Məhkəmə qərarları › İş №1(124)-115/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-115/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-115/2022 23.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X11 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, ev 19/2-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 86,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 02 ayrı-ayrı kibrit qutusuda ümumi təmiz çəkisi 6,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 avqust 2021-ci il tarixdə saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, ev 19/2-nin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən sol əlində saxlamış olduğu ağ-qara rəngli sellofan torbanın içərisindəki karton qutusundan 03 ədəd şəffaf polietilen bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 9,851 qram, 4,543 qram və 72,417 qram olan külli miqdarda ümumi təmiz çəkisi 86,811 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,781 qram və 2,262 qram olan ümumi təmiz çəkisi 6,043 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində metamfetaminin izləri olan qara rəngli 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Xızı rayonun Yaşma qəsəbəsində yaşayır. 2021-ci ilin avqust ayının 6-da atası evinə Sumqayıt şəhəri Kotec qəsəbəsinə gəlmişdir. Orada 15 dəqiqə olduqdan sonra tanışı taksi şoferi İlham onu maşınla götürmüşdür ki, Bakıya getsinlər. Maşına mindikdə məhəllədə tanışı İlqarı da götürmüşlər. Birlikdə gedib bazarın yanından Aygün adlı qadını da götürməli idilər. Aygünlə təzə tanış olmuşdur. Aygünü götürdükdə 2-ci mikrorayon ərazisindən çıxaraq maşınla gedə-gedə əlində olan nəşəni çəkmişdir. Təhsil idarəsinin yanından dönüb qayıtdıqda YPX işçiləri onları saxlamışdırlar. Daha sonra maşından düşürməklə döyə-döyə öz maşınlarına mindirmişlər. Hətta ayaqqabısının bir tayı da orada qalmışdır. Təxminən saat 23 radələrində onu Sumqayıt ŞPİ-yə aparmışlar. Orada İlqarı və İlhamı da görmüşdür. Polislər İlqarı da döymüşdürlər. Gecə saat 2-3 radələrində polislər evə baxış keçirməli olduqlarını demişlər. Atası evinə gəldikdə polislər hasardan aşıb, qapını açaraq həyətə girmişlər. Özü isə maşında oturmuşdur. Bir qədər sonra isə əllərində ağ sellofan paket gətirməklə onun olmasını demişlər. Buna etiraz etdikdə isə onu maşının içində döymüşdürlər. Həmçinin evdən stolun üstündən telefon, bıçaqları götürmüşlər və onu yenə də Sumqayıt ŞPİ-ə gətirmişlər və ona sənədləri imzalamağı deyib 48 saat ərzində buraxacaqlarını demişlər. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. Polis onu saxladıqda əlində 1 papiros marixuana olmuşdur. Bundan başqa, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Evə baxış keçirdikdə polislərini özləri narkotik vasitə gətirmişdirlər. Anası polislərin evə narkotik gətirməsini görmüşdür. Evə baxış aparan zaman polislər çəkiliş aparmamışlar. Lakin onun üzərində polis idarəsində şəxsi axtarış keçirilən zaman 3-4 dəfə çəkiliş olmuşdur. Çəkiliş saxlanıldıqdan bir neçə gün sonra olmuşdur. Polis əməkdaşlarından Şahid1 tanımışdır. Bəhruz əvvəldə onu narkotik üstündə tutub sonra buraxmışdır. Çəkilişdə müdafiəçi də iştirak etmişdir. Müdafiəçiyə ona təzyiq edilmədiyini demiş, eyni zamanda qətimkan tədbiri kimi barəsində həbs seçildikdə də məhkəməyə ona təzyiq edilmədiyini demişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsindən isə görünür ki, o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 saylı məhəllədə yaşadığı evin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra isə onu narkotik vasitələrin qəbulu və üzərində daşınmasında şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Bununla əlaqədar olaraq onu polis idarəsinə dəvət etmişlər və o da öz növbəsində heç bir etiraz etməyərək həmin şəxslərlə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində olan zaman üzərində video çəkilişlə şəxsi axtarışın aparılacağını ona söyləmişlər, o isə heç bir etiraz etmədiyini və razı olduğunu söyləmişdir. Polis əməkdaşı ona içərisində hüquq və vəzifələrim yazılı olan bildirişi təqdim edərək sərbəst şəkildə oxuyaraq tanış olmasını xahiş etmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı əhəmiyyət kəsb edən və qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanın təqdim edilməsi təklif olunmuşdur. Polis əməkdaşının ona olan müraciətindən sonra artıq gizlətməsinin heç bir mənasının olmadığını və qanun qarşısında səmimiyyət göstərməli olduğunu başa düşdüyünə görə sol əlində saxlamış olduğu ağ-qara rəngli sellofan torbanı təqdim edərək açmışdır. Həmin sellofan torbanın içərisində bir ədəd karton qutunun, həmin karton qutunun içərisində üç ədəd şəffaf rəngli sellofan bükümlərin, iki ədəd kibrit qutusunun və bir ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bükümlər açılmış, bükümlərin hər birində ağ rəngli kristal şəkilli maddələrin, yəni metamfeatminin və kibrit qutularının hər birində isə yaşıl rəngli spesifik iyə malik qurudulmuş bitkinin, yəni marixuananın olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları həmin kütlələri haradan, neçəyə, kimdən və nə məqsədlə aldığı barədə ondan sorğu edərkən, aşkar olunan ağ kristallik maddənin metamfetamin və digər kibrit qutusunda olan bitkinin isə qurudulmuş marixuana olduğunu söyləmişdir. Həmin maddələri xx.xx.2021-ci il tarixdə axşam saatlarında İlahə adlı tanışına 500 manat pul verməsi müqabilində, Koni ləqəbli Ramiz adlı şəxsin yaşadığı ünvana gətirib ona verdiyini, aşkar olunmuş elektron tərəzi vasitəsi ilə narkotik vasitəni alarkən onu aldatmasındar deyə çəkdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş metamfetamin çəkilərkən 74,74 qram, 5, 25 qram və 10,11 qram ümumilikdə 89,15 qram olması və qurudulmuş marixuananın isə 8,36 qram, 6,84 qram ümumilikdə 15,20 qram olması elektron tərəzi vasitəsi ilə müəyyən olunmuşdur. Üzərindən aşkar olunan kütlələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmiş, elektron tərəzi isə qardaşı Vüqar Hüseynova məxsus olmuş, o həmin tərəzini tutulmamışdan əvvəl evdən götürmüşdür. (Cild 1, iş vərəqləri 73-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının 7-də Xəyal adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdu. Məlumat əsasında həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı içərisində 01 ədəd karton qutu və qutunun içərisində 03 ədəd şəffaf rəngli sellofan bükümlər, 02 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi olan ağ-qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Sellofan bükümlər və kibrit qutuları açılanda sellofan bükümlərdə psioxtrop maddə metamfetamin, kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Xəyal ondan aşkar olunan metamfetamini və marixuananı İlahə adlı qızdan aldığını demişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik istifadıçisi kimi saxlamamış və onunla şəxsi münasibətləri olmamışdır. Əməliyyat qrupunda Şahid2 və Şahid3 olmuş, əməliyyat qrupuna rəhbərlik isə özü tərəfindən edilmişdir. Xəyal ilə birlikdə onlar tərəfindən başqa şəxslər, yəni İlqar Bayramov və İlham Rəcəbov saxlanılmamışdır. X.Hüseyovu evinin yanında piyada hərəkət edən zaman saxlamışlar. Onun narkotik vasitəni üzərində gəzdirməsi barədə məlumat olduğu üçün evinə baxış keçirməmişlər. Üzərində şəxsi axtarış isə Sumqayıt ŞPİ-də aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının 7-də Xəyal adlı şəxsin Kotec qəsəbəsində üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdu. Məlumat əsasında avqustun 7də saat 13 radələrində Təqsirləndirilən şəxsı Sumqayıt şəhəri, Kotec qəsəbəsi yaxınlığında saxlayıb Sumqayıt ŞPİ-yə gətirmişlər. Xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onda 01 ədəd karton qutu və qutunun içərisində 03 ədəd şəffaf rəngli sellofan büküm, 02 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi olan sellofan torba aşkar edilmişdir. Bükümlərdə psioxtrop maddə metamfetamin, kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Sorğu zamanı Xəyal ondan aşkar olunan metamfetamini və marixuananı İlahə adlı qızdan 500 manata aldığını demişdir. Daha sonra, o, verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Xəyalın özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının 7-də Xəyal adlı şəxsin barəsində daxil olan məlumat əsasında Şahid1 əməliyyat qrupuna rəhbərliyi ilə həmin gün axşam saatlarında onu Sumqayıt şəhəri, Kotec qəsəbəsi yaxınlığında saxlayıb Sumqayıt ŞPİ-yə aparmışlar. Sumqayıt ŞPİ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı içərisində içərisində 03 ədəd şəffaf rəngli sellofan bükümlər olan 01 ədəd karton qutu, içərisində psioxtrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olan sellfona torba və kibrit qutuları aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotikləri İlahə adlı şəxsə 500 manat pul verib “Koni” ləqəbli şəxsdən götürdüyünü və 10 manata satdığını demişdir. Daha sonra, verilən suallara cavab olaraq ifadəsində dəqiqləşmə aparan Rusalan Əlizadə göstərdi ki, onlar Təqsirləndirilən şəxs saat 12-13 radələrində tutmuşlar. Saxlanılandan sonra Təqsirləndirilən şəxs evində axtarış aparılmamışdır. Məhkəmədə şahid qismində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Şahid4 da Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, marixuana, metamfetamin və heroin istifadəçisidir. 06 avqust 2021-ci il tarixdə səhərdən axşamadək Təqsirləndirilən şəxsla birlikdə olmuşdur. Həmin gün internet vasitəsi ilə aldıqları metamfetamin və heroindən istifadə etmişlər. Həmçinin marixuanada almışlar. Sonra İlham adlı taksi sürücüsünü çağırmışlar və onun maşını ilə 1-ci mkr. ərazisindən bir nəfər qadını götürmüşlər. Maşında olarkən marixuanada çəkmişdirlər. Qadını Xəyal çağırmışdır. Sonra saat 23 radələrində Sumqayıt şəhəri “Təhsil Şöbəsi” üzbəüz YPX maşını onları saxlamış və hər üçünü, yəni onu, İlhamı və Xəyalı Sumqayıt ŞPİ-yə aparmışdırlar. Qadının isə hara getdiyini görməmişdirlər. Orada polislər onları döymüş və narkotiki boyunlarına almağı tələb etmişlər. 48 saatdan sonra onu buraxmışlar və barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlamışlar. Polis əməkdaşı Şahid1 sözü ilə narkotiki Xəyaldan almasını demişdir. Sonra Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2021-ci ilin avqust ayının 6-da saat 24 radələrində onların evinə hasardan polislər girmişlər, hər biri evin bir hissəsinə keçərək axtarış və çəkiliş aparmışlar. Sonra evdən şəxsiyyət vəsiqəsi, köhnə telefonu, gümüş saatları aparmışlar. Həmçinin diş texniki olan digər oğlu Vüqara məxsus elektron tərəzini və ərinin şəkər aparatını da götürmüşdürlər. Sonra taksi şoferi İlham onları qaytarmışdır. Həmin vaxt əri İlqar da evdə olmuşdur. Xəyal isə evə gətirilməmişdir. Bildiyinə görə o, çöldə maşında olmuşdur. Xəyalı polislər sifarişlə tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X4 Qızana Hüseynova ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2021-ci ilin avqust ayının 6-da məhlə uşağı Fərrux ona zəng edərək evlərinə polislərin gəldiyini demişdir. Daha sonra o, qeyd etmişdir ki, əvvəl diş texniki işləmiş, lakin 1 il 6 ay müddətdir ki, işləmir. Evdə özünə məxsus qara rəngli elektron tərəzi olmuşdur. Həmin tərəzini 2 il əvvəl almış, tərəzinin batareyasını dəyişməmiş, tərəzinin işlək vəziyyətdə olmadığını güman etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Həmin gün Xəyal ona zəng edərək onu çağırmışdır. Xəyalı bir nəfər dostu ilə Kotec qəsəbəsində götürmüşdür. Sonra Xəyal bir nəfər qız da götürməli olduqlarını demişdir. Maşını 1-ci mkr. sürmüş və oradan bir nəfər qız götürmüşlər. Qız arxada Xəyalın yanında oturmuş, Xəyalın dostu isə qarşıda oturmuşdur. 1-ci mkr-dan çıxıb “Maarifin” yanında dönüb üzü bazara doğru getdikdə “BMW” markalı YPX maşını onları saxlamışdır. Maşından düşdükdə 12 nəfərə yaxın polis əməkdaşları onları tutumuşlar və maşınla birlikdə hamısını Sumqayıt ŞPİ-yə aparmışdırlar. Lakin qızın Sumqayıt ŞPİ-yə aparılmasını o, görməmişdir. Orada bir müddət saxlanılmış, qonşu otaqda Xəyalı və onun dostunu da görmüşdür. Sonra polislər ona demişlər ki, Xəyalın evindən səhvən elektron tərəzi adı ilə şəkər aparatı götürmüşlər, həmçinin bir ədəd telefon kitabçası da götürmüşlər. Ona həmin şəkər aparatı və telefon kitabçasını vermişlər, o isə bunları aparıb Xəyalın evinə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13 radələrində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxlamış olduğu ağ-qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində 01 ədəd karton qutu və qutunun içərisində 03 ədəd şəffaf rəngli sellofan bükümlər, 02 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi müəyyən edilmişdir. Sellofan bükümlər və kibrit qutuları açıldıqda, sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin, kibrit qutularında isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Xəyal ondan aşkar olunan metamfetamini və marixuananı xx.xx.2021-ci il tarixdə axşam saatlarında ehtiyacı olduğu üçün İlahə adlı tanışına 500 manat pul verməsi müqabilində «Koni» ləqəbli Ramiz adlı şəxsdən aldığını bildirmişdir. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış keçirilməsi barədə” 07 avqust 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 12 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3356 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazısı olan paketdəki 3 (üç) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,851 qram, 4,543 qram, 72,417 qram ümumi təmiz çəkisi 86,811 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd arxasında «500g x 0,1g» yazısı olan qara rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 37-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/761 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketi açdıqda içərisində 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,781 qram, 2,262 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 6,043 qramdır. (Cild 1, iş vərəqləri 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 3352 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 163-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 10 avqust 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,661 qram olan psixotrop maddə metamfetamin, 5,943 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qara rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama yerinə təhvil verilmiş, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 5-6) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərində də narkotik vasitə və psixotrop maddənin olmaması, onun ittihamda göstərilən tarixdə və vaxtda deyil bir gün əvvəl digər şəxslərlə olarkən tutulması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin iddia etdiyi digər məsələ, yəni Təqsirləndirilən şəxs döyülməsi, istintaq təcridxanasına aparılması və təcridxana tərəfindən qəbul edilməyərək sonradan Sumqayıt ŞPİ-nin MSY-yə qaytarılması ilə bağlı qeyd olunur ki, məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olan xx.xx.2022-ci il tarixli, xx/xx-5231 №-li məktubda qeyd edilmişdir ki, X10 11 avqust 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən 3 saylı istintaq təcrudxanasına daxil olmuş və 2021-ci ilin avqust ayında Sumqayıt ŞPİ-yə etap edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraatın ilkin mərhələsində verdiyi ifadə işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, bu ifadə iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin məhkəmə müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin anası Qızana Hüseynovanın, atası İlqar Hüseynovun və qardaşı Vüqar Hüseynovun, eləcə də tanışları İlqar Bayramovun və İlham Rəcəbovun ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxslər təqsirləndirilən şəxslə yaxın qohumluq, dostluq və tanışlıq münasibətlərində olduqlarından, təqsirləndirilən şəxsin mənafeyinə uyğun, onun cinayət məsuliyyətindən yayınmasına yönəlmiş ifadə vermişlər ki, bu ifadələr məhkəmədə işin obyektiv hallarına uyğun olan mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə tədqiq edilmiş İlqar Bayramovun qanuni qüvvəyə minmiş hökm əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinin materiallarından görünür ki, hökmlə onun 06 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə tutulması deyil, 07 avqust 2021-ci il tarixdə avqust 2021-ci il tarixdə saat 02:40 radələrində tutulması müəyyən edilmişdir. Bundan başqa, İlqar Bayramovun üzərində şəxsi axtarışın aparılması ilə bağlı videoçəkilişə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, sonuncu sərbəst şəkildə üzərində aşkar edilmiş psixotrop maddənin Xəyal adlı şəxsdən aldığını deyir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3 bükümdə ümumilikdə 86,811 qram, yəni külli psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 578 dəfə, külli miqdardan isə təxminən 43 dəfə artıq olması, onların bükümlərə bölünməsi, eləcə də 6,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2013 və 2014-cü il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( Cild 1, iş vərəqləri 83-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, işdə olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini də zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama yerində saxlanılan: ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,661 qram olan psixotrop maddə metamfetamin, 5,943 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama yerində saxlanılan: 86,661 qram psixotrop maddə metamfetamin, 5,943 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar