Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-123/2022 22.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ədalət Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Ərdəbil küçəsi, ev 89-da qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş halda avtomobil idarə edib yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ona maddi zərər vurulmasına səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 09 iyul 2021-ci il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, həmçinin alkoqollu içki qəbul etməsi nəticəsində sərxoşluq vəziyyətində idarə etdiyi faktiki mülkiyyətində olan «Hyundai Sonata» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Fətəlixan küçəsi ilə Qəçrəş kəndi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36.1.3-cü maddəsinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin Qanunun 64.1-ci maddəsinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində 50 km/saat sürət həddini aşmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə riayət etməyərək avtomobili 60 km/saat sürətlə hərəkət etdirib həmin yolla eyni istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Moon» markalı mopedi arxa hissəsindən vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızmalar, sol qulaqarxası sahədə qançır, bədənində çoxlu sıyrıq, başın yumşaq toxumalarının alt səthində sol alın-təpə-gicgah nahiyyəsində geniş qansızma, sol gicgah sümüyünün sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs məxsus mopedi zədələyərək ona 1620 manat məbləğində ziyan vurmuş, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında polis orqanına xəbər vermədən hərəkətini davam etdirib getmiş, Zərərçəkmiş şəxs hadisə zamanı aldığı başın küt travması və sol gicgah sümüyünün sınması xəsarətləri nəticəsində baş beyin toxumasına qansızmasına görə 14 iyul 2021-ci il tarixdə X8 Mərkəzində ölmüş, bununla da o, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin iyul ayının 9-da saat 22 radələrində Quba şəhəri Meydan ərazisində yerləşən “beş ulduz” marketdən 3 ədəd tərkibində spirt olan “GO” enerji içkisi alıb içdikdən sonra avtomobil ilə təxminən 50-60 km/saat sürətlə Qəçrəş istiqamətində hərəkət etmiş, Qarşısında VAZ 2106 markalı boz rəngli avtomobil nisbətən yavaş hərəkət etdiyi üçün onu ötmək qərarına gəlmişdir. Sol zolağa tərəf avtomobili sürərək ötmə hərəkətini edərkən yolun hərəkət hissəsinin sağında olan ağ rəngli motosiklet birdən qarşısına çıxmış, o, avtomobili sola tərəf sürərək hadisənin qarşısını almağa çalışsa da, məsafə qısa olduğundan motosikleti vurmuşdur. O, həmin anda həyəcanlandığından maşından düşməmiş və hərəkəti davam etdirib yaşadığı evə qayıtmışdır. Dostu Anara zəng edib hadisə barədə məlumat verib onunla xəstəxanaya getməsini xahiş etmişdir. Xəstəxanaya çatıb xəsarət alan şəxsin vəziyyəti ilə maraqlandıqda, həmin şəxsin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişlər. Xəstəxanada olan polis əməkdaşlarına yaxınlaşıb hadisəni törətdiyini demişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs özünə məxsus mopedlə Quba şəhəri ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olurdu. 2021-ci il iyul ayının 9-da saat 23 radələrində evə gələrkən qızı Türkan ona zəng edib Fəridin mopedlə qəzaya düşdüyünü demişdir. O, Fəridə zəng etmiş, telefona başqa şəxs cavab verib Quba MDM-nin həkimi olduğunu, Fəridin avtoqəza keçirdiyini, vəziyyətinin yaxşı olduğunu, lakin komada olduğu üçün danışa bilmədiyini bildirmişdir. Quba MDM-nə gedəndə Fərid artıq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Fəridin aldığı xəsarətlər ağır olduğundan, 2021-ci il iyul ayının 14-də vəfat etmişdir. O, hadisəni törədən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci il iyul ayının 9-da saat 23 radələrində Quba şəhəri Fətəlixan küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomobillə həmin küçədə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mopedi vuraraq ağır yol-nəqliyyat hadisəsi törətməsi və mopedin sürücüsü Zərərçəkmiş şəxs Quba X2 aparılması barədə Quba RPŞ-nin Növbətçi Hissəsindən radiostansiya vasitəsilə məlumat verildi. Məlumat daxil olduqdan sonra Şahid6la birlikdə hadisə yerinə, sonra isə Quba X2 getmişlər. Xəstəxanada dayanan şəxslərdən yol-nəqliyyat hadisəsini kimin törətdiyini soruşduqda, Təqsirləndirilən şəxs yaxınlaşaraq hadisəni törədən şəxsin o olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci il iyul ayının 9-da saat 23 radələrində Quba şəhəri Fətəlixan küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi mopedi vuraraq ağır yol-nəqliyyat hadisəsi törətməsi barədə Quba RPŞ-nin Növbətçi Hissəsindən radiostansiya vasitəsilə məlumat verilmişdir. Məlumat daxil olduqdan sonra Şahid7la birlikdə hadisə yerinə, sonra isə Quba X2 getmişlər. Xəstəxanada dayanan şəxslərdən yolnəqliyyat hadisəsini kimin törətdiyini soruşanda Təqsirləndirilən şəxs yaxınlaşıb hadisəni törədən şəxsin o olduğunu bildirmişdir. Onunla danışan zaman ondan spirt qoxusu gəldiyini hiss etmişdir. Buna görə onun spirtli içki qəbul edib-etməməsini dəqiqləşdirmək məqsədilə alkotester vastəsilə müayinə etmişlər. Nəticədə onun sərxoş olduğu müəyyən edilmiş və akt tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının 9-da saat 23 radələrində Quba şəhəri Fətəlixan küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomobillə həmin küçədə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mopedi vuraraq ağır yol-nəqliyyat hadisəsi törətməsi barədə Quba RPŞ-nin Növbətçi Hissəsindən radiostansiya vasitəsilə məlumat verilmişdir. Məlumat daxil olduqdan sonra birlikdə xidmətdə olduğu YPX inspektoru Şahid5la hadisənin baş verdiyi Quba şəhəri Fətəlixan küçəsinə getmişlər. Hadisə yerinə çatdıqda yolun sol kənarında ağ rəngli mopedin aşaraq dayandığını görmüşdür. Hadisə yerində Təqsirləndirilən şəxs və onun idarə etdiyi Hyundai Sonata markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomobil yox idi. Mopeddən bir qədər arxada yolun sol zolağında asfalt örtüyün üzərində müəyyən cızıq, sürtünmə izləri və qan izi olmuşdur. O, Şahid5la birlikdə hadisə yerində olan izlərin qorunması məqsədilə orada hadisə yerini mühafizə edərək hadisə yeri müayinə olunana qədər gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 şahid X11 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. O, həmçinin Fəridi xəstəxanaya VAZ 2106 markalı avtomobilin sürücüsünün apardığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 2021-ci ilin iyul ayının 9-da saat 23 radələrində Vaz 2106 markalı avtomobillə yaşadığı evdən çıxıb Fətəlixan küçəsində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən arxadan sürətlə qara rəngli Hyundai Sonata markalı avtomobil gəlib onu ötmüşdür. Təxminən 200 metr irəlidə qəza törətmişdir. Çox aralıda olduğu və gecə vaxtı olduğuna görə maşının irəlidə nə ilə toqquşduğunu görməmişdir. Maşın qəza törətdikdən sonra saxlamayaraq hadisə yerindən çıxıb getmişdir. Hadisə baş verən yerə yaxınlaşdıqda yolun hərəkət hissəsinin ortasında yerdə uzanmış halda bir nəfər şəxsin olduğunu və ondan aralıda sağda motosikletin aşaraq yararsız halda durduğunu görmüşdür. Dərhal yerdə uzanan adama doğru yaxınlaşmış, daha sonra yaxınlaşan başqa bir nəfər şəxsin də köməkliyi ilə zərərçəkmiş şəxsi öz maşınına mindirərək dərhal Quba rayon mərkəzi xəstəxanasına aparmış, orada korona xəstələrinin saxlanıldığını bildirdikləri üçün xəsarət alan şəxsi Quba X2 aparmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, dostudur. 09 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edərək Quba şəhəri Fətəlixan küçəsində idarə etdiyi **-TC-*** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomobillə hərəkətdə olarkən yolda olan motosikleti vurduğunu, vurduğu adamın yüngül xəsarət aldığını və həmin şəxsin xəstəxanaya aparıldığı üçün onu görmək lazım olduğunu bildirmişdir. O dərhal yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən “Hasan” marketə piyada getmiş, oradan **-BM-*** dövlət qeydiyyat nişanlı, göy rəngli VAZ 2107 markalı taksiyə əyləşərək Meydan ərazisində dostu Hacağaya məxsus evə getmişdir. Evin qaraj qapısının önündə onunla görüşmüş, Hacağa ona vurduğu piyadanın yüngül xəsarət aldığını, içkili olduğunu, əgər bu barədə soruşan olsa problem olmasın deyə maşını onun sürməsini, yəni qəzanı törətməyi öz boynuna almağı xahiş etmişdir. O da Hacağaya “əgər ciddi bir şey yoxdursa öz üzərimə götürərəm, sən narahat olma” demişdir. Hacağa içkili olduğu üçün ona məxsus **-TC-*** dövlət nömrə nişanlı, Hyundai Sonata markalı avtomobilə əyləşmiş və birlikdə xəstəxanaya getmişdirlər. Xəstəxananın qarşısında çoxlu sayda tanımadığı insanlar toplaşmış və bir neçə polis əməkdaşı da orada imiş. O və Hacağa dərhal xəstənin vəziyyəti ilə maraqlandıqda həmin şəxsin reanimasiyə şöbəsinə yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu bildirmişdirlər. Artıq o xəstənin vəziyyətinin ağır olduğunu anladığından hadisəni törədən şəxs kimi özünü qələmə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs özü də yol-nəqliyyat hadisəsini törətməsini etiraf etmişdir. Hacağa avtomobili idarə edərkən avtomobildə kənar şəxslər olmamış, hadisəni törədərkən tək olduğunu ona bildirmişdir. (Cild 1, iş vərəqləri 53-54) Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs 2014-cü ildən bəri tanıyır, dostluq münasibəti vardır. 09 iyul 2021-ci il tarixdə saat 23 radələrində Hacağa ona dostu Anara məxsus mobil telefonla zəng edərək idarə etdiyi Hundai Sonata markalı avtomobillə Quba şəhəri Fətəlixan küçəsində mopedlə hərəkətdə olan bir nəfər şəxsi vurduğunu bildirmişdir. O Hacağadan hazırda haraya getməsini soruşduqda, Hacağa ona vurduğu şəxsin Quba rayon Diaqnostika Mərkəzinə aparıldığını, özünün də həmin xəstəxanaya getdiyini demişdir. O da Hacağaya xəstəxanaya gələcəyini bildirmişdir. Həmin vaxt o evdə olmuşdur. Dərhal evdən çıxaraq taksi ilə Quba rayon Diaqnostika Mərkəzinə getmiş, xəstəxanaya çatdıqda orada Hacağa və Anarın bir yerdə olduğunu görmüşdür. Onlara yaxınlaşmış və hadisənin necə baş verməsini soruşmuşdur. Hacağa ona Quba şəhəri Fətəlixan küçəsində Quba rayonu Qəçrəş istiqamətinə doğru hərəkətdə olarkən qarşısında mopedlə hrəkətdə olan bir nəfər şəxsi vurduğunu bildirmişdir. Bir qədər sonra polis əməkdaşları Hacağanı araşdırma aparılması üçün Quba RPŞ-nə aparmışdırlar. O isə Hacağanın valideynləri ilə birlikdə xəstəxanada qalmışdır. Xəstəxanada olarkən xəsarət almış şəxsin valideynləri ona yaxınlaşaraq hadisə baş verən zaman orada olub-olmadığını soruşmuşdurlar, o isə hadisə zamanı maşında olmadığını, bu barədə ona sonradan zəng edərək məlumat verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobildə sürücüdən başqa sərnişinlərin olub olmaması barədə məlumatı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 167-168) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəldən görünür ki, hadisə Quba şəhəri, Fətəlixan küçəsi Qəçrəş istiqamətində yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerinin ətraflı sxemi tərtib edilməklə və fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 6-14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 10 iyul 2021-ci il tarixli protokollardan və onlara əlavə olunmuş fotocədvəllərdən görünür ki, “Moon” markalı mopedin ön təkər üst qoruyucu hissəsi əzilmiş, arxa təkəri sınmış və şin cırılmış, həmçinin “Hyundai Sonata” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi əzilmiş, ön sağ hissədə yerləşən fara sınmışdır. Həmin zədələr hadisənin baş vermə mexanizminə və trayektoriyasına uyğun olmuşdur. (Cild 1, iş vərəqləri 33-41) Cinayət işi materiallarında olan 15 iyul 2021-ci il tarixli raportdan görünür ki, 09 iyul 2021-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, Fətəlixan küçəsində “Hyundai Sonata” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mopedi vurması ilə nəticələnən yol nəqliyyat hadisəsinə aid videogörüntü 01 ədəd “DVD” formatlı diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Hadisənin baş verməsi video görüntülərini özündə əks etdirən diskə ibtidai istintaq zamanı baxış keçirilməsinə dair 15 iyul 2021-ci il tarixli protokol tədqiq edilərkən, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən ekranın sağ yuxarı küncündə xx/xx/2021 23:14:15 rəqəmlərinin yazıldığı, həmin rəqəmlərin videogörüntünün çəkildiyi tarix və saatı göstərdiyi, video görüntünün sabit, hərəkətsiz yerində dayanmış qurğu tərəfindən çəkildiyi aydın olur. Yolun hərəkət hissəsində seyrək nəqliyyat axını nəzərə çarpır. Videogörüntüdə baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olan moped sürücüsü, onun arxasınca isə VAZ 21099 markalı avtomobil hərəkətini davam etdirir. Qara rəngli Hyundai Sonata markalı avtomobil qarşısında hərəkət edən VAZ 21099 markalı avtomobili soldan ötmə əməliyyatı edərək irəliyə doğru hərəkət edir. Eyni istiqamətdə qarşısında hərəkətdə olan mopedi arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törədir və hərəkətini davam etdirir. Gecə görüntüsü səbəbindən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları əks olunmur. Videogörüntü hadisənin baş verdiyi ərazidən irəlini əks etdirmədiyindən Hyundai Sonata markalı avtomobilin sonrakı hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 67-68) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 33 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasınd qansızmalar, sol qulaqarxası sahədə qancır, bədənində coxlu sıyrıq, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın-təpə-gicgah nahiyəsində geniş qansızma, sol gicgah sümüyünün sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09 iyul 2011-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs adına olan xəstəlik tarixində onun hadisə ərəfəsində xəstəxanaya daxil olarkən spirtli icki qəbul etməsi haqqında hər hansı qeydiyyat yoxdur, eləcə də o xəstəxanada 4 sutkadan artıq stasionar müalicadə olduğundan meyitdən məhkəməkimyəvi müayinə üçün qan nümunəsi götürülməsi məqsədəuyğun hesab olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası nəticəsində başın küt travmasından sol gicgah sümüyünün sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm 14 iyul 2021-ci il tarixdə saat 01:45-də xəstəxanada baş vermişdir. (Cild 1, iş vərəqləri 103-104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 2249 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hisəsində qeyd edilmiş cinaytət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı mühüm dəyişiklik yaranmamışdır. (Cild 1, iş vərəqləri 216-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1654 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə “Hyundai Sonata” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü H.İ.X10 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mükün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü H.İ.X6 markali avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50km/saata qədər məhdudlaşdırılmış yolda 60km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 105-108) Cinayət işinin materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” sənədlərdən görünür ki, Quba RPŞ-nin DYPB-nin 642551 saylı protokollaşmasında Təqsirləndirilən şəxs alkoqolun 0.734 % promil miqdarında olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 48-49) Cinayət işinin materiallarında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AE № 625854 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququ xx.xx.2020-ci il tarixdən 9 ay müddətinə məhdudlaşdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, məhdudlaşdırılmanın müddəti sürücülük vəsiqəsinin təqdim olunduğu gündən hesablanılır.(Cild 1, iş vərəq 77) Cinayət işi materiallarına əlavə edilmiş Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(027)-878/2020 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 333.1, 327.2, 327.3-cü maddələri ilə təqsirli bilinib, sürücülük hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. (Cild 1, iş vərəqləri 158-160) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərara əsasən hadisənin baş vermə video görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk və 02 ədəd “CD” formatlı disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 245-256) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 mərhum Zərərçəkmiş şəxs atası kimi qeydə alınmışdır. (Cild 1, iş vərəqi 89) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı onun heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 169) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə törədilən cinayət ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə törədilən cinayət isə qəsdən törədilmişdir, başa çatmış cinayətdir və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 16-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs gənc olması, əməlini etiraf edərək səmimi peşmanlıq çəkməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması, ilk dəfə cinayət törətməsi də onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəq 151) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264cü maddələrinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan hadisənin baş vermə video görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı və həmçinin "xxxx" MMC-dən daxil olmuş 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə vurulmuş 1620 manat maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından, həmçinin iş üzrə mülki iddia verilmədiyindən, qeyd edilən maddi ziyan zərərçəkmiş şəxsdən tutulmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Cinayət işi materiallarında olan 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-123/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-123/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver