Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-12/2024 29.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr. ev 185-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə bina 9, mənzil 81-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə saat 11 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan Kazım adlı şəxs tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsi, “Al marketin” yaxınlığına qoyulmuş külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş bir ədəd qara rəngli sellofan paketə bükülmüş ümumi təmiz çəkisi 11,360 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,874 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək satış məqsədi ilə qanunsuz olaraq 80 manat müqabilində əldə edib üzərində daşımaqla saxlamış, 19 fevral 2022-ci il tarixdə saat 12:05 radələrində Abşeron RPİ-nin X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Al marketin” yaxınlığında olan təndirin yanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 1 ədəd bükümdə təmiz çəkisi 11,360 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 2,874 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisi olmuşdur. Polis əməkdaşları onu 19 fevral 2022-ci il tarixdə saat gecə saat 02:00-03:00 radələrində saxlamışlar. Saxlanılmamışdan 15-20 dəqiqə əvvəl eyni məhəllədə yaşadığı Şahid2 və Şahid1 ilə birlikdə olmuşdur. Sonra onu tutub Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirmişlər. Lakin, polis əməkdaşları onu saxladıqları zaman onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. İran İslam Respublikasının vətəndaşı ilə hər hansı əlaqəsi olmamışdır. Onun göndərdiyi bank kartı vasitəsilə hesabına 80 manat məbləğində pul köçürməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlər göstərilmişdir. Onlar onu ailəsi ilə hədələyərək, dedikləri kimi ifadə verməyəcəyi təqdirdə yaşadığı evə narkotik vasitələr qoyacaqlarını bildirmişlər. Göstərilmiş fiziki təzyiqlər nəticəsində xəsarətlər almış, lakin bu barədə müvafiq orqana şikayət etməmişdir. Barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında ona təzyiq göstərildiyini bildirməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotiklər polislər tərəfindən onun üzərinə qoyulmuşdur. O heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən təxminən 6-7 aydır ki istifadə edir. Belə ki, “İnstagram” sosial şəbəkəsində adını ona Kazım kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. O, sosial şəbəkə vasitəsi ilə ondan özünün şəxsi istifadəsi üçün heroin və metamfetamin sifariş vermişdir. Həmin şəxs isə 19 fevral 2022-ci il tarixdə təxminən saat 01 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, “Al market” mağazasının yaxınlığında ayrı-ayrı bükümlərdə həm metamfetamin həm də heroin göndərmişdir. O, həmin bükümləri adını qeyd etdiyi ərazidən yerdən götürmüşdür. O, Kazımın göndərdiyi hesab nömrəsinə online vasitəsi ilə 80 manat pul göndərmişdir. Bundan sonra tanışları olan Şahid1 Eynur oğlu və Şahid2 ilə birlikdə saat təxminən 12 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, “Al marketin” yaxınlığında yerləşən Təndirin yanında olan zaman üzərində narkotik vasitə və psixotrop maddə olduğundan şübhələnib 3 nəfər polis əməkdaşları onları görüb yaxınlaşmışdılar. Özlərini təqdim etmişdilər. Polis əməkdaşları da onların hər üçünün hərəkətlərindən şübhələndiklərini bildirib, narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanmasında şübhələndiklərini bildirmişdilər. O da, üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladığını səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları onları saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün hər üçünü Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişdilər. Onlar hər üçü polis əməkdaşlarının idarə etdikləri avtomobilə əyləşmişdilər. Abşeron Rayon Polis İdarəsinin Saray PB-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsi onlara izah olunmuşdur. Daha sonra, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Baxış zamanı ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da, əynində olan göy rəngli, cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülmüş ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzəyən kütləni və 1 ədəd qara rəngli sellofan bükülmüş içərisində qəhvəyi rəngli, toz formasında olan, narkotik vasitə olan heroinə bənzəyən kütlələri təqdim etmiş və bu kütlələr qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 69-71) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, 19 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində xidməti ərazidə Abşeron RPİ-nin PPXB-nin əməkdaşları Şahid5 və Şahid4 ilə xidmətdə olan zaman Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Al Market”in yaxınlığında 3 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar. Onlara özlərini təqdim etmişlər. Həmin şəxslərdən biri adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onun hərəkətlərində və danışıqlarında narkotik vasitənin təsiri altında olması hiss edilirdi. Ona görə həmin şəxsin üzərində qanunla qadağan olunan hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən matemfetaminin və narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Digər şəxslərdən soruşduqda, üzərilərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişlər. Şübhələrin aradan qaldırılması üçün həmin iki nəfər şəxsləri də polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxsnın yanında olan 2 nəfərin üzərində narkotik vasitə psixotrop maddə olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində qanunsuz predmet olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Daha sonra onun üzərinə baxş keçirilmiş və hər hansı qanunsuz vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyat tədbiri deyildi. Təqsirləndirilən şəxs saxlanıldığı yer onun xidməti ərazisidir. Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan 2 nəfər şəxs heç bir müqavimət göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 19 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində polis əməkdaşı Şahid5 və X3 sahə rəisi Şahid3 xidmətdə olarkən ərazidə baş vermiş və baş verə biləcək müxtəlif hadisələrlə bağlı tədbirlər həyata keçirirdilər. Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Al Market”in yaxınlığında 3 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüş və həmin şəxslərə yaxınlaşmışlar. Onlara özlərini təqdim etmişlər. Həmin şəxslərdən biri adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onun hərəkətlərində və danışıqlarında narkotik vasitənin təsiri altında olması hiss edilirdi. Ona görə həmin şəxsin üzərində qanunla qadağan olunan hər hansı əşyanın olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən matemfetaminin və narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Digər şəxslərdən soruşduqda, üzərlərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişlər. Şübhələrin aradan qaldırılması üçün Təqsirləndirilən şəxs ilə həmin iki nəfər şəxsi də polis bölməsinə dəvət etmişlər. 2 nəfərin üzərində qanunsuz əşya müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində qanunsuz predmet olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş və hər hansı qanunsuz vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, Abşeron rayonu, Novxanı qəsəbəsində xidməti ərazidə xidmətdə olan zaman Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Al Market”in yaxınlığında 3 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar. Onlara özlərini təqdim etmişlər. Həmin vaxt o ərazidə oğurluq hadisələri də baş verirdi. Həmin şəxslərdən biri adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onun hərəkətlərində və danışıqlarında narkotik vasitənin təsiri altında olması hiss edilirdi. Onlardan bu vaxtı burada nə etdikləri barədə, üzərlərində qanunla qadağan olunan hər hansı əşyanın olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə hesab edilən matemfetaminin və narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Digər şəxslərdən soruşduqda, üzərlərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişlər. Şübhələrin aradan qaldırılması üçün həmin iki nəfər şəxsləri də polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxsnın yanında olan 2 nəfərin üzərində narkotik vasitə psixotrop maddə olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində qanunsuz predmet olubolmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Daha sonra, onun üzərinə baxış keçirilmiş və hər hansı qanunsuz vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı tətbiq edilən gücləndirilmə tədbirləri səbəbindən Abşeron Rayon Polis İdarəsinin X3 polis sahə rəisi vəzifəsində işləyən Şahid3 da onlarla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı tarixi hadisənin üzərindən 2 il müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndinin sakini deyildi, bu səbəbdən onu tanımırdı. Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə **-PS-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti avtomobili ilə xidmətlərini həyata keçirirmişlər. Post patrul naryadlarının növbətçiliyi 20:00 tarixdən 08:00 tarixədək olur. Təqsirləndirilən şəxs yanındakı şəxslərin üzərindən qanunsuz vasitə aşkar edilib-edilməməsini xatırlamır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona və Şahid2 birlikdə Abşeron rayonu, Novxanı kəndinə getməli olduğuqlarını bildirmişdir. Onlar Novxanı kəndinə gedən zaman Təqsirləndirilən şəxs onlara yolun qırağında gözləməyi deyib, bir neçə dəqiqəlik işi olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs bir neçə dəqiqədən sonra onların yanma gələn zaman 3 nəfər polis əməkdaşı xidməti geyim formasında onlara yaxınlaşmışdır. Özlərini onlara təqdim etmişdilər. Polislər onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişdilər. Polislər onlardan şəxsiyyətlərini müəyyən etmək üçün sənəd tələb etmişdilər. Lakin, onda və Hüseyndə heç bir sənəd olmamışdır. Təqsirləndirilən şəxs isə səmimi olaraq üzərində psixotrop maddə hesab edilən metamfetamin in və narkotik vasitə olan heroinin olmasını etiraf etmişdir. Polislər ondan və Hüseyndən üzərlərində hər hansı qanunla qadağan olunan əşyanın olub-olmamasını soruşduqda onlar üzərlərində hər hansı bir qanunla qadağan olunan əşyanın olmadığını bildirmişdirlər. Lakin, şübhələrin aradan qaldırılması üçün onları da Saray PB-nə getməyi təklif etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı ondan narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Lakin, onunla Hüseynin üzərinə baxış keçirilən zaman hər hansı qanunla qadağan olunan əşya və predmet tapılmamışdır. Həmçinin, polislərin onlara hər hansı fiziki təsir və zorakılıq göstərmədiyini və onları Abşeron RPİ-nin Saray PB-nə getməyi təklif edən zaman onlar sakit formada avtopatrula əyləşərək gəlmişdilər. O, Məsumun narkotik vasitə və psixotrop maddə istifadə etməsindən də məlumatı olmamış, həmçinin həmin gün Məsumun üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 97-98) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 99-100) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış və götürmə barədə» 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarının sağ cibindən 01 ədəd qara rəngli bükümdə narkotik vasitə heroin və 01 ədəd ağ rəngli bükümdə isə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 23-24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış və götürmə barədə» 19 fevral 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 19 fevral 2022-ci il tarixli 6/1038 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 246” möhür əksi, “... Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,874 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 11,360 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 1, iş vərəqləri 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 may 2022-ci il tarixli 2532 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 may 2022-ci il tarixli 1331 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə göıə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintelektual imkanları normaya uyğundur. Əqli-intelektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət əməlini törətdiyi zaman psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 139-142) Həmçinin, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və 077-410-86¬84 saylı mobil nömrələrə dair "xxxx" və "Azərfon” mobil rabitə operatorları tərəfindən təqdim olunmuş zənglər və “SMS” yazışmalarına dair tabloqramlardan görünür ki, ayrı-ayrı şəxslər Məsum Seydliyə “SMS” yazaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı müraciətlər etmişlər, bununla bağlı Təqsirləndirilən şəxs onlara cavabları olmuşdur. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,774 qram metamfetamin və 11,260 qram heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən, həmçinin "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olan disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 210-219) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmaması, protokolda göstərilən vaxtda deyil gecə saatlarında saxlanılması və üzərinə narkotik qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs mobil telefonuna göndərilən narkotik vasitələrin alışverişi ilə bağlı “SMS” mətnləri onun narkotik vasitələrin satışı ilə məşğul olmasının aşkar təzahürüdür. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki mobil nömrəsində sonuncu zənglərin gecə saatlarında aparılması onun həmin vaxt polislər tərəfindən tutulması və səhərədək polis bölməsində saxlanılmasını təsdiq edən təkzibedilməz və mötəbər sübut deyildir. Çünki mobil telefon şəxsdən ayrıla bilən və şəxs tərəfindən öz istədiyi vaxtda istifadə olunan cihazdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahılara (İ siyahısının 83-cü bəndində və İİ siyahısının 118-ci bəndində) əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Məsum Seyodlinin əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 11,360 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 75,7 dəfə, külli miqdardan isə təxminən 5,6 dəfə artıq olması, həmçinin 2,874 qram metamfetaminin də şəxsi istehlak miqdarından 19,2 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 101) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 72, 78-82, 174-177) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,774 qram metamfetamin, 11,260 qram heroin məhv edilməlidir. 03 ədəd DVD və 02 ədəd CD formatlı disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,774 qram metamfetamin, 11,260 qram heroin məhv edilsin. 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-12/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-12/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver