Məhkəmə qərarları › İş №1(124)-116/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-116/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-116/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Xaçmaz rayonu, Yeni-Sudur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə qəti olaraq 05 il 09 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Yeni- Sudur kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, C.Naxçıvanski küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs tərəfindən borcunun qaytarılmaması səbəbindən onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyülməklə sonuncunun dəvəti ilə 18 iyul 2022-ci il tarixdə, saat 24 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, Zaur Mahmudov küçəsində "Zavod" marketin yaxınlığında görüşərkən, həmin vaxt Zərərçəkmiş şəxs ondan 100 manat borcunu tələb etməklə onun ünvanına təkrar söyüş söyüb üzərində olan bıçaqla onun üzərinə hücum etdikdən sonra, Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etməklə üzərində gəzdirdiyi soyuq silah hesab edilən tiyəsinin sol üzündə “Columbia HuaHeng Company USA Saber B051-2” yazıları zavod işarələri həkk olunmuş, dəstəyinin uzunluğu 121 mm, orta hissədə eni 28 mm, orta hissədə qalınlığı 25 mm, tiyənin orta xəttdən uzunluğu 137 mm, orta hissədə eni 31 mm, maksimal qalınlığı 3,4 mm olan ov bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq, sonuncuya qarının ön divarında göbəkdən aşağıda və sağda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsağı, qalxan çənbərbağırsağın müsariqəsini və piyliyi zədələyərək kəskin qanaxmaya səbəb olmuş və İV dərəcəli qanaxmadan sonrakı şokla müşayiət olunan deşilmiş- kəsilmiş yara kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün Zərərçəkmiş şəxs və Şahid arasında mübahisə baş vermişdi. Zərərçəkmiş şəxs Şahid ünvanına nalayiq ifadələr səsləndirirmiş, o da Zərərçəkmiş şəxs nalayiq ifadələr səsləndirməməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona qarşı da nalayiq ifadələr səsləndirməyə başlamışdır. Onda yaşayış məhəlləsi olduğunu və burada mübahisə etməmələrini bildirərək, ona kənar bir yerə getməyi təklif etmişdir. Kənar bir yerə getdikdə, Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxartmış və bıçaqla onu vurmuşdur. Bundan sonra o da öz bıçağını çıxarıb onu vurmuşdur. Onun üzərində olan bıçaq ov bıçağı olmuşdur. Hadisə 18 iyul 2022-ci il tarixdə, Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsi adlanan ərazidə baş vermişdir. O, zərərçəkmiş şəxsə 1 bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Xudat şəhəri, C.Naxçıvanski küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Zərərçəkmiş şəxs yaşadığı Xudat şəhərinin sakini kimi tanıyır. Telmanın əsl adı Telman olsa da Xudat şəhərində tanışları Telmana “Ceka” deyə müraciət emişrlər. Onun Telmanla tanışlığı olsa da onunla tez-tez görüşmür. 18 iyul 2022-ci il tarixdə axşam saat 18 radələrində Xaçmaz rayonu, Xudat şəhərində onun yaşadığı küçədə qonşu və sinif yoldaşı olan Şahid ilə görüşüb pivə içməyə getmişlər. O, evdən çıxan zaman özünə məxsus olan, təxminən bir ay əvvəl Bakı şəhərində hədiyyə dükanından aldığı bıçağı da əynində olan şalvarın kəmərinə keçirtmiş, yəni özülə götürmüşdür. Azadın yaşadığı evin qarşısında Azadla görüşmüş və onlar birlikdə yaxınlıqdakı mağazalardan birindən spirtli içki olan pivə alıb yaşadığı küçənin yaxınlığında olan meşə ərazisində içməyə başlamışlar. Onlar pivə içdikdən sonra söhbət edən zaman Azad ona demiş ki, “Telmandan borc pul alacağam, xərcləyərik, sonra qaytararam." Sonra da Azad Telmana zəng edib telefonla danışmış, ona demişi ki, “gedib Telmandan 45 manat pul götürəcəkdir.” Daha sonra Azad onun yanından getmiş və o, də həmin yerdə oturub Azadı gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Azad əlində yenə pivə ilə onun yanma gəlmiş və bildirmişdir ki, 'Telmandan 45 manat pul alıb.” Onlar orada pivə içməyə davam etmişlər Bir neçə dəqiqədən sonra Telman onun telefon nömrəsinə zəng etdikdə o, telefona cavab vermişdir. Telefona cavab verəndə Telman ondan Azadın yanında olub-olmadığını soruşduqda o, Telmana bildirmişdir ki, “Azad mənim yanımdadır.” Həmin vaxt Telman telefonda əvvəlcə Azadın, daha sonra isə onun ünvanına söyüşlər söyməya başlamışdır. O, Telmandan onu nə üçün söydüyünü soruşduqda Telman onu yenə söyməyə davam etmişdir. O, Telmana demişdir ki, “hardasansa gəl söhbət edək, telefonda söhbət olmur”. Telman da ona demiş ki, “Azadın yaşadığı evin yaxınlığındayam.” Daha sonra Azad və o, birlikdə konserv zavod adlanan ərazidə yaşadıqları küçəyə getmişlər və orada Telmanla görüşmüşlər. Telman Azadın onu aldadıb pulunu aldığını deyib Azadla mübahisə etməyə, bir-birilərinin ünvanına söyüşlər söyməyə başlamılar. Azadla mübahisə edən zaman Telman üzərində olan bıçağı çıxarıb ucadan söyüşlər söyərək Azaddan 45 manat pulu istəmişdir. Həmin vaxt Azad geri çəkilmiş və büdrəyib yerə yıxılmışdır. Azad qorxduğundan sonra pulu verəcəyini deyib ayağı durub çıxıb getmişdir. Həmin vaxt küçədə Telman və o, qalmışdır. O, Telmana yaxınlaşıb onunla söhbət etməyə başlamış və Telmanı sakitləşdirməyə çalışmışdır. Həmin vaxt saat 24 radələri olardı. O, Telmanın yanında olan zaman ona söyüş söyməməyi deyəndə Telman yenə Azadın ünvanına söyüşlər söyməyə başlamış və daha sonra Telman əli ilə onun əynində olan paltarın yaxasında tutub onu və ailəsini də ağır söyüşlərlə söyməyə başlamış, ondan 100 manat pul borcunu qaytarmağını tələb etmiş, belə ki, bir neçə ay əvvəl Telmandan telefon almış, lakin pulunu verməmişdir. Bu səbəbdən Telman əlində olan bıçaqla ona hücum etmişdir, Telman bıçaqla onun baş nahiyəsinə vurmuşdur. Mübahisə zamanı Telmanın əlindəki bıçaq onun burnunu, boynunu və sol qulağının arxasına dəyib kəsmişdir. Sonra Telmanla danışıb onu sakitləşdirmiş, pulu qaytaracağını demişdir. Telman da bundan sonra bıçağı aşağı salmışdır. Bir neçə saniyə sonra o, Telmanın ona etdiklərinin, yəni pulunu tələb edərək ağır söyüşlər söyməsinin, ona hücum etməsinin əvəzini çıxmaq üçün üzərindəki bıçağı əlinə götürüb Telmanın sağ qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurmuşdur. O, bıçaqla Telmanı vuran zaman hiss etmiş ki, bıçaq Telmanın qarın boşluğuna daxil olmuşdur. Daha sonra o, bıçağı özünə tərəf çəkib Telmanın qarın boşluğundan çıxarmışdır. Telmanı bıçaqla vurduqdan sonra dərhal qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra o, oradan uzaqlaşıb öz yaşadığı evə getmişdir, üzərində olan bıçağı yatdığı çarpayının üzərindəki döşəyin altına qoymuş və evdən çıxmışdır, Hadisə barəsində isə heç kimə heç bir söz deməmişdir. 19 iyul 2022-ci il tarixdə isə onu polis şöbəsinə dəvət etmişlər, o, də şöbəyə gəlib törətdiyi əməli etiraf etmişdir. Daha sonra o, yaşadığı evə polis əməkdaşlarını aparmış və yataq otağında yatdığı çarpayının üzərindəki döşəyin altına qoyduğu, Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı təqdim etmişdir, Həmin bıçaq da polis əməkdaşları tərəfindən götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxsla düşmənçiliyi və ədavəti olmamışdır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Telman onu bıçaqla burun, boyun və qulaq nahiyələrimdən vurduqdan sonra o, Telmanı qarın nahiyyəsindən vurmuşdur. Həmin vaxt Telmandan və ondan başqa orada heç kim olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməyiniz barədə heç kimə məlumat verməmişdir. Həmin vaxt söyüşlər işlədilsə də bunu heç kim eşitməmiş, çünki artıq saat 24 radələri və hava qaranlıq olmuş, küçədə heç kim olmamışdır. Hadisə mübahisə ilə birlikdə ümumilikdə təxminən 5 dəqiqə davam etmişdir. (Cild 1, iş vərəqləri 56-59, 257-259) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, yol kənarında qarpız satmaqla məşğul olurdu. Şahid ondan 45 manat məbləğində borc müqabilində pul istəmiş və pulu həmin gün axşam qayataracağını bildirmişdir. O, ona həmin pulu verməyinə baxmayaraq, Şahid onu geri qaytarmırdı. O, Şahid zəng etmiş, amma Şahid telefonu açmamışdır. Daha sonra Şahid yaşadığı evin yerləşdiyi küçəyə getmişdir. Onun atası Şahid evdə olmadığını bildirmişdir. Yolda gedərkən Təqsirləndirilən şəxs, Şahid və Rəhim adlı şəxsi görmüşdür. Onlar 3 nəfər olduqları üçün özünü müdafiə etmək məqsədilə əvvəlcə bıçağı çıxartmışdır. Daha sonra bıçağı aşağı salmışdır. Təqsirləndirilən şəxs söhbət etdikləri yerdə qəflətən onu bıçaqla vurmuş və hadisə yerindən qaçmışdır. O, bir müddət şok vəziyyətində olmuş və nə baş verdiyini başa düşməmişdir. Hadisə baş verdikdən sonra o, onun səhhəti ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisəni dəqiqliklə xatırlamır. Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. Onlar onunla tez-tez görüşürdülər. Onun Zərərçəkmiş şəxs 45 manat məbləğində borcu olmuşdur.Bir gün birlikdə olarkən Zərərçəkmiş şəxs əvvəlcə ona, daha sonra Təqsirləndirilən şəxs zəng etmişdir. Çox güman ki, mobil telefon vasitəsilə danışarkən aralarında təhqiramız ifadələr səslənmişdir. O, Təqsirləndirilən şəxs nə olduğunu soruşduqda, ona heç nə deməmiş və gözləməyini bildirmişdir. O da Təqsirləndirilən şəxs arxasınca getmiş və Zərərçəkmiş şəxs ilə onun yaşadığı məhəllədə görüşdüklərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə bıçaq çəkmişdir. O da onların aralarında daxil olaraq, sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs ona kənara durmağını və qarışmamağını bildirmişdir. Onlar kənara çəkilmişlər. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs vurduğunu demişdir. Ondan səbəbini soruşduqda, Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çəkdiyini və burun nahiyəsinə kəsik atdığını bildirmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs onun yanına gəlmiş və təslim olmağa gedəcəyini demişdir. Həmin vaxt onun burun və boyun nahiyələrində kəsiklər var idi. Onlar birlikdə müvafiq polis şöbəsinə getmişlər. Şahid məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Xudat şəhər sakini kimi tanıyır. Onun əsl adı Telman olsa da Xudat şəhərində tanışları ona “Ceka” deyə müraciət edirlər. 18 iyul 2022-ci il tarixdə axşam saat 18 radələrində Xaçmaz rayonu, Xudat şəhərində onun yaşadığı Küçədə qonşusu və sinif yoldaşı olan Təqsirləndirilən şəxs ilə görüşüb pivə içməyə getmişlər. Belə ki, onlar birlikdə yaxınlıqdakı mağazalardan birindən spirtli içki olan pivə alıb yaşadığı küçənin yaxınlığında olan meşə ərazisində oturub içməyə başlamışlar. Onlar pivə içdikdən sonra söhbət edən zaman o, Telmana zəng edib telefonla danışmış, ona 1-2 saatlıq 45 manat pul verməsini istəmişdir. Telman da razılaşmış və o, gedib Telmandan 45 manatı almış, həmin pulun da bir hissəsinə pivə alıb Muradla birlikdə içmişlər. Saat 22 radələrində Telman Muradın telefon nömrəsinə zəng edib onu soruşmuşdur, Murad da onların birlikdə olduğunu demişdir. Telefonda danışan zaman Muradla Telman mübahisə etmişlər. Murad Telmandan nə üçün söyüş söydüyünü soruşduqda Telman telefonda yenidən mübahisə etmiş və demişdir ki, “Azadgilin evlərinə getmişəm, bayaqdan onu axtarıram, gəlib çıxmır, gəlsin mənim pulumu versin." X6 demiş ki, “Azadın yaşadığı evin yanındayam, gəlin görüşək. Onlar da birlikdə Konserv zavod qəsəbəsi adlanan ərazidə yaşadığı küçəyə getmişlər və orada Telmanla görüşmüşlər. Telman onu görən kimi bıçaq çıxarıb üstünə gəlmiş və onunla mübahisə etməyə, söyüşlər söyməyə başlamışdır. Telman məndən 45 manat pulu istəmişdir. Həmin vaxt o, Telmanın əsəbi olduğunu görmüş və qorxmuş, geri çəkilən zaman büdrəyib yerə yıxılmışdır. O, Telmana qısa vaxta pulu verəcəyini demiş, həmçinin qorxduğundan ayağa durub tez oradan uzaqlaşıb evə getmişdir. Həmin vaxt saat 24 radələri olardı. O, çıxıb gedəndən sonra orada nə baş verməsindən xəbərsiz olmuş, yalnız ertəsi gün xəbər tutmuş ki, Murad Telmanı bıçaqla vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun üzərinizə bıçaq çıxaran zaman onu öldürməklə hədələməmiş. Mübahisəni heç kim görməmişdir. Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsindən xəbəri olmamış, hadisədən əvvəl Muradın əlində və ya üzərində bıçaq görməmişdir, həmçinin Muradın Telmanı vuracağını da ağlına gətirə bilməzdi, çünki Murad onunla söhbət edən zaman Telmana qarşı aqressiv olmamışdır. (Cild 1, iş vərəqləri 194-197) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Əşyaya baxış keçirilməsi haqqında” 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi, “Columbia, HuaHeng Company, USA saber, B051-2” sözləri yazılmış bıçağı yaşadığı evin ikinci mərtəbəsində öz yataq otağında təqdim etmişdir. (Cild 1, iş vərəqləri 13-14) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Quba rayon şöbəsinin (canlı şəxsin) ekspertizasına dair xx.xx.2022-ci il tarixli 575 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi və xəstəlik tarixindəki məlumatlara əsasən, onun bədəni üzərində aşkar olunan xəsrətlərqarının ön divarında göbəkdən aşağıda və sağda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsağı, qalxan çənbərbağırsağın müsariqəsini və piyliyi zədələyərək kəskin qanaxmaya səbəb olmuş və İV dərəcə qanaxmadan sonrakı şokla müşayət olunan deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda gösrərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 19-20) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 (məhkəmə balistik və trasoloji) ekspertizasına dair xx.xx.2022-ci il tarixli 3/1262; 1264 nömrəli rəydə qeyd olunmuşdur ki, Həmin bıçaq qatlanmayandır, tiyə və dəstək hissədən ibarət olub, ümumi uzunluğu 258 mm-dir. Tiyənin sol üzündə “Columbia, HuaHeng Company, USA saber, B051-2” yazıları zavod işarələri həkk olunmuşdur. Tiyənin orta xəttdən uzunluğu 137 mm, orta hissədə eni- 31 mm, maksimal qalınlığı- 3,4 mm-dir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir- soyuq silah hesab edilir. Təqdim edilmiş bir ədəd köynəyin ön hissəsinin aşağı tərəfində olan, rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən, bir ədəd köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Lakin, həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bıçaqla təsir nəticəsində yaranıbyaranmadığını müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı istiqamətdə olmaqla yetirilmişdir. (Cild 1, iş vərəqləri 97-99) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Xaçmaz rayon Ovçular və Balıqçılar cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Ovçular və Balıqçılar cəmiyyətinin üzvi deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Murad Mehman oğlu barəsində komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3219 saylı rəyinin nəticə hissəsindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmiş ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, üzünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünəməxsus mövqe və prinsipə malik olmaq, özünə hörmət tələb etmək, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 218-222) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 naddi sübutların ekspertizasına dair xx.xx.2023-cü il tarixli 02/2023 - MTBŞ nömrəli rəydə qeyd olunmuşdur ki, 1) Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən qan qrupu - O/l/. 2) Ekspertizaya təqdim olunan 01 ədəd bıçağın dəstəyi və Zərərçəkmiş şəxs məxsus köymək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, köynək üzərindəki ləkələrdə həmçinin Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 213-217) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd qisaqol köynək, 01 ədəd ov bıçağı maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 235-247) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanskiyaları həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin özünü müdafiə etməsi, zərərçəkmiş şəxsin ilkin olaraq ona hücum edərək xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və elektron-məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 09 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 13 oktyabr 2022-ci il, 14 noyabr 2022-ci il və 30 dekabr 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, digər iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olması müəyyən edilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 16 gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Bundan başqa, maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd köynək məhv edilməli, 01 ədəd ov bıçağı Azərbaycan Respublikası DİN-ə müvafiq bölməsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən Təqsirləndirilən şəxs 129 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 16 (on altı) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 (yeddi) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 129 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd köynək məhv edilsin, 01 ədəd ov bıçağı Azərbaycan Respublikası DİN-in müvafiq bölməsinə təhvil verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar