Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-111/2025 25.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Abbas adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitəni müəyyən məbləqdə pul müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 12 aprel 2024-cü il tarixdə səhər saatlarında həmin şəxsin Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığında qoyduğu 1960 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini götürüb satış məqsədi ilə üzərində saxlamaqla daşımış, 12 aprel 2024-cü il tarixdə saat 07:00-da Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 08:20-dən 08:45-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərində «A» yazısı olan 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlamada çəkisi 1960 qram olan kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən 11 aprel 2024-cü ildə Məhəmmədi qəsəbəsində yerləşən kafedə olarkən 4 nəfər polis əməkdaşı məni saxladı. Mən onlara heç bir müqavimət göstərmədim. Mən taksi fəaliyyəti ilə məşğul idim. Polis əməkdaşları məni öz avtomobilimlə Abşeron Rayon Polis İdarəsinin inzibati binasına apardılar və orada səhərə qədər saxladılar. Onlar mənə işgəncə verərək narkotik vasitənin mənə məxsus olduğunu etiraf etməyimi tələb etdilər. Mən bu tələblə razılaşmadığımı bildirdikdə əllərində olan bir ədəd əşya ilə üz nahiyəmə zərbə endirdilər. Səhər saat 7 radələrində mənim mobil telefonumla evimə zəng etdilər. Həmin yerin rəisinin adı səhv etmirəmsə Samir idi. O, mənə evimin pilləkənlərini təsvir edərək evimdə axtarış aparıldığını bildirdi. Daha sonra isə əgər narkotik vasitəni boynuma götürməsəm, evimdən silah tapılacağını və evdəki ailə üzvlərimin də polis idarəsinə gətiriləcəyini söylədi. Mən də məcbur qalıb narkotik vasitənin mənə məxsus olduğunu etiraf etdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən narkotik vasitə marixuana istifadə etmişəm. Metamfetamin və heroin istifadə etməmişəm. Məni narkoloji ekspertizaya aparıblar, lakin məndən analiz götürmədən ittiham aktında istifadəçi olduğumu qeyd ediblər. Məni 11 aprel 2024-cü ildə saxlayıblar. Məni 11 aprel axşam saat 10-11 radələrində saxlayıblar. Mənim istifamdə ***-***-**-** mobil nömrəsi olub. Mənim “Whatsapp” proqramında xarici mobil nömrə ilə yazışmalar olub, əvvəllər öz istifadəm üçün marixuana alanda danışmışam. İran vətəndaşı ilə danışmışam. Mən əvvəllər həmin şəxsdən öz istifadəm üçün 1-2 qram marixuana almışam. Həmin şəxs mənə metamfetamin və heroin göndərməyib. Başqasına çatdırmağım üçün marixuana göndərməyib. Barəmdə həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə döyüldüyümü və narkotik vasitənin mənə məxsus olmadığını bildirmişəm. Polis əməkdaşları məni 11 aprel axşam saat 10 radələrində polis idarəsinə apardılar. Təxminən səhər saat 7 radələrində təhqiqatçı gəldi və onun yanında mənə təzyiq göstərərək narkotik vasitəni boynuma götürməyimi tələb etdilər. Sonda razılaşıb çəkiliş zamanı narkotik vasitənin mənə məxsus olduğunu etiraf etdim. Polislərin nə üçün narkotik vasitəni boynuma götürməyimi tələb etdiklərini bilmirəm. Polis əməkdaşları məni saxladıqdan sonra Abşeron Rayon Polis İdarəsinə apardılar. Məni həmin idarədə saxladılar. X4 Bölməsinə aparıb səhərə qədər orada saxladılar, səhər çəkiliş oldu. Mən saxlanılana qədər telefonum üstümdə idi. Daha sonra telefonumu alıb məni avtomobilimə mindirdilər. Mobil telefonum “Redmi” markalı idi. Telefonumu mənə çəkiliş zamanı verib arxa cibimdən telefonumu, yan ciblərimdən isə özlərinin verdiyi narkotik vasitəni çıxarmalı olduğumu bildirdilər. Vəkil səhər saatlarında gəldi və videoçəkiliş zamanı orada iştirak etdi. Vəkillə təklikdə heç nə danışmadım. Ancaq barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxdığım zaman vəkillə danışmışam. Mən taksi fəaliyyəti ilə məşğul idim. Həmin vaxt kafeyə ayaqyolundan istifadə etmək üçün girmişdim. Kafedən çıxarkən 5 nəfər polis əməkdaşı mənə yaxınlaşaraq heç bir məlumat vermədən məni öz avtomobilimə əyləşdirib polis idarəsinə apardılar. Həmin vaxt üzərimdə heç bir qanunsuz əşya yox idi. Məni 11 aprel axşam saat 10 radələrində saxlayıblar. Məhəmmədi dairəsindən 1 km qabaqda kafe var. Polis əməkdaşları məni oradan çıxanda kafenin qabağında saxladılar. Yanımda heç kim yox idi. Polis əməkdaşları məni saxlayanda kafenin işçiləri gördülər. “Araz” market Məhəmmədi dairəsində yerləşir, lakin kafedən çox uzaqdadır. Məni polis idarəsində X3 padvalına aparıb səhərə qədər orada saxladılar. Həmin idarədə məni əməkdaşların otağında saxladılar. Mən barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman narkotik vasitənin mənə məxsus olduğunu və başqa yerə aparmalı olduğumu deməmişəm. Polis əməkdaşları tərəfindən mənə fiziki təzyiq göstərilib, döyülmüşəm. Üzərimdə xəsarət izləri qalmayıb. Məni Bakı İstintaq Təcridxanasına qəbul edəndə üzərimdə xəsarət izləri aşkar etmədilər. Polis əməkdaşları məni döyüblər, daha sonra səhər saat 7-də mənim telefonumla evdəkilərə zəng ediblər, evimə axtarış keçiriblər və evdən heç nə aşkar etməyiblər. Evimin pilləkənlərini təsvir edərək axtarış keçirdiklərini və ailə üzvlərimi də idarəyə gətirəcəklərini bildiriblər. Mən də məcbur qalaraq ibtidai istintaq zamanı etirafedici ifadə vermişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Məhkəmə istintaqı zamanı dindirilən polis əməkdaşları məni saxlayan zaman iştirak edən polis əməkdaşlarıdır. Saxlanılandan dərhal sonra məni saxlayan polis əməkdaşları ilə birbaşa polis idarəsinə gəlmişəm. Başqa yerə məni aparmayıblar. ” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 1 ildir ki, müxtəlif narkotik və psixotrop maddələr istifadə edir. 2024-cü ilin mart ayında “İnstagram” sosial şəbəkəsində əvvəllər tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Abbas adlı şəxslə tanış olmuşdur. Abbas onun narkotik vasitə aludəçisi olduğunu bilirmiş. Bu səbəbdən ona Abşeron və Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitələr və psixotrop maddələri götürüb, müxtəlif hissələrə bölməklə onun tapşırığı ilə başqa başqa ünvanlara gizlətməyini və həmin ünvanların foto şəkillərini ona atmağını xahiş etmişdir. Abbasın tapşırığını edəcəyi təqdirdə müəyyən məbləğdə əlavə də pul vəsaiti verəcəyini bildirmişdir. Həmin vaxt maddi vəziyəti pis olduğuna görə onun təklifi ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkə vasitəsi ilə onunla əlaqə saxlamış və narkotik gizlədilmiş ünvanın konumunu ona atmışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında 01 sellofan bükümü götürüb əynində olan qara qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin ünvandan bir qədər aralaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron Rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir (cild 01, iş vər. 61-63). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən əvvəllər narkotik vasitə istifadə etmişəm. Ancaq marixunana istifadə etmişəm. Metamfetamin və heroin istifadə etməmişəm. Abbas adlı şəxslə heç bir yazışmam olmayıb. Məni saxlayan zaman maşınımda az miqdarda narkotik vasitə marixuana olub. Lakin həmin narkotik vasitəni istifadə üçün əldə edib maşınımda saxlamışam. ” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil oldu və hadisə günü səhər saatlarında Məhəmmədi qəsəbəsində yerləşən “Araz” marketin arxasında şəxs tərəfimizdən saxlanıldı. Saxlanılan zaman şəxsin əlində qara rəngli sellofan bağlama var idi və o, narkotik vasitəni iranlı şəxsdən alaraq onun göstərişi ilə təyin olunmuş yerə apardığını etiraf etdi. Bundan sonra şəxsi polis idarəsinə dəvət edib təhqiqatçıya təhvil verdik. Təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirildi və baxış zamanı onun üzərindən bir ədəd mobil telefon və bir böyük bükümdə olan narkotik vasitə aşkar edildi. İlkin baxış zamanı aşkar edilən narkotik vasitə heroin olduğunu ehtimal etdik. Şəxsin telefonunda yazışmalar da var idi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “X10 qəsəbəsində səhər saat səhv etmirəmsə təxminən 5-6 radələrində saxladıq. Biz şəxsi onun avtomobilinin yanında saxladıq və o, artıq narkotik vasitəni götürmüşdü. Avtomobilin markasını dəqiq xatırlamıram. Biz şəxsi saxlayarkən qaçmağa cəhd etdi, lakin biz saxladıq. Şəxs piyada vəziyyətdə qaçmağa çalışdı. Mən videoçəkiliş vasitəsilə şəxsin üzərində baxış keçirilən zaman iştirak etmişəm. Narkotik vasitənin tərəzidə çəkildiyini xatırlamıram. Həmin gün mənim istifadəmdə ***-***-**-** saylı mobil nömrə var idi. Bu nömrəm daimi işlək vəziyyətdə olur. Səhv etmirəmsə mobil telefon həmin gün üzərimdə olub. Əməliyyat məlumatı daxil olduğu üçün şəxsi saxladıq. Bizə Təqsirləndirilən şəxs pul müqabilində iranlı şəxsin göstərişi ilə narkotik vasitə daşıdığı barədə məlumat daxil olmuşdu. Biz hadisə yerinə gedənə qədər həmin şəxs barəsində portal vasitəsilə bizdə məlumat var idi. Tərəfimizdən şəxsə qarşı təzyiq göstərilməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxsə qarşı tərəfimizdən heç bir güc tətbiq edilməmişdir.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Keçən ilin aprel ayında Şahid2 rəhbərliyi ilə əməliyyat tədbiri həyata keçirildi və hadisə günü səhər saatlarında onunla birlikdə Məhəmmədi qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşdıq. Özümüzü təqdim etdik və onu polis idarəsinə dəvət etdik. İdarədə şəxsin üzərində baxış keçirilən zaman bir ədəd mobil telefon və narkotik vasitə aşkar olundu. Şəxs özü videoçəkiliş zamanı narkotik vasitəni iranlı şəxsdən aldığını və pul müqabilində onun göstərişi ilə başqa yerə apardığını etiraf etdi. ” Şahid Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Biz şəxsi səhv etmirəmsə səhər 6-7 radələrində saxlamışıq. Şəxs saxlanılarkən piyada vəziyyətdə idi. Şəxs bizi görüb qaçmaq istəyirdi, lakin biz onu saxladıq. Mən onun avtomobilini görmədim. Şəxs bizə müqavimət göstərmədi. Həmin gün mənim istifadəmdə ***-***-**-** saylı mobil nömrə olub. Səhv etmirəmsə mobil telefon həmin gün üzərimdə olub. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdu, biz də onunla hadisə yerinə yaxınlaşdıq. Şəxs videoçəkiliş zamanı vəkilin və təhqiqatçının iştirakı ilə narkotik vasitəni təqdim etdi. Hazırda şəxslər saxlanılan zaman videoçəkiliş aparırıq. Həmin vaxt qayda belə deyildi. Biz polis idarəsinin əməkdaşı olduğumuz üçün şəxsi idarəyə aparmalıyıq, polis bölməsinə aparmağa səlahiyyətimiz yoxdur. Polis bölmələri həmin əraziyə yaxın deyildi, idarə yaxın idi. Şəxsin üzərinə baxış keçirilən zaman iştirak etmişəm. Şəxsin üzərindən heroin aşkar olundu. Şəxs saxlanılarkən tərəfimizdən ona təzyiq göstərilməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir: “Oğlum Həsən taksi fəaliyyəti ilə məşğul olduğu üçün 11 aprel 2024-cü il tarixində məni bacımgilə, gəlini isə anasıgilə aparmalı idi. Günorta təxminən saat 12-13 radələrində bizi götürdü, əvvəlcə məni Nərimanov rayonuna apardı, daha sonra gəlini anasıgilə aparacaqdı. Axşam saat 19 radələrində oğluma zəng etdim ki, məni evə aparsın. Oğlum gəlib aparacağını bildirdi. Lakin ondan sonra dəfələrlə zəng etsək də, əlaqə saxlamaq mümkün olmadı və zənglərimiz cavabsız qaldı. 12 aprel səhər saat 6-ya qalmış Xırdalan Polis İdarəsindən mənə zəng gəldi, mənə oğlumun tutulduğu və polis idarəsinə getməli olduğumu bildirdilər. Mən kiçik oğlumu oyadaraq həmin idarəyə getməsini dedim. Daha sonra polis əməkdaşları yaşadığımız evdə axtarış apardılar, lakin heç nə tapmadılar. Mənim qaynatam axunddur, Həsənin narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur.” Əlavə şahid Təhminə Ədilova məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənə səhər saat 6-ya qalmış polis idarəsindən mobil nömrə vasitəsi ilə zəng gəldi. Həmin nömrə Həsənə məxsus deyildi. Bundan sonra oğlum Kamran polis idarəsinə getdi və polis idarəsinin qabağından onu qara avtomobilə əyləşdirib evimizdə axtarış etməyə gəldilər. Oğlum Həsən kirayə qalır, həm onun, həm də bizim evimizdə axtarış etdilər. Evdə axtarış aparılması ilə bağlı qərar olub-olmadığını xatırlamıram. Polis idarəsi bizim evimizə yaxın olduğu üçün zəng gələn kimi oğlum Kamran oraya getdi. Axşam saat 8-dən sonra oğlumla əlaqə saxlaya bilmədik. Polis idarəsindən mənə səhər saat 6-ya qalmış zəng gəlmişdi. Zəng mənim nömrəmə gəlmişdi. Zəngin “WhatsApp” vasitəsilə yoxsa birbaşa mobil nömrəmə gəldiyini xatırlamıram. Oğlumun tutulmağı barədə heç bir yerə müraciət etməmişəm.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir: “Aprel ayının 11-i günorta vaxtı qardaşım Həsən anamı və uşaqları götürərək uşaqları Razinə, anamı isə Nərimanova bacısıgilə apardı. Axşam anamı götürüb evə gətirməli idi. Hava qaralmamışdan əvvəl qardaşımla əlaqə saxladım, mənə anamı götürüb gətirəcəyini bildirdi. Lakin axşam saat 7-8 radələrində dəfələrlə zəng etsək də, cavab vermədi. Səhər saat 5–6 arası qardaşımın nömrəsindən zəng gəldi. Zəng “WhatsApp” vasitəsilə anamın nömrəsinə Abşeron Rayon Polis İdarəsindən gəlmişdi. Zəngdə anama Abşeron Rayon Polis İdarəsinə yaxınlaşmağımızı və Həsənin idarədə olduğunu bildirdilər. Mən də evdən çıxdım, 15-20 dəqiqə ərzində polis idarəsinə çatdım və qapıda özümü Təqsirləndirilən şəxs qardaşı kimi təqdim etdim. Qapının yanında qara BMW markalı avtomobildə olan şəxslər məni maşına dəvət etdilər, mənə çoxlu suallar verdilər, telefonumu istədilər və mən də verdim. Daha sonra isə evimizdə baxış keçirdilər. Həsən, anam və mən kirayədə qalırdıq, anamgilin evində isə heç kim yaşamır. Hər iki evdə axtarış aparıldı. Qardaşım bizimlə qalırdı, onun həyat yoldaşı və uşaqları isə yoldaşının valideynlərinin yanında idi. Onlar qeyri-rəsmi ayrılıblar. Qardaşımın harada olduğu soruşanda polis idarəsində olduğunu bildirdilər. Üç nəfər polis əməkdaşı əvvəlcə bizim evdə, sonra isə atamgilin evində axtarış keçirdilər. Atamgilin evi bizim evdən yuxarıda yerləşir və orada da heç kim yaşamırdı, lakin orada da axtarış aparıldı. Anamı və məni də aparıb həmin evdə axtarış keçirdilər. Polis əməkdaşlarından biri bildirdi ki, dünən axşam ora gəliblər və qapı bağlı olub. Polis əməkdaşları bizi evə qaytardıqdan sonra çıxıb getdilər. Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 10 ünvanı anamgilin evidir. Mən Xırdalanda “AAF” parkın yanında kirayədə yaşayırdım. Qardaşım tutulan gün anamda mənim evimdə qalıb. “AAF” parkdan Abşeron Rayon Polis İdarəsinə 4-5 km məsafə olar. ” Əlavə şahid Kamran Ədilov məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən polis idarəsinə çatana qədər 2-3 dəfə zəng etdilər, təxminən yarım saata idarəyə çatdım. Polis əməkdaşlarından qardaşımı niyə saxladıqlarını soruşanda külli miqdarda narkotik vasitə ilə tutulduğunu bildirdilər. Polis idarəsindən zəng Həsənin “WhatsApp” nömrəsindən anamın “WhatsApp” nömrəsinə gəlmişdi. Qardaşımın tutulması ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmişəm. İbtidai istintaq zamanı dindirilməmişəm.” Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmini ilə bağlı məsələni araşdırmaq məqsədi ilə təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı dövlət hesabına təyin olunan müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X8 izahatı alınmış və müdafiəçi həmin izahatında göstərmişdir: “Təqsirləndirilən şəxsin nə vaxt və hansı əsasla şübhəli şəxs qismində tutulduğu, o cümlədən mənim idarəyə nə vaxt dəvət edildiyim dəqiq yadımda deyil. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün polis idarəsindən məhkəməyə gəldikdən sonra təqsirləndirilən şəxs məhkəmə iclasında hakimin sualına cavab olaraq narkotik vasitənin ona məxsus olmadığını bildirdi, mən də buna müvafiq olaraq şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətin təmin edilməməsini xahiş etdim. Bundan sonra cinayət işi üzrə ibtidai istintaq yekunlaşarkən mən şəxslə konfidensial formada görüşdüm, həmin vaxt da narkotik vasitənin ona məxsus olmadığını bildirdi. 10 dəqiqə sonra fikrini dəyişdi ki, narkotik vasitəni götürməyə gedərkən tutulub, narkotik vasitə onundur. Mən ona izah etdim ki, əgər narkotik vasitə ona məxsus deyilsə, boynuna götürməsin. Ona qarşı təsir, təzyiq edilibsə və ya döyülübsə, bunu mənə bildirsin. Narkotik vasitənin çəkisinə görə ona verilən ittiham xüsusilə ağır cinayətdir, ona yalan vədlər verə bilərlər, nə olubsa düzgün danışsın. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq Mahir Tağıyev bildirmişdir: “05 avqust 2024-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən protokola “təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitəni götürmək üçün gedən zaman onu tutmuşlar. O, bildirir ki, göstərilən çəkidə narkotik ona məxsus deyil, o, 100 qram narkotiki ünvandan götürmək istəyərkən saxlamışlar.” məzmununda qeyd vermişəm. Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olma zamanı mənə nə deyibsə, onu qeyd etmişəm. Təqsirləndirilən şəxsin özünün protokola niyə qeyd vermədiyini bilmirəm. Hətta, iş materialları ilə tanış olarkən müstəntiq, təqsirləndirilən şəxs və mənim aramda kiçik bir mübahisə də oldu ki, təqsirləndirilən şəxs niyə fərqli ifadələr verir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Abşeron Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verməməyimin səbəbi şəxsin fərqli formada ifadələr verməsi idi.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” qərardan görünür ki, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Məhəmmədli qəsəbəsi, “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub- olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən çıxardığı 1 (bir) ədəd qara rəngli sellofan torbaya bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni və sol yan cibindən çıxardığı 1 (bir) ədəd göy rəngli Redmi markalı telefonu təqdim etmişdir. Sağ yan cibindən çıxardığı kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni götürərək başqa bir məkana aparacağını, xx.xx.2024-cü il tarixdə əvvəlcədən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Abbas adlı şəxsin ona göndərdiyi məkan vasitəsilə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “Araz” marketin yaxınlığından götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Aşkar olunan 1 (bir) ədəd qara rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd göy rəngli Redmi markalı telefon götürülərək müvafiq qaydada qablaşdırılmış və çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-26) Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1990 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində «A» yazısı olan 1 (bir) ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1960 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 36-39). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 xx.xx.2024-cü il tarixli, 8144 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2şayan Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 14 may 2024-cü il tarixli 5/468 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli “**********92825, **********92833” “ımeı”kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vatisəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş iki ədəd DVD-R diskə). Tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşından pozulmuş məlumat müəyyən olunmadı (bax rəyə əlavə olunmuş “7.68.0.809 versiyalı UFED 4PC” proqram təminatı vasitəsilə əldə olunmuş hesabata) (cild 01, iş vər. 99-102). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, məhkəmə-texniki ekspertizasının 14 may 2024-cü il tarixli 3-16-16/2-5/468/2024 nömrəli rəyə əlavə edilmiş 02 ədəd diskdə olan məlumatlara baxış keçirilmişdir. Disklərdə olan məlumatlar «NeroDiscMergeWrongDisc» proqramı vasitəsi ilə kompüterin yaddaşına yüklənmişdir. Daha sonra «Xiaomi_M2004J19C_DS Redmi 9_2024-05-14_Otçet» faylı açıldıqda tədqiqat aparılan zaman mobil smartfonun yaddaşından əldə olunmuş məlumatların hesabatı aşkar edilmişdir. Həmin hesabatın «Kontaktlar» bölməsində +**********93 nömrəsi ilə «ABas» adlı abonent aşkar edilmişdir. Həmçinin «Çatlar» bölməsində «WhatsApp» hissəsində «**********93 ABas» adlı abunəçi ilə «**********08 Həsən» adlı abunəçi arasında yazışmanın olduğu məlum olmuşdur. Lakin ekspert tədqiqatı zamanı həmin yazışmalar bərpa edilməmişdir. Hesabatın digər bölmələrində istintaq üçün maraq kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 01, iş vər. 103-104). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5067 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 106-107). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli 59/1-44029 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 91). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 206.2, 206.3.2 və 234.1-1-ci maddələrinin tərkibi olmadığından, barəsində bu hissədə cinayət işinin başlanması rədd edilmiş, cinayət işindən bu barədə material ayrılaraq Abşeron Rayon Prokurorluğuna göndərilmiş, İran İslam Respublikasının vətəndaşı istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən “Abbas” adlı şəxsin barəsində ********* nömrəli cinayət işinin materiallarından CM-in 234.4-1-ci maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 111-121) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı xx.xx.2024cü il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, həmin proses zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.1991-ci ildə Şamaxı şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu Məhəmmədli qəsəbəsi, “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd qara rəngli sellofan torbaya bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması zamanı, o cümlədən üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmçinin, həmin qərarın 16-cı bəndində gösətilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Sözügedən siyahıya (şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə) əsasən narkotik vasitə heroinin 800 qramı xüsusilə külli miqdar təşkil edir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk növbədə heç də cinayət işinin materiallarında rəsmiləşdirildiyi kimi xx.xx.2024-cü il tarixdə səhər saat 7 radələrində deyil, əslində xx.xx.2024-cü il tarixdə axşam vaxtı saat 09-11 aralığında Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində saxlanıldığını və Abşeron Rayon Polis İdarəsinə gətirildiyini, həm saxlanılan zaman, həm də polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan narkotik vasitəni boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq onun əleyhinə toplanılan sübutların ona qarşı zor tətbiq etməklə əldə edildiyinə istinad etdiyindən, məhkəmə kollegiyası bu məsələyə xüsusi həssaslıqla yanaşaraq qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Qeyd olunan səbəbdəndir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da sözügedən məsələyə diqqət yetirilmiş və həmin qərarın 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər saxlanıldığı zaman, eyni zamanda polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü (hər hansı bir məhkəmə tibbi ekspertizasının rəyi, xəsarətlərə dair akt və s.) məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, hazırki iş üzrə məhkəmə istintaqı zamanı belə bir halın baş verməsini təsdiq edən hər hansı bir hal aşkar olunmamış, təqsirləndirilən şəxs özü də məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülsə də, onun bədəni üzərində hər hansı bir xəsarət izi qalmamış və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra yerləşdirildiyi istintaq təcridxanasında müayinə olunan zaman da onun bədəni üzərində döyülməyə xarakterik hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həm saxlanılan zaman, həm də polis idarəsində polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını bildirən təqsirləndirilən şəxsin bu hissədə qeyd etdikləri əsası olmayan ifadə kimi qəbul edilməlidir. Digər tərəfdən, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə axşam vaxtı saat 09- 11 aralığında Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilməsi ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü arqumentlərinə gəldikdə isə qeyd edilməlidir ki, müdafiə tərəfindən qaldırılan bu xüsusat təqsirləndirilən şəxsin üzərindən aşkar olunan və iş üzrə maddi sübut qismində tanınan narkotik vasitənin polis əməkdaşları tərəfindən şəxsin üzərinə qoyulması ilə bağlı şübhələr yaratmağa əsas verdiyindən, məhkəmə kollegiyası bununla bağlı ətraflı araşdırma aparmaq üçün müdafiə tərəfinin demək olar ki bütün vəsatətlərini təmin etmiş, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin anası və qardaşı əlavə şahid qismində dindirilmiş, şəxs saxlanılan zaman həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının, o cümlədən təqsirləndirilən şəxs və onun doğma qardaşı olmaqla məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Kamran Ədilovun həmin günü istifadəsində olmuş mobil telefon nömrələri üzrə anten dairə məlumatları sorğu edilərək müvafiq mobil operatorlarından götürülməklə məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmışdır. Qeyd olunmalıdır ki, sözügedən araşdırma zamanı da təqsirləndirilən şəxs, o cümlədən ümumilikdə müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam vaxtı saat 09-11 aralığında saxlanılması, onu saxlayan polis əməkdaşları ilə birlikdə həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə gətirilməsi ilə bağlı irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, qeyd etdiyi tarixdə və saatda polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin əməkdaşlarla birlikdə birbaşa Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və iş üzrə rəsmiləşdirmə aparılana qədər də orada saxlanılmışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında əldə edilib araşdırılmış müvafiq mobil nömrələr üzrə anten dairə məlumatlarından müəyyən edilmişdir ki, həmin mobil nömrələr üzrə (təqsirləndirilən şəxs və hər iki polis əməkdaşı olan şahidin istifadəsində olan mobil nömrələr üzrə) anten dairə məlumatları heç də üst-üstə düşmür. Belə ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə axşam vaxtı saat 09-11 aralığında saxlanılaraq həmin polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gətirilmişdirsə, onda sözügedən polis əməkdaşlarının da anten dairə məlumatları trayektoriya üzrə onunla eyni məkanlarda müəyyən edilməli idi. Halbuki, müvafiq məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 21-24 arası müxtəlif ünvanlarda, o cümlədən Abşeron rayonu, Məhəmmədi kəndi-Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi-Abşeron rayonu, Məhəmmədi qəsəbəsi-Abşeron rayonu, Goradil bağlar-Bakı şəhəri, Novxanı ərazisi, AFF X27-Corat qəsəbəsi, Novxanı göz xəstəxanasının yanı-Corat qəsəbəsi, Z.Həsənova küçəsi, məhəllə 72, ev 49-Sumqayıt şəhəri,13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsi-Corat qəsəbəsi, S.Vurğun küç-Novxanı bağ massivi-Abşeron rayonu, Saray qəsəbəsi-Masazır, Z.Əliyeva küç 56 və Abşeron şəhəri, Xırdalan rayonu, S.Orucov 34 ünvanlarında, yalnız saat 23:48-dən sonra xx.xx.2024-cü il tarixdə saat 05:36-ya kimi Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanında (Abşeron Rayon Polis İdarəsinin yerləşdiyi ünvana yaxın ərazidə), 05:57-dən sonra isə Xırdalan şəhəri, Quşçuluq massivi, Bülbül 7 ünvanında, 06:11-də isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27.28 ünvanında qeydə alınmışdır. İş üzrə şahid qismində dindirilən polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 21-24 arası müxtəlif ünvanlarda, o cümlədən ünvan 11yev küç 3- Abşeron rayonu, Novxanı kəndi, M.Nağıyev küçəsi-Abşeron rayonu, Xırdalan qəsəbəsi, Kənd Xırdalan, 20 Yanvar 40 ünvanında, həmin tarixdə saat 23:12-dən sonra isə demək olarki xx.xx.2024-cü il tarixdə saat 08:36-a kimi yalnız Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanında, yəni Abşeron Rayon Polis İdarəsinin yerləşdiyi ünvana yaxın ərazidə qeydə alınmış, polis əməkdaşı olan Şahid1 istifadəsində olan ********* saylı mobil nömrə isə xx.xx.2024-cü il tarixdə saat 21-24 arası müxtəlif ünvanlarda, o cümlədən Abşeron rayonu, Məhəmmədli kəndi- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi- Abşeron rayonu, Masazır kəndi ünvanında, həmin tarixdə saat 23:47-dən sonra demək olarki xx.xx.2024-cü il tarixdə saat 08:51-ə kimi Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanında, yəni yalnız Abşeron Rayon Polis İdarəsinin yerləşdiyi ünvana yaxın ərazidə qeydə alınmışdır. Əgər qəbul edilsə ki, Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanı Abşeron Rayon Polis İdarəsinin yerləşdiyi ünvana yaxın ərazi olmaqla qeyri-rəsmi sözügedən polis idarəsinin yerləşdiyi ünvanı göstərir, onda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həmin ünvana kifayət qədər fərqli ünvanları (Goradil, Sumqayıt, Saray, Corat, Masazır və s.) gəzərək, fərqli trayektori ilə xx.xx.2024-cü il tarixdə məhz saat 23:48-dən sonra gəlmişdir. İş üzrə şahid qismində dindirilən polis əməkdaşları isə həmin tarixdə tamamilə başqa trayektoriya ilə (Ağaxan Abdullayev küçəsi, Novxanı kəndi və s.) sözügedən ünvana gəlmiş, həmçinin də ondan kifayət qədər öncə artıq həmin ünvanda olmuşlar. Belə ki, müvafiq mobil nömrə məlumatlarına əsasən müəyyən olunur ki, Şahid2 və Şahid1 Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanında artıq xx.xx.2024-cü il tarixdə məhz saat 23:12-dən etibarən olmuşlar. Bu isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs bu xüsusat üzrə qeyd etdikləri, yəni polis əməkdaşlarının onu xx.xx.2024-cü il tarixdə saat axşam 9-11 aralığında saxlamalı və onlarla birlikdə eyni avtomobildə birbaşa olaraq Abşeron Rayon Polis İdarəsinə gətirilməsi ilə bağlı qeyd etdikləri də həqiqəti əks etdirmir. Digər tərəfdən, həmin anten dairə məlumatlarından həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil aparat daimi olaraq bir ünvanda sabit qalmamış, xx.xx.2024-cü il tarixdə saat 05:57-dən sonra Xırdalan şəhəri, Quşçuluq massivi, Bülbül 7 ünvanında, 06:11-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27.28 ünvanında, saat 06:42-də isə ünvan 18əsişməsində qeydə alınmışdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, artıq həmin tarixdə saat 07 radələrində o, Abşeron rayonu Məhəmmədi kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır ki, səhər radələrində avtomobil yollarında sıxlığın az olduğu vaxtda onun 06:42-də olduğu ünvandan (ünvan 18əsişməsində) saat 07 radələrinə qədər Abşeron rayonu Məhəmmədi kəndinə getməsi tam olaraq mümkündür. Həmin radələrdə polis əməkdaşları tərəfindən saxlanıldğı üçün ondan sonrakı müddətdə kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlamaması və ya məlumat mübadiləsi aparmaması normaldır. Bu isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs heç də xx.xx.2024-cü il tarixdən polis əməkdaşlarının sərəncamında olmamış, sərbəst hərəkət etmişdir. Həmin saatda əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının anten dairə məlumatlarının sabit olaraq Xırdalan şəhəri, Şamaxı şossesi 1, H.Əliyev prospekti 383 ünvanında göstərilməsi ilə onunla bağlı ola bilər ki, əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları tədbir zamanı özlərinə məxsus mobil telefon aparatlarını üzərilərində götürməmişlər. Qeyd olunmalıdır ki, mobil telefon aparatı daşına bilən əşya olduğundan, onun müvafiq tədbir zamanı polis əməkdaşları tərəfindən götürülməməsi, konspirasiya (gizli saxlanılması) məqsədi ilə istifadə edilməməsi, həmin vaxtda haradasa qoyulması anlaşılan qarşılanmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmçinin saxlanıldıqdan sonra özünə məxsus avtomobillə Abşeron Rayon Polis İdarəsinə gətirildiyini bildirsə də, buna dair də iş materiallarında hər hansı bir məlumat aşkar edilməmiş, eyni zamanda müdafiə tərəfi bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, o cümlədən də məhkəmə istintaqı ilə də sözügedən xüsusatı təsdiq edən hər hansı bir hal aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin digər bir arqumenti ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ailəsinə onun istifadəsində olan mobil telefon vasitəsi ilə məlumat verilmişdir ki, sonuncu polis əməkdaşları tərəfindən saxlanılmışdır və hazırda Abşeron Rayon Polis İdarəsində saxlanılır. Halbuki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə onun ailəsinə məlumat verildikdən 1 saat sonra hələ polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla bağlı olaraq, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs anası və qardaşı məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş və müdafiə tərəfi Təqsirləndirilən şəxs anasının mobil telefonunda olan “WhatsAPP” tətbiqi üzrə zənglərə dair məlumatların olduğu foto şəkilləri məhkəmə kollegiyasına təqdim etmişdir. Eyni zamanda, qeyd olunan halların dəqiqləşdirilməsi üçün müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs qardaşı Kamran Ədilovun istifadəsində olan mobil nömrə üzrə anten dairə məlumatları da müvafiq mobil operatorundan sorğu edilərək götürülmüş və Təqsirləndirilən şəxs iş materiallarında mövcud olan mobil nömrə üzrə anten dairə məlumatları ilə məhkəmə istintaqı zamanı qarşılıqlı şəkildə araşdırılmışdır. Müdafiə tərəfinin bu xüsusatla bağlı irəli sürdüyü dəlillərə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər araşdırılsa da, müdafiə tərəfinin qeyd etdiyi həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən şəxslər təqsirləndirilən şəxsin anası və doğma qardaşı olmaqla onun yaxın qohumlarıdır. Belə olan halda, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Habelə, həmin şəxslərin ayrı-ayrılıqda şahid qismində dindirilərkən qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunan digər sübutlar vasitəsi ilə öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfi həmin şahidlərin məhkəmə istintaqı zamanı söylədikləri fonunda Təqsirləndirilən şəxs anasının mobil telefonunda olan “WhatsAPP” tətbiqi üzrə zənglərə dair məlumatların olduğu foto şəkilləri məhkəmə kollegiyasına təqdim edərək sözügedən şahidlərin söylədiklərinin həqiqət olmasına dair görüntü yaratmağa çalışsa da, qeyd olunmalıdır ki, həmin foto şəkillərin tədqiqi nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saat 21-dən sonra polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qənaətə gəlmək qeyri-mümkündür. Çünki, təqdim olunan həmin foto şəkillərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə artıq saat 13 radələrindən Həsən adlı şəxsə SMS yazılmış, artıq həmin tarixdə sözügedən SMS də Həsən adlı istifadəçi tərəfindən cavablandırılmamışdır. Bundan sonra da hər hansı bir qarşılıqlı yazışma qeydə alınmamışdır. Bu isə onu göstərir ki, Həsən adlı istifadəçi artıq həmin tarixdə günorta radələrindən ona gələn SMS-lərə cavab verməmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə axşam radələrində saxlanıldığını bildirməsi fonunda bu foto şəkillərə baxaraq müəyyən olunur ki, Həsən adlı istifadəçi artıq həmin günün günorta radələrindən ona ünvanlanan SMS-lərə mobil telefon onun özünün istifadəsində olduğu halda heç bir təsirə məruz qalmadan istəyərək cavab verməmişdir. Təqsirləndirilən şəxsin qardaşı Kamran Ədilovun istifadəsində olmuş mobil nömrə üzrə əladə olunan anten dairə məlumatlarına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatlar əsasında da Kamran Ədilovun xx.xx.2024-cü il tarixdə artıq səhər saat 06 radələrindən qardaşının polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin qarşısında olması nəticəsinə gəlmək qeyri-mümkündür. Belə ki, həmin məlumatlar əsasında müəyyən olunur ki, Kamran Ədilovun istifadəsində olmuş mobil nömrə xx.xx.2024-cüil tarixdə saat 19:17-dən xx.xx.2024-cü il tarixə saat 06:07-ə qədər Xırdalan şəhəri, X16 küçəsi 30, Sokzavod Xırdalan/Abşeron ünvanında, xx.xx.2024-cü il tarixə saat 06:07-dən həmin tarixdə saat 06:11-dək Azersun Ticaret Dağıtım_Khirdalan/ünvan 18əsişməsi/Binəqədi ünvanında, həmin tarixdən sonra isə yenidən Xırdalan şəhəri, X16 küçəsi 30, Sokzavod Xırdalan/Abşeron ünvanında qeydə alınmışdır. Göründüyü kimi, Kamran Ədilovun istifadəsində olmuş mobil nömrə anten dairə məlumatında göstərilən sözügedən ünvanların heç biri Abşeron Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvanı və ya onun ətrafını əks etdirmir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə onun üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası buna da tənqidi yanaşır və hesab edir ki, həmin anda məhkəmə iclasında təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməməsinə çalışmışdır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs sözügedən məhkəmə iclasında bu formada ifadə versə də, sonradan heç bir quruma bu barədə müraciət edərək şikayət etməmiş, ibtidai istintaq yekunlaşdırılan zaman müdafiəçinin iştirakı ilə bu barədə protokola imza edərkən müdafiəçi tərəfindən protokola “təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitəni götürmək üçün gedən zaman onu tutmuşlar. O, bildirir ki, göstərilən çəkidə narkotik ona məxsus deyil, o, 100 qram narkotiki ünvandan götürmək istəyərkən saxlamışlar.” məzmununda qeyd verməsinə baxmayaraq buna etiraz etməmiş, ümumiyyətlə özünü təqsirli bilmədiyinə dair hər hansı qeyd verməmiş, ona qarşı irəli sürülən ittihamla, o cümlədən müdafiəçinin qeydi ilə razılaşmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmçinin məhkəmə istintaqı zamanı qeyd etmişdir ki, o saxlanıldıqdan sonra onun yaşadığı ünvana, o cümlədən anasının yaşadığı ünvana da polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Əvvəla bu barədə iş materiallarında hər hansı bir məlumat mövcud deyil. Digər tərəfdən, bu halı təsdiq edən hər hansı bir sübut müdafiə tərəfindən məhkəməyə təqdim olunmamış, habelə məhkəmə istintaqı zamanı qeyd olunanları təsdiq edən hər hansı bir fakt müəyyən olunmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs dediyi kimi onun üzərindən aşkar olunan narkotik vasitə polis əmkdaşlarına məxsusdursa və həmin narkotik vasitəni onun üzərinə məhz polis əməkdaşları qoyubsa, onda polis əməkdaşları təzədən özlərinə niyə əziyyət verib bir də Təqsirləndirilən şəxs yaşadığı ünvana, habelə onun anasının yaşadığı ünvana gedərək əlavə əziyyət çəkməklə baxış keçirməli idiki? Bütün məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs yalnız polis əməkdaşlarını günahlandıraraq ona qarşı qərəzin olduğunu, ona aid olmayan narkotik vasitənin onun üzərinə qoyulduğunu və şərləndiyini bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əskinə məhkəmə istintaqı zamanı özü ona ünvanlanan sualları cavablandırarkən əvvəllər məhkum olunmadığını, tutulmadığını, cinayət təqibinə məruz qalmadığını, polis əməkdaşları ilə heç bir ədavətinin, düşmənçiliyinin olmadığını bildirmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs bütünlükdə məhkəmə istintaqı müddətində bildirdikləri hər hansı əsaslı bir sübuta söykənməyən ifadələrdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən pul müqabilində narkotik vasitənin deyilən yerdən götürülüb başqa şəxslərə verilməsi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 92-93). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 327/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 17,78-83). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 1959,950 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 1959,950 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-111/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-111/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver