Məhkəmə qərarları › İş №1(124)-113/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-113/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-113/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əlisəkər oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 470 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 23 sentyabr 2022-ci il tarixdə saat 17:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri ərazisində, Qudyalçay çayının sağ sahilində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan göy rəngli sellofan bükümdə təmiz çəkisi 470 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni ümumi təmiz çəkisi 766,153 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 03 noyabr 2022-ci il tarixdə saat 16:15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ərdəbil küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibindən kibrit qutusunun içərisində təmiz çəkisi 6,153 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının altından göy rəngli sellofana bükülmüş təmiz çəkisi 760 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, elan olunmuş ittihamda qeyd edilən 23 sentyabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış, onun üzərində narkotik vasitə olmamışdır. Aşkar olunan narkotik vasitələri polis əməkdaşları ona vermişlər. Onlar həmin narkotik vasitələri ona verərək, guya sonradan gəlib onları aşkar edəcəyini bildirmişlər. O, özü tutulmağı üçün polis əməkdaşlarına müraciət etmişdir. Çünki, həmin vaxt həyat yoldaşı ilə aralarında mübahisə yaranmış və o da əsəbi olduğu üçün polis əməkdaşlarına bu qaydada müraciət etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan marixuanadan uzun illərdir ki, istifadə edir. Əvvəllər narkotik vasitələri əldə edib üzərində saxladığına görə təqsirli bilinərək məhkum olunmuş, 21 sentyabr 2022-ci il taixdə günorta saatlarında Quba şəhəri, Qudyalçay çayının sahilində gəzdiyi zaman kolluq ərazidə iki ədəd göy rəngli sellofan torba görmüş, diqqətini cəlb etdiyi üçün yaxınlaşıb baxmış və həmin sellofan torbaların içərisində qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. O, həmin torbalardan birini götürüb özü ilə yaşadığı evə aparmış, digər torbanı isə kolluq ərazidə biraz da dərinlikdə gizlətmişdir ki, ondan başqa heç kimin diqqətini çəkməsin, o, evə aparacağı torbadakı marixuananı istifadə edib bitirdikdən sonra gedib gizlətdiyi torbanı da oradan götürüb yaşadığı evə aparıb az-az istifadə etməyi düşünmüşdür. 23 sentyabr 2022-ci il tarixdə o fikrini dəyişmiş, həmin torbanın başqa şəxs tərəfindən aşkar edilə biləcəyini düşünmüş, günortadan sonra piyada həmin torbanı gizlətdiyi yerə getmiş, içərisində marixuana olan torbanı əlinə götürmüş və piyada yenidən hərəkətə başlamışdır. Bir qədər getdikdən sonra polis əməkdaşları ona doğru yaxınlaşmış, onun narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduğundan saxlanıldığını bildirmişlər. Daha sonra ona Quba rayon Vəkil Bürosundan hüquqlarımı müdafiə etmək məqsədilə vəkil Çingiz Muradov təqdim edilmiş və həmin yerdə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Çayın kənarında üzərində şəxsi axtarış keçirilmiş və sağ əlindəki göy rəngli sellofan bükülüdə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə iki gün öncə çay kənarında kolluq ərazidən tapdığını bildirmiş, lakin evində olan narkotik vasitə barəsində polis əməkdaşlarına heç bir məlumat verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş, çəkisinin 495 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada polis əməkdaşı tərəfindən müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, o və vəkili həmin zərfi imzalamışlar. Onun üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş və bütün bu hərəktlər videokamera ilə qeydə alınmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalanmışdır. Bundan sonra onu araşdırmanın davam etdirilməsindən ötrü polis şöbəsinə aparmışlar, iki gün sonra o buraxılmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra 02 noyabr 2022-ci il tarixdə günorta vaxtı o, evdə gizlətdiyi qurudulmuş marixuanadan bir qədər götürmüş, kibrit qutusunun içərisinə yığmış və əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Sonra həmin gün saat 16 radələrində o, Quba şəhəri, Ərdəbil küçəsi ilə gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğuna görə saxlanıldığını bildirərək üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində narkotik vasitə və digər qanunsuz əşyalar olub-olmadığını soruşmuş, o, həmin vaxtı gödəkcəsinin sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusunu açmış, içərisində narkotik vasitə qurudulmuş marixuna aşkar etmişlər. Sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 8.7 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O, sorğu zamanı polis əməkdaşlarına yaşadığı mənzildə də narkotik vasitə olduğunu demiş və birlikdə yaşadığı ünvan 2 ünvanına getmişlər. Polis əməkdaşı ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, o, heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşı ona yaşadığı evdə narkotik vasitəni saxladığı yeri göstərməsini təklif etmiş, o, da yaşadığı evin giriş hissəsindən daxil olduqdan sonra sağ tərəfdə yerləşən yataq otağına keçmiş, otaqdakı çarpayının altında saxladığı içərisində narkotik vasitə marixuana olan sellofan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 780 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən və evindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş və bütün bu hərəktlər videokamera ilə qeydə alınmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 217-219) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində onun tüfeyli həyat tərzi sürməsinə dair qeyri-rəsmi olaraq bir neçə dəfə məlumatlar almışlar. Lakin onunla heç vaxt rastlaşmamışlar. Bir gün onun narkotik vasitələri əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Quba şəhəri, Qudyalçay çayının sağ sahilində saxlanılmışdır. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat barədə məlumat vermişlər. Daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt sellofan təqdim etmişdir. Həmin sellofanın içərisindən marixuana növündə narkotik vasitə var idi. Həmin marixuana növündə narkotik vasitənin miqdarı təxminən 490 qram miqdarında idi. Aşkar olunmuş narkotik vasitə barədə soruşduqda, Təqsirləndirilən şəxs onu tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri satış məqsədilə əldə etməsi yaxud satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində onun tüfeyli həyat tərzi sürməsinə dair qeyri-rəsmi olaraq bir neçə dəfə məlumatlar daxil olmuşdu. Bildiyinə görə o, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Quba şəhəri, Qudyalçay çayının sağ sahilində saxlanılmış və üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən Şahid3 ifadəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Quba şəhəri, Ərdəbil küçəsində saxlanılmışdır. Müafiəçinin iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş və çəkisinin 8.7 qram olduğu müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitəni saxladığı yeri göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsindən daxil olduqdan sonra sağ tərəfdə olan yataq otağına keçərək orada olan çarpayının altında saxladığı içərisində narkotik vasitə marixuana olan sellofan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 780 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, Quba RPŞ-nin, NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik- leytenantıdır. Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində Quba şəhəri, Qudyalçay çayının sağ sahilində, daşlıq ərazidə saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı Famil Mirzəbəyov özünü və əməliyyat qrupunun üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X2 Əzizova təqdim edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs sağ əlindəki göy rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iki gün örıcə çay kənarında kolluq ərazidən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş və çəkisinin 495 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili həmin zərfi imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əynində olan pencək və şalvarın ciblərindən bir ədəd istifadə edilmiş, iki ədəd dolu prima markalı siqaret paçkası, iki ədəd alışqan, bir ədəd cib dəsmalı və bir ədəd kibrit aşkar edilmişdir. Bundan başqa onun üzərindən qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞnə dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə bağlı yenidən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Quba şəhəri, Ərdəbil küçəsində saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı özünü və əməliyyat qrupunun üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqları yə vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X3 Əzizova təqdim edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş və çəkisinin 8.7 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili həmin zərfi imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd alışqan və bir ədəd açar aşkar edimiş, bundan başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs başqa narkotik vasitə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitəni saxladığı yeri göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsindən daxil olduqdan sonra sağ tərəfdə olan yataq otağına keçərək orada olan çarpayının altında saxladığı içərisində narkotik vasitə marixuana olan sellofan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 780 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili sellofan bükülünün üzərindəki qeyd aparılmış kağızı imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bununla da baxış başa çatmışdır. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. (Cild 1, iş vərəqləri 180-182) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan göy rəngli gödəkcənin cibindən içərisində yaşıl rəngli marixuanaya bənzər maddə olan 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. (Cild 1, iş vərəq 28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Quba şəhəri, Qudyalçayın sağ sahilində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı, içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan göy rəngli sellofan torbanı təqdim etmişdir. (Cild 1, iş vərəq 116) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi barədə” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Quba şəhəri, Ərdəbil küçəsi, ev 24 ünvanında Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə keçirilən baxış zamnı evin girişində sağ tərəfdə olan otaqda çarpayının altından içərisində otabənzər narkotik vasitəyə oxşar kütlə olan sellofan aşkar edilmişdir. (Cild 1, iş vərəq 30) “Şəxsi axtarışın keçirilməsi barədə” 23 sentyabr 2022-ci il tarixli protokolda, həmçinin “Şəxsi axtarışın keçirilməsi barədə” və “baxış keçirilməsi barədə” 02 noyabr 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 05 yanvar 2023-cü il tarixli, 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7- ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 184-185) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1322 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1 №-li qəhvəyi rəngli kağız paketdə ağ kağız üzərində “Təqsirləndirilən şəxs götürülmüş" yazılar və imzalar olan polietilen bağlamadaki qırmızı rəngli sellofanda, MEM-nə məxsus 2№-li qəhvəyi rəngli kağız paketdə üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib... yazılar və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda və MEM-nə məxsus 3№-li qəhvəyi rəngli kağız paketdə ağ kağız üzərində "Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilib... yazılar və imzalar olan göy rəngli polietilen torbadaki çəhrayı rəngli sellofan torbada olan marixuanalar tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 194-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1268 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Ələskər oğlunun üzərindən aşkar edilib...” sözləri yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,153 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. tədqiqata təqdim olunmuş ağ kağız üzərində “ Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilib...” yazılar və imzalar olan göy rəngli polietilen torbadaki çəhrayı rəngli sellofan torbada təmiz çəkisi 760,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş marixuanaların ümumi çəkisi 766,153 qramdır. (Cild 1, iş vərəqləri 41-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1091 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Ələskər oğlundan götürülmüş...” sözləri yazılmış skoçla bağlanmış polietilen bağlamada bir ədəd qırmızı rəngli sellofanda təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəq 124) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1236,003 qram marixuana maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 196-205) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Siyəzən rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 166-167) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1c-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin 65 yaşı olmaqla ahıl olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2022-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 02 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 70-73, 150-153) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Astara rayon məhkəməsinin hökmü üzrə 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı tətbiq oluna bilməz. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 1.236,003 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 233 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkzi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 1.236,003 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 233 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar