Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-126/2024 16.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, F.Əliyev küçəsi ev 1050-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 14,984 qram çəkidə, kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 aprel 2022-ci il tarixdə saat 23:55 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən “Hacı Səfər” məscidinin yaxınlığında Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün Abşeron rayonu Novxanı kəndi ərazisində xidmətdə olan əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına aparılmış və 25 aprel 2022-ci il tarixdə saat 01:05-dən saat 01:20-dək olan müddətdə üzərində şəxsi axtarış keçirilərkən onun əyindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümdə çəkisi 14,984 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 90 (doxsan) manat pulu olmuşdur. Sosial şəbəkə vasitəsilə əlaqə saxladığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü üçün narkotik vasitə almaq istəmişdir. Ona kart atmış, o da karta pulu atmışdır. O, narkotik vasitəni heç Novxanı ərazisinədn deyil, “28”-dən götürmüşdür. Saxlanan zaman üzərində də iş materiallarında qeyd edildiyi qədər narkotik vasitə olmamışdır. Sadəcə olaraq saxlanan zaman yanında taksi sürücüsü olmuşdur. Ona demişdirlər ki, əgər ona deyilən narkotik vasitəni boynuna götürməsə, taksi sürücüsünü də onunla birlikdə cəzaçəkmə müəssisəsinə göndərəcəklər. O da bu səbəbdən polis əməkdaşları ilə razılaşmışdır. Halbuki o, narkotik vasitə istifadəçisi olmuşdur. Özü cəzaçəkmə müəssisəsindən çıxıb təzəcə narkotik vasitə istifadə etməyə başlamışdır. Saxlanan zaman üzərində 14 (on dörd) qram narkotik vasitə olmamışdır. Müvəqqəti saxlama yerində narkotik vasitənin 14 qram qeyd olunduğunu bilmişdir. O, 90 manata 08 (səkkiz) qram “mal” götürmüş, hələ ondan da istifadə etmişdir. Buna görə də saxlananda üzərindəki narkotik vasitənin çəkisi az olmuşdur. Heç kimə narktoik vasitə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 2021-ci ildən etibarən narkotik vasitə istifadə edir. Saxlandığı vaxta kimi Gəncədə yaşamışdır. Gəncədə yaşayan olsa da, Bakıda işləmişdir. Narkotik vasitə almaq üçün sosial şəbəkədə danışdığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə almışdır. Narkotik vasitəni aldığı şəxs “instagram” sosial şəbəkəsində ona nömrə atmışdır. Pulu karta atandan sonra ünvan deyəcək, gedib narkotik vasitəni götürəcəkdir. Narkotik vasitə aldığı şəxs birinci dəfə Azərbaycan Respublikasına məxsus mobil operatorun nömrəsini vermiş, həmin mobil nömrə yadında deyildir. Narkotik vasitə almaq üçün danışdığı nömrə xarici ölkəyə məxsus mobil operator olmamışdır. Narkotik vasitəyə görə pul atmağı üçün həmin şəxs ona “Kapital” kart vermişdir. Kartın nömrəsini vermiş, pulu “28”-də terminaldan vurmuşdur. 90 manatlıq “mal” götürmüşdür. 90 manata görə ona 08 qram narkotik vasitə veriləcəkdi. 06 (altı) qram üçün 90 manat razılaşmışdırlar. 02 (iki) qram narkotik vasitəni ona pay vermişdirlər. O, 08 qramdan istifadə etmiş, saxlanan zaman üzərində 02-03 qram “mal” qalmışdır. Narkotik vasitəni saxlandığı gün götürmüşdür. Narkotik vasitəni götürüb cibinə qoymuşdur. O, “28”-də tutulmuş, ancaq iş materiallarında Novxanı yazılmışdır. O, narkotik vasitəni sellofanda cibinə qoymuş, ancaq bir hissəsi cibinə tökülmüşdür. Narkotik vasitə ot şəklində olduğu üçün cibinə dağılmışdır. Daha sonra polis idarəsində olan zaman əməliyyat müvəkkillərindən biri ona yaxınlaşaraq özünü müdafiəçi kimi təqdim etmiş, onunla söhbət əsnasında ona narkotik vasitəni sosial şəbəkə vasitəsilə iranlıdan aldığını deməyini bildirmişdir. O da həmin şəxsə narkotik vasitəni sosial şəbəkə vasitəsilə aldığını, lakin iranlıdan almadığını demişdir. Daha sonra sözügedən şəxs ona demişdir ki, “bunu cibindən çıxararsan, sənin işini 234.1-lə sənədləşdirəcəyik, özün də çöldən-çölə gedib gələrsən.” O, hazırda bildirdiklərini ona qətimkan tədbiri seçilən zaman hakim Sevinc xanıma da bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 24 apreldə saxlanmışdır. O, narkotik vasitəni “28 May”-dan götürmüşdür. Onu Novxanıda dükandan çıxanda saxlamışdırlar. “28 May” dedikdə, “28 May” metrostansiyasını nəzərdə tutmuşdur. Polis əməkdaşları onu saxlayan zaman üzərində şəxsi axtarış aparmışdırlar. Onu X4 aparmışdırlar. Ondan narkotik vasitə əldə etməkdə məqsədinin nə oluğunu soruşmuşdurlar. Video çəkilişdə də bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video görüntüdə üzərində aşkar olunan narkotik vasitə onun deyildir. Onun üzərində olan narkotik vasitənin miqdarı video görüntüdə görünən qədər deyildir. Polis əməkdaşları həmin narkotik vasitəni onun cibinə qoymuşdurlar ki, video çəkiliş zamanı cibindən çıxardar. Onun cibində narkotik vasitə olub, amma video görüntüdə görünən qədər deyildir. O, 90 manatlıq heroin götürmüşdür. O, onun yarısını istifadə etmiş, yarısı da cibində olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsı 1-2 il bundan qabaq gecə saatlarında Novxanı kəndi ərazisində şübhəli şəxs qismində saxlamışdırlar. Həmin vaxt PP-də işləmiş, indi işdən çıxmışdır. Onlar Təqsirləndirilən şəxs X4 gətirmişdirlər. Bölmədə olduğu zamanı otaqların birində təhqiqatçının, vəkilin baxışı ilə video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar narkotik vasitənin şəxsi istifadə üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə 1 büküm olmuşdur. Şahid Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə saat təxminən 23:55 radələrində iş yoldaşı Abşeron rayon Pİ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə “47¬67” çağırışlı üzrə Abşeron rayonu Novxanı kəndində avtopatrul xidmətində olarkən həmin kəndə yerləşən “Hacı Səfərli” adlanan kənd məscidinin qarşısında bir nəfər cavan oğlanın onların xidməti avtopatrul avtomobilini görən kimi özünü şübhəli apardığını hiss edib həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Ondan gecə vaxtı Novxanı kəndində nə axtardığını soruşmuş, həmin vaxtı Təqsirləndirilən şəxs onlara heç bir sənəd vermədiyinə və özünü şübhəli apardığına görə onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını hiss edib onlarla birlikdə X4 getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da onlarla X4 getmişdir. Onun şəxsiyyətini müəyyən etdikdən sonra onun polis bölməsinə gətirilməsi ilə bağlı raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Az sonra polis bölməsinin təhqiqatçısı onların yanına gəlib, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmiş və oradakı xidməti otaqların birinə müdafiəçi dəvət edib, Təqsirləndirilən şəxs hüquq və vəzifələrimi izah etdikdən sonra üzərində qanunsuz saxlanılan əşya və predmet varsa təqdim etməsini təklif etmişdir. Sərxan da üzərində özü istifadə etmək üçün aldığı bir büküm heroin olduğunu bildirib, şalvarının sağ cibində saxladığı bir büküm heroini çıxarıb təqdim etmiş və həmin bükümdə olan narkotik vasitəni internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşım ona göndərdiyi bank kartına 90 manat pul göndərməklə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarıl keçirilmiş, lakin başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir bükümə baxış keçirilmiş və büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra isə Təqsirləndirilən şəxs və orada olan digər iştirakçılar həmin zərfələ protokola imza etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. 25 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirərkən əyindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edir. 13 sentyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı narkotik vasitələrin satışını ehtiva edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/2380 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş» sözləri qeyd edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 14,984 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6802 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 69 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Buna cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı vaxtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən iş üzrə çəkisi 14,984 qram heroin və 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 14,934 qram heroin, bir ədəd «REDMİ 48 MP» markalı mobil telefonun saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi və 1 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 14,984 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil göstərməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2020-ci il tarixdən Gəncə şəhər Narkoloji Dispanserdə “opioidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs həm üzərinə keçirilən şəxsi axtarış zamanı, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin bir büküm olmaqla satış məqsədilə əldə edib daşımadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı 10 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyyələr təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vərərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə bu hala diqqət yetirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən çox bükümdə və bir neçə növdə narkotik vasitə və psixotrop maddə deyil, yalnız bir növdə olmaqla narkotik vasitə olan heroin aşkar olunmuşdur. O, məhkəmə iclasında narkotik vasitə heroin istifadəçisi olduğunu qeyd etmişdir. İstintaq orqanının istinad etdiyi ilkin təhqiqat materiallarında, istintaq hərəkətlərinin protokollarında, şahid ifadələrində, ekspert rəylərində, maddi sübutlar və digər sənədlərdə də təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığına dəlalət edir. Həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı müvafiq qərar və protokoldan görünür ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. Bununla belə, heç sübut və qanuni əsas olmadan, əsassız olaraq müstəntiqin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da yalnız bu əlamət özü özlüyündə “satış məqsədi”nin qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkotik vasitə heroin istifadəçisi olan Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması, digər mötəbər sübutların olmadığı halda əməlin “satış məqsədilə əldə etmə” kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 09 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan hada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Bu da onun əməlində cinayətin residivini yaradır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidməti sahədən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cazasına məhkum olunmuşdur. Onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əməlində cinayətlərin residivini yaradır. Bu da Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 14,934 qram heroin məhv edilməli, bir ədəd «REDMİ 48 MP» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı və 1 ədəd diskin iş materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 14,934 qram qalıq narkotik vasitə heroin məhv edilsin, bir ədəd «REDMİ 48 MP» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın və 1 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-126/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-126/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver