Məhkəmə qərarları › İş №1(124)-114/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-114/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-114/2024 18.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi yaxınlığında yerləşən “Panda” marketin arxasından sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şəhruz” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, 50 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 7,504 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 06 noyabr 2022-ci il tarixdə saat 15:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 nömrəli binanın yaxınlığında piyada hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra həmin gün saat 16:50-dən 16:59-a kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdən ibarət olan 7,504 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində öz evində oturduğu yerdə qapıdan çıxarkən Şahid1, yanındakı “Xalid”, “Elvin” adlı şəxs və Şahid1 təxminən 17-18 yaşlarında bacısı oğlu onun qoluna qandal vurmuşdurlar. Cinayət işi materiallarında onu Vüqar adlı əməliyyat müvəkkilinin saxladığı qeyd edilsə də, saxlanan zaman o həmin şəxsi görməmiş, tanımamışdır. Prokurorluğun və ya hansısa orqanın icazə sənədi olmadan evinə daxil olmuşdurlar. Evini axtarmış, yoxlamışdırlar. Evindən heç bir şey çıxmamışdır. Onu döymüşdürlər. Kürdəxanı təcridxanasından gedib əməliyyat olunmuşdur. Ona narkotik vasitəni etiraf etməyəcəyi təqdirdə, evindən 07 (yeddi) kiloqram narkotik vasitə çıxaracaqlarını, ailə üzvlərini yanına gətirəcəklərini bildirmişdirlər. Düzdür, o, narkotik vasitə istifadə etmişdir. Onu döydükdən sonra Abşeron rayon Polis İdarəsinə gətirmişdirlər. İdarəyə gətirildikdən sonra ona sabahı gün saat 12-də evinə gedəcəyini bildirmişdirlər. Ümid edir ki, barəsində ədalətli qərar verəcəklər. Atası ikinci qrup Qarabağ əlilidir. Anası yoxdur, ölüb. 50 manata 7 qram narkotik vasitənin alınması mümkün deyil, heç o qiymətə İranda satmırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, saxlanmamışdan iki ay qabaq narkotik vasitəni tərgitmişdir. Əvvəllər Şahid1 tanımışdır. Onu bir dəfə də tutmuş, 15.000 (on beş min) pulunu alıb buraxmışdır. Saxlandığı gündən təxminən üç-dörd ay qabaq Azər onu tutmuşdur. Həmin vaxt Azər onu Gənclikdə saxlamışdır. Ondan 15.000 pul alınması ilə bağlı heç bir yerə şikayət etməmişdir. Ona hədəqorxu gəldiyi üçün 15.000-lə bağlı heç bir yerə şikayət etməmişdir. Azər onu üç aydan sonra bir daha saxlamışdır ki, cənab generalın göstərişi var. Ona də maraqlıdır ki, cənab general onu tanıyır? Cənab generalın nəyinə lazımdır? “Şəhruz” adlı şəxsi tanımamışdır. Orada nə yazıblarsa, ona veriblər, o da yazılanları oxuyub demişdir. Üç dəfə video çəkiliş olmuşdur. Onu döyən şəxslərdən biri də Azər olmuşdur. Döyülmə nəticəsində xəsarət almışdır. Qolunu da kəsmişdir. Qolunu özü kəsmişdir. Onu skoçla bağlayıb döymüş, xəsarət də almışdır. Döyüldükdən sonra bədənində göylər olmuşdur. Üç-beş gün sonra onu təcridxanaya göndərmişdirlər. Onu Abşeron rayon Polis İdarəsinin MSY-dən təcridxanaya 24 saat ərzində təhvil verməmişdirlər. Üç gün sonra təcridxanaya təhvil vermişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, saxlanmamışdan iki il qabaqdan narkotik vasitə istifadə etmiş, təzə başlamışdır. İş materiallarındakı narkotik vasitə saxlanan zaman üzərində olmamışdır. Elə vaxt olub ki, narkotik vasitə qəbul etməyi bir ay, on gün tərgitmişdir. Narkotik vasitəni mütəmadi olaraq qəbul etməsə də, dözə bilmişdir. Axır vaxtı narkotik vasitə qəbul etməyi tərgidəndə özünə söz vermişdir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Qeyd etdiyi kimi, ondan pul alınsa da, bununla bağlı harasa şikayət etməmişdir. Qorxduğu üçün şikayət etməmişdir. Təcridxanaya girəndə gəlib onu yoxlamış, qolunun kəsiyini də yoxlamışdırlar. Qolunu özü kəsmiş, təcridxanada qolundakı kəsiyi qeydə almışdırlar. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər məhkumluğu olmuşdur. Sənədləri ona görə imzalamışdır ki, onun qabağına şərt qoymuşdurlar. Sənədləri imzalamayacağı təqdirdə evindən, ailəsinin yanında bir kiloqram narkotik vasitə çıxaracaqları ilə hədələnmişdir. Saxlananadək uşaqları onunla birlikdə yaşamış, saxlanandan sonra ayrılmışdırlar. Polisin onunla nə qərəzi olduğunu bilmir. Polis əməkdaşları bir dəfə də onun evinə basqın etmişdirlər. Ona bildirmişdirlər ki, evində külli miqdarda narkotik vasitə olması ilə əlaqədar onlara məlumat daxil olmuşdur. Evini yoxlamış, evindən hansısa narkotik vasitə aşkar olunmamışdır. Üç ədəd mobil telefonunu, 1.500 (bir min beş yüz) manat pulunu, “Rolex” markalı saatını aparmışdırlar. “Rolex” markalı saatı qaynatası 5.000 (beş min) manata alıb ona hədiyyə etmişdir. “Rolex” markalı original saatın ən ucuzu on iki min-on üç min manatdır. 15.000 ondan pul aldığı təqdirdə polis əməkdaşlarının yenidən onu nə səbəbə saxladıqlarını bilməmişdir. Bu barədə onun heç bir məlumatı yoxdur. Bakıda “rent a car”da işləmişdir. Görüntüdə təqdim etdiyi narkotik vasitə Azərin ona vermiş olduğu narkotik vasitədir. Görüntüdəki 04 (dörd) manat pul vəsaitini də ona Azər müəllim vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində saxlanmış və Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı şəxsin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxsin üzərindən mobil telefon aparatı da götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin hazırda saxlanmamışdan qabaq üç ay əvvəl onlar tərəfindən saxlanması, 15.000 manat pul müqabilində azadlığa buraxılması, ailə üzvlərinin evindən narkotik vasitə hədələmələri ilə bağlı bildirdiyi xüsusatlar böhtandır, yalandır, elə bir şey olmamışdr. Qurbanla əvvəllər ədavəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şəxs özünü müdafiə məqsədilə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirir. Təqsirləndirilən şəxs Xırdalanda saxlamışdırlar. Təqsirləndirilən şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına deyil, Abşeron rayon Polis İdarəsinə aparmışdırlar. “Xalid” adlı şəxsi tanımamışdır. Bacısı oğlunun on iki yaşı var, on iki yaşında uşaq adam tutası deyil. Saxlanan zaman üzərinizdə narkotik vasitə olmaması ilə bağlı bildirdiyi xüsusat həqiqəti əks etdirmir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs barəsində məlumat əvvəlcədən də onlarda olmuşdur. Təqsirləndirilən şəxs 50 (əlli) kiloqram narkotik vasitənin dövriyyəsi ilə məşğul olan şəxs olmuşdur. Təqsirləndirilən şəxs qadınları narkotikdən asılı hala salan şəxsdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsi Abşeron rayon Polis İdarəsinə dəvət etmişdirlər. Video çəkiliş zamanı şəxs üzərindəki narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını söyləmişdir. Şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin tam çəkisi yadında deyil, ancaq çəkisi qramla, növü isə heroin olmuşdur. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Azər olmuş, özü iştirakçı olmuşdur. Qurbanı Abşeron rayonu ərazisində, Xırdalan tərəfdə saxlamışdırlar. Əməliyyat tədbiri 2022-ci il tarixdə olub, bu səbəbdən saxlandığı dəqiq ünvanı, küçəni hazırda xatırlamır. Ancaq saxlandığı yer binanın yaxınlığı idi. Onun əməliyyat tədbirində iştirak etməməyi ilə bağlı hazırda təqsirləndirilən şəxsin bildirdiyi xüsusatlar həqiqəti əks etdirmir. Video görüntüdə hər şey açıq-aydın əks olunmuşdur. Üzərindəki bağlamanın rəngi yadında deyildir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü-nün baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, bina 1 ünvanının yaxınlığında əməliyyat axtarış tədbirləri keçirmiş və 06 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 15:15-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, bina 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən onun Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Abşeron rayon polis idarəsinin inzibati binasında təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü-nün baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni kütləni təqdim etmiş, bundan başqa həmin şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Nokia” markalı mobil telefonu və 4 (dörd) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin elektron tərəzidə çəkisi isə 8,26 qram olmuş, təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Nokia” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 4 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni təxminən bir ay əvvəl tanıdığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şəhruz” adlı şəxsdən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi yaxınlığında yerləşən “Panda” marketin arxasında görüşüb ondan 50 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitə heroinə bənzər kütlədən heç kimə satmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis əməkdaşlarına məlumat daxil olsa da, Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi və daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış ilə məşğul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satış ilə məşğul olmasını təsdiq edən hər hansı bir dəlil olmamışdır. Təqsirləndirilən şəxs qarşı şəxsi axtarış və götürmə aparılan zaman, eləcə də saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilərkən heç bir zor, təzyiq göstərilməmiş və bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini, bir ədəd mobil telefonu və dörd manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə heroini daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi bir bükümdə heroinə bənzər kütləni təxminən bir ay əvvəl İran İslam Respublikası vətəndaşı olan tanışı “Şəhruz” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında yerləşən “Panda” marketin arxasında 50 manat müqabilində aldığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, yalnız özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 6/6446 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqat obyekti üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazısı olan bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-7,504 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 08 noyabr 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi barədə” 13 fevral 2023-cü il il tarixli qərarlardan görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 7,454 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Bundan başqa iş üzrə 06 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 7,454 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi 7,454 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar