Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-120/2021 03.12.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Surət AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN HÖKM Sumqayıt şəhəri. İş № 1(124)-120/2021 03 dekabr 2021-ci il. SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, X1, xx xxxxxx 1984-cü ildə Qusar rayonu Hil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkum olunmamış, işsiz, Xaçmaz rayonu, X15 küçəsi 171-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya(əkmə, yetişdirmə) etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsində narkotik tərkibli əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni, 38(otuz səkkiz) ədəd və həmin evin həyətyanı sahəsində saxladığı 3 ədəd dibçəkdə 05(beş) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə əkib, yetişdirərək kultivasiya etmiş, bu fakt 30 iyun 2021-ci il tarixdə onun yaşadığı evin həyətyanı sahəsinə saat 22:30-dan-23:00-a qədər olan vaxt ərzində Xaçmaz rayon X10 Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilən zaman 38 (otuz səkkiz) ədəd həyətyanı sahədə və 3 ədəd dibçəkdə 5(beş) ədəd olmaqla ümumilikdə 43 (qırx üç) ədəd kultivasiya olunmuş yaş vəziyyətdə ümumi çəkisi 10000,0 qram (10 kq) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya(əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu qeyd edib, ittihasmda göstərilən narkotik tərkibli bitkiləri evinin həyətində kultivasiya etdiyini, bunların əkdiyi toxumlardan əmələ gəldiyini etiraf etməklə, ibtidai istintaq zamanıverdiyi ifadəsini təsdiq etdiyini bildirib, ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı, yəni nəşəni çəkmək yolu ilə qəbul etmiş, adətən çəkdiyi qurudulmuş marixuananı özüm əkib, yetişdirmiş və qurudub çəkmiş, qeydiyyatda olduğu və yaşadığı evdən başqa Xaçmaz rayonu, Şollar kəndində də bağ evi olmuş, qış aylarında ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu, yuxarıda qeyd etdiyi ünvanda yaşasa da havalar istiləşəndən sonra ailəsi ilə birlikdə Xaçmaz rayonu, Şollar kəndində yerləşən bağ evlərində yaşamış, ailə üzvləri onun narkotik vasitələrdən istifadə etməyini bilməmiş, onlar Şollar kəndində yerləşən evdə yaşayan zaman yalnız o, hərdən gəlib Xudat şəhərində yerləşən evinə baxıb, nəzarət etdikdən sonra çıxıb getmiş, 2021-ci ilin may ayında Xudat şəhər bazarında tanımadığı şəxsdən çətənə bitkisinin toxumlarını almış, ailə üzvlərinin Xudat şəhərində yerləşən evində olmamasından istifadə edərək, Xudat şəhərində yerləşən evinin həyətyanı sahəsində Xudat şəhər bazarında tanımadığı şəxsdən aldığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını öz şəxsi istifadəsi üçün əkib yetişdirmək qərarına gəlmiş, bundan sonra çətənə bitkisinin toxumlarının evin həyətyanı sahəsində əkmiş, bitkilərə su verməyə başlamış, bundan əlavə toxumları həyətdə olan 03 ədəd dibçəkdə də əkmiş, həmin çətənə toxumlarına gündəlik su vermiş, toxumlarının cücərməsi üçün qulluq göstərmiş, çətənə bitkisinin toxumları cücərib, yetişib şitil halına çatanda o, şitilləri sayıb əkdiyi toxumlardan 38 (otuz səkkiz) ədəd yerdə 5 (beş) ədəd isə dibçəklərdə olmaqla ümumilikdə 43 ədəd çətənə bitkisinin kollarını yetişdirmiş, bundan sonra da o, çətənə kollarına qulluğu davam elətdirmiş, 30.06.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri külli miqdarda kultivasiya etməyi barədə polisə məlumat daxil olduğunu bildirmiş, buna görə də polis əməkdaşları onu Xaçmaz rayon X10 polis bölməsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə getmiş, Xudat polis bölməsində olarkən ona hüquqlarının müdafiəsi üçün Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmiş, o müdafiçinin iştirakı ilə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulmuş, tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılsa da heç bir narkotik vasitə aşkar edilməmiş, həmin vaxt o, öz əməlini səmimi olaraq etiraf edib, narkotik tərkibli çətənə bitkisinin cəmi 43 ədəd kollarını yaşadığı evin həyətyanı sahəsində öz şəxsi istifadəm üçün əkib, kutivasiya etdiyini bildirmiş, daha sonra polis əməkdaşları və müdafiçisinin iştirakı ilə yaşadığı evə gələrək onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmiş, o isə buna etiraz etməmiş, onun razılığıyla polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, o, öz şəxsi istifadəsi üçün əkib, yetişdirdiyi çətənə bitkisinin kollarını polis əməkdaşlarına təqdim etmiş, baxışda iştirak edən aqronom-mütəxəssis əkib, yetişdirdiyi bitkilərə aqro-texniki qaydada qulluq olunduğunu təsdiq etmiş, o da bir daha əkib yetişdirdiyi çətənə bitkisinin kollarına aqrotexniki qaydada qulluq etdiyini etiraf etmiş, daha sonra 38 ədəd həyətyanı sahədə və 5 ədəd isə dibçəkdə əkib yetişdirdiyi ümumilikdə 43 ədəd çətən bitkisi kollarını kökündan çıxarılaraq sayılmış, bundan sonra həmin bitki kolları qablaşdırılaraq götürülmüş, təhqiqatçı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmiş, aqronomun rəyi protokola əlavə edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş çətənə bitkilərinin qablaşdırmasının üzərinə imza etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xudat şəhəri, Dəmir yolu, ev 171 ünvanında yerləşən evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə daxil olmuş məlumata əsasən yaradılmış əməliyyat qrupu tərəfindən qeyd edilən ünvana videoçəkiliş aparılmaqla baxış keçirilmiş və orada Təqsirləndirilən şəxs tərəfindən 40-dan artıq narkotik tərkibli bitkilərin əkilib -becərdiyi müəyyən olunmaqla həmin bitkilər əkildiyi yerdən çıxarılmaqla qablaşdırılıb təhvil verilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şahid - Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronom-nəzarətçisi işləyirəm. 30 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmiş, polis əməkdaşları ilə birlikdə 30 iyun 2021-ci il tarixdə, saat 22 radələrində şəxsiyyətini sonradan öyrəndiyi Xudat şəhəri, Dəmir yolu, ev 171 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, orada olan zaman Təqsirləndirilən şəxs bir daha təhqiqatçı Mübariz Əliyev tərəfindən hüquq və vəzifələri izah edilmiş, yaşadığı evin həyətyanı sahəsinə yuxarıda adları qeyd olunan polis əməkdaşlarının, müdafiəçisi Müdafiəçi və onun iştirakıyla videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və baxışın keçirilməsinə etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri qanunsuz olaraq, əkib-yetişdirməklə, kultuvasiya etdiyi yeri göstərmiş, həmin yerdə dibçəklərdə və torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmiş, bitkilərə və bitkilərin əkildiyi torpağa baxış keçirərək aşkar edilən bitiklərin narkotik tərkibli çətənə bitkisinin kolları olmasını, həmin bitkilərə aqro-texniki qaydada qulluq edildiyini və bu barədə rəy verdiyini bildirmiş, daha sonra aşkar edilən çətənə bitkisinə oxşar bitki kolları tərəfindən torpaqdan çıxarılaraq sayılmış və ümumilikdə 43(qırx üç) ədəd kol olması müəyyən edilmiş, daha sonra isə həmin aşkar edilən bitki kolları qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçıların və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında polis əməkdaşları Şahid2, Şahid3, Şahid4 şahid qismində X6 və Şahid5 qeyd edilən ifadələrində göstərdikləri xüsusatlara uyğun ifadələr verdilər. Cinayət işində olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 30 iyun 2021-ci il tarixdə Xudat şəhəri Dəmir yolu küçəsi, ev 171 ünvanında yerləşən Təqsirləndirilən şəxs Tofık oğlunun yaşadığı evin həyətyanı sahəsində eni 1,3 metr uzunluğu 2.5 metr torpaq sahəsində müxtəlif hündürlükdə xüsusi qulluq olunmuş narkotik bitki çətənəyə oxşar 38 (otuz səkkiz) ədəd bitkilərin və 3 ədəd tünd rəngli dibçəkdə 05 (beş) ədəd çətənə koluna oxşar bitkilərin əkildiyi aşkar edilmiş, baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs Tofık oğlu həyətdə əkilmiş çətənə kollarına oxşar bitkiləri əli ilə göstərərək onları öz istifadəsi üçün 1 ay bundan qabaq əkdiyini və onları vaxtı-vaxtında sulayaraq qulluq göstərdiyini bildirmiş, baxışda iştirak edən mütəxəssis aqranom Şahid5 həmin bitkilərə aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Baxış videoçəkilişlə həyata keçirilmişdir. Məhkəmə iclasında həmin videogörüntülər tədqiq edilmiş və protokolla uyğunluq təşkil etdiyi müəyyənləşdirilmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 43(qırx üç) ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiyə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 01 iyul 2021-ci il tarixli, 7/620 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Azərbaycan Respublikasının DİN-in zərflər üçün N59” dairəvi möhür əksi olan, iki ədəd ağ rəngli sintetik torbada ümumi sayı 43 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 10000,0(10 kq) olan bitki nümumələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 iyul 2021-ci il tarixli, 2392 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı övladı vardır. Cinayət işində olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxsin barəsində Xaçmaz rayon icra Hakimiyyəti başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdən 02.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, 02.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 237.2.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı övladının olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirlndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmaqla onun üzərində saxlanılan qəti cəzanın müəddəti müəyyənləşdirilməlidir Məhkəmə məsrəfləri ilə əlaqədar məhkəmə hesab edir ki, ekspertiza xərci olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, iş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 9999,14 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkilər məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 9999,14 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(124)-120/2021
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-120/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver