Məhkəmə qərarları › İş №1(124)-117/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-117/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-117/2025 14.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonu, Qoşasu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,325 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” yaşayış kompleksi 258 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayə tkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 15:40-da qeyd edilən ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 17:36-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ədəd sellofan bükümdə 5,325 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində dindar olduğunu, bir qrup namaz qılan şəxslərlə pul yığıb ehtiyacı olan ailələrə kömək etdiklərini, Masazır qəsəbəsində həyətdə kənd təsərrüfatı ilə məşğul olduğunu, həmçinin malyar ustası olduğunu bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Hadisə günü evdən çayxanaya gedən zaman polis əməkdaşları onu saxlayaraq polis idarəsinə aparmış, idarədə ona təzyiq göstərilmiş və polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis idarəsində özündə olmadığı üçün üzərinə narkotik vasitə qoymuşdurlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə bildirmədiyini qeyd etmişdir. Onun fikrincə ehtiyacı olan ailələrə yığılan pullar onun kartına toplandığı üçün polis əməkdaşları onunla belə ədavət aparmışdırlar. 5-6 il ərzində onun kartına 27.000 manat məbləğində pul yığılmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis idarəsində 1-2 nəfər polis əməkdaşları tərəfindən döyüldüyünü, lakin onların xarici görünüşünün yadında olmadığını bildirmişdir. Polis idarəsində olan zaman vəkil orada olmuş, vəkilə döyülməyilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ibadətlə məşğul olan güvəniləcək bir şəxs olduğu üçün pullar onun kartına ödənilmiş, ehtiyacı olan ailələrə kömək edilmiş, o, heç kimdən pul istəməmiş, verilən pullar da şəxslərin öz razılıqları ilə olmuşdur. Onlar müəyyən elanlar yerləşdirmiş, kimin nəyə ehtiyacı olardısa, həmin elanlara qeyd etmiş, nəticədə kasıb ailələrə ərzaq yardımı etmişdirlər. O, sosial şəbəkədə 50 nəfərdən çox üzvü olan “Ümmətə yardım” qrupunun üzvü olmuş, pulu onun kartına öz tanışları göndərmiş, o, yalnız pul işinə baxmış, qalan ərzaq və ya başqa şeyləri almaq işini isə digər yoldaşlar etmişdirlər. Bu proses təxmini olaraq 5 il davam etmiş, 5 ildə pullar müxtəlif kartlara köçürülmüşdür. 3 ildən çoxdur ki, eyni kartdan istifadə etmişdir. X2 və Araz adlı şəxsləri tanımadığını, heç kimdən pul istəmədiyini, Mübariz adlı şəxsdən 15.000 manat məbləğində pul tələb etmədiyini, Mübariz tərəfindən ona pul göndərilmədiyini, Əflatun adlı şəxsi diş həkimi kimi tanıdığını və heç kimdən quzu kəsib ona göndərməyini istəmədiyini, marixuanadan da istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Üzərindən aşkar edilmiş heroini xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi, zahirən tanıdığı şəxsdən 50 manat qarşılığında almışdır. Həmin şəxslə əlaqə vasitələrini bilmir, yalnız aldığı əraziyə getdiyi zaman onu gördükdə yaxınlaşmış və almışdır. Mütəmadi olmasa da bəzən “nəşə”dən istifadə edir, üzərindən aşkar edilmiş heroini şəxsi istifadə məqsədilə almışdır, lakin istifadə etməmişdir. Üstündən aşkar olunmuş həmin heroindən heç kimin məlumatı yoxdur. Heroini almaqda məqsədi ancaq istifadə etmək olmuşdur, satmaq və ya başqa məqsədi olmamışdır. 09 may 2024-cü il tarixdə saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” yaşayış kompleksi 258 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş ondan anket məlumatlarını soruşmuşdur. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini, həmin şalvarının sağ arxa cibindən “Redmi” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 01 (bir) manat pulunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı onun içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus olan 01 ədəd “Redmi” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. O “Redmi” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olduğunu bildirmişdir. Bundan başqa üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan “kakos”u 02 (iki) gün əvvəl, yəni xx.xx.2024 il tarixdə Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi, zahirən tanıdığı şəxsdən 50 manat qarşılığında aldığını, həmin şəxslə əlaqə vasitələrini bilmədiyini, yalnız aldığı əraziyə getdiyi zaman onu gördükdə yaxınlaşıb aldığını, özünün mütəmadi olmasa da bəzən “nəşə”dən, yəni narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, təqdim etdiyi narkotik vasitə heroini şəxsi istifadə məqsədilə aldığını, lakin istifadə etmədiyini bildirmişdir. Üstündən aşkar olunmuş həmin “kakos”dan heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermidiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 09 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tədbir keçirilmişdir. Şəxsin yaşayış ünvanı müəyyən olunmuş, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi adlanan yerdə saxlanılaraq idarəyə aparılmış, idarədə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən 1 büküm narkotik vasitə heroini təqdim etmiş, onun üzərindən telefon və pul da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklun video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd sellofan bükümü, “Redmi” markalı mobil telefonu və 01 (bir) manat pulu çıxardıb masanın üstünə qoymaqla təqdim edir. 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroin olması müşahidə edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl, yəni 07 may 2024-cü il tarixdə Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi, zahirən tanıdığı şəxsdən 50 manata şəxsi istifadə məqsədilə aldığını, lakin istifadə etmədiyini, bildirdi. Həmçinin təqdim etdiyi narkotik vasitə heroinin onda olmasından heç kimin məlumatının olmadığını, həmin maddədən heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirir. Daha sonra aşkar edilənlər qablaşdırılaraq möhürlənib götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli, 3-16-16/2-6/2617 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,325 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji tibbi yoxlamanın 10 may 2024-cü il tarixli 3135 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” PHŞ tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəz”-də stasionar müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdən narkoloji (dispanser-5 illik) qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1675/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkaloidlərinə aid olan morfin və fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 may 2024-cü il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 may 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 15 avqust 2024cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,275 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş diskdə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Həmçinin eyni tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokol məhkəmə baxışı zamanı tədqiq edilərkən aydın olur ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş “Redmi” markalı mobil telefonun tədqiq edilməsi nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2014cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,325 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” yaşayış kompleksi 258 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 15:40-da qeyd edilən ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 17:36-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ədəd sellofan bükümdə 5,325 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan “Respublika Narkoloji Mərkəz” tərəfindən verilmiş məktuba əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkiləri 5,275 qram qalmış narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkiləri 5,275 qram qalmış narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar