Məhkəmə qərarları › İş №1(124)-121/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-121/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-121/2022 03.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 200.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkisi toxumlarını 2021-ci ilin may ayında yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dibçəklərə əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşalmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 15 (on beş) ədəd çətənə kolu bitkilərini xeyli miqdarda yetişdirib kultivasiya etdikdən sonra, əkilən toxumlardan becərdiyi çətənə kolu bitkilərinin yarpaqlarını toplayıb qurudaraq bu yolla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, cəmi 953,439 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, 885,0 qramını 01 ədəd ağ rəngli sellofan torbada yaşadığı evin dəhlizində yerləşən paltar yeşiyində, 65,0 qramını 01 ədəd şəffaf rəngli sellofan torbada yaşadığı evdə soyuducuda saxlamış, 3,439 qramını isə 01 ədəd qəhvəyi rəngli sellofan torbada tanışı Şahid5 məxsus “Tofaş-Şahin” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qanunsuz olaraq saxlamış və daşımış, 03 avqust 2021-ci il tarixdə saat 19:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid5 məxsus “Tofaş-Şahin” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron RPİ-nin Qobu PB-nin duracağına gətirilib baxış keçirilən zaman, avtomobilin salonundan qəhvəyi rəngli sellofan torbada təmiz çəkisi 3,439 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə saat 20:30-da Abşeron RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyataxtarış tədbirləri zamanı ona məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi xeyli miqdar təşkil edən 15 (on beş) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, həmin evin dəhlizində yerləşən paltar yeşiyinin içərisindən 01 ədəd ağ rəngli sellofan torbada bükülmüş təmiz çəkisi 885,0 qram narkotik vasitə qurudulmuş marixuana və evdə yerləşən soyuducudan 01 ədəd şəffaf rəngli sellofan torbada bükülmüş 65,0 qram çəkidə, ümumilikdə təmiz çəkisi cəmi 953,439 qram təşkil edən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə olan marixuana istifadə etdikcə həmin marixuanaların toxumlarını yığıb özündə saxlamışdır. 2021-ci ilin may ayında həmin toxumları Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmişdir. Onlara mütəmadi olaraq qulluq göstərmişdir. Evində 15 ədəd çətənə kolu əkmişdir. 3 avqust 2021-ci il tarixdə günorta evdə olarkən xalası oğlu Şahid5 zəng vurmaqla onun avtomaşını ilə Xırdalana aparmasını xahiş etmişdir. Saat 14 radələrində yolda olarkən polislər qarşılarını kəsib üstlərini yoxlamışlar, lakin onlarda hər hansı bir qanunsuz əşya olmamışdır. Sonra hər birini ayrı-ayrı maşınlara mindirməklə onun evinə gətirmişlər. Polislər maşından düşüb həyətə baxmışlar. 3 nəfər polis əməkdaşı isə həyətdə qalmışdır. Həmin vaxt çəkiliş olmamışdır. Sonra onları polis bölməsinə aparmışlar, saat 20 radələrində üzərində və maşında axtarış aparmışlar, ona qədər isə polis bölməsində saxlamışdırlar. Saat 22-23 radələrində polislər gəlib onun evində axtarış aparmışlar və narkotik vasitəni köhnə paltarların arasına qoymuşdurlar. Bununla razılaşmadığı üçün polislər onu hədələmişlər. O, ilk dəfə çətənə bitkiləri əkmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış və əkdiyi çətənə bitkilərinin yarpaqlarının 4-5 aydan tez yığılması mümkün olmamışdır. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Şahid5 məxsus “Tofaş-Şahin” markalı avtomaşında, eləcə də öz evində narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirdikdən sonra sübut növü kimi qəbul edilməsini mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışıdır. Daha sonra, əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində saxlamışlar. Həmin vaxt axşam saatlarında Rasim və onun xalası oğlu Şahid5 sonuncunun “Tofaş Şahin” markalı maşınında tutulmuşdur. Təqsirləndirilən şəxs Qobu PB-nə aparmışlar və orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra “Tofaş Şahin” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə ona məxsus olan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağından bir ədəd sellofan torbanın içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Abşeron rayonu Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkibbecərdiyi və evinin içərisində qurudulmuş halda saxladığı narkotik vasitə marixuananın olmasını bildirmiş və evinə baxış keçirilməsinə razı olması ilə bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilərkən həyətdən 15 ədəd dibçəkdə əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. Evinə baxış zaman isə dəhlizdən 01 ədəd sellofan torbanın içərisində marixuana, mətbəxdə olan soyuducunun alt gözündən öz şəxsi istifadəsi üçün saxladığı 01 ədəd şəffaf sellofan torbadakı narkotik vasitə marixuana aşkar edilmişdir. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs üzərində və evində axtarış və baxış əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış, həmin vaxt müdafiəçinin iştirakı təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid3 da Şahid2la oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, «Təqsirləndirilən şəxs Etiqat oğlu» adlı şəxsin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Qobu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Xətai Şirinovun və polis kapitanı Şahid2 iştirakı ilə tərəfindən 03 avqust 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2021-ci il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Xətai Şirinov və Şahid2 Təqsirləndirilən şəxs Etiqat oğlunu qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olmasında şübhəli olaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində saxlayaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Həmin vaxt Rasimin yanında xalası oğlu Şahid5 vardır. Bundan sonra onlar Rasimə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmadığını, lakin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkib-becərdiyi və evinin içərisində qurudulmuş halda saxladığı narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirdikdə sonuncunun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanması qadağan edilmiş hər hansı bir əşya və ya başqa qanunsuz maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs xalası oğlu Şahid5 hüquqları izah olunaraq paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Şahid5 üzərində hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şahid5 buna heç bir etirazının olmadığını bildirdikdə sonuncunun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Şahid5 üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanması qadağan edilmiş hər hansı bir əşya və ya başqa qanunsuz maddə aşkar olunmamışdır. Bundan sonra Şahid5 və digər iştirakçıların iştirakı ilə sonuncunun ərizəsi əsasında razılığı alındığı “Tofaş Şahin” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Ehtiqad oğlundan avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs avtomobildə onun özünə məxsus olan narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra “Tofaş Şahin” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzlük altı nahiyəsindən bir ədəd sellofan torbanın içərisində qəhvəyi rəngli kağıza bükülmüş yaşıl rəngli qurudulmuş ot formasında olan narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan başqa avtomobilin digər hissələrinə baxış keçirilsə də, avtomobildən iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onlar baxış keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncudan evdə qanunla dövriyyəsi qadağan olan hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evində narkotik olduğunu bildirdikdən sonra sonuncunun evinin həyətinə baxış keçirilməyə başlanmış və baxış zamanı sözügedən həyətdən 15 ədəd dibçəkdə əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənəyə oxşar bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra 15 ədəd çətənə kollarına bənzər bitkilər orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs evin içərisində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu evdə həmin çətənə bitkilərinin yarpaqlarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazının olmadığı dəqiqləşdirildikdən sonra evə baxış keçirilən zaman dəhlizdən 01 ədəd ağ rəngli sellofan torbanın içərisindən yaşıl rəngli qurudulmuş ot formasında spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin də özünə aid olduğunu bildirmişdir. Bundan sonra həmin 01 ədəd ağ rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli qurudulmuş ot formasında spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mətbəxdə olan soyuducunun alt gözündən öz şəxsi istifadəsi üçün saxladığı 01 ədəd şəffaf sellofan torbadakı yaşıl rəngli qurudulmuş ot formasında spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələr də görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə ətraflı baxış keçirilsə də, həmin evdən iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələri və çətənə bitkilərin özü istifadəsi üçün əkib becərdiyini və qurudaraq evində saxladığını bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. (Cild 1, iş vərəqləri 188-192) Məhkəmədə şahid qismində dindirilmiş aqronom-mütəxəssis Şahid4 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 3-də Qobu polis bölməsinin əməkdaşları ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Bu zaman evin həyətyanı sahəsində 15 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. R.Ramazanov həmin çətənə kollarından topladığı yarpaqları qurudaraq sellofan torbaya yığıb, özü istifadə etmək üçün yaşadığı evin dəhlizində və mətbəxdə yerləşən soyuducuda saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 03 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək maşınla Xırdalana aparmasını xahiş etmişdir. Rasimi evdən götürüb Aşağı Güzdək ərazisində gedərkən saat 14 radələrində 5- 6 nəfər polis əməkdaşı onları saxlamışlar. Sonra ayrı-ayrı maşınlara mindirib Rasimin evinə, oradan 25 dəqiqə saxladıqdan sonra isə Qobu polis bölməsinə aparmışlar. Orada videoçəkilişlə hər ikisinin üzərində axtarış aparılmış, sonra ayrı saxlanılmışlar və 04 avqust 2022-ci il tarixdə o, buraxılmışdır. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsindən görünür ki, o, özünə məxsus “Tofaş-Şahin” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun doğma xalası oğludur, onunla normal münasibəti vardır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur və olmamışdır. 03 avqust 2021-ci il tarixdə günorta saatlarında evdə olan zaman xalası oğlu Rasim ona zəng edib Xırdalan şəhərinə getmək istədiyini və taksi kimi aparmağını xahiş etmişdir. Rasim ona bildirmişdir ki, pulu azdır, ona görə də ancaq benzin pulu verə biləcək. O, da razılaşıb ona öz maşını ilə Rasimgilə getmişdir. Oradan Rasimi götürüb üzü Xırdalan istiqamətinə hərəkətə başlamışdır. Təxminən 1-2 km getmişlər ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində olarkən polis əməkdaşları özlərini təqdim etdikdən sonra onları saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin X9 xidməti otaqların birində video çəkiliş aparılmaqla onun və Rasimin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı heç birinin üzərində qanunsuz olaraq hər hansı əşya aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib olunub ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuş, o və digər iştirakçılar həmin protokola imza etmişdir. Bundan sonra ona məxsus olan “Tofaş-Şahin” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış keçirilərkən Rasim avtomobildə olan özünə məxsus marixuananı polislərə təqdim etmişdir. Daha sonra isə polis əməkdaşları Rasimə məxsus olan yaşayış evinə getmişlər. Həmin prosesdə o, iştirak etmədiyi üçün xəbəri olmamışdır. (Cild 1, iş vərəqləri 163-165) Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, rəsmi nikahları olmasa da Təqsirləndirilən şəxsla ər-arvad kimi yaşayırlar, birgə övladları da var. 03 avqust 2021-ci il tarixdə evdə olmamış, salona getmişdir. Evə qayıdanda isə qapını açmaq istəmiş, lakin evdə olan şəxslər polis olmalarını deyib onu evə qoymamışlar, ona görə də qonşunun evinə getmişdir. Həmin vaxt günorta saat 14 radələri olmuşdur. Axşamüstü isə Rasim əlində qandal evə gətirilmiş və videoçəkiliş aparılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid5 məxsus «Tofaş-Şahin» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobildən bir ədəd sellofan torbada qəhvəyi rəngli kağıza bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. (Cild 1, iş vərəqləri 39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədən 15 ədəd dibçəkdə əkilmiş yaşıl rəngli, spesifik iyə malik olan, narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin dəhlizində paltar yeşiyindən bir ədəd ağ rəngli sellofan torbada və mətbəx otağındakı soyuducudan bir ədəd şəffaf rəngli sellofan torbada yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 42-44) Hər iki əməliyyat-istintaq hərəkəti videoçəkilişlə aparılmış və həmin videogörüntülərin əks olunduğu disklərə ibtidai istintaq zamanı baxış keçirilməsinə dair 22 sentyabr 2021-ci il tarixli protokoldan və həmin disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, həm avtomaşına, həm də təqsirləndirilən şəxsin evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 183-184, 186-187) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 04 avqust 2021-ci il tarixli, 7/739 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqdim etdi....Rzaxanov» yazılar və imzalar olan bir ədəd kağız paketdə bir ədəd polietilen torbadakı qəhvəyi rəngli kağız bükülüdə təmiz çəkisi 3,439 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqdim etdi.......Rzaxanov» yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen torbadakı bir ədəd sellofan torbada təmiz çəkisi 65,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqdim etdi.........Rzaxanov» yazılar və imzalar olan ağ rəngli sintetik torbadakı bir ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 885,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 953,439 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqdim etdi........Rzaxanov» yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə ümumi sayı 15 (on beş) ədəd, ümumi çəkisi 150,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 55-59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan əlavə məhkəmə-bioloji ekspertizasının 19 avqust 2021-ci il tarixli, 7/764 nömrəli rəyində göstərilmişdir ki, tədqiqat üçün təqdim edilmiş 15 ədəd (on beş) narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 18 sentyabr 2021-ci il tarixli, 3525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 219- 220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 3032 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 221-223) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 953,259 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 149,7 qram olan 15 ədəd çətənə bitkisinin hissələri maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 230-231) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, maşında və evində narkotik vasitə qurudulmuş marixuana aşkar edilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin qohumu Şahid5 və onunla faktiki ərarvad münasibətlərində yaşayan X1 məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsin xeyrinə verilmiş ifadə kimi qiymətləndirməklə həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırlamaqla saxladığı ümumilikdə 953,439 qram olan narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 190,6 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 2 saylı Əfv fərmanına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə və 4.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 200.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə hesablanmaqla həmin tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 125-126, 168-177) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələbinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin 03 noyabr 2022-ci il tarixli 101/19 nömrəli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü əlavə cəza hissəsində 17 dekabr 2020-ci il tarixdə icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə həmin şəxslərin məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə, hazırkı ittihamla nəzərdə tutulmuş cinayət əməllərinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyini qeyd edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivinin olmasını da bir daha qeyd edərək bu halın ona cəza təyin edilməsində nəzərə alınmasını da qanuni hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarı ilə də müəyyən edilmişdir ki, Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2 və 56.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarının 5-ci bəndinə əsasən əvvəllər azadlıqdan qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Aberon rayon məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, daha sonra onun həbsdə saxlanılması müddəti uzadılmaqla o, fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 34, 114-119) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: ekspertiza tədqiqatından sonra qalıq çəkisi 953,259 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 149,7 qram olan 15 ədəd çətənə bitkisinin hissələri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 138 (yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron rayon Polis Şöbəsində saxlanılan: 953,259 qram çəkidə qurudulmuş marixuana və 15 ədəd çətənə bitkisinin hissələri hissələri məhv edilsin. Təqsirləndirilən şəxs 138 (yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar