Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-113/2022 09.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxxxxx 1969-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 43.740 qram olan narkotik vasitə tiryəki şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 25 mart 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evdə saat 17:05-18:00 müddətində keçirilən baxış zamanı evin yataq otağında olan çarpayıdakı yastığın altında olan “Argo” markalı siqaret qutusundan içərisində təmiz çəkisi 43.740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə külli miqdarda, yəni 685,680 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 11 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evdə saat 21:00-21:25 müddətində keçirilən baxış zamanı evin giriş otağının sağ hissəsində olan kreslonun içərisindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamada 685 qram və evin tavan hissəsindəki taxtanın üzərindən bir ədəd bükümdə 0,680 qram olmaqla ümumilikdə 685,680 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2 il yataq xəstəsi olmuş, evdən çölə çıxa bilməmişdir. Otuz ildir ki, narkotik vasitə istifadə edir. Birinci dəfə polis əməkdaşları tərəfində saxlanıldıqda yataq xəstəsi olmuşdur. İkinci dəfə evinə baxış keçirən zaman evin birinci mərtəbəsindən kreslonun içindən polis əməkdaşları narkotik vasitə çıxartmışlar. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Birinci dəfə saxlanılan zaman 01 qram heroin və 10 qram tiryəklə saxlanılmışdır. Polis əməkdaşlarının kreslonun içindən narkotik vasitəni neçə çıxartdığını bilməmişdir. Xaçmaz rayon məhkəməsində narkotik vasitənin həmin yerə polis əməkdaşları tərəfindən qoyulduğunu hakimə bildirmişdir. Evinin birinci mərtəbəsində yaşayış olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 2019-cu ildə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əmələ görə Xaçmaz rayon məhkəməsinin hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 2020-ci ilin iyun ayının 11 də sağ ayağının bədəninə birləşən hissəsində damar qırılması ilə bağlı hərəkəti məhdudlaşıb. Hal-hazırda yataq xəstəsidir. Bu gün, yəni 25 mart 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək onun narkotik vasitə istifadəçisi barədə məlumat daxil olduğunu bildirmişlər. O polis əməkdaşlarına evimdə narkotik vasitə olduğunu etiraf etmişdir. Belə ki, o narkotik vasitə aludəçisidir və 1991-ci ildən narkotik vasitə qəbul edir. Onun narkotik vasitə qəbul etməsini onu tanıyanların hamısı bilir. Lakin o narkotik vasitəni həmişə tək istifadə edir. Bundan sonra polis əməkdaşları ona video çəkilişlə hüquqlarını izah edib yaşadığı evdə olan narkotik vasitəni təqdim etməsini bildirmişlər. O etiraz etmədən yatağında, yastığının altında saxladığı, 2020-ci ilin iyun ayının əvvəllərində xəstəliyə tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində «Şamaxinka» adlanan ərazidə yerdən tapdığı narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən tərtib edilən protokolun düzgünlüyü o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə yaşadığı evin qarşısına çıxan zaman evin qarşısından qara rəngli Mercedes markalı avtomobil sürətlə keçirmişdir. Həmin avtomobilin arxasınca DYP avtomobili getmişdir. Həmin Mercedes markalı avtomobil evin qarşısından keçən anda pəncərədən yerə nə isə atmış və dayanmadan hərəkətinə davam etmişdir. DYP avtomobili də onun arxasınca getmişdir. Onlar getdikdən sonra o Mercedes markalı avtomobildən yerə atılan kütlənin nə olduğunu görmək üçün 5-6 metr irəliyə yolun digər tərəfinə keçmiş və orada görmüşdür ki, yerdə yapışqan lentlə sarınmış bükülü var. O həmin bükülünün yapışqan lentlə sarındığına görə şübhələnmiş və düşünmüşdür ki, içərisində narkotik vasitə var. Buna görə bükülünü götürüb evə daxil olmuşdur. Evdə bükülünün kiçik bir hissəsini açmış və görmüşdür ki, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin var. O əvvəllər dəfələrlə iynə ilə bədəninə əzələdaxili heroin vurduğundan narkotik vasitəni görən kimi asanlıqla tanımışdır. Daha sonra həmin bükülüdən 1-2 dəfə istifadə etmək üçün azacıq götürüb bir ədəd kağız kəsiyinə bükmüşdür. Kağız kəsiyinə bükdüyü heroindən bir dəfə istifadə etmiş, qalanını isə evin tavan hissəsində olan taxtanın üzərinə qoymuşdur. Yapışqan lentlə sarınmış bükülünü isə bağlayıb evdə olan kreslonun sol qoltuq hissəində cırılmış yerdən içərisinə qoymuşdur ki, gələcəkdə də lazım olduqda istifadə etsin. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində yenidən yaşadığı evin qarşısına çıxmışdır. Ayağı sınıq olduğundan küçəyə əsa ilə çıxmışdır. O küçədə 1-2 dəqiqə dayanmışdır ki, 2 ədəd polis avtomobili yaşadığı evin qarşısına gəlib dayanmışdır. Avtomobildən yerə enən şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə yaşadığı evdə narkotik vasitə olması barədə məlumat əldə etdiklərini, evə baxış keçirilməsinə etirazımın olub-olmadığını soruşmuşlar. O də heç bir etirazının olmadığını bildirmişdir. Sonra ona təklif olunmuşdur ki, evi təqdim etsin baxış keçirsinlər. O də həyət qapısından içəri daxil olub evə tərəf getmişdir. Polis əməkdaşları da onunla birlikdə evə daxil olmuşlar. Evə baxış keçirilən zaman kreslonun içərisində gizlətdiyi narkotik vasitə heroin bükümü və evin çardaq hissəsində taxtanın üzərinə qoyduğu bir ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. O əvvəlcə etiraf etmək istəməmiş və özünü məsuliyyətdən yayındırmaq istəmişdir. Lakin sonra düşünmüşdür ki, artıq bunun mənası yoxdur. Buna görə sonra həqiqəti danışmış və narkotik vasitəni haradan əldə etdiyini demişdir. Lakin çardaq hissədə taxtanın üzərinə qoyduğu kağız bükümdəki nakrotik vasitəni haradan əldə edib saxladığını xatırlamadığını demişdir. Həmin narkotik vasitəni də yuxarıda qeyd etdiyi kimi, əslində elə yapışqan lentlə sarınmış bükümdən ayırmışdır ki, istifadə etsin. Baxış keçirilən zaman arvadı Şahid1 da buna şahid olmuşdur. Baxış keçirilən zaman aşkar edilmiş bükümlər bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra onlar rayon polis şöbəsinə gəlmişlər. O heç kimə narkotik vasitə satmamışdır. O heç kimə narkotik vasitə verməmiş, nə də ki, onda narkotik vasitə olmasını başqa heç kimə deməmişdir. O əvvəllər narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlardan tanımadığı şəxslərdən alıb gətirib istifadə etmişdir. Lakin dəqiq olaraq narkotik vasitə satan şəxsləri tanımır. xx.xx.2021-ci il tarixdə evinə keçirilən baxış zamanı aşkar edilən maddələri Bakı şəhərində Şamaxinka adlanan ərazidən tapmış və həmin bükümlərdən birinin içərisində olan qəhvəyi rəngli maddəni “kakosa” yəni narkotik vasitə heroinə bənzətdiyi üçün özündə saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili, polis leytantı X9 ifadəsində göstərdi ki, o Xaçmaz RPŞ-nin Yalama PBnin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis leytenantı rütbəsindədir. 25 mart 2021-ci il tarixdə Xaçmaz şəhəri İ.Fərzəliyev küçəsi ev 17-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, yaşadığı ünvanda saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlmatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün baxış keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Belə ki, onun razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında Təqsirləndirilən şəxs yatdığı çarpayıdakı yastığın altından bir ədəd içərisində iki ədəd büküm olan siqaret qutusu aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxılan zaman onların içərisində qəhvəyi rəngli maddələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə olmasını və özünün həmin narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin aşkar edilən içərisində maddələr olan bükümlər qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhərindən Şamaxinka adlanan ərazidən sellofan torbanın içərisindən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin İTB-ninsahə polis nəfəri, polis baş serjantı Şahid6 eyni məzmunlu ifadə verərək X4 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10 ifadəsində göstərdi ki, o Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis mayoru rütbəsindədir. 11 may 2021-ci il tarixdə Xaçmaz şəhəri İ.Fərzəliyev küçəsi ev 17-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, yaşadığı ünvanda saxlaması və satması barədə məlumat daxil olmuşdur. O dərhal bu məlmatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Xaçmaz RPŞ-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4, Xaçmaz RPŞ-nin sahə polis nəfəri polis baş serjantı Nurlan Ramiz oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Həmin gün baxış keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Belə ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə videoçəkilişlə yaşadığı ünvana baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs arvadı X5 da iştirak etmişdir. Baxış zamanı evin qapısından daxil olunan zaman ilk otaqda divanın kənarından 01 ədəd yapşdırıcı lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman orada qəhvəyi rəngli maddənin olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos” yəni narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra evə keçirilən baxış zamanı eyni otaqdakı tavan hissədə taxtanın üzərindən bir ədəd kağız bükülü aşkar edilmişdir. Həmin bükülünün içərisinə baxılan zaman orada da qəhvəyi rəngli maddə olması müşahidə olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən həmin aşkar edilən içərisində maddələr olan bükümlər qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş yapıştırıcı lentlə sarınmış bükümü polislər onun tanımadığı avtomobili izlədiyi zaman həmin avtomobildən küçəyə atıldığını və özünün onu götürərək saxladığını bildirmişdir. Digər bükümdə olan heroini isə nə zaman qoyduğunu xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəri, Xaçmaz RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Nurlan Ramiz oğlu, Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4 X10 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, işdən gəldikdən 5-10 dəqiqə sonra polis əməkdaşları evlərinə gəlmişdirlər. Evləri iki mərtəbəlidir, birici mərtəbəsində yaşayış olmamışdır. Polis əməkdaşları evdə axtarış apardıqda evin birinci mərtəbəsindən kreslonun yanından narkotik vasitə aşkar etmişdirlər. Polis əməkdaşları narkotik vasitələrin kimə məxusu olduğunu ondan soruşmuş, Şakir nakotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Polis əməkdaşlarının narkotik vasitəni tapdıqları zaman görməmiş, Şakirin narkotik vasitə satdığını bilməmişdir. Şakirə narkotik vasitə almağı üçün arada 5-10 manat pul vermişdir. Gün ərzində Şakirin yanına kimlərin gəlib-getdiyini polis əməkdaşlarının yaxşı bildiyini, özünün isə səhər gedib axşam evə qayıtdığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun əridir. 1991-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və birgə nigahdan 3 övladları olmuşdur. Şakir narkotik vasitə istifadə etdiyinə görə əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur. 11 may 2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onlara Şakirin evdə narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və bu səbəbdən də evə baxış keçirmək istədiklərini bildirmişlər. O etiraz etməmiş və ondan bu barədə ərizə alandan sonra evlərinə baxış keçirilmişdir. Evləri iki mərtəbəli olsa da birinci mərtəbədə yaşayış yoxdur. Polis əməkdaşları evlərinə baxış keçirərkən birinci mərtəbədə olan kreslonun qoltuğundan bir ədəd bağlama və tavana bitişik taxtanın üzərindən isə bir ədəd büküm aşkar edib götürmüşlər. Baxış keçirilərkən Şakir özü də iştirak etmiş və aşkar edilərək götürülən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Bundan sonra baxışda başqa qanunla gəzdirilməsi, saxlanması qadağan olunan başqa heç nə aşkar edilməmişdir. Aşkar edilərək götürülən narkotik vasitələr bir ədəd kağız paketdə qablaşdırılaraq götürülmüşdür. Tərtib edilən protokolun və bağlama ilə büküm qablaşdırılan paketin üzərini Şakir özü də imzası ilə təsdiq etmişdir. Şakirin narkotik vasitələrdən istifadə etməsini bilsə də ondan şhikayət etməmişdir. Amma son zaman narkotik vasitə almaq üçün Şakirin yanına tanımadığı adamlar, o, cümlədən cavan uşaqlar da gəlib gedirmiş. O Şakirə dəfələrlə demişdir ki, narkotik vasitə satmasın camaatın uşaqlarını zəhərləməsin. Lakin Şakir, onun sözlərinə məhəl qoymamışdır. O isə uşaqlarının xatirinə Şakiri polisə verməmişdir. O Şakirin narkotik vasitəni haradan və kimlərdən əldə etməsini bilməmiş, nə də ki, Şakirin yanına gəlib-gedən şəxslərin heç birini tanımamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 5(067)-36/2021 saylı qərarına əsasən Xaçmaz RPŞ-nin Yalama PB-nin, əməliyyat müvəkkili, polis leytenantı X4 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25 mart 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 96-97, 118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2021-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin NMQ-na əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 5(067)-59/2021 saylı qərarına əsasən Xaçmaz RPŞ-nin NMQ-nin, baş əməliyyat müvəkkili, polis mayoru, X6 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 4-5, 151-152) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 özünü təqdim edir və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, daşıması, yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evə gəlindiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə evinə daxil olunduğunu bildirərək evə daxil olunur. Yataq otağına daxil olunduğu zaman orada Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar çarpayının üzərində uzanması müşahidə olunur. Müstəntiq Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə hər hansı bir etirazının olub olmadığını soruşur və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu qeyd edir. Müstəntiqin müvafiq təklifindən sonra o uzandığı çarpayıdakı yastığının altından bir ədəd içərisində iki ədəd büküm olan siqaret qutusu çıxararaq təqdim edir. Müstəntiqi tərəfindən həmin bükümlərə baxılan zaman həmin bükümlərin içərisindən qəhvəyi rəngli maddələrin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdən böyük olananın içərisində narkotik vasitə tiryək olduğunu, digərinin içərisində isə “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirir. Müstəntiqin həmin maddələri haradan əldə etmisiniz sualına həmin bükümləri Bakı şəhərində Şamaxinka adlanan ərazidə selofan torbanın içərisindən tapdığını bildirir. Müstəntiq tərəfindən baxış zamanı aşkar edilən maddələr qablaşdırılaraq mühürlənib götürülür. Videogörüntü dayandırılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, yaşadığı evdən aşkar edilən maddənin yəni narkotik vasitə heroinin özünə məxsus olduğunu bir daha etiraf etdi. (cild 1, iş vərəq 188-189) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, satışında şübhəli olan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduqlarını bildirir. Müstəntiq baxışda iştirak edən şəxsləri təqdim edir. Təqsirləndirilən şəxs müstəntiqin müvafiq sualına cavab olaraq baxış keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra evə daxil olunur. Baxış zamanı evin zalında olan divanın kənarından bir ədəd yapışdırıcı lentlə sarılmış büküm aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirir Müstəntiq bükümü açaraq içərisində qəhvəyi rəngli maddənin olduğunu bildirir. Müstəntiq Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olub olmadığını soruşduqda o cavab olaraq həmin bükümü tapdığını qeyd edir. O yaşadığı küçədən avtomobil keçdiyini, həmin avtomobilin arxasınca digər avtomobilinin getdiyini bildirir. O həmin zaman küçəyə çıxdıqda həmin avtomobildən evindən aşkar edilən bükümün atıldığını bildirir. Müstəntiqin həmin içərisində narkotik vasitəyə bənzər amddə olan bükümü nə üçün saxlamısınız sualına “maraqlı gəldi” deyə bildirir. Müstəntiqin mən bükümü indi açdım, əgər sizin deyilsə necə deyə bilirsiniz ki içərisində “kakos” var. Bu zaman da Təqsirləndirilən şəxs həmin bükümün özünə məxsus olmasını təkrarən bildirir. Bundan sonra evə keçirilən baxış davam etdirilir və evin tavan hissəsində taxtanın üzərindən bir ədəd büküm aşkar edilir. Müstəntiq həmin bükümün içərisindəkinin nə olmasını soruşduğu zaman “baxım deyim” deyə bildirir. Müstəntiq həmin bükümü açdığı zaman Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “kakos” yəni heroin olmasını bildirir. O həmin bükümü daha əvvəl qoymasını və yadından çıxmasını təsdiq edir. Keçirilən baxış zamanı evdən boş kağız kəsikləri aşkar edilir və həmin zaman Təqsirləndirilən şəxs “bəlkə də yaddan çıxıb qalar” deyə bildirir. Müstəntiq Təqsirləndirilən şəxs həyat yoldaşından evlərində baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmamasını soruşur. Bu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 yaşadığı evdə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Müstəntiq tərəfindən baxış zamanı aşkar edilən maddələr qablaşdırılaraq mühürlənib götürülür. Videogörüntü dayandırılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, yaşadığı evdən aşkar edilən maddənin yəni narkotik vasitə heroinin özünə məxsus olduğunu bir daha etiraf etdi. (cild 1, iş vərəq 190-191) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2021-ci il tarixli 6/1191 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 43,740 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilərnnarkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. (cild 1 iş vərəqə 105-114) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 12 may 2021-ci il tarixli 6/1898 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bağlamada təmiz çəkisi 685 qram və bir ədəd bükümdə təmiz çəkisi 0.680 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bağlamadakı və 01 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Həmin Heroin kütlələrinin ümumi təmiz çəkisi 685.680 qram təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilərnnarkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. (cild 1 iş vərəqə 29-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizanın 14 may 2021-ci il tarixli 1388 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 145- 160) 25 mart 2021-ci il tarixdə və 11 may 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışlar zamanı aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkis 43.740 qram olan narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 685 qram və bir ədəd bükmdə təmiz çəkisi 0.680 qram olmaqla ümumilikdə təmiz çəkisi 685.680 qram olan narkotik vasitə heroin və iki ədəd içərisində keçirilmiş baxışların videogörüntüləri olan disk daşıyıcılar işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan tiryəkin, ekspertiza tədqiqatından sonra qalan 43.640 qram qalığının, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 685,530 qram qalığının saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. ( cild 1, iş vərəqə 62-65, 122 ) Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Xaçmaz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş cəzasının müddəti bitməmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsində daxil olmuş məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 26 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz çəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafdakılara qarşı mehriban olmağa səy göstərmişdir. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 88) Məhkəmə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni evində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, xx.xx.2018-ci il tarixli Xaçmaz rayon məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxsin çəkilməmiş 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixdə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 395-VİQR saylı Qərar qəbul etmiş, həmin qərar dərc edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzalardan azad edilməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 26 gün (on ay iyirmi altı gün) hissəsinə amnistiya aktı tətbiq olunaraq, Təqsirləndirilən şəxs həmin cəzadan azad edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21, 57-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan – narkotik vasitə olan tiryəkin, ekspertiza tədqiqatından sonra qalan 43.640 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 685,530 qram qalığı məhv edilməli, iki ədəd disk isə iş materiallarına saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 191.72 (yüz doxsan bir manat yetmiş iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Xaçmaz rayon Məhkəməsinin 1(067)-162/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilsin və o, cəzasının çəkilməmiş hissəsi 10 ay 26 gün (on ay iyirmi altı gün) azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan – narkotik vasitə olan tiryəkin, ekspertiza tədqiqatından sonra qalan 43.640 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 685,530 qram qalığı məhv edilsin, iki ədəd disk iş materiallarına saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza tədqiqatının dəyəri 191.72 (yüz doxsan bir manat yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-113/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-113/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver