528 qram ümumilikdə isə 131,978 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd ağ sellofan bükümdə təmiz çəkisi 3,828 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 4 aydır ki, narkotik vasitə olan “kakos”, yəni heroindən istifadə edir. 2021-ci il may ayının 5-də axşam saatlarında yaşadığı evə gedən zaman küçədə yerdə parıldayan gümüşü bir kağız bükümünün olduğunu görmüş, bükümü götürüb içərisini açıb baxanda bükümün içərisində heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 2021-ci il may ayının 6-da Vağzal küçəsində olan zaman iki nəfər polis əməkdaşı onu saxlayıb Xaçmaz RPŞ-yə aparmışlar. Xaçmaz RPŞ-də üzərində şəxsi axtarış keçiriləndə “kakos” olan bükümü aşkar etmişlər. Bundan başqa, gündəlik qəbul etdiyi narkotik vasitənin və psixatrop maddənin miqdarı çox yüksək olduğundan narkotik vasitə aldığı şəxslə danışıb ona 120 qram narkotik vasitə olan heroin satması barədə razılaşmışlar. Qarşılığında onun göndərdiyi hesab kartına 1.500 manat pul köçürmüş, sonra həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürmək üçün getmişdir. Şahid8la razılaşıb onunla birlikdə Elmanın idarə etdiyi “VAZ 21140” markalı avtomobillə Sumqayıt şəhərində sürücülük məktəbinin yaxınlığından narkotik vasitəni götürüb geri qayıdarkən Bakı-Quba yolunda ayaqyoluna getmişdir. Təbii ehtiyacını ödəyib geri qayıdanda polislər onu saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Sumqayıt şəhərində iyul ayının 9-da saxlanılmışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq olunmamışdır. Şəxsi axtarış aparılanda üzərindən heroin və metamfetamin aşkar edilmişdir. O, narkotik vasitəyə verdiyi 1.500 manat pulun şəxsi pulu olduğunu, telefon mağazası işlətdiyini, aylıq 2000-3000 manat gəliri olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə bağışlamamış, Eldar adlı şəxsə narkotik vasitə verməmiş, özü heroin və metamfetamin istifadəçisi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ PPTX-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 9-da gecə saat 04 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində xidmət yoldaşları Şahid2 və Şahid1la həmin ərazidə xidmət edən naryadları yoxlamağa gedəndə VAZ 21114 markalı avtomobilin dayandığını görmüşlər. Avtomobil şübhə yaratdığı üçün yanına sürüb saxlamış, maşında iki nəfər şəxsin özlərini şübhəli və təlaşlı apardıqları üçün onların şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə avtomobildən düşmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Xaçmaz şəhər sakinləri olduqlarını bildirmişlər. Gecə vaxtı burada nə etdiklərini və maşını hansı məqsədlə saxladıqlarını soruşanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroinin və psixatrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Darhal həmin yerə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onları 2-ci PB-nə aparmışlar. PB-də olan zaman üzərində narkotik vasitə olduğunu bildirən Təqsirləndirilən şəxs üzərinə videogürüntü ilə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, üzərindən içərisində 02 ədəd qara rəngli və 01 ədəd ağ rəngli sellofan bükümlər olan sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin, ağ rəngli sellofan bükümün içərisində psixatrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ PPTX-in manqa komandiri Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 9-da gecə saat 04 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində xidmətdə olarkən VAZ 21114 markalı avtomobilin dayandığını görmüş, avtomobil içərisindəki iki nəfər şəxsin özlərini şübhəli və təlaşlı apardıqlarını görüb onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə avtomobildən düşmələrini xahiş etmişdir. Həmin şəxslər özlərini təqdim edərək Xaçmaz şəhər sakinləri olduqlarını bildirmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroinin və psixatrop maddə olan metamfetaminin olduğunu bildirmiş, onlar da oraya Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat qrupunu çağırmışlar. Təqsirləndirilən şəxs ilk baxışda narkotik vasitənin təsiri altında olması bəlli idi.Əməliyyat qrupu gəldikdən sonra onları 2-ci PB-nə aparmışlar. PB-də Təqsirləndirilən şəxs üzərinə videogürüntü ilə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirimiş, axtarış zamanı onun üzərindən narkotik vasitə heroin, psixatrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ CAB-in əməliyyat müvəkkili Şahid6 Xanbala oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 6-da Şahid7 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında həmin gün saat 18 radələrində Şahid7 ilə birlikdə Təqsirləndirilən şəxsı Xaçmaz rayonu Vağzal küçəsində saxlamış, saxladıqdan sonra onu Xaçmaz RPŞ-yə aparmışlar. Müdafiəçinin iştirakı ilə Xaçmaz RPŞdə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd kağız bükülüdə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində görünür ki, o, Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadələr vermişdir. (Cild 1, iş vərəqləri 100-102) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının 6-da Şahid7 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması barədə daxil olan məlumat əsasında həmin gün saat 18 radələrində Şahid6lə birlikdə Təqsirləndirilən şəxsı Xaçmaz rayonu Vağzal küçəsində saxlamış, sonra onu Xaçmaz RPŞ-yə aparmışlar. Müdafiəçinin iştirakı ilə Xaçmaz RPŞ-də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd kağız bükülüdə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 və həmin polis bölməsinin digər əməliyyat müvəkkili Şahid5 Şahid3 və Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onların ifadələrinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərilmişdir ki, O, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyırmış. Sonuncu ilə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs telefon ustası kimi tanımışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Orxan ona zəng edərək onun idarə etdiyi VAZ 21114 markalı **-BP-*** dövlət nömrənişanlı avtomobillə sonuncunu Bakı və Sumqayıt şəhərlərinə aparmağını istəmişdir və bunun qarşılığında 30 manatlıq benzin tökəcəyini bildirmişdir. 0, Orxanla razılaşmışdır. Orxanla əvvəlcə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığına getmişdirlər. Oraya çatdıqda Orxan ondan maşını saxlamağını bir nəfərlə görüşüb 2-3 dəqiqəyə geri qayıdacağını bildirmişdir. O, Orxanın dediyi kimi maşını saxlamışdır. Orxan maşından düşüb getmişdir və bir neçə dəqiqədən sonra geri gəlmişdir və ona Sumqayıt şəhərinə sürməyini demişdir. Orxan hara getməsi, kiminlə görüşməsi ilə bağlı ona heç bir söz deməmişdir. Onda ona görə Orxandan heç bir söz soruşmamışdır. Sumqayıt şəhərinə çatdıqda Orxan sürücülük məktəbinin yanına sürməyini demişdir. O, Orxanın dediyi yeri tanımadığı üçün yolda olan taksi sürücüsündən həmin yeri dəqiqləşdirmişdirlər. Həmin ünvana çatdıqda Orxan yenidən maşını saxlamağın0ı, bir nəfərlə görəşəcəyini və 2-3 dəqiqəyə geri qayıdacağını bildirmişdir. O, Orxanın dediyi kimi etmişdir və Orxan maşından düşmüşdür, bir neçə dəqiqədən sonra maşına qayıtmışdır. Orxan maşına oturduqda dəniz kənarı yol ilə gedib Bakı-Quba yoluna çıxmaqlarını xahiş etmişdir. O, H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən zaman Socar Polimer zavodunun yaxınlığında olan zaman təbii ehtiyaclarını ödəmək üçün maşını avtomobil parkının yanında saxlamışdır. Bundan sonra maşından düşmüşdürlər və təbii ehtiyaclarını ödəmişdirlər. Maşına qayıdan zaman polis əməkdaşları onlara yaxınlaşıb gecə vaxtı hansı məqsədlə orada olmaqlarını və özlərini təqdim etməklərini bildirmişdirlər. Söhbət əsnasında onlar özlərini təqdim etmişdirlər və Orxan üzərində narkotik vasitə və psixatrop maddə olduğunu bildirmişdir. Sonra onları yaxınlıqda olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişdirlər. Onların hər ikisi polis əməkdaşları ilə birlikdə 2-ci PB-ə getdik. Pbd-ə olan zaman o, idarə etdiyi VAZ 21114 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində, özünə məxsus olan 01 ədəd süngü bıçağı olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir və o, həmin süngü bıçağını polis əməkdaşalrına təqdim etmişdir. İfadə də verilən suallara cavab olaraq bildirmişdir ki, həmin süngü bıçağını bir neçə müddət əvvəl Xaçmaz rayonunda tapdığını, o vaxtda maşının yük yerində saxladığını, orxanın nə məqsədlə Bakı və Sumqayıt şəhərinə getdiyini bilmədiyini, Orxanın narkotik vasitəni və psixatrop maddəni kimdən əldə etməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 81-83) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Xaçmaz RPŞ-də “Şəxsi axtarış aparılması haqqında” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, bir ədəd “Rotmans” siqareti, bir ədəd qara rəngli alışqanı təqdim etmişdir. Gümüşü kağızın içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Sumqayıt ŞPİ-də tərtib olunmuş “Şəxsi axtarışın keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının kəmərinin arxa hissəsində saxlamış olduğu ağ sellafon paketin içərisində olan 02 ədəd qara rəngli sellofan torbanın içərisindən narkotik vasitə olan heroinə və 01 ədəd ağ sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 20-21) Şəxsi axtarışın keçirilməsi ilə bağlı 06 may 2021-ci il və 09 iyul 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd “DVD” formatlı disklər istintaq materiallarına əlavə edilmişdir. Həmin videogörüntünin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edilmişdir ki, həmin protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1860 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №58 möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imza olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,659qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 1, iş vərəqləri 147-151) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2752 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan 2 (iki) ədəd paketdəki, 2 (iki) ədəd qara rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 70,450qr və 61,528qr, ümumi təmiz çəkisi 131,978qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustra üsulla hazırlanmış narkotik vasitə heroindir: 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,828qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 38-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəli mobil nömrəyə gələn və gedən “SMS” mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə digər şəxslər arasında narkotik vasitələrin alışı və satışı ilə bağlı yazışmalar aparılmışdır. (Cild 1, iş vərəqləri 217-226) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,728 qram psixatrop maddə metamfetamin, 131,778 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin 0,609 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. 01 ədəd süngü bıçaq hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə ayrılan cinayət işi üzrə maddi sübutdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 131,978 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 879 dəfə, külli miqdardan təxminən 65 dəfə artıq olması, həmçinin 3,828 qram psixatrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 25 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixdək Xaçmaz RPŞ-də şübhəli şəxs qismində tutulmuş, sonra isə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, 09 iyul 2021-ci il tarixdə Sumqayıt ŞPİ-də şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 2 gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3,728 qram psixatrop maddə metamfetamin və 131,778 qram narkotik vasitə heroin, eləcə də Xaçmaz RPŞ-də saxlanılan 0,609 qram narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. 01 ədəd süngü bıçağın hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ayrılan ********* nömrəli cinayət işi üzrə maddi sübut olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3,728 qram psixatrop maddə metamfetamin və 131,778 qram narkotik vasitə heroin, eləcə də Xaçmaz RPŞ-də saxlanılan 0,609 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd süngü bıçağın hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ayrılan ********* nömrəli cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar