Məhkəmə qərarları › İş №1(124)-118/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-118/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-118/2022 22.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitələri əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, çətənə bitkisindən kustar üsulla hazırlanmış 11,973 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd dərman həbində 0,04 qram narkotik vasitə hesab edilən metodonu və psixotrop maddə hesab olunan 0,567 qram metafetamini qanunsuz olaraq əldə edib hissələrə bölməklə idarə etdiyi “Hyundai-Elantra” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımış, 15 aprel 2021-ci il tarixdə saat 16.30-da Quba şəhəri, Fətəlixan küçəsində yerləşən Quba RMX-nın arxa giriş hissəsinin yaxınlığında Quba RPŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyinə görə saxlanılaraq saat 16.40-da idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,350 qram, 0,739 qram, 0,167 qram və 0,164 qram təşkil edən 04 ədəd bükümlərdə ümumi təmiz çəkisi 2,420 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,973 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “F/M40” yazısı həkk olunmuş, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan, narkotik vasitə hesab olunan bir ədəd metadon preparatının həbi və bir ədəd bükümdə təmiz çəkisi 0,567 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərdi ki, 2021-ci il aprel ayının 14-15-də Quba şəhəri xəstəxanasının yanında YPX-nin əməkdaşları onu saxlamışlar. Onu maşından düşürüb YPX avtomobilinə mindirmişlər. 10 dəqiqə sonra əməliyyatçılar gəlmiş, əməliyyatçıardan ikisi onun yanında oturmuş, 4-5 nəfəri isə onun avtomobilinə tərəf getmişlər. Sadiqlə Samir gəlib maşında yanında oturub ondan malın harda olduğunu soruşmuş, maşını axtarmışlar. Sonra çəkiliş gəlmiş, çəkilişlə gedib maşının qolaltısından narkotik vasitəni götürmüşlər. Samirlə Sadiq onu hədələmişdir ki, səsini çıxarmasın. Maşında olarkən onun cibinə də 0.5 patı deyilən narkotik vasitə qoymuşlar. O, Samirə niyə onları cibinə qoyduğunu soruşduqda o, cavabında “narahat olma, yaxşı olacaq” demişdir. Sonra onu yerə atmış, çəkiliş olan zaman üzərinə baxış keçirilmiş, üzərindən heçnə çıxmamışdır. Maşından metadon həbi, patı çıxarılmış, lakin ona məxsus olan narkotik vasitə 2 ədəd onluq çet, 13 qram nəşə olmuşdur. Nəşə deyilən narkotik vasitə istifadə etmiş, kokos istifadə etməmişdir. Maşından aşkar olunan kokosu başqa şəxs üçün götürmüşdür. 11 qram marixuana ona məxsus olmuş digərləri ona məxsus olmamışdır. O, saxlanılarkən Hacı Ömərovla birlikdə olduğunu, lakin ona narkotik vasitə satmadığını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, əsl adı Ömər olsa da, ləqəbi Aslandır va çox adam onu Aslan adı ilə tanıyır. Narkotik vasitə olan marixuana metamfetamin və heroin istifadə edir. İdarə etdiyi "Hyundai Elantra" markalı **-GY-*** dövlət-qeydiyyat nişanlı avtomobili 14 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən "888" adlanan “Rent a car” avtomobil salonundan 20 aprel 2021-ci il tarixə kimi günü 55 manatdan icarəyə götürmüşdür. Avtomobilində aşkar olunan narkotik vasitə ilə bağlı bildirir ki, instagramda tanış olduğu, adını bilmədiyi iranli bir şəxslə danışıb onun təyin etdiyi yerə gedib götürmüşdür. Həmin şəxs ona yazmışdır ki, narkotik vasitələri 14 aprel 2021-ci tarixdən 15 aprel 2021-ci il tarixə keçən gecə, saat 03 radələrində Bakı şəhərinin 20 yanvar metrosunun yanında olan körpünün altında divar dibinə qoyacaq. O da həmin şəxsin dediyi vaxt həmin yerə gedib həmin yerdən avtomobilində aşkar olunmuş narkotik vasitələri götürmüşdür. Bunlar üçün həmin adamın Whatsapp sosial şəbəkəsi vasitəsilə ona atdığı bank kartına 180 manat pul köçürmüşdür. Həmin şəxsin nömrəsi və instagram hesabı, bank kartı yadında deyil, telefonunda qalıb, telefonu da, koda duşub, kod yadından çıxıb. Narkotik vasitələri götürüb avtomobilinin salonundakı bar deyilən yerə qoymuşdur. Marixuana sellofan parçasında metafetamin ve heroinler isə siqaretin kağızına bükülü vəziyyətdə olmuşlar. Narkotik vasitələrin yanında qəhvəyi rangli bir dərman həbi də olmuşdur. Avtomobilində aşkar olunan manatdan düzəldilmiş borucuq özünündür. Digər dərmanlardan biri baş ağrısı dərmanı olmuşdur. "Sedaflor-B dərmanı isə sakitləşdirici dərmandır, aptekdən almışdır. Bundan sonra birbaşa Quba rayonunun 5 sotlar massivində kirayə tutduğu evə gəlmişdir. Evə çatanda saat 06 radələri olmuşdur. Sonra öz yaşadığı kəndə gedib bir az gəzmişdir. Günorta vaxti 1-ci Nügədi kəndində, həmin kənd sakini olan tanışı Hacı Ömərovu görüb avtomobilini saxlamış və avtomobilinə götürmüşdür. Hacı demişdir ki, bacısını xəstəxanaya aparmaq lazımdır, vaksin vurduracaq. O, Hacının bacısını Quba rayon xəstəxanasına gətirib düşürdükdən sonra kanara çəkib bir yerdə parkovka etmək istədikdə avtomobilini YPX avtomobili saxlatdırmışdır. Bundan sonra oraya vəkillər də çağırılıb növbə ilə əvvəlcə Hacının üzərində şəxsi axtarış keçirilmişdir. Hacının əynindəki cins şalvarının arxa cibindən siqaret kağızında narkotik vasitə heroinə oxşar kütlə va pul çıxmışdır. Polis əməkdaşları həmin kütləni tərəzidə çəkib zərfə qoyub möhürləmişlər. Sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində narkotik vasitə olmamışdır. Amma üzərində təxminən 670 manata yaxın pul olmuşdur. Həmin pul, bir neçə gün öncə "Unuion" bankın Quba filialından 2500 manat aldığı puldan qalmışdır. Sonra avtomobilinə baxış keçirilmişdir. Avtomobilinin salonunda, qabaq sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerində telefon qabının içində və balaca parça çantanın içində iranlıdan aldığı narkotik vasitələr olmuşdur. Həmin narkotik vasitələri, dərmanları və narkotik vasitə çəkmək üçün istifadə etdiyi manatdan düzəltdiyi borucuğu polis əməkdaşları aşkar edib tərazidə çəkərək zərfə qoyub möhürləmişlər. (Cild 1, İş vərəqləri 99-101) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş şahid Quba rayon Polis Şöbəsinin əməkdaşı Şahid5 ifadəsində göstərdi ki, Quba rayonu, 2-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, o, Şahid3, YPX-nin inspektorları Elnur Dadaşov, Cəbi Qasımov, PPXB-nin polis nəfərləri Vilayət Əlicabbarov, Emin Ərəbov, Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2021-ci ilin aprel ayının 15-də saat 16 radələrində Quba şəhəri Fətəlixan küçəsində Quba RMX-nın arxa qapısının girişinə yaxın ərazidə YPX inspektorları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış, həmin zaman X4 da avtomobildə olmuşdur. Hacı Ömərova və Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olmaları bildirildikdən sonra vəkillərin iştirakı ilə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ömərov Hacının üzərindən falqaya bükülü narkotik vasitə heroin aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu bildirdiyi üçün avtomobilinə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı salonda oturacaqların arasında olan saxlanc yerindən sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa parça qabın içərisində narkotik vasitə heroin, kağız falqalar, psixotrop maddə metamfetamin, metadon dərman həbləri aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Quba rayonu, 2-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması və satması barədə daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2021-ci ilin aprel ayının 15-də saat 16 radələrində Quba RMX-nın arxa qapısının girişinə yaxın ərazidə YPX inspektorları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil saxlanmış, saxlanılan zaman Ömərov Hacı da onunla birlikdə avtomobildə olmuşdur. Müdafiəçilərin iştirakı iştirakı ilə videçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Ömərov Hacının üzərindən narkotik vasitə aşkar edilmiş, lakin onun narkotik vasitəni Təqsirləndirilən şəxs almasını deməsi yadında olmamışdır. Avtomobilinə baxış zamanı salonda oturacaqların arasında olan saxlanc yerindən narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, kağız falqalar, psixotrop maddə metamfetamin, metadon dərman həbləri aşkar edilmişdir. Videoçəkiliş isə Təqsirləndirilən şəxs saxlandıqdan 15-20 dəqiqə sonra gəlmişdir. Həmin vaxt o, özünü pis hiss etdiyi üçün ona qaytarması üçün duzlu su verilmişdir. Qaytardıqdan sonra ağzından hər hansı narkotik vasitə çıxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Öməri məhəllə uşağı kimi tanıyır. O, Öməri “Aslan” kimi tanımış, narkotik vasitə alıb-satması ilə bağlı hər hansı məlumat olmamışdır. Özünün isə narkotik vasitə istifadəçisi olmadığını və Ömərdən narkotik vasitə almadığını demişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Quba rayonu, İkinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs Aslan adı ilə uzun müddət tanımış, özü narkotik vasitə olan marixuana istifadəçisi olduğundan 2021-ci ilin aprel ayının əvvəllərində araq içib sərxoş olduqdan sonra beyninə narkotik vasitə marixuana çəkmək düşmüş, Aslanı küçədə görüb ondan bir siqaretlik marixuana istəmiş, Aslan da üzərində olan siqaret qutusunun içindən ona pulsuz bir siqaretlik marixuana vermişdir. Həmin marixuananı siqaretin tütününə qarışdırıb çəkmişdir. Bundan başqa Aslandan narkotik vasitə almamışdır. (Cild 1, iş vərəqləri 149-150) Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-in CAB-in əməliyyat müvəkili Şahid4 Şahid3 və Şahid5la oxşar məzmunlu ifadə verərək onların ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 məhkəmədə elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Quba rayonu, İkinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs Aslan adı ilə uzun müddətdir tanımış, özü narkotik vasitə olan marixuananın istifadəçisi olduğundan 14 aprel 2021-ci il tarixdə saat 23 radələrində Aslana zəng vurub çəkmək üçün bir baş marixuana istəmiş, Aslan da idarə etdiyi qara rəngli, markasını bilmədiyi avtomobili ilə onun yaşadığı evin qarşısına gələrək ona bir siqaretlik kağız bükümdə marixuana verib getmişdir. (Cild 1, İş vərəqləri 147-148) Şahid6 məhkəmədə elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu 1-ci Nügədi kəndindən tanıyır. Kənd arasında Öməri Aslan adı ilə tanıyırlar. Öz aralarında onlar Ömərə Asi adı ilə səslənirlər. Təqsirləndirilən şəxslə münasibətləri normaldır, aralarında ədavət və düşmənçilik yoxdur. O, əvvəllər narkotik vasitə qurudulmuş marixuana istfadə etmişdir. Lakin bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. Hazırda ibadətlə məşğul olur. O, əvvəllər narkotik vasitə istifadə etdiyi zaman marixuana lazım olanda Ömərlə əlaqə saxlayırmış. Lakin sonradan 2021-ci ilin aprel ayında Ömərin narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs edildiyini öyrənmişdir. O, narkotik vasitələrdən istifadə etdiyi üçün həm də Ömərin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən Ömərdən narkotik vasitə almaq üçün Ömərə ismarıclar yazmışdır. Ömər bir neçə dəfə müxtəlif məbləğlərdə narkotik vasitələri ona satmışdır. Uzun müddət keçdiyindən həmçinin hazırda narkotik vasitələrdən istifadə etmədiyindən əvvəl Ömərə narkotik vasitə almağa görə nə qədər pul verdiyini xatırlamır. (Cild 3, iş vərəqləri 32-33) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın və avtomobilə baxışın keçirilməsi” haqqında 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunla qadağan olunan əşya varsa təqdim etsin. O, isə əynindəki şalvarın sağ yan cibindən altı ədəd 100-lük, iki ədəd 20-lik, iki ədəd 10-luq, bir ədəd 5-lik, dörd ədəd 1 manatlıq əskinaslardan ibarət cəmi 669 manat 90 qəpik məbləğində pul çıxarıb avtomobilin mühərrikxanasının qapağı üzərinə qoydu və üzərində başqa bir əşya olmadığını bildirmişdir.Baxış zamanı onun üzərində narkotik vasitə aşkarlanmamışdır. Avtomobilə baxış zamanı isə salonda otuuracaqların arasında yerləşən barda sellofan parçasında narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Daha sonra həmin bardan parça qabda bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə oxşar kütlə, telefon qutusunun içərisində falqa kağız parçaları, borucuq formasında düzəldilmiş bir manatlığa oxşayan kağız parçası, üç ədəd falqa kağız parçasında narkotik vasitə heroinə oxşar kütlələr,bir ədəd falqa kağız parçasında narkotik vasitə metamfetaminə oxşar kütlə, bir ədəd qəhvəyi rəngdə, bir ədəd ağ rəngdə dərman həbləri, avtomobilin sürət qutusunun yanından içərisində 10 ədəd həb olan “Sedaflor B” adlı dərman həbi aşkar edilmişdir.Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqləri 47-48) “Şəxsi axtarışın və avtomobilə baxışın keçirilməsi” haqqında 15 aprel 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 22 iyul 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqləri 20-22) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 16 aprel 2021-ci il tarixli 7/352 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,973 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Cild 1, İş vərəqləri 68-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 16 aprel 2021-ci il 6/1494 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə oxşar kütlələr..." yazısı olan zərfdəki 04 (ədəd) bükümdə ümumi təmiz çəkisi 2,420 qram (ayrı-ayrılıqda təmiz çəkisi 1,350 qram, 0,739 qram, 0,167 qram, 0,164 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində "vət.Təqsirləndirilən şəxs üzərindənaşkar edilmiş metamfetaminə oxşar kütlə, iki ədəd borucuq kağız, 03 ədəd naməlum dərman...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,567 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” yazısı olan konvalyutdakı 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır (konvalyutun üzərindəki göstəricisinə əsasən). 02 (iki) ədəd boruşəkilli kağızların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd üzərində “...retard” yazısı olan konvalyutdakı həbin və üzərində “Sedaflor B” yazısı olan konvalyutdakı kapsulların tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələrin komponentləri yoxdur. Tədqiqata təqdim olumuş üzərində "vət.X2 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə" yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər vət.X2 üzərindən aşkar edilərək götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. (Cild 1, İş vərqləri 72-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 05 may 2021-ci il tarixli 6/1547 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 67” möhür əksi, “vət.Təqsirləndirilən şəxs kirayə yaşadığı...evdən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd şüşə borucuğun, 01 ədəd 1 manatlıq əskinazdan və 01 ədəd folqa kağızdan borucuq formasına salınmış predmetlərin daxilində, 01 ədəd əzilmiş 1 manatlıq əskinazın, 02 ədəd falqa kağız parçalarının səthlərində psixotrop maddə-metamfetaminin izləri müəyyən edildi. Həmin predmetlərdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. (Cild 1, İş vərəqləri 203-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 2211 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 50- 51) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 05 noyabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ekspertiza tədqiqatından sonrakı qalıqları 2,340 qram heroin, metodon həbinin yarısı, 0,517 qram metamfetamin və 11,923 qram qurudulmuş marixuana; evindən aşkar edilərək göstürülmüş 01 ədəd şüşə borucuq, 01 ədəd 1 manatlıq əskinas, 01 ədəd folqa kağızdan borucuq formasına salınmış predmetlər, 01 ədəd əilmiş 1 manatlıq əskinas, 02 ədəd folqa kağız parçaları və 04 ədəd ümumi çəkisi – 0,076 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları maddi sübut kimi tanınması və saxlanması üçün Quba RPŞ-in maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (Cild 3, İş vərəqləri 42-48) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan, daha səmimi ifadə kimi qəbul edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, qurudulmuş marixuana üçün isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,340 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 15 dəfə artıq olması həmçinin ümumilikdə 0,517 qram metamfetamin və bununla yanaşı 11, 293 qram qurudulmuş marixuana, 04 ədəd çətənə bitkisi toxumları, metadon həbinin yarısı onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. (Cild 1, İş vərəqləri 163, 166-167) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 173) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 17 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra onun barəsində həbsdə saxlanılma müddəti uzadılmaqla o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 136-137, Cild 2, İş vərəqləri 122-126, 179-184, Cild 3, İş vərəqləri 17-21) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 2,340 qram heroin, metadon həbinin yarısı, 0,517 qram metamfetam və 11,923 qram qurudulmuş marixuana, 01 ədəd şüşə borucuq, 01 ədəd folqa kağızdan borucuq formasına salınmış predmetlər, 02 ədəd folqa kağız parçaları və 04 ədəd ümumi çəkisi 0,076 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, 02 ədəd 1 manatlıq əskinas Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi və bioloji ekspertizalarının keçirilməsinə görə 378,46 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Digər hissədə məhkəmə xərcləri ona aid edilməmlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan narkotik vasitələr (2,340 qram çəkidə heroin, ½ hissədə metadon həbi, 11,923 qram çəkidə qurudulmuş marixuana) və psixotrop maddə (0,517 qram çəkidə metamfetamin), həmçinin 01 ədəd şüşə və 01 ədəd folqa borucuq, 01 ədəd əzilmiş və 02 ədəd folqa kağız parçaları, 04 ədəd ümumi çəkisi 0,076 qram olan çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. 02 ədəd 1 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılsın. İş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 378,46 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar