Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-116/2022 28.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X8, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fəhlə olaraq çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şamaxı şəhəri, 48A məhəlləsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 28 may 2021-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı Şamaxı şəhəri, 48A məhəlləsində yerləşən qeydiyyat nömrəsi olmayan evin mətbəx kimi istifadə edilən hissəsində nikahda olduğu, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla onunla eyni evdə yaşayan arvadı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəminində mübahisə edərək həmin gün “Qoşqar” adlı marketdən alaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanmayan, soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 9 santimetrədək olan mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinin sol yarısında boşluğa keçməyən iki ədəd, sol sağrı nahiyəsinə nisbətən dərin olan, əzələ və vətərlərin kəsilməsi nəticəsində kəskin qanitirmə və ağır dərəcəli qanitirmə şoku ilə nəticələnən üç ədəd, ümumilikdə kəskin qanitirmə və ağır dərəcəli qanitirmə şoku ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin həkimlərin vaxtında tibbi yardım göstərmələri ilə əlaqədar öz əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Təravəti öldürmək fikri olmamışdır. Hadisə günü aralarında uşaq üstündə mübahisə yaranmış, mübahisə 5-10 dəqiqə davam etmişdir. Təravətə 5 bıçaq zərbəsi endirmişdir. Zərbələri endirdikdən sonra 102 və 103 xidmətlərinə zəng vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır, onunla 2013-cü ildə valideyinlərinin istəyi ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 oğlan, 1 qız olmaqla 4 övladları dünyaya gəlmişdir. 28 may 2021-ci il tarixdə saat 09 radələrində Şamaxı-Göylər avtomobil yolunda yerləşən iş yerinə getmiş, həmin gün saat təxminən 14-15 radələrində arvadı Təravətə zəng etmiş, telefonla danışan zaman Təravət ona qardaşı arvadı Səbirə və uşaqları ilə dalaşdığını dediyi üçün Təravətə əsəbləşərək dalaşmamaqlarını bildirmişdir. Saat təxminən 18-19 radələrində iş yerindən çıxıb atasıgilə getmiş, atası ona qardaşı arvadı Səbriyənin ondan narazılıq etdiyini bildirmiş, atasına Səbriyə ilə arvadı Təravətin yola getmədiklərini, adi şey üstündə dava etdiklərini bildirmiş, bundan sonra atası onu danlamağa başlayaraq ona “sən alçaqsan” kimi sözlər demişdir. Oradan çıxaraq Şamaxı şəhərində, avtovağzal adlanan ərazidə yerləşən “Qoşqar” adlı marketə getmiş, marketdən 3 ədəd 0.5 litrlik pivə və 1 manata 1 ədəd dəstəyi qırmızı, ağ və göy rəngli kauçuk materialdan olan mətbəx bıçağı almış, aldığı pivələri marketdən çıxıb, yolda içdikdən sonra taksi ilə yaşadığı evə getmiş, evə girdikdən sonra arvadı Təravətdən nə üçün qardaşı arvadıgillə dalaşdıqlarını soruşmuş, Təravət onun içki qəbul etməyinə görə öz iradını bildirərək onunla uca səslə danışdığı üçün əsəbləşərək cibində olan bıçağı çıxardaraq Təravətə bir neçə bıçaq zərbəsi vurmuşdur. Təravəti bıçaqla vurduqdan sonra əməlindən peşman olaraq kənara çəkilərək otağa giriş qapısının yanında yerə oturmuş, Bu zaman Təravət pəncərədən çölə çıxaraq qaçmış, ondan sonra otaqdan çölə çıxmışdır. Zərərçəkmiş şəxs vuran zaman otaqda 1 yaşlı övladı Musa olmuş, Musa həmin vaxt çarpayıda yatmış, digər uşaqları isə həyətdə oynayırmışlar. Təravətin aşağı tərəfə qaçdığını görüb, ona tibbi yardım göstərilməsi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən X10 zəng edərək arvadını bıçaqladığını, həkim göndərmələrini bildirmiş, ondan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. 29 may 2021-ci il tarixdə atasıgilə gələrək onlara polis şöbəsinə zəng etmələrini bildirmiş, anası Necabət polisə zəng edərək bu barədə məlumat verdikdən sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. Arvadı Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onu qorxutmaq olmuş, onu öldürmək məqsədi olsaydı bunun üçün real imkanı var idi, fiziki cəhətdən arvadından güclüdür, onu öldürmək məqsədi olsaydı ürək nahiyyəsindən zərbə yetirərdi və ya yerə yıxaraq boğazını kəsərdi. Təravət otaqdan qaçan zaman ona yetirdiyi xəsarətlərin ölümcül olmadığını görmüş, onu öldürmək niyyəti olsaydı onun otaqdan qaçmasına imkan verməzdi və onu öldürərdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü Qahir evə içkili gəlmiş, Qahirlə mübahisə etmişlər. Həmin gün arasıda eltisi ilə söz-söhbət olmuşdur. Qahirdə bunu eşitmişdir. Qahirin üstünə çox getmişdir. Qahir ona 5 bıçaq zərbəsi endirmişdir. Qahirin onu öldürmək fikri olmamışdır. Qahir onu bıçaqla vuran zaman uşaq onun quçağında olmamışdır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, əri Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona ən yüngün cəzanın təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri 48A Məhəlləsində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun əridir, onlar 2013-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından 4 uşaqları olmuş, ailə həyatı qurduqdan sonra mütəmadi olaraq əri Təqsirləndirilən şəxslə mübahisə etmiş, qayınanası Nicabət Rzayeva, baldızı Gülli və qayınının arvadı Səbirə Həşimova isə onunla ev üstündə mübahisə etmişlər. 28 may 2021-ci il tarixdə, saat 11:30 radələrində olan zaman qayınanası Nicabət Rzayeva, qayınının arvadı Səbirə Həşimova, qayınının qızı Zülfiyyə, oğlu İbrahim və Murad onların yaşadığı Şamaxı şəhəri 48A Məhəlləsindəki evə gəlmiş, evin həyətinə daxil olan zaman bir daha onunla mübahisə etməyə başlamış, “sən çıx get atanın evinə, burada sənin qalmağa haqqın yoxdur” demişlər. Həmin vaxt onlar onun ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə etmiş, mübahisə etdikdən sonra onlar evdən çıxıb getmiş, təxminən bir saat sonra əri Təqsirləndirilən şəxs ona zəng vurmuş, ondan nə üçün qayınanası Nicabət Rzayeva və qayınının arvadı Səbirə Həşimova ilə mübahisə etdiyini soruşmuş, ərinə olanları dedikdən sonra sağollaşmış, həmin tarixdə saat 19:30 radələrində əri Təqsirləndirilən şəxs evə gəlmiş, həmin vaxt azyaşlı uşağı Musa qucağında olmuş, digər üç uşağı Qadir, Ağacabir və Ayşə isə otaqda oynamışlar. Bu zaman Təqsirləndirilən şəxs uşağı qucağından yerə qoymağını bildirmiş, Təqsirləndirilən şəxs evə daxil olan zaman cibindən bıçağı çıxardaraq arxa tərəfində gizlətdiyini gördüyü üçün qorxudan uşağı qucağından yerə qoymamış, bu zaman Təqsirləndirilən şəxs əli ilə onu itələmiş və o, kənara çəkilmişdir. Həmin vaxt o, uşağı qucağında bərk tutmuşdur ki, uşağa bir şey olmasın. Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə xəsarət yetirdikdə o, Qahirin ona vurduğu zərbələrdən yerə yıxılmış, bir qədər halsız vəziyyətdə qalıb, Qahir getdikdən sonra bir təhər sürünə-sürünə evdən çölə çıxmış və özünə gələndə Şamaxı rayon Mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs həmin ifadəsində bildirmişdir ki, o, ailə həyatı qurduqdan sonra əri Təqsirləndirilən şəxslə mübahisə etməyinin səbəbi ərinin çox vaxtlar sərxoş vəziyyətdə olmağı qayınanası Nicabət Rzayeva, qayınının arvadı Səbirə Həşimova və baldızı Gülli ilə mübahisə etməyinin səbəbi sonuncuların onu öz evindən qovmaları olmuşdur. Həmin hadisə zamanı Qahir heç bir səbəb olmadan onu bıçaqla bir neçə dəfə vurmuş, Qahir onu yaşadığı Şamaxı şəhəri 48A Məhəlləsində yerləşən evin içərisində, qapının girişində vurmuş, həmin vaxt onun azyaşlı uşağı Musa qucağında, digər 3 uşağı isə otaqda olmuşlar. Həmin hadisə təxmini 2-3 dəqiqə ərzində davam etmiş, o, Qahiri vurmamış, əri Qahir hər bir halda onu öldürmək istəmiş, əgər öldürmək istəməsəydi ona 4 bıçaq xəsarəti yetirməz, Qahir onun halsız vəziyyətini gördükdən sonra öldüyünə əmin olub, oradan çıxıb getmiş, Qahir onu bıçaqla vuran zaman onu öldürə bilərmiş, əgər o, halsız olmasa idi Qahir onu öldürmədiyinə əmin olub, onu öldürə bilərdi. Cinayət işi üzrə zərəçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ifadəsində bildirmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə valideyinlərinin təklifi ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 oğlan, 1 qız olmaqla 4 övladları dünyaya gəlmiş, ailə həyatı qurduqdan sonra təxminən 1-2 ay əri Qahirin valideyinləri ilə birlikdə yaşamış, daha sonra əri Qahir və valideyinləri ilə yola getmədiyi üçün acıq edərək atası evinə getmiş, bir müddət atası evində qaldıqdan sonra yenidən geri qayıtmışdır. 2017-ci ildə Şamaxı şəhəri 48 A məhəlləsində torpaq sahəsi alaraq özlərinə 1 otaqlı ev tikib orada yaşamağa başlamış, orda yaşadıqları müddət ərzində əri Qahirlə münasibəti normal olmuş, təsadüf hallarda aralarında mübahisə olmuşdur. 28 may 2021-ci il tarixdə saat 09 radələrində Qahir işləmək üçün evdən çıxıb getmiş, təxminən 2-3 saat sonra qayınanası N.Rzayeva, qaynı M.Həşimovun arvadı Şahid2, sonuncunun qızı Zülfiyyə və oğlanları İbrahim və Murad onlarla gəlmiş, Şahid2 onun ünvanına təhqiramiz sözlər deyərək onların yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olmasını, həmin torpaq sahəsində onların tikdiyi evi sökərək özünə ev tikəcəyini bildirib onun evdən çıxaraq atası evinə getməyini bildirmiş, qaynanası N.Rzayeva Şahid2 dəstək vermişdir. Buna görə onların arasında sözlü mübahisə yaranmış, bir neçə dəqiqə dalaşdıqdan sonra onlar çıxıb getmiş, onlar çıxıb getdikdən bir qədər sonra əri Qahir istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** sylı mobil nömrəyə zəng edərək qaynanası N.Rzayev və qaynı arvadı Şahid2 ilə nə üçün dalaşdığını soruşmuş, o, Qahirə mübahisənin nə üstündə baş verməsini bildirmiş, Qahir “hə yaxşı” deyərək onunla sağollaşmış və telefonu söndürmüşdür. Saat təxminən 19 radələrində Qahir evə gəlmiş, o və uşaqları yataq otağında olmuş, Qahir otağa girən kimi ona uşağı “yerə qoy” demiş, həmin vaxt 1 yaşı olan oğlu Musa qucağında olmuşdur. O, Qahirin əsəbi olduğunu görüb sonuncunun onu döyəcəyini bəlkə uşağın qucağında olmasını görə döyməz deyə fikirləşərək uşağı qucağından yerə qoymamış, bu zaman Qahir sol əli ilə onun çiynindən itələmiş, zərbənin təsirindən o, 1-2 metr arxaya tərəf getmiş, bu zaman Qahir sağ əlini arxa tərəfinə apararaq anidən onun üzərinə hücum etmiş və ona zərbələr endirməyə başlamışdır. Qahir ona zərbələr endirən zaman o. Qahirin onu bıçaqladığını hiss etmiş, bundan sonra Qahir ondan bir qədər aralanıb pəncərənin yanında yerə oturmuş və əlini bərkdən bir neçə dəfə döşəməyə çıpmağa başlamışdır. O, Qahirin aralıda olmasını görüb uşağı cəld yerə qoyaraq çölə çıxmış, həmin vaxt Qahir otaqda qalmış, çöldə olan zaman çıxdıqda Qahir də evdən çıxaraq onun yanından keçib aşağı istiqamətdə qaçıb getmiş, bundan sonra onu xəstəxanaya aparmaları üçün qonşuluqda yaşayan Qızqayıtgilin həyətinə getmiş, Qızqayıtgilin həyətindən çıxaraq qonşuluqda yaşayan Raufgilin qapısının qarşısına getmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları və təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya aparmışlar. İfadəsinə davam edən Zərərçəkmiş şəxs polis şöbəsində olarkən hadisənin şokunda olduğundan ifadəsində Qahirin onu bıçaqla vurmasından sonra yerə yıxılmağını və huşsuz vəziyyətdə yerdə qalmağını bildirmiş,lakin hadisənin hazır ki, ifadəsində göstərdiyi kimi Qahirin onu bıçaqla vurduqdan sonra otaqdan çölə qaçmağını, Qahirin fiziki cəhətdən ondan güclü olduğunun, Qahirin onu öldürmək niyyəti olduğu halda həmin vaxt onu öldürə biləcəyini, bunun üçün hər cür imkanı olduğunu, ona bıçaqla xəsarət yetirdikdən sonra ondan bir qədər aralandığını, Qahirin yanından çölə qaçan zaman ona çölə qaçmağına mane olmadığını, çöldə onu görsə belə ona qarşı heç bir hərəkət etmədiyini və qaçıb getdiyini, Qahirin həmin zaman onu öldürmək niyyəti olmadığını, sonuncunun onu bıçaqladıqdan sonra hətta 102 xidmətinə də zəng edərək məlumat verdiyini, bıçağı tam görmədiyini, buna görə də bıçağın əlamətləri barədə heç bir söz deyə bilməyəcəyini, Qahirin ona neçə bıçaq zərbəsi vurmasını həmin vaxt bilmədiyini, xəstəxanada olanda Qahirin ona 5 bıçaq zərbəsi vurduğunu öyrəndiyini, Qahirlə evli olduğu müddətdə münasibətlərinin soyuq olduğunu, aralarında tez-tez mübahisələr yarandığını, onu döydüyü halların olduğunu, Qahirin onu döyməsi barədə heç kimə heç bir söz demədiyini, ailə daxili məsələləri kiməsə demək lazım olmadığını fikirləşdiyini, Qahirin onu döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şamaxı şəhəri 48A Məhəlləsində yaşayır, əri X3 rəhmətə gedib. Təqsirləndirilən şəxs onun qayınıdır, Təqsirləndirilən şəxs və ailəsi ilə münasibəti yaxşı deyil, bəzi vaxtlar onların aralarında mübahisələr olur. Zərərçəkmiş şəxs onun qaynı Qahirin arvadıdır, Zərərçəkmiş şəxs ailə həyatı qurduqdan sonra onunla bəzi vaxtlarda heç bir səbəb olmadan mübahisə edərək onun yetim uşaqlarının ünvanına, həmçinin onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. 28 may 2021-ci il tarixdə, saat 13 radələrində o, uşaqları Murad və İbrahimlə birlikdə ilk olaraq mağazaya, daha sonra isə qayınanasıgilə hal-əhval tutmaq üçün getmiş, bir qədər oturduqdan sonra, artıq saat 18 radələrində o, qayınanası Nicabət Rzayeva ilə birlikdə evdən çıxıb Şamaxı şəhəri 48A Məhəlləsində yerləşən evlərinə gəlmiş, bir qədər oturduqdan sonra qayınatası Arif Rzayev ona zəng vurmuş və telefonu Nicavət Rzayevaya verməyi bildirmiş, həmin vaxt o, telefonu səsliyə qoşub qayınanası Nicabət Rzayevaya vermişdir. Telefonla danışan zaman qayınatası Arif Rzayev telefonda bərk səslə “Qahir bu dəqiqə mənimlə vuruşdu və sizi tərəfə getdi ki, onları öldürəcəm” demiş, bundan sonra o, evlərindən həyətə çıxmış, Qahirin bərk qışqıraraq danışdığını eşitmiş, yaşadığı evə tərəf gəldiyini görmüşdür. Həmin vaxt qayınanası Nicabət Rzayeva artıq onun yaşadığı evdən çıxıb Qahirin yaşadığı evə getmiş, o, qorxudan evə daxil olmuş və evin qapısını bərk bağlamış, uşaqlarına sakit oturmağı, çölə çıxmamağı, Qahirin onları öldürəcəyini bildirmişdir. Qısa bir vaxt sonra, evin qapısının bərk döyüldüyünü eşitmiş, kim olduğunu soruşduqda qayınanası Nicabət Rzayeva bərk səslə “qapını aç” demiş, o isə cavabında “qorxuram, Qahir bizi öldürər, qapını aça bilmərəm” demişdir. Bu zaman qayınanası Nicabət Rzayeva ona “tez qaçın gedin, Qahir sizi vuracaq” demiş, o isə nə baş verdiyini soruşduqda N.Rzayeva ona “Qahir arvadı Təravəti vurub” demişdir. O, həmin vaxt pəncərədən baxdıqda polislərin artıq məhləyə gəldiyini görmüş, daha sonra ona qayını Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Qahir 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 oğlan, 1 qız olmaqla 4 övladları dünyaya gəlmiş, Qahir ailə həyatı qurduqdan sonra arvadı ilə birlikdə təxminən 1-2 ay onlarla birlikdə yaşamış, daha sonra gəlini Zərərçəkmiş şəxs onlarla və oğlu Qahirlə yola getmədiyi üçün acıq edərək atası evinə getmiş, bir müddət atası evində qaldıqdan sonra yenidən geri qayıtmışdır. Qahir və gəlini Zərərçəkmiş şəxs 2017-ci ildə Şamaxı şəhəri 48 A məhəlləsində torpaq sahəsi alaraq 1 otaqlı ev tikib orada yaşamağa başlamış, digər mərhum oğlu MŞahid1 arvadı Səbirə Həşimova və uşaqları da Qahir ilə qonşuluqda yaşayırlar. 28 may 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində gəlini Şahid2 onlara gəlmiş, ona sözünün olduğunu bildirmiş, o, Şahid2 nə olmasını maraqlandıqda Şahid2 Qahirin onlarla yola getmədiyini bildirmişdir. Şahid2 “Qahirin evi ayrı sənin evin ayrı, gedin ayıbdı yola gedin” demiş, bundan sonra o, arvadı N.Rzayevaya gəlini Şahid2 ilə birlikdə gedərək Şahid2 Qahirin ailəsi arasında mübahisəni həll etməyi tapşırmış və Şahid2 arvadı N.Rzayeva birlikdə çıxıb getmişlər. Onlar getdikdən təxminən 1 saat sonra Qahir tək olaraq onlara gəlmiş, Qahirə gəlini Şahid2 narazılıq etdiyini bildirmiş, Qahir də ona arvadı Zərərçəkmiş şəxs ilə mərhum qardaşı M.Həşimovun arvadı Şahid2 yola getmədiklərini, adi şey üstündə dava etdiklərini bildirmiş, o da bir ata kimi Qahiri danlamışdır. Qahiri danlayan zaman o, Qahirə “sən alçaqsan kişi deyilsən, sən birinci qardaşın uşaqlarını tumarlayıb öpməlisən, sonra öz uşaqlarını tumarlamalısan” demişdir. Qahirə həmin sözləri deməkdə məqsədi rəhmətlik qardaşı M.Həşimovun sağ ikən ona həm qardaşlıq həm də atalıq etməyi olub. Qahir onun dediyi sözə əsəbiləşərək “o dediyin mən deyiləm” demiş, o da Qahirə “əgər Səbirənin dedikləri düzdüsə sən ondan on qat artığısan” demişdir. Qahir də cavab olaraq onda “siz Səbirənin dediyinə inanın mən dediyimə yox” deyərək əsəbi formada çıxıb getmişdir. Qahir getdikdən təxminən 1-2 saat sonra axşam saatlarında onlara gəlmiş, ağlaya-ağlaya Zərərçəkmiş şəxs bıçaqla vurduğunu, Şahid2 inandıqlarını, “ona” inanmadıqlarını demiş və DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Qahir evdən çıxıb getmiş, bir qədər sonra polis əməkdaşları onlara gəlmiş və Qahirin arvadı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Qahiri məzarlıqda və digər yerlərdə axtarsalar da tapa bilməmiş, səhəri gün Qahir onlara gəlmiş və polis əməkdaşları Qahiri tutaraq polis şöbəsinə aparmışlar. Qahir onlara gələn zaman sonuncunun əlində bıçaq olmasını görməmiş, Qahirin əynində olan paltarın cibində bıçaq olmasından məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Şamaxı şəhəri, 48A məhəlləsində tikilmiş, qeydiyyat nömrəsi olmayan, kiçik ölçüdə tikilmiş bir evdir. Yaşayış evi Şamaxı şəhəri, 48A məhəlləsində yerləşən dağın təpəsindədir. Həmin evi dörd bir tərəfdən boş ərazi əhatə edir. Həmin evdən yəni, dağın təpəsindən aşağıya doğru düşdükdən sonra məhlə arası yola rast gəlinir. Həmin ev bir mərtəbəli daxma formasında tikilmişdir, bir otaqdan ibarətdir, hasarla dövriyəyə alınmamışdır. Hadisə yerindən yəni, otaqdan bir ədəd qanlı pərdə və qan izləri, həmçinin, bir ədəd mətbəx bıçağı, dörd ədəd çınqıl daş və iki ədəd pərdə götürülmüşdür. (cild 1, iş vərəq 8-14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2021-ci il tarixli 143 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoşdur. (cild 1, iş vərəq 24) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2021-ci il tarixli 154 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər kimi döş qəfəsinin sol yarısında boşluğa keçməyən iki ədəd yaralar, sol sağrı nahiyəsinə nisbətən dərin olan, əzələ və vətərlərin kəsilməsi nəticəsində kəskin qanitirmə və ağır dərəcəli qanitirmə şoku ilə nəticələnən üç ədəd yaralar, deşici-kəsici alət təsirindən törənməklə, ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar digər bıçaqla yetirilməyə uyğun gəldiyi, xəsarətlərin yetirilmə müddətinin Zərərçəkmiş şəxs adına tərtib olunmuş, tibbi sənəddə yazılanlara əsasən xx.xx.2021-ci il tarixə uyğun hesab olunduğu göstərilmişdir. Zərərçəkmiş şəxs almış olduğu bıçaq xəsarətləri ümumilikdə kəskin qanitirmə və ağır dərəcəli qanitirmə şoku ilə nəticələndiyindən, həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. (cild 1, iş vərəq 62-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 28 may 2021-ci il tarixdə, saat 16 radələrində xatırlamadığı ünvanda yerləşən marketlərdən birinə gedib oradan evdə işlətmək üçün bir ədəd mətbəx bıçağı almış, həmin vaxt 7-8 butulka pivə içmiş və sərxoş olmuşdur. Həmin tarixdə saat 19:30 radələrində yaşadığı Şamaxı şəhəri, 48A Məhəlləsində yerləşən evinə getmiş, evə daxil olan zaman arvadı Zərərçəkmiş şəxs ona yüksək səslə irad bildirirək yenə də içkili olduğunu demiş, o, isə ona sakit olmağını, səs-küy yaratmamağını bildirmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs isə onun sözlərinə heç bir əhəmiyyət verməyib danışmağına davam etmiş, həmin vaxt o, bərk əsəbiləşərək arvadının səsini kəsməyini bir daha bildirib Zərərçəkmiş şəxs yaxınlaşmış və əvvəlcədən aldığı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs səsini kəsmək üçün sonuncuya bir neçə dəfə bıçaqla xəsarət yetirmişdir. (cild 1, iş vərəq 96-97) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs qəzə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 28 may 2021-ci il tarixdə, saat 19:30 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs evə gəlmiş, həmin vaxt azyaşlı uşağı Musa onun özünün qucağında olmuş, digər üç uşağları Qadir, Ağacabir və Ayşə evdə oynayırblar. Bu zaman Qahir ona bildirmişdir ki, uşağı qucağından qoy yerə. O, Qahirin evə daxil olan zaman cibindən bıçağı çıxardaraq arxa tərəfində gizlətdiyini gördüyü üçün qorxusundan uşağı qucağından yerə qoymadığını, bu zaman Qahirin əli ilə onu itələdiyini, onun özünün kənara çəkildiyini, həmin vaxt o, uşağı qucağında bərk tutduğunu, Qahir əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə bıçaqla xəsarət yetirdikdə Qahirin vurduğu zərbələrdən yerə yıxıldığını, bir qədər halsız vəziyyətdə qaldığını, Qahir getdikdən sonra bir təhər sürünə-sürünə evlərindən çölə çıxdığını, artıq özünə gələndə Şamaxı rayon Mərkəzi xəstəxanasında olduğunu bildirmişdir. (cild 1, iş vərəq 113-114) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinin növbətçisi, polis mayoru M.Əliyev tərəfindən yazılmış raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:56-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək arvadı Zərərçəkmiş şəxs bıçaqlamasını, onun ölməsi və ya yaşaması barədə heç bir məlumatının olmamasını bildirmişdir. ( cild 1, iş vərəq 07) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli 1978 nömrəli məktuba əlavə edilmiş 1264 saylı ekspert rəyinin nəticə hissəsində məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissədə Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi, məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissədə aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olmasının müəyyən edildiyi, fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, çılğınlığın aşkar olunduğu göstərilmişdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissədə Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda xasiyyətin psixopatik cizgilərinin müəyyən edildiyi, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti əlamətlərinin aşkar olunmadığı, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunduğu, Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi, yoxlanılan şəxsin hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə isə Təqsirləndirilən şəxs təlqinə qapılmaq, özündən uydurmaq və bu kimi digər halların aşkar olunmadığı göstərilmişdir. Cild iş vərəq 146-148) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli 9/614 nömrəli məktuba əlavə edilmiş 408/2021-MTBŞ saylı ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisinin AB/H/(İV) olduğu, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don kəsiyi, Təqsirləndirilən şəxs məxsus köynək, hadisə yerindən götürülmüş güllü və ağ rəngli pərdə, 02 ədəd pambıq topası, 04 ədəd çınqıl daşı üzərində olan ləkələrdə insan qanının aşkar olunduğu, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A”, “B” və “H” antigenləri alındığı, aqqluytinlər isə alınmadığı, bu qan ləkələrinin bir şəxsə məxsus olduğu halda AB/H/(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilməsi, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə qan aşkar olunmadığı göstərilmişdir. (cild 1, iş vərəq 150-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli 7/751 nömrəli məktuba əlavə edilmiş 278/MTKŞ-2021 saylı ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs məxsus donun üzərində müxtəlif istiqamətli və çoxsaylı kəskilərin olduğu, bu kəsiklər hesabına paltarın ilkin forma və quruluşunu itirdiyini və donun bir hissəsinin saxlanıldığı, təqdim edildiyi vəziyyətdə don hissəsinin arxa səthində dörd ədəd deşilmiş-kəsilmiş zədə olduğu, bu zədələrin iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törəndiyi, Zərərçəkmiş şəxs məxsus don hissəsinin üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruksiyalı digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin inkar olunmadığı, paltar üzərində olan zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsinin mümkün olduğu, Zərərçəkmiş şəxs məxsus don ilkin forma və quruluşunu itirdiyindən donun üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan xəsarətləri tam uyğunlaşdırmağın mümkün olmadığı göstərilmişdir. Həmçinin, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol qolunun aşağı hissəsində bir ədəd, sağ qolunun arxa səthində, düymə yerində bir ədəd cırılmış zədə olduğu, bu zədələrin küt mexanizmlə paltarın həmin nahiylərinin dartılması (o cümlədən ilişib dartılması) nəticəsində törənə bilməsi, köynəyin sağ qolunun azad kənarındakı düymələrdən birinin ortadan sındığı, bu zədənin (düymənin sınması) küt təsirdən törəndiyi, Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində zədə aşkar edilmədiyi göstərilmişdir. Bundan başqa ekspert rəyinin nəticə hissəsində təqdim edilmiş bıçağın zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olduğu, soyuq silah hesab edilmədiyi, bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişikliyin edilmədiyi, təqdim edilən paltarların üzərində qarşılıqlı olaraq paltar liflərinin mikrohissəciklərinin olub-olmamasının təyini məhkəmə-tibb eskperti-kriminalitstin səlahiyyətinə aid olmadığı göstərilmişdir. (cild 1, iş vərəq 140-144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli T221/2021 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş T.N,Rzayevanın almış olduğu xəsarətlər- ağır dərəcəli qanitirmə şoku ilə nəticələnən döş qəfəsinin sol yarısının boşluğa keçməyən 2 ədəd, əzələ və vətərlərin kəsilməsi ilə müşaiyət olunan sol sağrı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, o cümlədən ekspertizaya təqdim olunmuş bıçaq və ona oxşar bıçağın təsirindən yarana bilərdi, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2021-ci ilə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (cild 1, iş vərəq 221-224) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin sistemindən Təqsirləndirilən şəxs barəsində götürülmüş məlumatlarda Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmadığı göstərilmişdir.(cild 1, iş vərəq 111-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7,xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 adlı 4 azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. (cild 1, iş vərəq 157) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının qeyd edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışması yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində dörd azyaşlı övladının onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şamaxı rayon prokurorluğunda saxlanılan – Təqsirləndirilən şəxsa məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus don, 01 ədəd qan nümunəsi, çınqıl daşı və 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 il 10 ay 15 gün (yeddi il on ay on beş gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Şamaxı rayon prokurorluğunda saxlanılan – Təqsirləndirilən şəxsa məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus don, 01 ədəd qan nümunəsi, çınqıl daşı və 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-116/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-116/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver