Məhkəmə qərarları › İş №1(124)-125/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-125/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-125/2022 30.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 2 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 21,585 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq bir qismini üzərində, digər qismini yaşadığı evində saxlamış, 21 iyul 2021-ci il tarixdə saat 18:06-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən yaşadığı 402A nömrəli evin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB və 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının arxa sol yan cibindəki 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,398 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, yaşadığı Corat qəsəbəsi ev 402A ünvanına baxış keçirilməsinə könüllü razı olduğuna görə, həmin ünvanın həyətyanı sahəsində yerləşən məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə keçirilən baxış zamanı, dolabdan 01 ədəd ağ rəngli sellofan torbanın içərəsindəki 01 ədəd oyuncaq sükanın arxa hissəsindəki batareya yuvasından 01 ədəd gümüşü rəngli kağız bükümdə 21,187 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir. Sumqayıt şəhəri Corat qəsəbəsində yaşadığı evin qonşuluğunda 15 metr alarıqda yaşayan İbrahim Abdullayevin evində usta kimi işləyib suvaq vurmuşdur. İbrahimində narkotik istifadəçisi olduğunu bilmişdir. 21 iyul 2021-ci il tarixdə saat 13-14 radələrində polislər İbrahimi tutmağa gəlmişlər, lakin həmin vaxt İbrahim evdə olmamışdır. Buna görə polislər İbrahimin evindən götürdükləri narkotik vasitə və elektron tərəzini onun üzərinə qoymuşlar və boynuna almasını tələb etmişlər. Həmin vaxt onun üzərində Bakı şəhəri “Şamaxinka” adlanan ərazidən az miqdarda öz istifadəsi üçün aldığı narkotik vasitə heroin olmuşdur. Onun evində vəkil ilə gələn polislər videoçəkilişlə axtarış aparmışlar. Onu polislər evdə döymüşlər, sonra isə aparıb 3-cü polis bölməsində döymüşlər ki, narkotik vasitənin və tərəzinin onun olmasını desin. Lakin videoçəkilişdə o, bunu deməmiş, sonra isə onun adından izahat yazdırmaqla məcburən imzalatmışlar. Polislər onun atasını çağırıb evdə axtarış aparmaq istədiklərini demişlər, atası isə buna etiraz etməmişdir. Nə onun üzərində nə də ki evində heroin və metamfetamin olmamışdır. Siqaret qutusundan götürülən narkotiklər də ona məxsus olmamışdır. Polislərin onun evində tapdıqları narkotik vasitəni isə özləri evə qoymuşdular. Çünki həmin vaxt polislər sərbəst olaraq bütün evdə və həyətdə hərəkət etmişlər. Götürülmüş narkotik vasitələr onun yanında qablaşdırılmamışdır. Tərəzini polis əməkdaşı soyuducunun yanında arxadan ona verməklə “cibinə qoy” demişdir. Polis əməkdaşları tərəfində döyüldüyü üçün çəkiliş boyu əlini sinəsinə tutmuş, həmçinin sinəsində təpik izinin olması da videoçəkilişdə görünmüşdür. Bununla belə, ibtidai istintaq orqanı tərəfindən iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd olunmuşdur ki, guya o, videoçəkiliş zamanı özünü müdafiə xarakterli ifadələr verməklə narkotik vasitə və tərəzinin ona məxsus olmadığını demişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 21 iyul 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində Təqsirləndirilən şəxs saxlamışlar. Belə ki, həmin vaxt əməliyyat qrupuna polis əməkdaşları Şahid1 və Rusal İsgəndərov daxil olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı Şahid1 daxil olmuş və o, da əməliyyat qruouna rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən içərisində 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər olan “MAQNA” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin bükümlərdən birinin içərisində “kakos” deyilən narkotik vasitə heroin, digərində isə “şüşə” deyilən psixotrop maddə metamfetamin olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş və onun evinə baxış zamanı 21 qramdan artıq narkotik vasitə heroin aşkar edilmişdir. Videoçəkiliş zamanı da Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitənin onun olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində tərəzi aşkar edilməsini hazırda o, xatırlamır. Halbuki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu deməmişdir. Məhkəmə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs tutulması ilə bağlı hər hansı bir halı xatırlamadıqlarını bildirmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21 iyul 2021-ci il tarixdə qərəzsiz və etibarlı mənbədən ünvan 2 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, daşıması və yaşadığı evində saxlamaqla satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbəliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılmış və o, həmin qrupa daxil edilmişdir. Həmin gün saat 18:06-da Sumqayıt şəhəri Corat qəsəbəsi 402A nömrəli fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsi saxlamışdırlar. Təqsirləndirilən şəxs yanında onun atası Ağakişi Orucov da olmuşdur. Təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs sol əli ilə əynindəki cins şalvarının arxa sol yan cibindən 1 (bir) ədəd “MAQNA” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin qutu açılan zaman oradan 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərdən birinin içərəsində kakos, yəni narkotik vasitə olan heroin, digərində isə şüşə, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələrin özünə məxsus olduğunu, xəstə olduğu üçün 10 ilə yaxındır istifadə etdiyini, Şamaxinkadan 20 manata aldığını bildirmişdir. Bükümlərdən biri açılan zaman onun içərisindən şəffaf rəngli sellofan, sellofanın içərisindən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. İkinci bükümdə isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müşahidə edilmişdir. Bükümlər elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümdə olan qəhvəyi rəngli maddə siqaret kağızı ilə birlikdə 0,45 qram, 2-ci bükümdə olab ağ rəngli, kristal şəkilli maddə isə 0,14 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçının suallarına müvafiq cavabında Təqsirləndirilən şəxs vəkilə verdiyi eyni məzmunlu cavablar verib, qəhvəyi rəngli maddə “KAKOS”, ağ rəngli kristal şəkilli maddə isə “Şüşə” olduğunu, Bakı şəhəri, Şamaxinka deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçı evə baxış keçirmək istədiyini bildirdi, Təqsirləndirilən şəxs etiraz etdməyib bu barədə ərizə vermişdir. Corat qəsəbəsi ev 402A ünvanına baxış keçirilmişdir. 402A ünvanın həyətində təhqiqatçı Təqsirləndirilən şəxs üzərində başqa nəsə əşya olduqunu soruşduqda Təqsirləndirilən şəxs sağ əlini əynində boz rəngli olan cins şalvarın sağ yan cibinə salaraq bir ədəd elektron tərəzini çıxarıb ona məxsus olmadığını qonşunun həyətində tapdığını bildirmişdir. Baxış davam etdirilmiş və həyətdə olan saxlanc yerinə baxış keçirilən zaman orada olan şkafın üzərindən 1 ədəd qutu aşkar olunmuşdur. Qutu açılan zaman oradan dırnaq tutmaq üçün nəzərdə tutulmuş kütücü alət, bıçağın tiyəsi, limon duzu, 1 (bir) ədəd 2 m.qramlıq tibbi şpris. 1 ədəd ağız hissəsi qırılmış vəziyyətdə olan amplua (şüşə) aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Həmin şkafın orta gözlüyündə olan boş balonların yanında 1 ədəd oyuncaq sükan aşkar edilmişdir. Həmin sükanın arxa hissəsində olan batareya yuvasına baxan zaman oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılarkən orda qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmadığını bildirmişdir. Həmin büküm tərəzidə çəkilən zaman həmin maddə siqaret kağızı ilə birlikdə 24,10 qram olduğunu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı digər sübut əhəmiyyətli fakt növü aşkar edilməmişdir. Videogörüntü yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına aparmışdırlar. Orada Təqsirləndirilən şəxs izahat alınan zaman o, bildirmişdir ki, elektron tərəzi və yaşadığı həyət evinə baxış zamanı aşkar olunmuş bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə ona məxsusdur, həmin heroini də təxminən 1 həftə əvvəl Bakı şəhəri, Şamaxinka deyilən yerdə olan zaman 100 manata tanımadığı şəxsdən almışdır. Baxış zamanı özünü müdafiə etmək məqsədi ilə yalandan tərəzinin və bükümdə olan maddənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olmuşdur. Bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirmişdir. Lakin Vəzirin kimə harda hansı məbləğdə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, məhkəmədə polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələri orfoqrafik və mətn səhvləri də daxil olmaqla tamamilə eyni olmuşdur. (Cild 1, iş vərəqləri 103-106, 108-111, 112-115) Hər üç polis əməkdaşlarının ifadələrində müstəntiqin “Təqsirləndirilən şəxs saxlamamışdan öncə tanıyırdınızmı?” sualına cavab olaraq hər üçünün “Xeyr. Azər Qurbanovu tanımırdım. Onu ilk dəfə idi ki görürdüm” cavab vermələrindən bəlli olur ki, bu ifadələr hər hansı bir iş üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədi ilə deyil, şahidin dindirilməsi görüntüsünün yaranması məqsədi ilə alınmış bir ifadələrdir. Məhkəmə qeyd edir ki, hər üç şəxsin orfoqrafik və mətn səhvləri də daxil olmaqla tamamilə eyni ifadə verməsi bu ifadələrin mötəbər olmaması ilə yanaşı, şahid tərəfindən gördüyü və bildiyi iş üçün əhəmiyyət kəsb edən halları real olaraq təsvir etməməsinin bariz göstəricisidir. Belə ki, videoçəkilişdə aşkar surətdə narkotik vasitənin və tərəzinin ona məxsus olmadığını deyən Təqsirləndirilən şəxs adından ifadə verən hər üç polis əməkdaşı guya polis bölməsində onun narkotik vasitə və tərəzinin ona məxsus olmasını etiraf etməsini, özünü müdafiə etmək məqsədi ilə videoçəkiliş zamanı yalan ifadə verməsini bildirməsini göstərmişlər. Halbuki, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs dindirilmə protokoluna əsasən bu istintaq hərəkətində iştirak etməyən və iştirak etmələri də mümkün olmayan əməliyyat müvəkkillərinin Təqsirləndirilən şəxs guya etiraf xarakterli ifadə verməsindən hansı mənbədən məlumat almaları anlaşılmazdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinin həqiqiliyinə əsaslı şübhələr olduğundan onlar mötəbər sübut kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün əsas götürülə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı videoçəkilişdə aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını və onun üzərinə elektron tərəzinin qoyulmasını deyən, bu xüsusatları açıq məhkəmə iclasında kifayət qədər inandırıcı izah edən təqsirləndirilən şəxsin, təhqiqatçı və müstəntiqə ifadə verərkən bəlli olmayan səbəblərə görə ona istinad edilən bütün cinayət əməllərini etiraf etməsi, təqsirlndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin mötəbərliyi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır ki, məhkəmə bu şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrini onun təqsirliliyini təsdiq edən sübut kimi qəbul etmir. İstintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və baxış keçirilməsi barədə” 21 iyul 2021-ci il tarixli protokol olmuşdur. (Cild 1, iş vərəqə 27-28, 101-102). Cinayət işinin materiallarında olan qeyd edilən protokoldan görünür ki, 21 iyul 2021ci il tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı 01 ədəd “Maqna” markalı siqaret qutusunun içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,45 qram çəkidə narkotik vasitə heroinə bənzər və 0,14 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, daha sonra isə yaşadığı Corat qəsəbəsi ev 402A ünvanına baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikiliyə keçirilən baxış zamanı, dolabdan 01 ədəd ağ rəngli sellofan torbanın içərəsindəki 01 ədəd oyuncaq sükanın arxa hissəsindəki batareya yuvasından 01 ədəd gümüşü rəngli kağız bükümdə 24,10 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 6/3009 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş...” sözləri. ad, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 21,187 qram, 0,398 qram ümumi təmiz çəkisi 21,585 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 0,084 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş...” sözləri. Ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə olan bir ədəd tərəzidə, 1 ədəd qırılmış şüşə ampulada və 2 ml həcmli şprisdə narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqə 38-43). “Şəxsi axtarış və baxış keçirilməsi barədə” 21 iyul 2021-ci il tarixli əməliyyat-istintaq hərəkətlərinin gedişatı videoçəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin istintaq hərəkətində əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olundu ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı və evində baxış aparılması əməliyyat-istintaq hərəkəti bir fayldan ibarət videogörüntülərdə əks olunmuşdur. Videogörüntülərdən görünür ki, ilkin olaraq 3 nəfər polis əməkdaşı, təhqiqatçı və müdafiəçi yaşadığı evin qarşısında üzərində şəxsi axtarış aparılması üçün saxlanılan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Bu zaman saxlanılan şəxsin atası da orada olmuşdur. Əynində ağ rəngli qısaqol mayka olan Təqsirləndirilən şəxs sol əli ilə sağ sinə nahiyəsini tutmuş, onun sağ sinə nahiyəsində isə təpik izinə (ayaqqabı altlığının izi) bənzər çirklənmə izi aydın şəkildə görünür. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələrin təqdim olunması təklif olunduqda sonra o, əynindəki boz rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “Maqna” markalı siqaret qutusu çıxarmaql həmin qutuda olan iki bükülünü təqdim edir “bir çet mal” olduğunu bildirir, lakin təhqiqatçı onun dediklərini düzəliş etməklə “iki büküm” olduğunu israrla vurğulayır. Həmin bükümlərə yerində baxılır və elektron tərəzidə ölçülür, bu zaman qablaşdırma ilə birlikdə 0,45 qr. çəkidə narkotik vasitə heroinə və 0,14 çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümü 20 manata Şamaxinkadan almasını deyir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində və evində hər hansı bir qadağan olunmuş əşyanın narkotik vasitənin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs və onun atası isə buna etiraz etmirlər, Təqsirləndirilən şəxs isə “zibil yığmaqla” məşğul olduğunu və narkomaniyadan əziyyət çəkdiyini bildirməklə daha çox həcmdə narkotik vasitə almağa pulunun olmadığını və evində heç nəyin olmadığını bildirir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş iki bükümdə olan kütlələr prosessual qaydada qablaşdırılmır. Bundan sonra, baxış adı ilə evə daxil olan polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparmağa başlayırlar. Videoçəkilişin 04:50 dəqiqəsində aydın şəkildə görünür ki, əynində qara rəngli qısa qol mayka olan Rəfiyev soyadlı polis əməkdaşı soyuducu istiqamətində Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibi istiqamətində sağ ilə hansısa predmeti “ala qoy cibinə” sözlərini deməklə uzadır, Təqsirləndirilən şəxs isə sağ əli ilə şalvarının arxa sağ cibində düzəliş edir. Məhz bu anla bağlı Təqsirləndirilən şəxs qeyd edir ki, polis əməkdaşı həmin vaxt onun cibinə elektron tərəzi qoyur. Dəqiqləşdirilməsi üçün həmin epizoda məhkəmə tərəfindən təkrarən baxıldıqda və qulaqcıq vasitəsi ilə müşavirə otağında bu epizod bir daha dinlənildikdə, polis əməkdaşı tərəfindən “ala qoy cibinə” sözlərinin deyilməsi aydın eşidirlir. Daha sonra, artıq çöldə üzərinə baxış keçirilmiş və üzərində daha heç nə olmadığı müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları təkrarən sual verməklə üzərində hər hansı bir əşyanın olması sorğu edilir, o, isə şalvarının arxa sağ cibindən bir ədəd boz rəngli elektron tərəzi çıxarmaqla polis əməkdaşlarına verir və ona məxsus olmadığını, onun üzərinə qoyulduğunu və ona məxsus olduğunu deməyi məcbur edildiyini bildirir. Bundan sonra, polis əməkdaşları tərəfindən evin digər otaqları da axtarışa məruz qalır. Bu zaman videoçəkilişin 06:27 dəqiqəsində axtarış aparılan ikinci otağın sağ divarı boyunca olan masanın üzərindəki siferblatı ağ olan qara rəngli kiçik masa üstü saatın əqrəbləri ilə müəyyən olur ki, həmin an saat 15:50 olmuşdur. Bu da, təqsirləndirilən şəxsin onun saat 14 radələrində saxlanılmasının həqiqi olmasını bir daha təsdiq edir. Həmçinin videoçəkilişdən də görünür ki, hava isti və günəşli olmaqla günorta saatlarına uyğun olmuşdur. Halbuki, “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 21 iyul 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs saxlanılma saatı kimi 18:06 göstərilmişdir. Evdə hər hansı bir qanunla qadağan əşya tapmayan polis əməkdaşları axtarış boyunca mühafizəsiz qalmış, qapısı açıq kiçik bir saxlanc yerinə girərək Təqsirləndirilən şəxs “bayaq deyirdin malım var, göstər onu, şprisini göstər deməklə” təqsirləndirilən şəxsin guya onda hər hansı bir narkotik vasitənin olmasını deməyi israrla tələb etmişlər. Halbuki, bütün videoçəkiliş boyunca Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra bir ədəd kiçik qutunu rəfdən götürüb polis əməkdaşlarına verməklə həmin qutuda olan bir ədəd şpris, sınıq ampula, limon duzu və bıçağın tiyəsini təqdim etməklə narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və bunların narkotik istifadə etmək üçün nəzərdə tutulduğunu bildirir. Məhz bundan sonra həmin otaqda axtarış aparan polis əməkdaşları eyni rəfdən bir ədəd uşaq oyuncaq sükanını çıxarıb, həmin sükanın batareya yuvasında olan bir ədəd sellofan və folqaya bükülmüş, çəkisinin bağlama ilə birlikdə 24,10 qram olduğu müəyyən edilən tünd rəngli kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs isə israrla həmin kütlənin onun evinə qoyulduğunu, bu kütlənin ona məxsus olmadığını bildirmişdir. Bu halda da təhqiqatçı tərəfindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə cinayət-prosessual qanunvericiliyinin tələbinə müvafiq olaraq qablaşdırılmır və təhqiqatçı tərəfindən qablaşdırma ilə bağl sənədləşmənin 3-cü polis bölməsində aparılacağı bildirilməklə videoçəkiliş dayandıraraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə qeyd edir ki, nəzarətsiz qalan saxlanc yerində polis əməkdaşları tərəfindən narkotik vasitənin aşkar edilməsi, evin həmin hissəsinin xeyli vaxt mühafizəsiz qalması və digər şəxslərin ora sərbəst daxil ola bilməsi, həmin narkotik vasitənin prosessual qaydada qablaşdırılmaması, videoçəkilişdə təqsirləndirilən şəxsdə döyülməyə xas əlamətlərin olması, təqsirləndirilən şəxsin üzərinə tərəzinin aşkar surətdə qoyulmasına işarə edən kifayət qədər dəlillərin olması və istintaq hərəkətinin 18:06 başlanılmasının qeyd olunmasına baxmayaraq evdə olan saatın saat 15:50 dəqiqə göstərməsi, hava şəraitində məhz günorta saatlarına uyğun olması kimi halların məhkəmə istintaqı zamanı müəyyən edilməsi “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 21 iyul 2021-ci il tarixli protokolun həqiqiliyinə əsaslı şübhələr yaradır ki, bütün bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə həmin protokolun mötəbər olmayan sübut kimi qiymətləndirilməsinə əsas verir və məhz bu əsaslara görə məhkəmə ittiham tərəfinin təqdim etdiyi bu sübutu da təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut növü kimi qəbul etmir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun istintaq hərəkəti aparılarkən prosessual qaydada qablaşdırılmamaması onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Avropa məhkəməsinin mövqeyinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilsə də o, hüquqları barədə ətraflı məlumatlandırılmamış, o cümlədən evində məhkəmə qərarı olmadan axtarışın aparılmasının onun müdafiə hüququna xələl gətirə biləcəyi ona izah edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılığının olması barədə ərizə əlavə edilsə də, videoçəkilişdə bu cür ərizənin yazılması müşahidə olunmur. (Cild 1, iş vərəqə 26). Təhqiqatçı və digər polis əməkdaşları Təqsirləndirilən şəxs özünün dəvəti ilə onun evində baxış istintaq hərəkətinin adı ilə faktiki olaraq axtarış aparmalarına qanuni aparılan istintaq hərəkəti görüntüsünü yaratmağa çalışsalar da, faktiki olaraq qanuni əsas və məhkəmənin qərarı olmadan bu istintaq hərəkətini yerinə yetirməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243 və 177-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşlar. Belə ki, həmin məsələ ilə bağlı qeyd edir ki, yaşadığı evdə narkotik vasitə saxlayan şəxsin bu narkotik vasitənin tapılması ehtimalını şüurlu surətdə dərk edərək evində polis əməkdaşları tərəfindən axtarış və baxışın aparılmasına icazə verməmək kimi hüququndan istifadə etməsi, polis əməkdaşlarının isə əvvəlcədən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə qərarının əldə etmək kimi vəzifələrinin icra etməsi kimi prezumpsiya mövcuddur. Təqsirləndirilən şəxs və onun atasının sərbəst şəkildə polis əməkdaşlarına evdə hər hansı bir qanunla qadağan edilmiş əşyanın olmadığını bildirib onların evə daxil olmalarına və axtarışın aparılmasına maneə törətməmələri, bunun üçün məhkəmə qərarının olmasını mütləq qaydada tələb etməmələri Təqsirləndirilən şəxs evində külli miqdarda narkotik vasitəni saxlamamasının aşkar təzahürüdür. Məhkəmə qeyd edir ki, iş yeri və daimi qazancı olmayan, yoxsul vəziyyətdə yaşamaqla narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin külli miqdarda narkotik vasitəni əldə edərək evdə saxlaması kimi istintaqın gəldiyi nəticə, işin bu kimi halları ilə də uyğunsuzluq təşkil edir. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 09 oktyabr 2021-ci il tarixli 3862 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı nə birbaşa, nədə ki, dolayı olan heç bir sübut müəyyən etməməklə yanaşı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən sübutların qiymətləndirilməsi ilə bağlı 11 noyabr 2021-ci il tarixli qərarda satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə etməsi və saxlamasının öz təsdiqini tapması ilə bağlı gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib səhv qənaətə gəlmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X3rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X6 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həmin müddətdən o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqləri 77-78). Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Əşyanın maddi sübut kimi tanınması və saxlanılması haqqında” 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunması iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,485 qram olan narkotik vasitə heroin, 0,044 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd qırılmış şüşə ampula və 1 ədəd 2 ml. həcmli şpris maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 85). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evində aparılan baxış (axtarış) zamanı aşkar edilməsi iddia olunan bir ədəd ədəd elektron tərəzi, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,485 qram olan narkotik vasitə heroin, 0,044 qram olan psixotrop maddə metamfetamin, elektron tərəzinin təqsirləndirilən şəxsin üzərinə qoyulmasına hüquqi qiymət verilməsi, narkotik vasitə və psixotrop maddənin isə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə xərclər ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evində aparılan baxış (axtarış) zamanı aşkar edilməsi iddia olunan bir ədəd ədəd elektron tərəzi, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,485 qram olan narkotik vasitə heroin, 0,044 qram olan psixotrop maddə metamfetamin, elektron tərəzinin təqsirləndirilən şəxsin üzərinə qoyulmasına hüquqi qiymət verilməsi, narkotik vasitə və psixotrop maddənin isə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar