Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-114/2023 28.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayətində doğulmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Kənd Binəqədi fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ siyahısı ilə müəyyən edilmiş 1 ədəd qara rəngli seliofan bükümdə təmiz çəkisi 225 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini daşıyaraq üzərində saxlamış, 31 yanvar 2022-ci il tarixdə saat 18:15-də Sumqayıt şəhər polis idarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən “AZZA” şirniyyat evinin arxasında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 225 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə heroinin istifadəçisi olmuşdur. 31 yanvar 2022-ci il tarixdə saat təqribən 16:00-17:00 radələrində tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə almağa getmiş, lakin, onu əldə edə bilmədən tutulmuşdur. Götürəcəyi narkotik vasitə 2 qram miqdarında olmalı idi. Narkotik vasitəni tanımadığı, lakin ləqəbinin “Dürü” olduğunu bildiyi qadından almalı idi. “Dürü” ləqəbli qadını da taksi fəaliyyəti ilə məşğul olarkən sərnişin kimi tanımışdır. Məhkəməyədək icraat zamanı ona təzyiqlər olduğundan həmin qadına narkotik vasitə aparmalı olduğunu bidirmişdir. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə zamanı ona qarşı təzyiq olub-olmaması barədə soruşulmamışdır. Polis əməkdaşları onu qardaşını tutacaqları ilə hədələmişlər. X4 da narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, təxminən 5-6 aydır ki, narkotik vasitə olan heroin qəbul edir, özü mobil telefon istifadə edir, lakin nömrəsini təzə aldığı üçün mobil nömrəni xatırlamır. Həmin nömrəni öz adına almamış, Rafiq adlı tanışının adına alınmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16-17 radələridə o, Bakı şəhərində olarkən onun Dürdanə adlı tanışı ona zəng etmiş, Dürdanəni o, təxminən 3-4 aydır ki, tanıyır. Dürdanə də narkotik vasitə olan heorin istifadəçisidir. Dürdanə onun da narkotik vasitə olan heroin istifadə etdiyimi bilirmiş. Dürdanə ilə əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət düşməçilikləri olmamışdır. Qeyd etdiyi tarixdə Dürdanə ona “Whatsapp” proqramı vasiəsi ilə zəng edib Sumqayıt şəhəri ərazisində bir yerdə 7 qram narkotik vasitə olan heroin olduğunu, həmin heroini götürmək lazım olduğunu, əvəzində isə ona da 1 qram narkotik vasitə heroin veriləcəyini demişdir. O, da özünə də istifadə etmək üçün narkotik vasitə olan heorin lazım olacağını düşünüb Dürdanə ilə razılaşmış, Dürdanənin mobil nömrəsini dəqiq xatırlamır, Dürdanənin mobil nömrəsi onun telefonunda olmuş, Dürdanə onunla “Whatsapp" proqramı vasitəsi ilə əlaqə saxlayırmış. O, da yaşadığı ünvandan çıxıb tanımadığı taksiyə minmiş və Sumqayıt şəhərinə yola düşmüşdür. O, yolda olarkən Dürdanə onun telefonuna narkotik vasitənin qoyulduğu yerin şəklini atıb demiş ki, narkotik vasitə olan heroini Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən “AZZA” şirniyyat evinin arxasında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində olan qaz sayğacının içərisinə qoyublar. O, da təxminən saat 17-18 radələrinə ona deyilən ünvana “AZZA” şirniyyat evinin qarşısına gəlmiş. O, taksidən düşüb narkotik vasitəni qoyulan yerdən qalxıb götürmüş. Həmin yerin şəkli ona atıldığı üçün o, ünvanı rahatlıqla tapa bilmiş. O, qaz sayğacını açıb görmüş ki, sayğacın içərisində 1 ədəd qara rəngli sellofan büküm var. O həmin bükümü götürüb əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibinə qoyub oradan “AZZA”nın yanında olan avtomobillərə tərəf gedəndə təxminən saat 18:15 radəiərində ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb onu saxlamışlar və ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Sumqayıt şəhər polis idarəsinin 4-cü Polis Bölməsinə getmiş, həmin vaxt narkotik vasitə olan heroin əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində olmuş, o bölməyə gətirələrkən onsuzda bölmədə üzərində saxladığı heroinin aşkar olunacağını düşünüb polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Polis əməkdaşları da ona bölmədə üzərində şəxsi axtarış keçiriləcəyini demişlər. Bölmədə videoçəkilişlə və müdadafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuşəşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd qara rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm açılmış, bükümdə 1 ədəd ağ rəngli sellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmiş, polis əməkdaşları ondan həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o cavab olaraq üzərindən aşkar olunmuş qara rəngli sellofan bükümdəki maddənin narkotik vasitə olan “kakos" olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində AZZA mağazasının arxasında yerləşən yaşayış binasının ikinci mərtəbəsində qaz sayğacının içərisindən götürərək tanıdığı Dürdanə adlı şəxsin xahişi ilə ona çatdırmalı oduğunu, qarşılığında isə Dürdanədən şəxsi istifadəsi üçün 1 qram narkotik vasitə alacağını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin bükümlə birlikdə 268 qram olduğu müəyyən olunmuş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 75-78, 137-138) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 31 yanvar 2022-ci il tarixdə təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Azza” şirniyyat mağazasının arxasında Təqsirləndirilən şəxs bənzəyən şəxsi gördmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edərək, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan heroinə oxşar narkotik vasitəni təqdim etmişdir. Daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna o rəhbərlik etmişdir. Əməliyyat qrupunda onunla yanaşı Şahid2 və Şahid1 olmuşlar. Təqsirləndirilən şəxsin tutulması zamanı ona heç bir təzyiq göstərilməmişdir.Təqsirləndirilən şəxs tutulan zaman onun üzərindən 200 qramdan artıq miqdarda narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 31 yanvar 2022-ci il tarixdə təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Azza” şirniyyat mağazasının arxasında Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. Ona narkotik vasitəni kimdən aldığı sual edildikdə Dürdanə adlı şəxsdən aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 31 yanvar 2022-ci il tarixdə təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Azza” şirniyyat mağazasının arxasında saxlanılmış, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı çox olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə təqsirləndirilən şəxsə təklif olunur ki, üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da əynində olan əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, bükümdə 1 ədəd ağ rəngli sellofan bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 33-34) “Şəxsi axtarış keçirilməsi barədə” 31 yanvar 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu “DVD-R” formatlı disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 16 fevral 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/626 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzaları olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 225,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (Cild 1, iş vərəqləri 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1495 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması görülür. (Cild 1, iş vərəqləri 125-126) İş materiallarında olan 14 may 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 224,8 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 169-178) Cinayət işinin materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 14 may 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Durdanə adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 181-182) Məhkəmə, Təqsirləndirilən şəxs tutulduğu vaxt üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün boynuna alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 225 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 1500 dəfə, külli miqdardan isə təxminən 112 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 332.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının çəkmiş hesab edilməklə həbsdən azad olunmuşdur. (Cild 1, iş vərəqləri 167- 168, 150-161) Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunaraq, hazırki cinayət işi üzrə məhkumluğu olmayan şəxs kimi tanınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 86-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 224,8 qram narkotik vasitə heroin məhv edilməlidir. 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 224,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-114/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-114/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver