Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-124/2022 29.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, XX.XX.1969-cu il tarixdə Dəvəçi(Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Şabran rayonu Gəndov kəndində qeydiyyatda olmaqla Şabran şəhəri Firdovsi küçəsi nömrəsiz evdə yaşayan, xx.xx.2021-ci il tarixdən barəsində polisin nəzarəti altına vemə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməmiş mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi təxminən 50-55 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını Şabran şəhəri, Firdovsi küçəsində yerləşən evinin həyətyanı bağ sahəsində evin sol yan tərəfində evdən 3 metr aralıda əvvəlcədən hazırladığı torpaq sahəsində və 03 ədəd torpaqla doldurulmuş dibçəklərdə 2021-ci ilin martın təxminən əvəllərində qanunsuz olaraq əkmiş, bu toxumlardan əmələ gəlmiş sözügedən torpaq sahəsində 47, dibçəklərdə 3, cəmi isə 50 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitillirinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib onları qanunsuz olaraq yetişdirməklə küllü miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, 2021-ci il 18 avqust tarixdə saat 14 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində təmiz çəkisi 480 qram təşkil edən 1ədəd və ümumi təmiz çəkisi 900 qram təşkil edən 4 ədəd quru, eləcə də ümumi təmiz çəkisi 250,0 kq təşkil edən 45 ədəd yaş vəziyyətdə əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli cətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa o, 2021-ci ilin təxminən mart ayının əvvəllərində yaşadığı evin həyatyanı sahəsində və dibcəklərdə qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin bir-neçə ədədinin hissələrini toplayıb təxminən 20 gün müddətində yaşadığı evin həyətyanı sahəsində qurutmaqla satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 241,16 qram təşkil edən hissəsini 01 (bir) ədəd 3 litrlik şüşə balona və təmiz çəkisi 248,8 qram təşkil edən digər hissəsini bir ədəd sellofan torbaya yerləşdirib yaşadığı evin sol yan hissəsində yerləşən bağ sahəsindəki dəmir çəlləyin arxasında gizlətməklə qanunsuz olaraq saxlamış, 2021-ci il 18 avqust tarixdə saat 14 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 489,960 qram təşkil edən sözügedən narkotik vasitə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 1-ci qrup əlildir, hər iki ayağı amputasiya olunmuşdur. İttihamda qeyd edilən narkotik tərkibli bitkilər və qurudulmuş marixuana onun həyətindən aşkar edilmişdir. Onun aşkar olunan bitkilər və marixuanadan məlumatı olmuşdur. Qeyd edilən nəşə bitkilərini tək əkib-becərməmişdir. Tanışı X1 ilə əkmişdir. Həmin şəxs ona məxsus torpaq sahəsində bitkiləri əkib-becərməyinə görə ondan icazə almış, bunun müqabilində həmin narkotik vasitələrdən istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Nemət adlı şəxs həmin bitki toxumlarına aqrotexniki qayda qulluq etmiş və su vermişdir. Mütəmadi olaraq onun mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, çətənə (marixuana) istifadəçisidir, digər narkotik vasitələrdən istifadə etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edərək göstərmişdir ki, Şabran rayonu Gəndov kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri Firdovsi küçəsi nömrəsiz evdə yaşayır, İ-ci qrup əlildir. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan nəşədən istifadə edir. 2021-ci ilin yanvar ayının axırlarında yaşadığı evin yaxınlığından küçədə 1 ədəd kibrit qutusunda təxminən 50-55 ədəd toxumlar tapmışdır. Həmin toxumların nəşə bitkisinin toxumları olduğunu görüb və onları uygun bir zamanda əkmək üçün özündə saxlamışdır. 2021-ci ilin təxminən mart ayının əvəllərində yaşadığı evin sol tərəfindəki bağ sahəsində həmin toxumların 3 ədədini dibçəklərdə və qalanlarını isə torpaqda əkdikdən sonra onlara qulluq etməyə başlamışdır. Əkdiyi narkotik vasitə olan nəşə bitkilərinə mütamadi olaraq su verib və onlara aqrotexniki qaydada qulluq etmiş və əkdiyi toxumlardan 50 ədəd nəşə bitkiləri əmələ gəlmişdir. Həmin bitkilərin hissələrini və bir neçəsini yaşadığı evin bağ sahəsində təxminən 20 gün ərzində qurudaraq bir ədəd sellofan torbaya və bir ədəd şüşə balona yığaraq evin bağ sahəsindəki dəmir çəlləyin arxa hissəsində istifadə etmək məqsədilə gizlətmişdir. 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olduğu zaman RPŞ-nin polis əməkdaşları yaşadığı evə gələrək evinə və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini ona bildirmişlər. Polis əməkdaşlarına etiraz etsmədikdən sonra hüquq və vəzifələri polis əməkdaşları tərəfindən ona izah edilərək yaşadığı evə vidoçəklişlə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı yaşadığı evin sol yan hissəsində yerləşən bağ sahəsində 3 ədəd dibçəkdə və 42 ədəd isə torpağa əkdiyi narkotik tərkibli nəşə kolları aşkar edilmişdir. Polis əməkdşları həmin bitkilərin kim tərəfindən əkdiyini ondan soruşduqda o, həmin bitkiləri öz istifadəsi üçün əkdiyini və onlara özü tək olaraq qulluq etdiyini bildirmişdir. Bundan başqa bağ sahəsində olan çəlləyin arxa hissəsində bir ədəd sellofan torbada və bir ədəd şüşə balonda gizlətdiyi narkotik vasitələr nəşə aşkar olunmuşdur. Həmin sellofanda və balonda olan kütlənin nə olmasını polislər ondan soruşduqda onların əkdiyi bitkilərdən qurudaraq istifadəsi üçün bağdakı dəmir çəlləyin arxasında gizlətdiyini demişdir. Həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitələr müvafiq qayadada götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə təsdiq edilmişdir. (cild 1, iş vərəqə 38-40) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin PPXT-nın manqa komandiri Şahid2 ifadəsində göstərdi ki, 18 avqust 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri Firdovsi küçəsidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkiləri yetişdirməsi barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. 18 avqust 2021-ci il tarixdə saat 14 radələrində daxil olmuş həmin məlumata əsasən polis əməkdaşlarıilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadıqları evdən çağırdıqdan sonra o, evin qarşısına çıxmış və müstəntiq tərəfindən ev sahibi Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək yaşadığı evə və evinin həyətyanı sahəsinə videoçəklişlə baxış keçirmək istədiklərini ona izah etmişlər. Ev sahibi Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onları evinin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin sol yan hissəsində evindən təxminən 3 metr aralıda bağ sahəsində 3 ədəd dibçəklərdə və 42 ədəd torpağa əkilmiş narkotik tərkibli nəşə kolları aşkar edilmişdir. Baxışda iştirak edən Şabran rayon X9 əməkdaşı həmin bitkilərin narkotik tərkibli nəşə kolları olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitkilərin kim tərəfindən əkildiyini Təqsirləndirilən şəxs soruşduqda o, həmin bitkilərin nəşə kolları olduğunu və onları istifadəsi üçün əkərək onlara tək qulluq etdiyini bildirmişdir. Bundan başqa bağ sahəsində olan çəlləyin arxa hissəsində bir ədəd sellofan torbada və bir ədəd şüşə balonda narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Həmin sellofanda və balonda olan kütlənin nə olmasını Novruzdan soruşduqda o, əkdiyi bitkilərdən qurudaraq sellofana və balona yığıb, istifadəsi üçün həmin bağdakı dəmir çəlləyin arxasında gizlətdiyini demişdir. Baxış zamanı həyətyanı sahədə aşkar edilmiş həmin narkotik tərkibli bitkilər yerdən çıxairılaraq iştirakları ilə ölçülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitələr müvafiq qayadada götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid2la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli “Əməliyyat məlumatının yoxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə “Əməliyyat məlumatının yoxlanılması haqqında” 18 avqust 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 4, 52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübut ola biləcək predmetin götürülməsi barədə” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman bağda olan meyvə ağaclarının ətrafında ümumilikdə 42 ədəd torpağa və 3 ədəd isə dibçəkdə cəmi 45 ədəd yaşıl rəngli bitkilər əkilmişdir. Bundan əlavə bağda olan göy rəngli dəmir çəlləyin arxasında 1 ədəd 3 kiloqramlıq bankda və 1 ədəd sellofan bağlamada qurudulmuş marixuana, 1 ədəd kisədə 4 ədəd quru bitki kolu, 01 ədəd kisədə bir ədəd bitki kolu və 1 ədəd şəffaf plastikqabda 3 ədəd istifadə olunmuş narklotik vasitəyə bənzər qurudulmuş marixuana aşkar olunmuşdur. (cild 1, iş vərəqə 13-14) “Baxış keçirilməsi və maddi sübut ola biləcək predmetin götürülməsi barədə” 18 avqust 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon X5 rəis əvəzi X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı bağçasında meyvə ağaclarının arasında 42 ədəd sahədə, 3 ədəd dibçəkdə olmaqla cəmi 45 ədəd çətənə bitkiləri əkilib becərilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Bitkilərin hündürünün boyu 310 sm, ən balacasının boyu 115 sm-dir. (cild 1, iş vərəqə 16) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 19 avqust 2021-ci il tarixli 7/807 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 01 (bir) ədəd üç litirlik şüşə balonda təmiz çəkisi-241,16 qram və 01 (bir) ədəd sellofan bağlamadakı təmiz çəkisi-248,8 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-489,960 qramdır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş bir ədəd sintetik torbadakı ümumi sayı 45 (qırx beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 250.0 kq olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun mütəxəssisin rəyinə əsasən təqdim edilmiş 45 qırx beş ədəd çətənə kannabis bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 01 (bir) ədəd sintetik torbadakı sayı 01 (bir) ədəd quru vəziyyətdə çəkisi 480 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 01 (bir) ədəd sintetik torbadakı sayı 04 (dörd) ədəd quru vəziyyətdə çəkisi 900 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Təqdim olunmuş bir ədəd sintetik bağlamada say 45 (qırx beş) ədəd və 1 (bir) ədəd sintetik torbada sayı 01 (bir) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eyinidirlər. Bir ədəd sintetik torbada 04 dörd ədəd çətənə kannabis bitkilərinin üzərində yarpaqları olmadığına görə təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs məxsus 03 (üç) ədəd papirosların içərisində ümumi çəkisi 0,331 qram olan qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Marixuana cuzi miqdarda olduğu üçün onların çəksini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. (cild 1, iş vərəqə 21-24) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə Narkoloji Ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 3215 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 64-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 19 avqust 2021ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri Firdovsi küçəsində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd üç litirlik şüşə balonda və 01 (bir) ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 489,960 qram narkotik vasitə qurudulmuş maruxuana, bir ədəd sintetik torbada ümumi sayı 45 (qırx beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 250.0 kq olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd sintetik torbadakı sayı 01 (bir) ədəd quru vəziyyətdə çəkisi 480 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, 01 (bir) ədəd sintetik torbadakı sayı 04 (dörd) ədəd quru vəziyyətdə çəkisi 900 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və içərisində narkotik vastə olan marixuananın hissəcikləri olan 03 (üç) ədəd papiroslar maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 47-49) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs ətraf arteriyalarının aterosklerozu hər iki aşağı ətrafın arteriyalarının aterosklerotik okkuluziiyası, ayaq barmaqlarının qangrenasına görə amputasiyası (budun orta 1/3 səviyyəsində), dayaq hərəkət funksiyasının tam pozulması, dizin yuxarı ayağın qazanılma olması, iki ətrafın güdülü diaqnozu ilə 1-ci qrup əlildir və onun kənar şəxslərin qulluğuna daimi ehtiyacı vardır. (cild 1, iş vərəqə 41) Məhkəmə istintaqı zamanı təyin edilmiş Məhkəmə-situasion ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlil arabasından istifadə etməklə yaşadığı mənzildə və həyətyanı sahədə təkbaşına şəxsin yardımı olmadan narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi, onlara aqrotexniki qaydada qulluq göstərməsi mümkündür. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə təkbaşına heç bir kömək olmadan gedib-gəlməsi mümkündür. Təqsirləndirilən şəxs həm bitkilərin əkilib-becərilməsi, aqrotexniki qulluğu və eləcə də kiçik həcmli əşyaların başqa şəxsin köməyi olmadan yerindən tərpədib, yerini dəyişmək imkanına malikdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Dəvəçi rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli “Amnistiya” qərarına əsasən azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işi materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır. Yaşadığı müddət ərzində barəsində heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. (cild 1, vərəqə 145) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kənar şəxsin köməyi ilə əkməsi barədə barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu, işin faktiki halları, həmçinin məhkəmə-situasion ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə təkzib olunur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni narkotik tərkibli bitkiləri kultivasiya etməkdə ona kənar şəxsin kömək göstərməsi barədə gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs əməlindən peşman olması, hər iki ayağının amputasiya olunaraq əlil arabasının köməyi ilə hərəkət etməsini, 1-ci qrup əlil olmasını, ahıl yaşlı olması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə 02 sentyabr 2021-ci il tarixli 3215 saylı Məhkəmə Narkoloji Ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-də saxlanılan –489,76 qram narkotik vasitə qurudulmuş maruxuana, 45 (qırx beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 250.0 kq olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd sintetik torbadakı sayı 01 (bir) ədəd quru vəziyyətdə çəkisi 480 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, 01 (bir) ədəd sintetik torbadakı sayı 04 (dörd) ədəd quru vəziyyətdə çəkisi 900 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və içərisində narkotik vastə olan marixuananın hissəcikləri olan 03 (üç) ədəd papiroslar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 22). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının, Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 4 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Şabran RPŞ-də saxlanılan –489,76 qram narkotik vasitə qurudulmuş maruxuana, 45 (qırx beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 250.0 kq olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd sintetik torbadakı sayı 01 (bir) ədəd quru vəziyyətdə çəkisi 480 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi, 01 (bir) ədəd sintetik torbadakı sayı 04 (dörd) ədəd quru vəziyyətdə çəkisi 900 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və içərisində narkotik vastə olan marixuananın hissəcikləri olan 03 (üç) ədəd papiroslar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-124/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-124/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver