Məhkəmə qərarları › İş №1(124)-122/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-122/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-122/2024 15.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1015 qram çəkidə narkotik vasitə heroin əldə etmək məqsədilə "Tiktok" sosial şəbəkəsində tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə "WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq həmin narkotik vasitələri sifariş etmiş, alacağı narkotik vasitələrin bir ədəd dəmir qutunun içərisinə yerləşdirilmiş vəziyyətdə qoyulması barədə ona mesaj gəldikdən sonra yaşadığı Bakı şəhərindən çıxaraq, həmin şəxs tərəfindən "WhatsApp” vasitəsilə ona göndərilmiş “məkan"a uyğun olaraq Quba rayonu, Amsar kəndində, Ağ çayın kənarında yerləşən istifadəsiz və baxımsız ferma ərazisinə gəlib, bu ərazidə yerləşən köhnə tikilinin içərisinə daxil olaraq qutunu götürmüş, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 13 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində qutunu götürüb gedərkən tikilinin içərisində saxlanılmış və həmin tikiliyə baxış keçirilən zaman qeyd olunan qutunun içərisindən bir ədəd sellofan paketdə xalis çəkisi 4850 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan paketdə xalis çəkisi 1015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən, əsasən kakosdan, yəni heroindən istifadə edirdi. “Tiktok” sosial şəbəkəsində adının Vahid olduğunu bildirən özünü İranlı kimi təqdim edən şəxs həqiqətən onun paylaşdığı şəkillərdən birini görüb şəkildə onun narkotikin təsiri altında göründüyünü bildirmiş və həmin Vahidlə telefon tanışlıqları yaranmışdır. O Vahiddən özü istifadə etmək üçün 5 qram heroin istəmişdir. Bunun üçün Vahidə kart vasitəsilə 150 manat pul verməli idi. Vahid ona narkotikin yerini konumla göndərmişdi, o səhvən qonşusu Hilalın taksisi ilə Qobu qəsəbəsinə gəlmişdir. Hilala narkotiklə bağlı heç nə deməmişdir. Sonradan məlum olmuşdu ki, Qobuya yox, Qubaya getməlidi. Hilala Qubadan pul götürəcəyini deyib Qubaya sürməsini xahiş etmiş və bunun üçün Hilala 100 manat verəcəyini bildirmişdir. 12 noyabr 2022-ci il tarixdə saat 22-23 radələrində Hilalın taksisi ilə Qubaya konumda göstərilən yerin yaxınlığına çatmışlar. Hilal avtomobili asfalt yolun kənarında saxlamışdır. O, Hilala gözləməsini, pulu götürəcəyi adamın yaxınlıqda olduğunu, pulu götürüb və təbii ehtiyacını da ödəyib tez gələcəyini bildirmişdir. O, avtomobildən düşüb “məkan”a uyğun olaraq piyada getməyə başlamış və baxımsız ferma kimi yerə gəlib çatmışdır. Həmin yerdə olan tövləyə yaxınlaşıb əlindəki işığı tuşlayaraq pəncərənin kənarlarını narkotik vasitə üçün axtarmağa başlamışdır. Bu vaxt mülki geyimdə olan 15-20 nəfər şəxslər onun üstünə gəlib onu tutmuşlar. O polislərə bildirmişdir ki, 5 qram narkotik üçün gəlmişdir. Onun əli içində heroin və marixuana olan qaba dəyməmişdir. Polislər özləri həmin qabın içindən ittihamda göstərilən miqdarda heroini və marixuananı çıxartdılar. Üzərinə axtarış keçirilən zaman onun cibindən 5-6 manat pul çıxmışdır. İttihamda göstərilən miqdarda heroini və marixuananı nə almağa onun pulu olmamış, nə də ki, heç kim onu nisyə verməzdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında valideynləri, arvadı, 2005 və 2008-ci il təvəllüdlü oğlanları ilə birlikdə yaşayır. 1995-ci ildən yaşadığı evin həyətində olan yardımçı tikilidə fərdi bərbər fəaliyyəti ilə məşğul olmuşdur. 10 ildir “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan və “kakos” kimi tanınan narkotik vasitə heroindən istifadə etmişdir. Əvvəllər kakosu iyləmək yolu ilə istifadə etmiş, sonradan isə iynə vasitəsilə damara vurmaq yolu ilə qəbul etməyə başlamışdır. Tutulmamışdan 10 gün əvvəl “Tiktok” sosial şəbəkəsində adının Vahid olduğunu bildirməklə özünü İran vətəndaşı təqdim etmiş şəxs paylaşdığı şəkillərdən birini görüb şəkildə onun hallı, yəni narkotik təsiri altında göründüyünü bildirmişdir. O, Vahidə narkotik vasitə istifadəçisi olduğunu bildirdikdən sonra tanışlıqları yaranmışdır. Vahid ona xatırlamadığı İran mobil telefon nömrəsini verəndən sonra onlar "WhatsApp" vasitəsilə əlaqə saxlamağa başlamışlar. Söhbət əsnasında Vahid ona narkotik vasitə satdığını və ona da təşkil edə biləcəyini demişdir. Bunun üçün o, alacağı narkotik vasitənin pulunu Vahidin göndərdiyi kart hesabına yükləyərək ödəniş etməli, Vahidin Azərbaycanda olan kuryeri satacağı narkotik vasitəni müəyyən bir yerə qoyaraq bu yerin şəklini çəkib Vahidə göndərməli, Vahid də öz növbəsində “WhatsApp” vasitəsilə həmin yerin “məkan”ını və şəkilini ona göndərməli, o da şəkildə göstərilən yerə gedərək qoyulmuş narkotik vasitəni götürməli olmuşdur. Vahidin kuryerə narkotik vasitəni necə və hansı üsulla verməsi barədə məlumatı yoxdur. Tutulmamışdan bir gün əvvəl Vahidlə “WhatsApp" vasitəsilə əlaqə yaradıb 5 qram narkotik vasitə "kakos" sifariş etmiş və aralarında razılıq əldə edilmişdir ki, o, narkotik vasitəni götürdükdən sonra pulunu göndərər. Vahid ləhcə ilə danışaraq sifariş etdiyi narkotik vasitənin Quba rayonunda olduğunu bildirsə də, o, Abşeron rayonu, Qobu qəsəbəsində olduğunu başa düşmüş, yəni Quba və Qobu sözlərini qarışdırmışdır. O, sifariş etdiyi narkotik vasitəni Vahidin qoyduğu yerdən götürməyə getmək üçün taksi sürücüsü işləyən qonşusu Hilalı taksi kimi sifariş etmişdir. Hilalı inandıraraq yalandan demişdir ki, "Qobuya getmək lazımdır, tanış adam var, ondan pul götürməliyəm". Hilalın idarə etdiyi avtomobillə Qobu qəsəbəsinə çatıb Vahidin “WhatsApp” vastəsilə göndərdiyi narkotik vasitənin qoyulduğu yerlə bağlı “məkan"ı açıb baxanda görmüşdür ki, həmin yer Qobu qəsəbəsinin deyil, Quba rayonunun ərazisinə düşür. O, Vahidlə əlaqə saxlayıb soruşmuşdur ki, "narkotik vasitəni yaxın yerlər ola-ola niyə uzağa qoyublar, məkan Qubanı göstərir". Vahid demişdir ki, "adamım Qubadadı, xəstədi, Bakıya gələ bilmir". Bundan sonra o, Hilala bildirmişdir ki, səhv gəlmişlər, Qubaya getmək lazımdır. Quba uzaq olduğu üçün Hilal getmək istəməsə də, xahiş edərək sürdürmüşdür. Qubaya çatanda Vahidlə əlaqə saxlayaraq çatdığını bildirmişdir. Vahid ona narkotik vasitənin qırmızı rəngli dəmir qutuda olduğunu, qutunun baxımsız bir tikiliyə qoyulduğunu bildirməklə həmin dəmir çərçivədən ibarət tikilinin və qutunun şəklini göndərmişdir. Onlar Vahidin göndərdiyi “məkan”a uyğun olaraq həmin yerə gedib çatanda Vahid bildirmişdir ki, narkotik vasitənin olduğu yeri dəyişərək istifadəsiz bir köhnə fermanın tövləsinə qoyublar. Bu dəfə Vahid narkotik vasitənin qutuda deyil, sellofanda olduğunu, sellofanın tövlənin pəncərəsinə qoyulduğunu bildirmişdir. 12 noyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində həmin yerin yaxınlığına çatanda Hilal avtomobili asfalt yolun kənarında saxlamışdır. O, Hilala gözləməsini, pulu götürəcəyi adamın yaxınlıqda olduğunu, pulu götürüb və təbii ehtiyacını da ödəyib tez gələcəyini bildirmişdir. O, avtomobildən düşüb “məkan”a uyğun olaraq piyada getməyə başlamış və baxımsız ferma kimi yerə gəlib çatmışdır. Həmin yerdə olan tövləyə yaxınlaşıb əlindəki işığı tuşlayaraq pəncərənin kənarlarını narkotik vasitə üçün axtarmağa başlamışdır. Bu vaxt mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. O, səmimi olaraq internetdə tanış olduğu İranlıya sifariş etdiyi narkotik vasitənin həmin yerə qoyulduğunu, Bakıdan Qubaya narkotik vasitə üçün gəldiyini və orada narkotik vasitəni axtardığını bildirmişdir. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar çağırdıqları polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gələndən sonra özünü Quba RPŞ-nin baş təhqiqatçısı Fərid Rəcəbov kimi təqdim edən polis əməkdaşı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə saxlanıldığı həmin istifadəsiz tövlədə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, əynindəki pencəyin sağ yan cibindən özünə məxsus bir ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və altı ədəd bir manatlıq pul əskinaslarını, sol yan cibindən açarı, şalvarının cibindən alışqanı təqdim etmişdir. Şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Videoçəkiliş davam etdirilərək şəxsi axtarışın aparıldığı tövləyə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı tövlədən bir ədəd qırmızı rəngli qapağı bağlı olan dəmir qutu aşkar edilmişdir. Dəmir qutunun qapağını açarkən içərisindən iki ədəd sellofan paket aşkar edilmişdir. Əvvəlcə balaca paketi açarkən içərisindən tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, o, bu kütlənin narkotik vasitə kakos olduğunu, böyük paketi açarkən isə içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, o, bu kütlənin narkotik vasitə marixuana olduğunu, internetdə tanış olduğu İranlıya öz istifadəsi üçün sifariş etdiyini, lakin o, yalnız 5 qram çəkidə kakos sifariş etdiyini, marixuana sifariş etmədiyini bildirmişdir. Balaca sellofan paket elektron tərəzi ilə çəkilərkən 1,060 qram, böyük sellofan paket çəkilərkən isə 4,875 qram təşkil etmişdir. Balaca sellofan paket ağ kağız zərfdə, böyük sellofan paket isə göy rəngli sellofan paketdə qablaşdırılmışdır. Qablaşdırılmış zərfin və paketin üzərinə o, özü də daxil olmaqla bütün iştirakçılar imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bunlardan başqa qutudan və həmin istifadəsiz tövlədən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Videoçəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması və həmin istifadəsiz tövləyə baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu videoçəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüklərini təsdiq etmişlər. Aşkar edilmiş o qədər çəkidə deyil, yalnız 5 qram çəkidə öz istifadəsi üçün kakos sifariş etmiş, marixuana ümumiyyətlə sifariş etməmiş, satış məqsədi olmamış və ona görə də özünü ona elan edilmiş ittihamla qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, özünü İran vətəndaşı kimi təqdim edən Vahid adlı şəxsdən başqa heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Taksi sürücüsü Hilalın onun narkotik vasitə sifariş etməyi və Quba rayonuna həmin narkotik vasitəni götürmək məqsədilə getməkləri barədə hər hansı bir formada məlumatı olmamış, guya tanış adamdan təcili pul götürmək lazım olduğunu bildirməklə Hilalı inandırmışdır, Hilal da ondan şübhələnməmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 11 noyabr 2022-ci il tarixdə Vahid adlı şəxsə “WhatsApp" vasitəsilə “Mənə tema yollamırsan, özüm ölüm, buralar quraqlıqdı, heç kim tapa bilmir, partladardıq da deyirəm. Vallahi deyirəm yaxşı olacaq, bax da, yaxşı tutuzdurarıq, bir dənə götür-qoy elə. Hərəkət edək, bir dənə təkan ver sən bu işə, arxası mənlikdi, zor olacaq İnşallah” sözlərini yazarkən narkotik vasitələri satmaq fikiri olmayıb, sadəcə olaraq Vahidi həvəsləndirmək istəmişdir ki, Vahid ona nisyə narkotik vasitə versin. O, Vahid adlı şəxsdən narkotik vasitələri satış məqsədi ilə deyil, öz istifadəsi üçün sifariş etmişdir. Bundan başqa o, həmin vaxt Vahid adlı şəxsə “WhatsApp" vasitəsilə “Ot da olar ha, ondan da qoya bilərsən" yazaraq “nəşə və ya ot" sözlərini yazarkən aşkar edilmiş 4850 qram çəkidə deyil, yolda özü üçün çəkməyə “1-2 baş, 1-2 çəkimlik", yəni azca çəkidə "nəşə və ya ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana istəyərək sifariş etmişdir. 12 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində tanışı Hilalın idarə etdiyi avtomobildən düşüb Vahid tərəfindən ona göndərilən “məkan”a uyğun olaraq piyada gedərək baxımsız ferma kimi yerə gəlmiş, orada yerləşən tövləyə oxşar tikiliyə yaxınlaşıb əlindəki işığı tikilinin pəncərəsinin kənarlarına tuşlayaraq sifariş etdiyi narkotik vasitəni axtararkən polis əməkdaşları tərəfindən saxlanmışdır. İşığı pəncərəyə tuşlayıb tikiliyə daxil olaraq içəridə olan bir ədəd qırmızı rəngli dəmir qutunu götürdükdən sonra tikilidən çıxıb getmək istəyərkən saxlanmamış, polis əməkdaşları bunu qeyd etməklə düzgün danışmır, ümumiyyətlə o, həmin tikiliyə daxil olmamış və dəmir qutunu götürməmiş, tikilinin pəncərəsinin çöl tərəfdən qarşısında saxlanmışdır. Tikilinin qarşısında saxlandığı üçün sifariş etdiyi narkotik vasitəni tikilinin içərisindən götürə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, o həqiqətən 11 noyabr 2022-ci il tarixdə Vahid adlı şəxsə “WhatsApp" vasitəsilə “Mənə tema yollamırsan, özüm ölüm, buralar quraqlıqdı, heç kim tapa bilmir, partladardıq da deyirəm. Vallahi deyirəm yaxşı olacaq, bax da, yaxşı tutuzdurarıq, bir dənə götür-qoy elə. Hərəkət edək, bir dənə təkan ver sən bu işə, arxası mənlikdi, zor olacaq İnşallah”, “ot da olar ha, ondan da qoya bilərsən sözlərini yazmışdır. Çünki həmin ərəfələrdə öz istifadəsi üçün Bakı şəhərində narkotik tapa bilmirdi, hamı satmağa ehtiyat edirdi ki, tutular. Vahidi həvəsləndirmək istəmişdir ki, Vahid ona nisyə narkotik vasitə versin. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkilidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məruzə etmiş və məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Şahid3 əməliyyat müvəkkili Şahid5, cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid6 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olaraq özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsə sifariş etdiyi narkotik vasitənin Quba rayonu, Amsar kəndində, Ağ çayın kənarında yerləşən istifadəsiz və baxımsız tikiliyə qoyulması barədə həmin şəxs tərəfindən ona məlumat verilməsini, sifariş etdiyi narkotik vasitəni götürmək üçün Quba rayonuna gəlməsini müəyyən etmişlər və 12 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində onlar köhnə ferma ərazisində yerləşən, əvvəllər tövlə kimi istifadə olunmuş həmin tikilinin qarşısına gəlmişlər. Onlar əməliyyat şəraitinə uyğun hərəsi bir mövqe seçib gözləyib Təqsirləndirilən şəxs gəlişini kənardan müşahidə etməyə başlamışlar. Təxminən bir saat sonra, 13 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində sonradan kimliyi dəqiq bəlli olan Təqsirləndirilən şəxs yol tərəfdən piyada gələrək əlindəki işığı əvvəlcə tikilinin pəncərəsinə və sonra öz qarşısına tuşlayaraq qapı yerindən içəri daxil olmuşdur. Bir az sonra Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs arxasınca tikiliyə daxil olub onu saxlamışlar. Sonra digər polis əməkdaşları da gizləndikləri yerdən tikiliyə daxil olmuşlar. O tikiliyə daxil olanda Təqsirləndirilən şəxs əlində bir ədəd qırmızı rəngli dəmir qutunu tutduğunu görmüşdür. Sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs internetdə tanış olduğu İranlıya sifariş etdiyi narkotik vasitənin həmin tikiliyə qoyulduğunu, yaşadığı Bakı şəhərindən sifariş etdiyi narkotik vasitəni götürmək üçün gəldiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət ediləcəyini izah edib onu nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra əməliyyatda iştirak edən polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə İdrisin üzərinə və şəxsi axtarışın aparıldığı tikiliyə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı tikilidən bir ədəd qırmızı rəngli və qapağı bağlı olan dəmir qutu aşkar edilmişdir. Dəmir qutunun qapağını açarkən içərisindən iki ədəd sellofan paket aşkar edilmişdir. Əvvəlcə balaca paketi açarkən içərisindən tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə kakos olduğunu, böyük paketi açarkən isə içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə marixuana olduğunu, internetdə tanış olduğu İranlıya öz istifadəsi üçün sifariş etdiyini, lakin 5 qram çəkidə kakos sifariş etdiyini, marixuana sifariş etmədiyini bildirmişdir. Balaca sellofan paket elektron tərəzi ilə çəkilərkən 1 kq.dan artıq, böyük sellofan paket çəkilərkən isə 5 kq yaxın olmuşdur. Həmin paketlər qablaşdırılaraq rəsmiləşdirilmişdir. Şahid həmçinin ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs həmin tikiliyə daxil olaraq içərisində sifariş etdiyi narkotik vasitələrin olduğu dəmir qutunu götürdükdən sonra tikilidən çıxıb getmək istəyərkən tikilinin daxilində saxlanmışdır. Təqsirləndirilən şəxs tikilinin içərisində əlində qutu ilə saxlanmışdır. Dəmir qutu çəkisinə çox və ölçüsünə görə böyük olduğundan Təqsirləndirilən şəxs saxlayandan 1-2 dəqiqə sonra qutunu əlində saxlamayaraq tikilinin yerinə qoymuşdur. Qutu bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən deyil, həmin tikiliyə baxış keçirilərkən tikilinin içərisindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə sifariş etməsi və Quba rayonuna həmin narkotik vasitəni götürmək məqsədilə gəlməsi barədə gəldiyi taksi sürücüsü Şahid1 hər hansı bir formada məlumatı olmamış, Şahid1 bu barədə xəbəri olması və narkotik vasitələrdən istifadə etməsi barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra yaxınlıqda yolun kənarında öz avtomobilində Təqsirləndirilən şəxs gözləyən Şahid1 yaxınlaşaraq Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanması barədə məlumat vermiş və Şahid1 onlara Təqsirləndirilən şəxs narkotik vasitələr ilə hər hansı bir əlaqəsi olmasından xəbəri olmadığını bildirmişdir. Onlar Şahid1 öz razılığı ilə Təqsirləndirilən şəxs saxlanıldığı tikiliyə dəvət etmişlər. Şahid1 da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və həmin tikiliyə baxış keçirilərkən iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid5 və Şahid6 da ifadələrində məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs qonşuluqda yaşayan bərbər kimi tanıyır, aralarında yaxın münasibət yoxdur, həmçinin hər hansı düşəmənçilik və ya ədavət də olmamışdır. 12 noyabr 2022-ci il tarixdə, günorta saatlarında İdris ona zəng edərək taksi kimi Abşeron rayonu, Qobu qəsəbəsinə gedibqayıtmağı bildirmişdir. Onlar Qobu qəsəbəsinə çatanda İdris ona demişdir ki, öz tanışından pul götürməlidir, Qobu və Quba sözlərini qarışdıraraq səhv başa düşmüş, əslində Quba rayonuna getmək lazımdır. Quba uzaq olduğu üçün o, getmək istəməsə də, İdris ona benzin pulundan əlavə 100 manatdan artıq pul verəcəyini bildirərək xahiş etmişdir. O, pula ehtiyacı olduğundan Qubaya getməyə razılaşmışdır. Yolda İdris öz telefonu ilə kiminləsə yazışmışdır. Qubaya çatandan sonra İdris öz telefonundakı naviqator proqramına baxaraq onu əvvəlcə Qusar rayonu istiqamətində yerləşən tanımadığı bir yerə sürdürmüşdür. Həmin yerə çatanda İdrisin telefonunun enerjisi qutardığı üçün onun telefonunu götürmüşdür ki, gedəcəyi yeri dəqiqləşdirsin. O, avtomobili sürdüyü üçün İdrisin onun telefonunu götürüb kiminlə yazışdığına baxmamışdır. 12 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində İdris avtombili tanımadığı asfalt yolun kənarında saxlatmışdır. Ona yaxınlıqda görünən fermaya gedib gözləyən tanışı ilə görüşüb pulu götürəcəyini və təbii ehtiyacını da ödəyib gələcəyini bildirmişdir. İdris avtombildən düşüb həmin ferma istiqamətində getmişdir. Bir qədər sonra Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq bildirmişlər ki, onun taksi müştərisi kimi gətirdiyi İdris həmin fermanın içərisindən narkotik vasitə götürərkən polis tərəfindən saxlanılmışdır. Ondan bu barədə hər hansı məlumatı olub-olmamasını soruşmuşlar. O, İdrisin narkotiklə hər hansı bir əlaqəsi olmasından xəbəri olmadığını demişdir. Polis əməkdaşları onu İdrisin saxlanıldığı istifadəsiz fermaya aparmışlar. Ona məlum olmuşdur ki, İdrisin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğu üçün Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Orada videoçəkiliş aparmışlar. Dəmir qutudan salafan paketlər aşkar olunmuşdur. Danışıqlardan başa düşmüşdür ki, aşkar olunanlar narkotikdir, İdris həmin narkotikin dalınca Qubaya gəlib. Bakıdan Qubaya İdrisin narkotik vasitə üçün gəldiyini o bilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. 13 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs saxlanılarkən müdafiəçinin, təhqiqatçının və əməliyyatda iştirak edən polis əməkdaşlarının iştirakı ilə keçirilən baxışda qeydə alınmış videogörüntü məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən məhkəmədə dindirilən şahidlərin ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 6/6533 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 67” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs məxsus 01 ədəd sellofanda tozşəkilli kütlə ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1015 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 10 siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi çəkisi - 1015 qram, tədqiqata sərf edildi - 0,050, qalıq - 1014,50 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 13 noyabr 2022-ci il tarixli, 7/1300 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vəl Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi 4850 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 4850 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 4849,8 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 yanvar 2023-cü il tarixli, 23 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi – 1014,50 qram narkotik vasitə heroin və qalıq çəkisi - 4849,8 qram marixuana maddi sübut kimi tanınmaqla Quba RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilib tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş votsap yazışmalarının mətnini özündə əks etdirən yazılardan görünür ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən sübutlar vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhər, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı (narkotik vasitə əldə etmək üçün Bakıdan Qubaya getməsi, İranlı şəxslə votsap yazışmaları, həmin yazışmalarda otdan da bəhs edilməsi, içərisində narkotik aşkarlanan dəmir qutunun fotoşəklinin onun telefonunda aşkar olunması və sair), şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərini müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi kimi qiymətləndirir və onun cinayət məsuliyyətindən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Quba rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1014,50 qram narkotik vasitə heroin və 4849,8 qram marixuana məhv edilməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,50 qram olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4849,8 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar