Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-121/2023 16.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid5, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu Mədrəsə qəsəbəsi E.Rzayev adına tam orta məktəbin 8-ci sinif şagirdi, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti ilə 02 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin, qeyd olunan soyuq silahla qəsdən sağlamlığa ağır zərər vurmuş, yəni zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmuşdur. Belə ki, о, 19 fevral 2022-ci il tarixdə saat 14:30 radələrində Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində həmyerlisi Zərərçəkmiş şəxs ona « yaxşı oğlan üzərində bıçaq gəzdirməz » və sair məzmunlu onun tərəfindən aşağılayıcı ifadələr kimi qəbul edilən sözlər işlətməsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı sonuncunun, habelə, onu yumruqla vuraraq yerə yıxmağa cəhd etməsindən əsəbləşərək qisas niyyəti ilə istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi, soyuq silah hesab olunan, dəstək və tiyə hissədən ibarət, açıq vəziyyətdə ümumi uzunluğu 217 millimetr olmaqla (kəpənək formalı) zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol arxa divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, sol ağ ciyərin yaralanması, hemopnevmotoroks ilə nəticələnən, yetirilən andan həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2022ci il fevral ayının 18-də kənddə olan marketə gedərkən kənd uşaqlarının küçədə oturub söhbət etdiyini görmüş, gəlib onlarla görüşüb söhbət edən zaman Xəyal ona söz atmışdır. Xəyal “yaxşı oğlan üstündə bıçaq gəzdirməz və kimisə bıçaqla vurmaz” demiş, bu sözünə görə onunla sözlü mübahisə etmişlər, daha sonra Xəyal çıxıb getmişdir. Səhəri gün, yəni fevral ayının 19-da saat 14 radələrində marketə gedən zaman kənd sakinləri Oruc, Elbrus və Bəylərin küçədə oturub spirtli içki qəbul etdiklərini görüb onlara yaxınlaşmışdır. Onlarla görüşüb söhbət edərkən Xəyal da ora gəlmiş, onlarla görüşdükdən sonra söhbət əsnasında “Şamaxı şəhərində bu gün bir yaxşı oğlan rəhmətə gedib, həmin oğlan kimi heç sənin Şamaxında və kəndində yaxşı oğlan yoxdu” dedikdə o, Xəyala “hər kəs özünə görə yaxşı oğlandı, sən bu sözü ümumilikdə işlətmə, sən özün də oğlansan” demişdir. Xəyal isə həmin sözü özünə aid etmədiyini, onlara aid etdiyini deyib küçədə nalayiq söyüşlər işlətməyə başlamışdır. O, Xəyala söz atmaması, nalayiq ifadələr işlətməməsi barədə xəbərdarlıq etsə də Xəyal onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra o da Xəyala söymüş və Xəyal onun yaxasından əli ilə yapışıb sinə nahiyyəsinə yumruqla vurmuş, sağ ayağı ilə sol ayağından vurub onu yerə yıxmaq, boğazından tutub boğmaq istəmişdir. O, Xəyalın yaxasından tutub onu yıxmasına imkan verməmiş, Xəyal isə söyüş söyərək onu yerə yıxmağa çalışdığı üçün özünü müdafiə məqsədilə onu bıçaqla bir dəfə vurmuşdur. Həmin vaxt orada olanlar araya girdiyi üçün Xəyal onu buraxmış, o da qaçmağa başlamış, Xəyal da onun arxasıyca qaçmışdır. O, hadisəni törətdiyi bıçağı bir gün əvvəl yoldan tapmışdır. Oruc Hadisədən bir gün əvvəl onda bıçağı görmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci il fevral ayının 19-da qəsəbə sakinləri Oruc, Murad, Bəylər və Potu ilə birlikdə Mədrəsə qəsəbəsində yerləşən dağlıq ərazidə piknik etmişlər. Digərləri spirtli içki qəbul etsə də, o qəbul etməmişdir. Sonra Mədrəsə qəsəbəsinə qayıtmışlar, o evə getmiş, digərləri isə küçədə dayanıb söhbət etmişdir. Sonra geri qayıdanda Rəvanın orada olduğunu görmüşdür. Söhbət zamanı Bəylər “Elşad adlı şəxs vəfat edib, bizimlə birlikdə Moskva şəhərində işləyib yaxşı oğlan olub” demiş, o da “həqiqətən də yaxşı oğlan olub, böyük kiçik yeri bilən olub, onun kimi yaxşı oğlan ola bilməz” deyə təsdiqləmişdir. Bundan sonra Rəvan “məndən yaxşı oğlan ola bilməz” deyib vəfat edən dostu Elşadın ünvanına nalayiq ifadələr işlətmişdir. O da ayağa qalxıb onun sinəsindən, sonra başından yumruqla vurmuşdur. Rəvan da ona yumruq atmış, sonra oradan qaçıb getmişdir. Rəvanın arxası ilə qaçarkən yarı yolda taqətinin olmadığını hiss edib dizi üstə çökmüşdür. Bu vaxt kürəyinin islaq vəziyyətdə olduğunu hiss edib əlini kürəyinə aparanda kürəyinin qanadığını görmüşdür. Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının 19-da Xəyal, Oruc və Bəylər birlikdə dağlıq əraziyə gedərək orada apardıqları yeməkləri yeyib spirtli içki içmişlər. Yemək yedikdən sonra Mədrəsə qəsəbəsinə geri qayıtmışlar. Qəsəbədə qaz idarəsinin yanında gətirdiikləri meyvələri kəsib yeməyə başlamışlar. Həmin vaxt Rəvan da ora gəlmişdir. Onlarla görüşüb söhbət edən zaman Xəyal onu kənara çəkmiş, mübahisə etməyə başlamış, bir-birilərini vurmuşlar. Onlar da Xəyalla Rəvanı aralamağa çalışmışlar. Rəvan qaçıb getdikdən sonra Xəyalın kürəyindən qan axdığını görmüşlər. Rəvanın Xəyalı necə bıçaqladığını görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Rəvan Comərdovu yaşadığı kənddən tanıyır. Həmin şəxs heç vaxt kimləsə kənddə mübahisə etməmiş və dava etməmişdir. Hər zaman onu kənddə nizam-intizamlı uşaq kimi tanımışdır. 19 fevral 2022-ci il tarixində təxminən saat 15:00 radələrində o evinin həyətində olarkən evinin hasar hissəsi olmadığından Rəvan Comərdov (Abbasov)un onların həyət istiqamətinə qaçdığını, Zərərçəkmiş şəxs isə onu qovaraq arxası ilə qaçdığını görmüş, ilk əvvəl nə olduğunu başa düşməmiş, daha sonra isə Rəvan Comərdov (Abbasov) onun həyətindən içəri daxil olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs həyətə daxil olan zaman o, Xəyalı saxlayaraq nə olduğunu soruşmuş, Xəyal isə ona, Rəvanın onu vurduğunu söyləmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs sakitləşdirib küçəyə çıxardanda onun kürək nahiyyəsinin qanadığını görmüş, həmin vaxtı Rəvanın valideynləri onun evinin qarşısına gələrək Zərərçəkmiş şəxs sakitləşdirib aparmışdırlar. Bundan sonra isə Rəvan Comərdov onun yaşadığı evin həyətindən çıxaraq getmişdir. Hadisə baş verən zaman o, küçədə Xəyal , Rəvan və onun ailə üzvlərindən başqa küçədə heç kimi görməmişdir. (Cild 1, iş vərəqləri 169-170) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Rəvan Comərdov (Abbasov) onun oğludur. O, 8-ci sinif şagirdidir. Onun maddi vəziyyəti zəif olduğundan 2020-ci il tarixində oğlu Rəvan İsmayıllı rayonu Basqal kəndində restaranda ofisiant işləmiş, lakin restaranda onu döymək istədiklərindən o, bir nəfər şəxsə bıçaqla xəsarət yetirərək oradan qaçmışdır. Bu səbəbdəndə oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, lakin azyaşlı olduğundan Şəki ağır cinayətlər məhkəməsi tərəfindən ona 3 il müddətinə şərti cəza təyin edilmişdir. Bundan sonra o, oğlunu kənddə yanında saxlayaraq nəzarət etmişdir. xx.xx.2022-ci il tarixində təxminən 15:00 radələrində o, kənddə evinin həyətində olarkən oğlu Rəvanın qaçdığını və kənd sakini Zərərçəkmiş şəxsda onu arxası ilə qaçdığını görmüş, həmin vaxt həyat yoldaşıda onların səsini eşitdiyindən onlar birlikdə küçəyə çıxmış və onların yanına gedib Zərərçəkmiş şəxs sakitləşdirmək istəmişdirlər. Onlar birlikdə oraya gedən zaman oğlu Rəvanın kənd sakini Ülkər adlı şəxsin evinə daxil olduğunu görmüş, həmin vaxtı onlar, Ülkərin evinin yanına çatdıqda Zərərçəkmiş şəxs sakitləşdirmişdirlər. Lakin Xəyal bel nahiyyəsindən xəsarət aldığından onlar Xəyalı dərhal evinə gətirib ailəsinə təhvil vermiş, daha sonra onlar təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Bundan bir qədər sonra isə oğlu Rəvan Comərdov (Abbasov) evə gələrək onlara bu barədə söyləmişdir. Hadisədən əvvəl o, Rəvanın üzərində hər hansısa bir bıçaq görməmişdir. Çünki hadisədən 15 dəqiqə əvvəl Rəvan onun yanında olmuşdur. Həmçinin hazırkı tarixədək Rəvan kənddə hər hansısa bir şəxs ilə mübahisə etməmişdir. Sonradan ona məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs, Rəvan Comərdov ilə xx.xx.2022-ci il tarixində mübahisə etmiş, daha sonra isə xx.xx.2022-ci il tarixində kənddə onu vurduğu üçün Rəvan özünü müdafiə etmək məqsədi ilə yerdən götürdüyü bıçaqla onu vuraraq qaçmışdır. (Cild 1, iş vərəqləri 167-168) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Şahid1, Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlar Şahid7 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 124-126, 130-132, 127-129) . Həmçinin məhkəməyədək icraat zamanı şahid qisində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsindən görünür ki, o, Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 165-166) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində, qəsəbənin aşağı hissəsində qəsəbə sakinlərinin yaşadığı evlərin yaxınlığında yolun kənar hissəsində baş vermişdir. (Cild 1, iş vərəq 115) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu 01 ədəd DVD diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, hadisə yerinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 116) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdə olan görüntülərdən görünür ki, təqsirləndirilən şəxs Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu ifadəsində bildirdiklərini hadisə yerində bir daha göstərməklə təsdiq etmşdir. (Cild 1, iş vərəqləri 90-93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli, 44 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, 1) Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - Döş qəfəsinin sol arxa divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, sol ağ ciyərinin yaralanması. Hemopnevmotoraks. Həmin xəsarət deşici-kəsici alətlə törənməklə, ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər deşici-kəsici alət təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. 2) Zərərçəkmiş şəxs almış olduğu xəsarət yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 46-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 214 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, məhkəmə-tibb-ekspert-kriminalistika üzrə: 1) Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 2) Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan deşilmiş-kəsilmiş sədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Bu zədənin qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi mümkündür. 3) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır (“Kəpənək” formalı) və deşici kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 182-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən əlavə kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 261 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki: 1) Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: Balfa/H/ (İİİ) 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və təqdim edilmiş bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tətqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Balfa /H/(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.(Cild 1, iş vərəqləri 187-192) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1332 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə: Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal hazırdada öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunun əqli-intelektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, xairici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, qeyd edilən cinayət əməlini törədərkər psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onun fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmamışdır. (Cild 1, iş vərəqləri 194-198) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 24 may 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı təqsirləndirilən şəxsin istifad etdiyi 01 ədəd bıçaq və zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd mayka iş üzrə maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 208-218) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanskiyaları həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayətin yetkinlik yaşına çatayan şəxs tərəfindən törədilməsini və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (Cild 1, iş vərəq 193) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və hökmün surətindən görünür ki, görünür ki, Comərdov (Abbasov) X3 ağır cinayətlər məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. (Cild 1, iş vərəqləri 162-163, 174-177) Təqsirləndirilən şəxs Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu hazırki cinayət əməllərini ona təyin edilmiş sınaq müddətində törətmiş və hazırkı iş üzrə onun məhkumluğunun olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0-cı maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır. Bundan başqa, təqsirləndirilən şəxs Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu cinayət törədərkən yetkinlik yaşına çatmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğluna təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, həmin hökmlə müəyyən edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 72-73) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Şamaxı RPŞ-də saxlanılan 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd mayka məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğluna Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, həmin hökmlə müəyyən edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şamaxı RPŞ-də 01 ədəd bıçaq və 01 ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu, Comərdov (Abbasov) Rəvan Bəxtiyar oğluna isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-121/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-121/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver