Məhkəmə qərarları › İş №1(124)-125/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-125/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-125/2025 29.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin özünün iştirakları ilə, xx xxxx 2002-ci ildə Rusiya Federasiyasının İrkutsk Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 7-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 10 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə 2,181 qram çəkidə külli miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq Abşeron rayonu Saray qəsəbəsinə daşımış, 11 may 2024-cü il tarixdə saat 00:50 radələrində Abşeron rayonu, Saray qəsəbəsi Duzgölü yaxınlığında Abşeron rayon polis idarəsinin X8 və DİN-in X13 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, X10 gətirilib həmin gün saat 01:40-dan 01:50-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 2,181 qram çəkidə külli miqdarda açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bir ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. İkinci dəfə idi narkotik vasitə heroini İran nömrəsindən tanımadığı şəxsdən 30 manat müqabilində 1 qram həcmdə sifariş etmiş və həmin narkotik vasitəni qoyulduğu yerdən Masazır qəsəbəsində Duz gölün yanından götürməyə getmişdir. Narkotiki götürüb qayıdarkən onu post-patrul xidməti bölüyünün əməkdaşları oğurluq hadisəsində şübhələndikləri adı ilə saxlamışlar və polis bölməsinə aparmışlar. Yolda maşınla polis onu apararkən üzərini axtarmışlar və bir bükümdə olan narkotik vasitəni götürmüşlər. X10 təqribən saat 01 radələrində gətirilmiş və əməliyyat müvəkkili Şahid1 onun üzərindən götürdüyü bir bükümdə narkotik vasitəni otaqda elektron tərəzinin üzərinə qoymuş, bükümün çəkisi 0,8 qram olmuşdur. Sonra Şahid1 valideynlərinə zəng etməyi və 5.000 manat məbləğində pul gətirməyi demiş, bunun müqabilində isə onu istifadəçi kimi 0-3 ilə qədər azadlıqdan məhrum etmə olan maddə ilə rəsmiləşdirəcəyini, həbssiz məhkəməyə veriləcəyini və məhkəmədə cəza kimi qandal almaqla tutulmayacağını demişdir. Buna cavab olaraq Şahid1 avtoyuma məntəqəsində yuyucu işlədiyini, atasının Bakıda olmadığını, anasının isə imkansız olduğunu demişdir. Sonra onun müvəqqəti saxlama yerinə aparmışlar və səhər saat 06 radələrində onu yenidən otağa gətirmişlər, Şahid1 ondan bir daha pul verib-verməyəcəyini və fikrinin nə olduğunu soruşmuş, buna cavab olaraq isə ona yenidən maddi imkanın olmadığını bildirmişdir. Bundan sonra səhər saat 06 radələrində vəkil gəlmiş və onun üzərindən narkotikin götürülməsi ilə bağlı çəkiliş aparılmışdır. Çəkilişdən əvvəl əməliyyat müvəkkili Şahid1 ondan götürdüyü bir bükümdə narkotik vasitə ona verməklə “ala qoy cibinə, səndən çıxan idi, çəkilişdə çıxararsan” demişdir. Buna görə bükümü cibinə qoymuş və çəkiliş zamanı cibindən çıxarıb təqdim etmişdir. Lakin ona verilən büküm formasına və böyüklüyünə görə ondan götürülən bükümdən fərqləndiyini hiss etmişdir. Lakin həmin vaxt fərqinə varmadığından buna əhəmiyyət verməmişdir. Yalnız müstəntiq onu dindirdikdən sonra və onun üzərində bir qram deyil 2 qramdan artıq narkotik olduğunu dedikdə, o bunu bilmiş və ifadəsində etiraz etməklə üzərində 1 qram narkotik olduğunu qeyd etmişdir. Bundan sonra başına gələnlər və onda ittihamda göstərilən həcmdən az narkotik aşkar olunmasını həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun qəbulunda rayon prokuroruna danışmış, buna görə də prokuror onun barəsində həbs seçilməsindən imtina etmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, polis əməkdaşları onu 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində saxlamışlar və dərhal X10 aparmışlar. Üzərinə videoçəkiliş isə vəkil gəldikdən sonra təxminən saat 06 radələrində aparılmışdır. Şahid1 çəkilişdən əvvəl ondan götürdüyü, fərqlənən narkotik bükümünü ona verdikdən sonra həmin büküm çəkilişdə təhqiqatçı tərəfindən onun yanından tərəzidə ölçülmədən qablaşdırılmışdır. Buna görədə o, üzərindən götürülən 0,8 qram narkotikin 2 qramdan artıq olmasını yalnız müstəntiq onu dindirərək bilmiş və dərhal bununla bağlı ifadəsinə qeyd vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində də təqsirlindədirilən şəxs onda ittihamda göstərilən həcmdə deyil, 01 qram çəkidə narkotik vasitə olduğunu göstərmişdir. (Cild 1, iş vərəqləri 48-49) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin X8 Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 may 2024-cü il tarixdə saat 00:50 radələrində digər polis əməkdaşları ilə birgə ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmət apararkən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Duz gölünün yanında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ona suallar verdikdə o, qeyri-adekvat cavablar verməyə başlamışdır. Buna görədə sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsi X10 aparmışlar və bölmədə vəkilin iştirakı və videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə, külli miqdarda heroin növündə narkotik vasitə aşkar olunmuş, onun dəqiq çəkisini isə xatırlamır. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən özündə başqa çevik polis alayının 2 əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə deyil, 15-20 dəqiqə sonra polis bölməsində şəxsi axtarış keçirilmişdir. Çəkilişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik götürməmiş, ondan 5.000 manat məbləğində pul istəməmiş, videoçəkiliş səhər saat 06-07 radələrində deyil, saxlanıldıqdan 20 dəqiqə sonra polis bölməsində aparılmış, vəkildə həmin vaxtı gəlmişdir. Şahid1 video çəkilişdə vəkilin qolunda olan saatın səhər saat 05:45 göstərməsini isə həmin saatın nasaz olması ilə izah etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 11 may 2024-cü il tarixdə saat 00:40- 00:50 radələrində digər polis əməkdaşları ilə birgə ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar gəzintidə olarkən Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölü yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxs onları gördükdə oradan uzaqlaşmağa çalışmış və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Suallar verdikdə dolaşıq cavablar verməyə başlamışdır. Bundan başqa, həmin sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs üzərində narkotik vasitə olduğunu da demişdir. Buna görə onu X10 dəvət etmişlər və orada vəkilin iştirakı və video çəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkar olunmuş, lakin narkotik çəkisini o, xatırlamır. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saat 01 radələrində saxladıqdan sonra təxminən saat 01:30 radələrində X10 çatmışılar. Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış onu polis bölməsinə gətirdikdən 2,5 - 3 saat sonra aparılmış, həmin vaxtda vəkil gəlmişdir. Vəkil gələnədək Təqsirləndirilən şəxs dəhlizdə gözləmiş, ondan 5.000 manat məbləğində pul tələb olunmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərinə vizual olaraq baxış keçirmiş, şəxsi axtarış isə vəkil gələndən sonra, 2,5 - 3 saat sonra keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 11 may 2024-cü il tarixdə xidmət apardıqları ərazidə, yəni Saray qəsəbəsində Duz gölü adlanan ərazidə Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar, şəxsiyyətini müəyyənləşdirmək istədikdə üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar və həmin şəxs bunu etiraf etmişdir. Daha sonra, onu X10 gətirib növbətçi hissəyə təhvil vermişlər. Şəxsi axtarış zamanı onun üzərində 01 bükümdə narkotik vasitə heroin aşkar olmuş, lakin narkotikin dəqiq çəksini hazırda xatırlamır. Daha sonra, verilən suallara cavab olaraq o, göstərmişdir ki, ondan başqa Təqsirləndirilən şəxs saxlayarkən Şahid2 və əməliyyat müvəkkili Şahid1 olmuşdur. Onu saat 00:40-00:50 radələrində saxlamışlar, saxladıqdan 15-20 dəqiqə sonra isə polis bölməsinə gətirmişlər. Vəkilin isə bölməsinə gəldiyi vaxtı xatırlamır, lakin 1-2 saat sonra gəlməsini düşünür. İbtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntuları və icraat materiallarında olan uyğunsuzluqlarla bağlı məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 ifadəsində göstərdi ki, o, qrafikə uyğun olaraq adətən hər ayın 10-11-ə tarixlərində növbətçi olur. 11 may 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı ona təhqiqatçı tərəfindən onun ********** mobil nömrəsinə zəng olunmuş və X10 çağırılmışdır. Apardığı qeydiyyata əsasən Təqsirləndirilən şəxs 01:35 radələrində saxlanılmış, 01:45-01:55-radələrinə kimi onun şəxsi axtarışı video çəkiliş ilə keçirilmişdir. Polis bölməsinə isə saat 01:30-da gəlmişdir. Saat 06 radələrində üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı təqsirləndirilən şəxsin dedikləri yalandır. Bundan başqa, video çəkilişdə qolunda olan saatın 05:40 – 05:45 göstərməsi ilə bağlı verilən suala cavab olaraq M.Abuzərli qeyd etdi ki, onun qolunda olan saat işlək vəziyyətdə olmamışdır. İbtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntuları və icraat materiallarında olan uyğunsuzluqlarla bağlı məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı ilkin sənədləşmə işləri onun tərəfindən aparılmışdır. Belə ki, 10-11 may 2024-cü il tarixdə növbətçi təhqiqatçı kimi növbədə mən olduğu zamanı gecə saatlarında Saray PB-nin əməkdaşı Şahid1 və çevik polis əməkdaşları bir nəfər gətirməklə onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə raport vermişlər. Həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməklə Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Daha sonra, özünə məxsus ********** saylı mobil nömrə ilə əlaqə saxlamış və vəkili dəvət etmişdir. Vəkilin gəlməyi 1 saat 20 dəqiqə vaxt çəkmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də hüquqi qiymət verilməsi üçün tədqiq edir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 11 may 2024-cü il tarixdə tərtib olunmuş raportdan görünür ki, həmin tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Duz gölünün yaxınlığında şübhəli bilindiyi üçün saxlanılaraq X10 gətirilmişdir. (Cild 1, iş vərəqi 3) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi-ekspertizasının 11 may 2024-cü il tarixli, 3-16-16/2-6/2648 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ““Azərbaycan Respublikası DİNnin Zərflər üçün № 246” dairəvi möhür əksləri,” “Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,181 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqi 102) İş materiallarında olan maddi sübut kimi tanıma və sübutların qiymətləndirilməsi haqqında qərarların surətindən görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,081 qram olan narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin Maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 62, 95-99) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 4151 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəlyi aşkar olunur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 87-88) Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, iş materiallarında olan və ittiham tərəfinin təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən əsas sübut növü kimi məhkəməyə təqdim etməyə çalışdığı 11 may 2024cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və polis əməkdaşları tərəfindən tərtib olunmuş yuxarıda qeyd edilən raporta əsasən, Təqsirləndirilən şəxs həmin gün saat 00:50-də Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Saray PB-yə gətirilmiş, orada müdafiəçi ilə təmin olunmuş, tutulan şəxs kimi prosessual hüququları və vəzifələri izah edilmiş, daha sonra saat 01:40dan 01:50-dək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə və video çəkiliş ilə şəxsi axtarış keçirilmiş, bu zaman onda bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 24-25) Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə Saray qəsəbəsi, Duz gölünün yaxınlığında saat 00:50 radələrində saxlanılması məhkəmədə hər hansı bir sual doğurmur. Lakin “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2024-cü il tarixli protokola əlavə edilmiş və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, 06:32 dəqiqədən ibarət video çəkilişin 01:27 və 04:29 dəqiqələrində təqsirləndirilən şəxsin vəkilinin qolunda olan saatın əqrəbləri müvafiq olaraq 05:40 və 05:45 dəqiqələri göstərir. Əqrəbin hərəkət etməsindən bəlli olur ki, saat işlək vəziyyətdədir. Göründüyü kimi protokolun tərtib edilməsi vaxtı ilə müdafiəçinin qolunda olan saatın göstərdiyi vaxt arasında fərq 4 saat olmuşdur. Bu məsələ ilə bağlı məhkəmədə dindirilən vəkil Munis Abuzərli göstərmişdir ki, onun qolunda olan saat işlək vəziyyətdə olmamış, məhz buna görə də protokolun tərtib edilmə vaxtı ilə qolunda olan saatın göstərdiyi vaxt arasında fərq olmuş, onun qeydiyyatlarına əsasən şəxsi axtarış tərtib olunmuş protokolda qeyd olunmuş vaxtda keçirilmişdir. Məhkəmə isə sübutlar əsasında qeyd edilən halı yoxlayaraq vəkilin saatının işlək vəziyyətdə olmasını və protokolun tərtib edilməsinin real vaxtının saat 05:45 dəqiqə olmasını müyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.1 və 141.1.2-ci maddlərinə əsasən ümumi məlum olan faktlar, müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Maddi sübut kimi tanınanraq məhkəməyə təqdim edilmiş 01 ədəd “DVD” formatlı diskə baxış keçirdikdə müyyən olunur ki, həmin diskdə “Təqsirləndirilən şəxs” adlı, “MP4” formatlı, “968.399KB” həcmli video fayl vardır. Video fayl yazılarkən qeydə alınan, onun yaranma tarixi, vaxtı, məkanı və digər göstəriciləri haqqında dəyişdirilə bilməsi mümkün olmayan “meta məlumatları” özündə əks etdirən “Media İnfo” bölümünə girdikdə müəyyən edilir ki, videoçəkiliş “Samsung SM- A525F” cihazı ilə qeydə alınmışdır. Çəkilişin qeydə alınma tarixi və vaxtı kimi məlumatlar “UTC 2024-05-11 01:45:58” göstərilmişdir. “UTC” vaxt sistemi Qrinviç meridianının orta günəş vaxtıdır, gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geri vaxtı göstərir. Həmin vaxtın üzərinə (+4 Baku) olan Bakı vaxtını gəldikdə müəyyən olunur ki, video çəkilişin dəqiq qeydə alınmasının tarixi və vaxtı 11 may 2024-cü il saat 05:45:58-dir. Bu vaxtdan 6 dəqiqə 32 saniyə olan videoçəkiliş vaxtını çıxdıqda müəyyən olunur ki, dəqiq olaraq videoçəkiliş 11 may 2024-cü il tarixdə saat 05:39:26-da başlanılmış və 05:45:58-də bitmişdir. Bu göstəricilər vəkilin qolunda olan saatın 05:40 – 05:45 göstərməsi ilə eyni olduğundan müəyyən olunur ki, vəkilin qolunda olan saat işlək vəziyyətdə olmuş və saat real vaxtı göstərmişdir. Bundan başqa, videoçəkilin qeydə alındığı məkanın göstəriciləri kimi “+40.5276 049.7461” GPS koordinatları yazılmışdır. Həmin koordinatlar məhkəmədə tərəflərin iştirakı ilə “Google Maps” internet xəritələrində yoxlanılarkən görünür ki, koordinatlar bilavasitə X8 inzibati binasını göstərir. Bu hal da videoçəkiliş aparılan cihazın internetə qoşulu olmasını, real vaxtı və məkanı göstərdiyini təsdiq edir. Bununla da videoçəkilişin “meta məlumatları” ilə müəyyən olunur ki, 11 may 2024cü il tarixdə saat 05:39:26-dan 05:45:58-dək olan müddət ərzində X8 inzibati binasında aparılmışdır. Çıxarış iş materiallarına əlavə edilir. (Cild 2, iş vərəqləri 67-68) Bundan başqa, məhkəmə istintaqı zamanı vəkil Munis Abuzərlinin istifadəsində olan ***-***-**-** nömrəsinə, təhqiqatçı Murad Bəşirov istifadəsində olan ***-***-**-** nömrəsinə və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə gələn və gedən zənglər, antena və SMS məlumatları da müvafiq mobil rabitə operatorlarından götürülməklə təhlil edilmişdir. Müəyyən edilmişdir ki, təhqiqatçı Murad Bəşirovun istifadəsində olan ***-***-**-** nömrəsindən vəkil Munis Abuzərlinin istifadəsində olan ***-***-**-** nömrəsinə ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 02:13 dəqiqədə zəng olunur. Antena yerləşməsinə görə həmin vaxt təhqiqatçı Saray PB-nin ərazisini əhatə edən “Saray botanika bagi//Absheron/ (40.530xx/xx.73998)” aid antena stansiyasının əhatə dairəsində olmuş, vəkil isə oradan kifayət qədər uzaq məsafədə Abşeron rayonu Xırdalan şəhərinin ərazisini əhatə edən “X5//Absheron/ (40.450xx/xx.72318)” antena stansiyasının əhatə dairəsində olmuşdur. Daha sonra saat 05:31 dəqiqədə vəkil Munis Abuzərlinin istifadəsində olan ***-***- **-** nömrəsi təhqiqatçı ilə eyni ərazidə, yəni X11 əhatə edən “Saray botanika bagi//Absheron/ (40.530xx/xx.73998)” aid antena stansiyasının əhatə dairəsində olmuşdur. (Cild 2, iş vərəqləri 59-66) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə aid antena məlumatları isə onu göstərir ki, onun sonuncu antena stansiyasına görə yeri 11 may 2024cü il tarixdə saat 00:01 dəqiqədə “Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid 85/Abşeron/(40.46702/49.755)” antena stansiyasının əhatə dairəsində olmuşdur. Bundan sonra isə onun hərəkəti olmamışdır. Bu məlumatlar bir daha onu təsdiq edir ki, vəkil Munis Abuzərli təhqiqatçı Murad Bəşirov tərəfindən 11 may 2024-cü il tarixdə saat 02:13-də zəng olunaraq Saray PB-nə dəvət olunmuş, vəkil isə həmin Polis Bölməsinə saat 05:31-də gəlmiş, 05:39-da isə şəxsi axtarış və götürülməyə aid video çəkiliş aparılmışdır. Halbuki, təhqiqatçı tərəfindən tərtib olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2024-cü il tarixli protokolun vaxtına əsasən bu istintaq hərəkəti həmin tarixdə saat 01:40-dan 01:50-dək olan müddət ərzində aparılmışdır. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs onun tutulması ilə şəxsi axtarışın aparılması arasında yaranan 4 saatdan artıq vaxt boşluğu ilə bağlı qeyd etmişdir ki, bu müddət ərzində o, X9 saxlanılmış, əməliyyat müvəkkili Şahid1 tərəfindən onda olan bir bükümdəki narkotik vasitəni götürülməklə otağında tərəzidə çəkilmiş və bükümün çəkisinin 0,8 qr. olması müəyyən edilmişdir. Saxlanıldığı vaxt ərzində ondan əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirilməsi üçün Şahid1 tərəfindən pul istənilmiş, buna əməl etmədikdə isə səhər saatlarında vəkil gəldikdən sonra video çəkiliş başlanılmazdan əvvəl Şahid1 ona büküm verməklə, həmin bükümün ondan götürülən büküm olduğunu demişdir. Bükümü götürdükdə onun daha böyük olmasını hiss etmiş, lakin həmin vaxt anlayışı olmadığından bunun fərqinə əhəmiyyət verməmişdir. Məhkəmədə ifadə verən polis serjantı Şahid2 da göstərmişdir ki, vəkil təqsirləndirilən şəxs tutulduqdan təxminən 3 saat sonra gəlmişdir. Göründüyü kimi polis əməkdaşları nəinki təqsirləndirilən şəxsin tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə və ya dərhal bundan sonra rəsmiləşdirməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri tutulmuş şəxsi gətirdikləri X9 də qısa müddətdə icra etməmiş və onu əsassız olaraq 4 saatdan artıq müddətdə saxlamış, nəticə etibarı ilə də təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. İbtidai istintaq orqanı tərəfindən isə bu pozuntuları icraat materiallarında qeydə alınaraq məhkəməyədək icraat zamanı araşdırmaması, təqsirləndirilən şəxsin sübuta “müdaxilə” edilməsi və sübutun “qoyulması” ilə bağlı məhkəmədə verdiyi ifadələrinin həqiqət ola bilməsi ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmaqla yanaşı, məhkəmədə onun təqsirliliyi ilə bağlı əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2024-cü il tarixli protokol mötəbərliyinə əsaslı şübhələr olduğundan etibarsız sübut kimi qəbul edilməli və bu protokol ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Məhkəmə, qeyd edilən məsələ ilə bağlı mövcud məhkəmə praktikası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 34-cü bəndində qeyd olunmuş tövsiyyələri nəzərə alır. Plenum Qərarının həmin bəndində qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Bundan əlavə, Plenumun sözü gedən Qərarına əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Eyni məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247.1.9cu maddəsinə əsasən axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri tərtib olunmuş protokolda göstərilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, verilmiş ittihama əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan narkotik vasitə heroinin çəkisi 2,181 qr. təşkil edir. Məhkəmə vurğulayır ki, narkotik vasitə heroinin 2 qr. çəkisi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələrin siyahısına (Siyahı 1)” daxil edilmiş narkotik vasitə heroinin xeyli miqdarının yuxarı həddinin, külli miqdarının isə aşağı həddinin sərhədi olmaqla miqdarda olan cüzi fərq şəxsin əməlinin tövsifinə ciddi təsir etmiş olur. Belə olan halda böyük çəkilərdə narkotik vasitələrin götürülməsi və qablaşdırılmasından fərqli olaraq ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin təqsirli olmasına və ondan ittihamda göstərilən çəkidə narkotik vasitənin götürülməsinə daha həssas yanaşmalı, şübhə yaranmasının qarşısının alınmasından ötrü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247.1.9-cu maddəsinin tələblərinə ciddi əməl etməklə götürmə zamanı narkotik vasitəni qablaşdırmadan əvvəl tərəzidə çəkməklə protokolda narkotik vasitənin çəkisini qeyd edərək bu şübhələri aradan qaldırmaq imkanında olmuşdur. Ən azından götürmə zamanı videoçəkilişdə, təqsirləndirilən şəxsin ilkin izahatı və şübhəli şəxs qismində dindirilmə protokolunda əldə etdiyi narkotik vasitənin çəkisi ilə bağlı təqsirləndiriləndirilən şəxs dindirilməli və ona müvafiq suallar verilməli idi. Görünən mənzərə isə ondan ibarətdir ki, yalnız müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs aydın olur ki, ona 2,181 qram çəkidə külli miqdarda narkotik vasitə heroinə görə ittiham verilmiş və ilk dəfə bu haqda xəbəri olan təqsirləndirilən şəxs buna etiraz edərək ifadəsində göstərir ki, o, 1 qram narkotik vasitə əldə etmişdir. Bu şübhələr təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin mötəbər olmasını bir daha möhkəmləndirir. (Cild 1, iş vərəqləri 48-49) Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Sadalanan sübutlara əsaslanaraq, eləcə də bütün yaranmış şübhələrin təqsirləndiləndirilən şəxsin xeyrinə həll olunmalı bir vəziyyətdə məhkəmə tərkibi onun məhkəmədə verdiyi ifadəsini işin obyektiv hallarına uyğun ifadə kimi qəbul edərək, həmin ifadə ilə müəyyən edilmiş halları qəbul edir, ittihamda qeyd olunmuş və maddi sübut kimi tanınmış külli miqdarda narkotik vasitənin təqsirləndirilən şəxsin üzərində tutularkən olmasına şübhə ilə yanaşır. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi, ittiham tərəfinin isə təkzib etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə təsdiq olunduğu bir vəziyyətdə, təqsirləndirilən şəxsin narkotik vasitə adı ilə götürdüyü, 0,8 qram çəkidə olan bükümün maddi sübut kimi mövcud olmadığı və məhkəməyə sübut növü kimi təqdim olunmadığı halda, məhkəmə həmin sübutu itirilmiş hesab edir və olmayan sübut əsasında təqsirləndirilən şəxsin təqsirli bilinərək cəzalanmasını mümkünsüz hesab edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünə qarşı alınmış, prosessual hərəkətlərin qanunauyğun keçirilməsi ilə bağlı ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı ondan sübutun qanuni götürülməsi ilə bağlı “etirafedici” ifadə kimi alınmış ifadələri təkzib edərək bu ifadələri aldatma və uzun müddət ərzində müdafiəsiz olaraq polis əməkdaşlarının təsiri altında qalmaqla verməsi ilə izah etmişdir. Məhkəmə istintaqı zamanı da obyektiv sübutlarla tam təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs uzun müddət ərzində polisin nəzarəti altında qalmaqla bu müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində ondan alınmış ifadələr, prosessual normaların və müdafiə hüququnun kobud pozuntusu ilə alındığından, eləcə də bu istintaq hərəkətləri etiraz edilməli təhqiqatçı tərəfindən icra edilərək, etiraz edilməli müdafiəçinin iştirakı ilə alındığından mötəbərliyinə əsaslı şübhələr olan etibarsız sübut kimi qəbul edilməli və bu sənədlərlə ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Bununla yanaşı həmin dəlillər əksinə təqsirləndirilən şəxsə qarşı edilən qanunsuz hərkətlərin təsdiqində mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə qarşı mövcud olmayan hallarla bağlı prosessual sənədlər tərtib edən təhqiqatçının, eləcə də bu hallara göz yummaqla təqsirləndirilən şəxsə qarşı edilən qanunsuz hərəkətlərə dəstək olan müdafiəçinin işdə maraqlı və qərəzli olması ilə bağlı əsaslı ehtimallar özünü aydın şəkildə büruzə verir. Şərh edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin tutulmasını rəsmiləşdirən təhqiqatçının və təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməli olan vəkilin də onun hüquqularının pozulmasında iştirak etməsinə də diqqət yetirməyə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı qanunpozuntuları ilə bağlı şahid qismində dindirilən təhqiqatçı və müdafiəçi təqsirləndirilən şəxsin tutulmasından dərhal sonra üzərində şəxsi axtarışın keçirilməsinin qanuni olduğunu ifadələrində iddia etməyə çalışsalar da, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxsin tutulması ilə üzərində şəxsi axtarışın aparılması arasında 4 saatdan artıq vaxt boşluğu olmuş və bu müddət ərzində onun müdafiə hüquqları pozulmuşdur. Halbuki tərtib olunmuş protokolda yazılan vaxta əsasən bu hal gizlədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinə əsasən müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq qadağan olunur. Həmin Məcəllənin 92.16.3-cü maddəsinin mənasına görə cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə onu kənarlaşdırmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi Vasenin Rusiyaya qarşı iş üzrə 2016-cı il 21 iyun tarixli Qərarında bir daha vurğulamışdır ki, dövlət müdafiəçinin yol verdiyi səhvlərə görə məsuliyyət daşımır... dövlət keyfiyyətsiz hüquqi yardımın göstərilməsinə vaxtında reaksiya verib müvafiq tədbirlər görmüşdürsə, məsələn başqa müdafiəçi təyin etmişdirsə məsuliyyət daşımır. Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətinə zəmanət vermir. Odur ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qarşı edilən qanunsuz hərəkətlərdə iştirak etməklə prosessual qanunvericiliyin normalarının pozulmasına göz yummuş müdafiəçinin iştirakı ilə həyətə keçirilmiş bütün istintaq hərəkətləri, o cümlədən istintaq hərəkətlərinin qanuni keçirilməsinə dair ifadələr mümkünsüz, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab edilməli, həmin dəlillər əksinə ona qarşı edilən qanunsuz hərkətlərin təsdiqində mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, təhqiqatçının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.8 və 113-cü maddələrinə əsasən onlar etiraz edilməli prosessual şəxslər kimi qəbul edilməli və həmin şəxslər tərəfindən toplanmış bütün dəlil və sənədlər mümkünsüz, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübut hesab edilməlidir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edək polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ona qarşı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı prosessual hərəkətlərin qanuni aparılması ilə bağlı ona qarşı verdikləri ifadələri lə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən işin obyektiv halları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı ifadə verməklə ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının tabe olduqları orqanın müstəntiqinə verdikləri ifadələr qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ona qarşı prosessual hərəkətlərin qanuni aparılması ilə bağlı verdikləri ifadələri mötəbərliyinə əsaslı şübhələr olan, bununla da hüquqi qüvvəsi olmayan etibarsız sübutlar hesab edilməli, lakin həmin ifadələr ona qarşı edilən qanunsuz hərkətlərin təsdiqində mötəbər sübut kimi qəbul edilməlidir. İş materiallarında olan və yuxarıda tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəlyi aşkar olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramil Rəhimovun narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs Nurad Bəbiriova bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, qətimkan tədbirinin tətbiqindən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,081 qram olan narkotik vasitə heroin, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,081 qram çəkidə narkotik vasitə heroin, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı 80 manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dərhal ləğv edilsin və Təqsirləndirilən şəxs qətimkan tədbirinin tətbiqindən azad edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, tədqiqatdan sonra qalıq çəkisi 2,081 qram olan narkotik vasitə heroin, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə mövcud olan 80 (səksən) manat məbləğində məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar