Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-112/2024 14.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarında aralarında tanışlıq münasibətlərinin olduğu vətəndaş Şahid1 vasitəsi ilə sonuncunun qohumu olan Müdafiə Nazirliyinin 172№li hərbi hissəsinin 2-ci taborunun 7-ci bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zərərçəkmiş şəxs ilə tanış olmuş və 2019-cu ilin oktyabr ayının ortalarında, axşam saatlarında Zərərçəkmiş şəxs xahişi ilə onunla Qaçqın və X3 üzrə Dövlət Komitəsinin Abşeron rayon bölməsinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən köhnə inzibati binasının yaxınlığındakı çayxananın birinci mərtəbəsində qohumu Şahid1 iştirakı ilə görüşmüşdür. Həmin görüşdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarındakı söhbət zamanı hərbi xidmət müddətində xəstəliklə bağlı stasionar qaydada Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldığını bildirib, özü ilə gətirdiyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının 13 fevral 2019-cu il tarixli, 24 №li xəstəlik haqqında şəhadətnaməsini göstərərək, komissiyanın qərarına əsasən «Davamlı ağrı sindiromu ilə müşayiət olunan L5-S1 fəqərələrarası diskin sağ S1 sinir kökcüyünü kompressiya edən posterosentral yırtığına görə aparılmış sağtərəfli parsial L5 hemilaminektomiya L5-S1 diskektomiya (xx.xx.2018) cərrahiyyə əməliyyatının nəticəsi, onurğanın bel fəqərələrarası osteoxondrozu, funksiyasının mülayim dərəcədə pozulması ilə. Nadir hallarda kəskinləşən və hissi, hərəki pozulmalarla müşayiət olunan residiv verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində» diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə ordu sıralarından tərxis olunduğu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs əlilliklə bağlı müavinət almaq arzusunda olduğunu deyərək, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona təqdim edilmiş sənədlə tanış olduqdan sonra, Zərərçəkmiş şəxs əlilliklə bağlı müavinət təyin oluna bilməyəcəyini anlasa da, yaranmış əlverişli şəraitdən istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş və aralarındakı həmin görüş zamanı, hər hansı şəxsə əlilliklə bağlı müavinət təyin olunmasını təşkil və ya təmin etməyə heç bir səlahiyyətinin və real imkanlarının olmadığı halda, Zərərçəkmiş şəxs geniş əlaqələrə malik olduğunu, o cümlədən Tibbi Sosial Ekspert Komissiyasında adlarını demədiyi yüksək vəzifəli tanışlarının olduğunu və həmin yüksək vəzifəli tanışlarına özünün vasitəsi ilə 12.000 (on iki min) manat məbləğində pul verilməsi müqabilində ona 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd təyin olunmasını təşkil və təmin edə biləcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun dediklərinə inanaraq təklifini qəbul edib razılaşmış və aralarındakı sövdələşməyə əsasən, elə orada qohumu Şahid1 yanında Təqsirləndirilən şəxs ilkin olaraq 2000 (iki min) manat məbləğində pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs, aralarındakı razılaşmaya əsasən, 2020-ci ilin yanvar ayının sonlarında, günorta saatlarında Zərərçəkmiş şəxsla sonuncunun qayınanası X2 iştirakı ilə yenidən Qaçqın və X3 üzrə Dövlət Komitəsinin Abşeron rayon bölməsinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən köhnə inzibati binasının yaxınlığındakı çayxananın birinci mərtəbəsində görüşmüş və orada Şahid2 yanında Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pul almış və ona yaxın müddət ərzində yüksək vəzifəli tanışları vasitəsi ilə 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd təyin olunacağına dair yalan vəd verib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 12000 (on iki min) manat məbləğində xeyli miqdarda əmlakını (pulunu) ələ keçirərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Əlini əmisioğlu Akif vasitəsilə tanımışdır. Söhbət əsnasında Akif əmisioğlunun əməliyyat olunduğunu, hazırda xəstəliyinə görə tərxis olunmaq istədiyini, ona köməklik etməsini xahiş etmişdir. Əli ilə görüşmüş, Əli ona 5000 manat pulu olduğunu demişdir. Öz anası hospitalda işləmiş, o anasından köməklik etməsini xahiş etmiş, sonra anası, Əli, Akif və o birlikdə Mərkəzi Hospitala getmişlər. Həmin hospitalın həyətində onunla Akif gözləmiş, Əli ilə anası yuxarı qalxmışlar. 10-15 dəqiqə sonra qayıdaraq məsələnin 1-2 aya həll olunacağını, Əlinin tərxis olunacağını demişlər. Həmin ərəfədə Akif ona kağızın içində pul verərək onda qalmasını, iki aydan sonra gələndə verməsini demiş, o də razılaşmışdır. Pulu özündə saxlamış, yenidən gedəndə 5000 manat pulu özlərinə vermiş, Əli anası ilə birlikdə yuxarı qalxmışdır. Aşağı düşəndə Əli ona təqaüdə çıxmaq istədiyini demişdir. Əvvəl də Əli ondan təqaüd düzəltmək üçün tanışlarının olduğunu soruşmuşdur. O da maraqlanmışdır ki, yaşadığı yer üzrə poliklinikadan arayış alınmalıdır. O. Əliyə anasından prosesin necə olduğunu öyrənə bilibbilməyəcklərini soruşacağını demişdir. Həmin ərəfədə Əlinin tərxis olunduğu müddətdə yenidən müayinədən keçməli olduğu deyilmişdir. 5 nömrəli Nevrologiya xəstəxanasına getmişlər, orada Əlinin 500 manat xərci çıxmış, 1 aydan sonra yenidən sənədlərini götürüb xəstəxanaya müraciət etmişlər. Bu vaxt Əli onun 4000 manat pulu olduğunu, o da onda da Əlinin verdiyi puldan qaldığını, təqaüd məsələsi üçün çalışacaqlarını demişdir. Sonra pandemiya dövrü olmuş, təqaüd verilməsində prosedur dəyişilmişdir. Bir çox adama da təqaüd verilməsi dayandırılmışdır. Bu ərəfədə o, Akifə bu məsələ üçün çalışmağın mənasız olduğunu deyərək pulu qaytarıb özlərinə vermişdir. Sonra da 1800 manat bir dəfə, 1200 manat da növbəti dəfə vermiş, aralarında 5000 manat qalmış, Əli də gedib şikayət etmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda xatırlamadığı tarixdə öz tanışı Şahid1la söhbət zamanı sonuncunun vasitəsilə tanıdığı Goranboy rayonunda yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs bir müddət əvvəl ordu sıralarından hərbi xidmətə yarasız kimi tərxis olunduğunu və hazırda xəstəliyinə görə ona təqaüd təyin edilməsini istədiyini öyrənmişdir. Həmin vaxt Şahid1, Əlinin təqaüd işinin düzəldilməsi üçün köməklik etməsini xahiş etmiş, o isə Akifə maraqlanıb köməklik edəcəyini demiş və Əlinin öz tibbi sənədləri ilə birlikdə Bakı şəhərinə gəlməsini istəmişdir. O, təqaüd üçün müraciət etməkdən ötrü şəxsin qeydiyyatda olduğu yerin poliklinikasından “forma 88” almalı olduğunu, bunun üçün də şəxsin stasionar müalicədə olmalı və səhhətilə bağlı müvafiq sənəd almalı olması barədə Əliyə məlumat vermişdir. Daha sonra dəqiq xatırlamadığı tarixdə Əli Xırdalan şəhərinə gəldiyi zaman onunla Heydər Əliyev prospektində yerləşən “Fresco” marketin yaxınlığındakı çayxanada görüşmüş, Əli stasionar müalicə zamanı ehtiyac olacağını düşündüyü üçün həmin vaxt özü ilə gətirdiyi 1500 manat məbləğində pul vəsaitini ona təqdim etmişdir. O, pulu qəbul etmək istəməsə də Əli təkidlə pulu ona verərək özünün itirəcəyini və ya xərcləyəcəyini demiş, buna görə də o, 1500 manat pulu alıb özündə saxlamışdır. Bundan bir və ya iki gün sonra o, öz təşəbbüsü ilə Əlini stasionar müalicəyə yazılması üçün Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanaya getmiş, xəstəxananın qeydiyyat şöbəsində Əlinin stasionar müalicə alması üçün müraciət etdiklərini bildirərək sonuncunun tibbi sənədlərini təqdim etmişdir. Qeydiyyatda oturan xanım işçilərdən biri Əlinin sənədlərinə baxıb onları xəstəxananın nevrologiya şöbəsində Rəna adlı həkimə yönləndirmiş və nevrologiya şöbəsinin müdiri Rəna adlı həkim onları qəbul etmişdir. Əli özü ilə gətirdiyi tibbi sənədləri Rəna həkimə təqdim etmiş və özünün səhhətilə bağlı qısa məlumat vermiş, həmçinin Rəna həkim də həmin tibbi sənədlərlə tanış olduqdan sonra Əlinin keçmiş hərbi qulluqçu olduğunu, SQBKH-də əməliyyat olunduğunu bilmişdir. Rəna həkim Əlini özü müayinə etdikdən sonra xəstəxananın qəbul şöbəsinin əməkdaşları ilə telefonla əlaqə saxlayaraq Əlini qəbula yazmağı tapşırmışdır. Onlar da sənədlərlə xəstəxananın birinci mərtəbəsində yerləşən qəbul şöbəsinə yaxınlaşmış, sənədləri orada olan qadın əməkdaşa təqdim etmiş, Əlinin xəstəxanaya qəbul olunması üçün 60 manat ödəniş etmişdir. Orada Əliyə xəstəlik tarixçəsi açılmış və stasionar müalicəyə qəbul edilmişdir. Daha sonra onlar yenidən Rəna həkimin yanına getmiş, Rəna həkim daha bir kağıza qeydlər apararaq digər müayinələrdən, tibbi aparatlardan keçmək üçün onlara göndəriş vermiş və tanımadığı bir tibb bacısının müşayiəti ilə Əli bəzi müayinələrdən keçirilmişdir. Müayinələrdən əvvəl həmin tibb bacısından müayinələr üçün nə qədər ödəniş etməli olması barədə maraqlanmış, həmin vaxt tibb bacısı Əlinin elektro kardioqram, MRT və digər analizlər verməli olduğunu deyərək, cəmi 400 manat ödəniş etməli olacağını qeyd etmişdir. O da həmin pulu cəm şəkildə tibb bacısına verərək özü xəstəxananın birinci mərtəbəsində gözləmişdir. Təxminən iki saatdan sonra Əli gələrək müayinələrdən keçdiyini bildirmiş və onlar taksi ilə Xırdalan şəhərinə qayıtmışlar. O, öz evinə getmiş, Əlinin isə haraya getdiyini, sonrakı günlərdə də həmin xəstəxanada stasionar müalicədə olub-olmadığını bilməmiş və maraqlanmamışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 5 nömrəli xəstəxanada heç kəsə rüşvət qismində pul verməmişdir. Belə ki, həmin xəstəxanada qəbulunda olduqları Rəna adlı həkimlə əvvəlcədən heç bir tanışlığı olmamış, Zərərçəkmiş şəxs təqaüdə çıxarılması üçün onunla hər hansı bir ünsiyyəti olmamışdır. Həmçinin, Əlinin xəstəxanada stasionar müalicəyə qəbul olunması və ya ona ağır diaqnoz qoyulması üçün nə Rəna, nə də ki başqa birinə pul verməmişdir. Həmin vaxt Əlinin ona verdiyi 1500 manat puldan qalan 1000 manatını Əli yenə də onda qalmasını istəmiş, o da həmin pulu özündə saxlamışdır. Bundan bir müddət sonra, hazırda dəqiq xatırlamadığı tarixdə bir dəfə Akif onunla mobil telefonla əlaqə saxlayaraq Əlinin onunla təqaüd işi barədə yenidən görüşmək istədiyini demişdir. Daha sonra Əli özü də onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Onlar yenə Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən “Fresco” marketin yaxınlığındakı çayxanada görüşmüşlər. Həmin vaxt Əlinin yanında qaynanası kimi tanıtdığı bir qadın da olmuşdur. Həmin vaxt Əli həm SQBKH-dən, həm də 5 nömrəli xəstəxanadan verilmiş tibbi sənədləri, habelə özləri ilə gətirdiyi 4000 manat pulu ona təqdim edib, təqaüd işinin həll edilməsi üçün ondan xahiş etmiş, o da buna çalışacağına vəd vermişdir. Sonradan pandemiya düşdüyü üçün, həm də ölkədə təqaüdlərin verilməsi ilə bağlı yoxlamalar başladığından Əliyə təqaüd düzəldilməsi üçün müraciət edə bilməmişdir. Bu proseslər getdikcə uzandığı üçün Əli və Akif işlərinin düzəlməsindən narahat olmuş, tez-tez onunla işin nə yerdə olduğunu maraqlanmışlar. O da hər dəfə sosial təminat sistemində yeni dəyişiklikləri gözlədiyini bildirmişdir. Daha sonra Əliyə təqaüd düzəldilməsi üçün köməklik edə bilmədiyi üçün Akif və Əli ondan verdikləri pulu geri tələb etmişlər. O da həmin vaxt Əlinin verdiyi 5000 manat pulu artıq öz xərcləri üçün sərf etdiyindən, bir dəfəyə tam qaytara bilməmiş və hissə-hissə olmaqla iki dəfə 1000 manat, daha sonra 300-400 manat olmaqla bir neçə dəfəyə cəmi 4500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Tibbi Sosial Ekspert Komissiyasında və ya digər dövlət orqanlarında hər hansı bir şəxsə təqaüd təyin olunmasına köməklik etmək səlahiyyəti və ya bu kimi əlaqələri olan hər hansı bir vəzifəli şəxs tanışı yoxdur. Hər hansı bir səlahiyyətli şəxslə əlaqə yaratmaq üçün Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməmiş, o cümlədən Əlinin pensiyaya çıxarılması üçün hər hansısa bir şəxslə ünsiyyəti və ya tanışlığı olmamışdır. Həmin vaxt Tibbi Sosial Ekspert Komissiyasında səlahiyyətli bir adamla əlaqəyə girmək üçün adam tapa biləcəyini ehtimal etmiş, lakin konkret olaraq hansı yolla bu işi həll edəcəyi barədə əvvəlcədən bir fikri olmamışdır. Zərərçəkmiş şəxs SQBKH-də qoyulmuş diqanozla bağlı heç bir məlumatı yoxdur. Həmin diaqnozla Əliyə təqaüd təyin olunub-olunmadığını da bilmir və bu barədə heç vaxt maraqlanmamış, yəni SQBKH-dən verilmiş sənədlərlə Əliyə təqaüd təyin olunması üçün heç yerə müraciət etməmiş, habelə Əli ilə də aralarında bununla bağlı heç bir danışıq olmamışdır. Bundan başqa, Əliyə təqaüd təyin edilməsi üçün mütləq pul verməli olduğunu deməmiş, sonuncunun xahişi əsasında ona köməklik göstərməyə çalışmışdır. Bundan başqa, istifadəsində olan mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə göndərilən mesajlar özü tərəfindən göndərilmiş, həmin mesajlarda nəzərdə tutulan şəxslərin özünə borclu olan şəxslər, sənədlərin isə Zərərçəkmiş şəxs tərəfindən özünə təqdim edilmiş tibbi sənədlər olduğunu güman etsə də konkret olaraq həmin mesajların məzmununu tam xatırlamır. Əvvəlcədən hansı qiymətə həll edildiyini bilməsə də, Zərərçəkmiş şəxs təqaüdə çıxarılmasına köməklik etmək məqsədilə sonuncudan 5000 manat məbləğində pul vəsaitini almış, lakin ona hansı yolla təqaüd düzəldilməsi barədə hər hansı bir fikri olmamışdır. Əməlindən peşmandır.( cild 01, iş vər. 92-96, cild 03, iş vər. 68-78) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, belində olan ağrılarla əlaqədar hospitallarda müalicə olunmuş və belində olan yırtıqla bağlı cərrahi əməliyyat olunmuşdur. Əməliyyat olunduqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərində yaşayan əmisi oğlu X4 belində olan ağrılarla bağlı tərxis olunub təqaüd çıxmaq istədiyini bildirmişdir. Akif də 2018-ci ilin yay aylarında onu Təqsirləndirilən şəxs ilə tanış edib onun təqaüdə çıxmasında köməklik edə biləcəyini demişdir. O, Məhərrəmlə əmisi oğlu Akifin iştirakı ilə 2019-cu ilin oktyabr ayının ortalarında, axşam saatlarında Abşeron rayonunun Xırdalan şəhərində çayxananın birinci mərtəbəsində görüşmüşdür. Söhbət zamanı Məhərrəm ona təqaüd təyin olunması üçün 12000 manat pul verməli olduğunu, 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alacağını demiş, lakin hər ay hansı məbləğdə təqaüd alacağını deməmişdir. Məhərrəm ona Tibbi Sosial Ekspert Komissiyasında tanışının olmasını, həmin şəxsin vasitəsi ilə pensiyanı düzəldəcəyini, 12000 manat pulu həmin şəxsə verəcəyini demiş, lakin həmin şəxsin adını, soyadını və vəzifəsini deməmişdir. Məhərrəmin ona üzərində bir az pul gətirməyini deməsinə görə özü ilə gətirdiyi 2000 manat pulu həmin vaxt Akifin yanında Məhərrəmə vermişdir. Bundan sonra o, rayona çıxıb getmişdir. Məhərrəmlə tez-tez telefonla danışmış, Məhərrəm ona işlərinin düzəlməsini demişdir. Təxminən 1-2 aydan sonra telefonla danışan zaman Məhərrəm ona yerdə qalan 10000 manat pulu gətirməli olduğunu demişdir. 2020-ci ilin yanvar ayının sonlarında o, qayınanası Rəna ilə birlikdə 10000 manat pulu götürüb Bakı şəhərinə gəlmişdir. Abşeron rayonu Xırdalan şəhərində yerləşən çayxanaya getmiş, yolda olan zaman əmisi oğlu Akifə zəng edərək pulu gətirdiyini deyib, onunla ilə görüşüb birlikdə pulu Məhərrəmə verməyini xahiş etmişdir. Akif isə ona işdə olduğuna görə gələ bilməyəcəyini, gedib özünün pulu verməyini bildirmişdir. Həmin vaxt Məhərrəmə zəng etmiş, Məhərrəm həmin yerə gəlmiş və çayxanada günorta saatlarında Rənanın yanında 10000 manat pulu Məhərrəmə vermişdir. O, pulu verən zaman qaynanası Rəna Məhərrəmə pulu sayıb götürməsini demiş, Məhərrəm pulu sayıb götürmüşdür. Daha sonra Rəna ilə rayona qayıtmış, təxminən 1 həftədən sonra Məhərrəmə zəng edib işin hansı yerdə olmasını soruşmuş, Məhərrəm işin düzələcəyini demiş, sonra gah telefonuna zəng çatmamış, gah da işin düzələcəyini demişdir. Daha sonra Məhərrəm ona zəng edərək 5 saylı xəstəxanaya gəlməyini, oradan ona ağırlaşdırıcı sənəd alacağını bildirmiş, o da Bakı şəhərinə 5 saylı xəstəxanaya gəlmiş, orada Məhərrəmlə görüşüb Rəna adlı həkimin yanına getmişlər. X9 rus dilində danışdığından onların nə barədə söhbət etdiklərini başa düşə bilməmişdir. Orada Rəna onu bir-iki müayinədən keçirmiş, barmağından qan nümunəsi götürmüşlər, Rəna həkim çəkiclə dizinə vurub müayinə etmiş, bundan sonra Rəna onlara getmələrini bildirmişdir. Daha sonra o, rayona qayıtmış, bir neçə gündən sonra Məhərrəm ona zəng edərək sənədi götürməsini, Rənanın sənədi yaxşı yazdığını, işin düzələcəyini demişdir. Sonralar Məhərrəm ilə danışarkan ona pandemiyanın olmasını və digər bəhanələr gətirmiş, sonuncunun onu aldatmasını görüb Akifə sənədlərini almasını demişdir. Akif də Məhərrəmin yanına gedib sənədləri almışdır. Akif sənədləri aldıqdan sonra Məhərrəmə zəng edərək aldığı pulu qaytarmasını, əks təqdirdə ondan hüquqmühafizə orqanlarına şikayət edəcəklərini demişdir. Təqsirləndiirlən şəxslə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Əli Məmmədov onun əmisi oğludur. Təqsirləndirilən şəxs isə təxminən 2000-ci ildən tanımış, onunla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, belində olan ağrılarla əlaqədar hospitallarda müalicə olunmuşdur. 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs hospitalda müalicə olunan zaman ona belində olan ağrılarla bağlı tərxis olunub təqaüdə çıxmaq istədiyini bildirmiş, o da təqaüdə çıxarılmasına köməklik etməsi məqsədilə onu Məhərrəmlə tanış etmişdir. Məhərrəm ona təqaüd işinin alınması üçün 12000 manat pul verilməli olduğunu demiş, lakin həmin pulu kimə verəcəyini, kimin vasitəsi ilə işi həll edəcəyini deməmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çayxananın birinci mərtəbəsində 2000 manat məbləğində pulu Məhərrəmə vermiş, həmin vaxt Məhərrəm işin tez həll olunması üçün yerdə qalan pulun tez bir zamanda verilməsini bildirmişdir. Daha sonra Məhərrəm Əlini Bakı şəhərində yerləşən 5 saylı xəstəxanaya aparıb müayinə etdirmişdir. 2020-ci ilin yanvar ayının sonlarında Əli ona zəng edərək qayınanası ilə birlikdə rayondan gəldiyini, özü ilə 10000 manat məbləğində pul gətirdiyini, həmin pulu Məhərrəmə verilməsi üçün ondan xahiş etmiş, o isə işdə olduğundan gələ bilməyəcəyini demişdir. Həmin gün daha sonra Əli ilə mobil telefon vasitəsilə danışdığı zaman gətirdiyi pulu verdiyini demiş, Məhərrəm də ona zəng edərək pulu Əlidən götürdüyünü bildirmişdir. Müəyyən müddət keçdikdən sonra Əlinin təqaüdə çıxarılması işi düzəlmədiyindən o, Məhərrəmdən verilən pulun qaytarmasını tələb etmişdir. Məhərrəm Əliyə verməsi üçün ona 1000 manat, yenidən 1000 manat, 300 manat, 400 manat olmaqla, cəmi 2700 manat, sonradan isə Əlinin özünə 300 manat, 200 manat və 400 manat olmaqla, cəmi 3600 manat pul qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun qızının həyat yoldaşıdır. Əli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən zaman 2018-ci ilin yay aylarında Bakı şəhərində yerləşən hərbi hospitalda belindəki ağrılarla bağlı əməliyyat olunmuşdur. Sonradan Əli təqaüdə çıxarılmasına köməklik etməsi üçün Məhərrəm adlı şəxslə tanış olduğunu və həmin şəxsin təqaüd təyin olunması üçün ondan 10000 manat pul istədiyini ona demişdir. 2020-ci ilin yanvar ayının sonlarında Əli 10000 manat pulu götürüb onunla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çayxanada Məhərrəmlə görümüş, onun yanında 10000 manat məbləğində pulu Məhərrəmə vermiş və Məhərrəm yaxın zamanlarda təqaüd məsələsini həll edəcəyini demişdir. Bir müddət keçdikdən sonra təqaüd işi düzəlmədiyindən Əli Məhərrəmdən verdiyi pulu geri tələb etmiş, Məhərrəm isə aldığı pulun 3600 manatını geri qaytarmışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1976-cı ilin aprel ayından 5 saylı xəstəxananın Nevrologiya şöbəsində ordinator-nevroloq işləmiş, 1995-ci ilin yay aylarından 10 oktyabr 2020-ci il tarixədək 5 saylı xəstəxananın Nevrologiya şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləmir. Adı Rovnaq olsa da, ona Rəna deyə müraciət edirlər, rəsmi sənədlərdə adı Rovnaq kimi yazılır. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı gün gecə saatlarında könüllü olaraq Saatlı rayon Mərkəzi xəstəxanasına gedərək kəllə-beyin travması ilə təxliyyə olunan hərbi qulluqçulara nevroloji müalicələr yazmış, əməli kömək göstərmişdir. Stasionar müalicədə olan xəstə icazəsiz olaraq xəstəxanın ərazisini tərk etsə, daxili rejimi pozmasına görə stasionar müalicə olunan xəstələrin siyahısından çıxarılır və xəstə evə yazılır. Xəstəxananın baş həkimi və müalicə işləri üzrə müavini stasionar qaydada müalicədə olan xəstələrin palatalarda olmalarını növbətçi həkimlərin vasitəsi ilə yoxladırlar. Hər hansı xəstə yerində olmadıqda, bu barədə növbəti gün onlara məlumat verilir və həmin xəstə rejimi pozduğu üçün evə yazılır. 5 saylı xəstəxanada iş rejimi saat 09:00-dan 15:00-dək olur. Növbətçi həkimlər istənilən şöbədən təyin oluna bilər. Nevrologiya şöbəsində həkimlərin sayı az olduğu üçün digər şöbələrdən də həkimlərə növbətçi təyin olunmuşdur. Xəstəxanada stasionar qaydada müalicə olunan xəstələrə nəzarət xəstəxananın baş həkimi və müalicə işləri üzrə müavini tərəfindən həyata keçirilir. O, 5 saylı xəstəxanada Nevrologiya şöbəsinin rəisi olan zaman Fazil Alməmmədov xəstəxananın baş həkimi olmuş, müalicə işləri üzrə müavin isə Möhsümov Firuz olmuşdur. Xəstənin adı stasionar müalicədə olan xəstələrin qeydiyyatında olduğu halda, xəstəxanada qalmamaları halları olmamış, hər hansı bir maddi nemət, pul, xahiş müqabilində hər hansı xəstənin Nevrologiya şöbəsində qeydiyyatda olduğu halda, evində olması hallarına yol verməmişdir. Təqsirləndirilən şəxs və X7 tanımır, lakin Ə.T.Məmmədovun adına tərtib olunmuş ambulator kartadan çıxarışa əsasən sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Nevrologiya şöbəsində «diskogen beloma radiklopatiyası» diaqnozu ilə stasionar qaydada müalicə olunduğunu bilir. Həmin xəstənin müalicə həkimi o olmuş, tərtib olunmuş xəstəlik tarixində müalicələri və qəbul etdiyi dərmanlar barədə qeydləri özü icra etmişdir. Zərərçəkmiş şəxs xəstəxanada yalnız 1 gün müddətində müayinə olunduğu halda ambulator kartadan çıxarışda qeyd olunan tarixlərdə stasionar müalicədə olduğu göstərilməmiş, sonuncu həqiqətən də xəstəxanada stasionar müalicədə olmuşdur. Zərərçəkmiş şəxs rejim qaydalarını pozaraq xəstəxananı tərk etməsi barədə şöbə rəisi kimi ona heç kəs məlumat verməmişdir. Ona Zərərçəkmiş şəxs stasionar müalicəyə qəbul edilməsi, eləcə də sonuncuya daha ağır diaqnoz qoyulması ilə bağlı nə Zərərçəkmiş şəxs, nə də Təqsirləndirilən şəxs tərəfindən pul təklif edilməmişdir. (cild 01, iş vər. 163-167, cild 02, iş vər. 228-230) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Azercell Telekom" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** mobil telefon nömrələri ilə Şahid1 istifadəsində olan ********** və **********, eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan ********** mobil telefon nömrələri arasında müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs təqaüd təyin təyin olunması ilə bağlı, habelə sonuncudan alınmış pulun qaytarılması ilə bağlı ittihama aid tarixlərdə çoxsaylı mesajlar göndərilmiş və telefon danışıqları aparılmışdır. (cild 02, iş vər. 96-102) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** mobil telefon nömrələri ilə Şahid1 istifadəsində olan ********** və **********, eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan ********** mobil telefon nömrələri arasında müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs təqaüd təyin təyin olunması ilə bağlı, habelə sonuncudan alınmış pulun qaytarılması ilə bağlı ittihama aid tarixlərdə çoxsaylı mesajlar göndərilmiş və telefon danışıqları aparılmışdır. (cild 02, iş vər. 193-195) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 289.1-ci maddəsilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. (cild 01, iş vər. 174) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş məlumat əsasında tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs cərimə cəzasına məhkum edilməsi barədə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü amnistiya tətbiq edilməklə qeydiyyatdan çıxarılmışdır. (cild 03, iş vər. 21) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Abşeron rayon İHB-nın MKTİİTB-nin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. ( cild 03, iş vər. 121) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən 30 yanvar 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, iş üzrə Şahid1 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 03, iş vər. 85-86) Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Appelyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə rüşvət” şəkilndə pul və sair nemətlər verilməsi halında” rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmişin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmsmış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməllərini korrupsiya cinayətinin obyektinə- dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Bundan başqa, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını göstərmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən görünür ki, ona verilmiş ittihama münasibətdə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun tərəfindən ümumilikdə vurulmuş 12000 manat ziyanın 25 faizi miqdarında olan 3000 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs tərəfindən 8400 manat məbləğində mülki iddia vermişdir. Təqsirləndirilən şəxs tərəfindən Mümkün xüsusi müsadirə cinayət hüquqi tədbirinin tətbiq edilməsinin təmin edilməsi ilə bağlı Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,025 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinin üzərinə Bakı Hərbi Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsininin 254-cü maddəsinə əsasən məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər (maddə 254.1). Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir (maddə 254.2) Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edildiyindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməməli, Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,025 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40-43, 321.2.1, 344- 347-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,025 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-112/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-112/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver