Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-115/2023 06.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Siyəzən rayonunu Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 4,801 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 24 fevral 2022-ci il tarixdə saat 21 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonu Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə başında olan qara rəngli papaqdan sarı rəngli plastik materialdan olan qutunun içərisində 1(bir) ədəd şəffaf rəngli sellofanda aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Siyəzən rayonu, Zarat kəndində yaşadığı məhəllə ilə evinə gedərkən təxminən saat 21:45-də iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, ondan haraya getdiyini soruşmuş, o isə evinə getdiyini bildirmişdir. Elə oradaca onun üzəri yoxlanmış, üzərindən 1.5 qram narkotik vasitə və 01 ədəd iynə aşkar edilmiş, daha sonra isə polis əməkdaşlarının xidməti avtomobili ilə polis bölməsinə aparılmışdır. İttiham aktında üzərindən aşkar edildiyi qeyd edilən 4.8 qram narkotik vasitənin üzərində olmadığını, onun üzərinə yolda baxış keçirilərkən video-çəkiliş aparılmadığını, lakin polis bölməsində olarkən video-çəkiliş ilə üzərinə baxış keçirildiyini, ona təzyiq göstərildiyi üçün həmin çəkidə narkotik vasitənin ona aid olmadığını deyə bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq üç il idi ki, narkotik vasitədən və yalnız heroindən istifadə etdiyini, beş aya yaxındır ki, narkotik vasitəni iynə vasitəsilə qəbul etdiyini bildirmişdir. Tutulduğu vaxta qədər “350 53 43” mobil nömrəsindən istifadə etdiyini, ondan narkotik vasitə alınmasına dair istifadə etdiyi mobil nömrəyə mesaj və ya zəng daxil olduğunu xatırlamadığını, istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə döyülməyilə bağlı məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq “Beşbarmaq” tərəfdə çalışdığını, elə narkotik vasitəni də orada dayanan tanımadığı adamlardan aldığını, həmin adamların taksi sürücüsü kimi işlədiyini bildirmişdir. 2016-cı ildə gəmidə işlədiyini, ibtidai istintaq zamanı gəmidə olarkən İran İslam Respublikasının vətəndaşından narkotik vasitə aldığını söyləmədiyini, istintaq zamanı yazılan ifadəsini oxumadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq əvvəllər balıqçılıqla məşğul olduğunu, aya 600-700 manat pul qazandığını, gün ərzində 0.3-0.4 qram narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Əvvəllər çəkmək yolu ilə narkotik vasitə qəbul etdiyini, çəkdiyi zaman gün ərzində 0.5 qram narkotik vasitə lazım olduğunu, iynə vurduğu zaman isə birdəfəlik 0.2-0.3 qram narkotik vasitə qəbul etdiyini bildirmişdir. Tutulduğu vaxta qədər kababçılıq ilə məşğul olmuş, ittiham aktında ondan 20 manata balıq istənilməsinə baxmayaraq həmin danışıq narkotik vasitənin satışı kimi qeyd edilmiş, o, 20 manata “Bej” balığı satmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunanadək Siyəzən rayonun Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaymış, heç bir yerdə işləməmiş, heç bir gəliri olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Təxminən 2 ildir narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 1 il əvvəl Lənkəranski gəmisində işləməyə başlamış və 2021-ci ilin noyabr ayına kimi orada işləmişdir. Təxminən 4 ay əvvəl Lənkəran rayonun ərizisində Xəzər dənizinin İranla sərhədində İran gəmisində olan tanımadığı İran vətəndaşından təxminən 10 qram heroin almış, aldığı heroin şəffaf sellofan torbada olmuşdur. O, qeyd olunan narkotik vasitəni 10 litr spirt müqabilində dəyişmişdir. O, narkotik vasitə olan heroin istifadəçisi olduğundan təxminən 4 ay ərzində həmin narkotik vasitənin 5-6 qramını inyeksiya yolu iynə ilə damara vurmaqla istifadə etmişdir. Qalanını da lazım olanda istifadə etmək üçün üzərində gəzdirmişdir. 24 fevral 2022-ci il tarixdə saat 20 radələrində həmin şəffaf rəngli sellofanda olan narkotik vasitə heroini sarı rəngli plastik qabın içərisinə qoyub həmin qabı da başında olan qara rəngli papağın içərisinə, əynində olan göy rəngli gödəkçənin sol yan cibinə isə bir ədəd şprist qoyaraq evdən çölə çıxmışdır. Saat təxminən 22 radələrində Zarat kəndində evinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Siyəzən RPŞ-nə gətirmişlər. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və müdafiəçi X3 iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də müdafiəçi Yəhyə Nəzərovun iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmişdir. O, başında olan qara rəngli papaqdan içərisində naktotik vasitə heroin olan sarı rəngli plastik qabı, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən isə şprisi çıxaraq masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən sarı rəngli qab açılmış, içərisində şəffaf rəngli bükükülü olması müəyyən edilmişdir. Həmin selofan bükülünün içərisində olan kütlə tökülməsin deyə müstəntiq tərəfindən açılmadan baxış keçirilmiş, içərisində heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin bükülünün içərisində olan kütlənin “kokos” olduğunu bildirmişdir. Daha sonra həmin bükülü müstəntiq tərəfindən sonradan qablaşdırılması üçün masanın üzərinə qoyulmuş və bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı əlavə üzərindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra başında olan qara rəngli papaqdan sarı rəngli plastik qabda, sellofan bükülüdə aşkar edilmiş narkotik vasitə-heroin sarı rəngli qaba qoyularaq gödəkçənin sol yan cibindəm aşkar edilmiş şpirislə birlikdə ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. O, və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Ona qarşı heç bir zor tətbiq edilməmiş, o, izahatını tam sərbəst formada, heç bir təzyiq olmadan vermişdir. O, əvvələr heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamış, həmçinin üzərində nakotik vasitə saxlamasından heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid Şahin adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında 24 fevral 2022-ci il tarixdə, axşam saat 20:30 radələrində Təqsirləndirilən şəxs Zarat kəndində, evdən çıxarkən saxladıqlarını, onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində olarkən onun üzərinə baxış keçirildiyini və bu zaman Təqsirləndirilən şəxs papağının altından sarı plastik qutunun içərisində sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edildiyini bildirmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilmiş, narkotik vasitə olan heroin olduğu aşkar olunmuşdur. Narkotik vasitənin dövriyyəsi dedikdə onun alqı-satqısını nəzərdə tutduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən bir iynə və bir çaxmaq aşkar edilmiş, mövcud şəraitlə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması anında əməliyyat tədbirini keçirməklərinin alınmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin onu saxlayan şəxslərin içərisində Şahid olmamasına, onu saxlayan şəxslərdən birinin adının Cavani, digərinin adının isə Mirzəcan olmasına cavab olaraq əməliyyat tədbiri keçirilərkən Mirzəcan və Cavani ilə birlikdə olduğunu, onun üzərinə keçirilən şəxsi axtarış zamanı da özünün orada olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, 24 fevral 2022-ci il tarixdə əməliyyat tapşırığı ilə əlaqədar olaraq polis sahə nəfəri ilə birlikdə xidməti əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra Siyəzən rayonu, Zarat kəndində küçə ilə gedərkən saxlanılmış və şöbəyə aparılmışdır. Əməliyyat məlumatının narkotik vasitənin istifadə edilməsi və satışı ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək protokollaşdırıldığını, aşkar edilən narkotik vasitənin bir ədəd sarı qutunun içərisində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs küçədə saxlanılan zaman video-çəkiliş aparılmamış, lakin onun üzərinə baxış video-çəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman gəmidə çalışdığını, 1.700 manat qazancı olduğunu, İran İslam Respublikasına məxsus gəmilərlə əlaqələrinin olduğunu, onlara spirt verdiyini, qarşılığında isə İran İslam Respublikasından narkotik vasitə aldığını söylədiyini qeyd etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X1 Əhmədovun yaşadığı ərazi onun xidməti ərazisi olduğu üçün onu səkkiz ildir ki tanıdığını, daxil olan əməliyyat məlumatı əsasında 24 fevral 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən bir az aralı məsafədə saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, onun da etiraz etmədən polis şöbəsinə gəldiyini bildirmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində olanları təqdim etməsini söylənilmiş, o da başında olan qara papağın içərisindən sarı rəngli plastik materialdan olan qutunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisindən sellofana bükülü qəhvəyi rəngli maddə aşkar edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1991-ci il tarixdə Zarat kəndində doğulmuş, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs başında olan qara rəngli papaqdan bir ədəd sarı rəngli plastik qutunu çıxararaq təqdim edir. Həmin qutu açıldıqda içərisində bir ədəd şəffaf rəngli sellofan bükülü olması görünür. Həmin bükülünün içərisindən narkotik vasitə olan heroin aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd şpiris və bir ədəd alışqanı təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf bükülüdə olan heroin olduğu sarı plastik qutu ilə birlikdə qablaşdırılır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş disk və həmin disklərə baxış keçirilməsi barədə protokollardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. “Maddi sübut qismində tanıma” haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sarı rəngli plastik qutunun içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi - 4,801 qram narkotik vasitə heroin və içərisində heroinin izləri müəyyən edilmiş 1 ml ölçülü şpris iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1184 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş sarı rəngli plastik qutunun içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi 4,801 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ml-lik şprisin içərisində heroinin izləri müəyyən edildi. Şprisin daxilində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahıları üzrə: Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2130 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən rayon Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Siyəzən rayon Zarat kəndində yaşamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən rayon Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X6 xx.xx.2014-cü il və X8 xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlama cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş qalıq çəkisi – 4,701 qram narkotik vasitə heroinin və 1 ədəd 1 ml-lik şpris məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD disk və Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə dair məlumatların olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk daxil olmaqla, ümumilikdə 02 (iki) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, qalıq çəkisi – 4,701 qram narkotik vasitə heroinin və 1 ədəd 1 ml ölçülü şpris məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD disk və Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə dair məlumatların olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd olmaqla, ümumilikdə 02 (iki) ədəd kompakt disk in cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 ( yüz on ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-115/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-115/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver