Məhkəmə qərarları › İş №1(124)-127/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-127/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-127/2024 11.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab olunan metafetamini və narkotik vasitə marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, «Mühəndislik Universitetinin qarşısında qamışlıq hissədə 100 manat müqabilində qoyduğu 01 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrinin siyahısına” daxil olan 9,421 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 446,38 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 18-ci küçədə yerləşən 90 nömrəli fərdi evinə daşıyaraq, 01 ədəd bükümdə çəkisi 3,835 qram psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 11,380 qram narkotik vasitə marixuananı üzərində, qalan külli miqdarda 01 ədəd bükümdə 5,586 qram çəkidə psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 435,0 qram narkotik vasitə marixuananı qeyd edilən yaşadığı evin təsərrüfat otağında saxlamış, 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçəsinin kəsişməsində saxlanılaraq Abşeron RPİ-yə gətirilib, həmin gün saat 15:50-dən 16:05-dək xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə ümumi çəkisi 3,835 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə çəkisi 11,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar olunaraq götürülmüş, əməliyyat tədbirin davamı olaraq həmin gün saat 17:30-dan 17:51-dək onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 18-ci küçədə yerləşən 90 nömrəli fərdi evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfində yerləşən təsərrüfat otağına baxış zamanı oradakı stolun siyirməsində olan 01 ədəd dəmir qutuda satış məqsədilə qanunsuz olaraq saxladığı külli miqdarda 01 ədəd bükümdə 5,586 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 435,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə mariuxana və 01 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 16 noyabr 2022-ci il tarixində taksi fəaliyyəti ilə məşğul olduğu avtomobililə evdən çıxmış, H.Zeynalabdin Tağıyev və Heydər Əliyev küçəsinin kəsişməsindəki topdansatış və inşaat materialları olan dükanların yanında maşını saxlamışdır. O şəxsi avtomobililə yük daşımaqla məşğul olduğundan çox vaxt həmin yerdə müştəri gözləyirdi. Maşından düşüb piyada hərəkət edən zaman onu 3 nəfər mülki geyimli şəxs saxlayıb öz avtomobillərinə mindirərək onu yaşadığı evə aparmış, 1 nəfər onun yanında maşında qalmış, digər 2 nəfər onun yaşadığı evə girib çıxmışlar. Sonra onu polis şöbəsinə aparıb onu təhdid etməklə cibinə narkotik vasitə qoyub videoçəkilişlə baxış keçirmişlər. Daha sonra onu yaşadığı evə gətirib evdə axtarış aparmışlar. Evdən marixuana və metamfetamin tapmışlar. Bildirmək istəyir ki evindən aşkar olunmuş 435 qram marixuana ona məxsusdur. O marixuanadan 1991-ci ildən istifadə etdiyindən həmin marixuananı öz istifadəsi üçün evində saxlamışdır. Ancaq evindən və üzərindən aşkar olunmuş metamfetamin ona məxsus deyildir. Metamfetamini onun üzərinə və mənzilinə polislər qoymuşlar. Evindən aşkar olunmuş marixuananı yaşadığı evin yaxınlığındakı dəmir yolunun yanında kol kimi tapıb yığmışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti İlə H.Zeynalabdin küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuananı, 01 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli uzun qol dəri gödəkçənin sol yan cibindən yaşadığı evin bir ədəd açarı, əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində 055 *** ** ** və 051 *** ** ** simkart nömrələri olan “Xiaomi” markalı mobil telefon və 38 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuanaya və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlənin çəkisi 12,7 qram, metamfetaminə bənzər kütlənin çəkisi 4,7 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr İçərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək imzalanmışdır. 01 ədəd “Xiaomi” markalı mobil telefon izah verdikdən sonra götürülmüş, 01 ədəd açar və 38 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra o, yaşadığı Abşeron rayonundakı evində də üzərindən götürülmüş narkotik maddələrin bir hissəsini saxladığını bildirmiş, polis əməkdaşları tərəfindən həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra evin həyətinə giriş sağ tərəfində yerləşən əl damının yəni saxlanc yerində stulun içərsində gizlətdiyi 01 ədəd elektron tərəzini, 01 ədəd sellofan torbada qurudulmuş marixuananı, içərsində 01 ədəd bükümdə psixotrop maddə olan metafetamin olan dəmir qutunu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş, marixuananın çəkisi 446 qram və metamfetaminin çəkisi 6,1 qram olmuşdur. Sonra həmin kütlələr ağ rəngli boş kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. 01 ədəd tərəzi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bundan sonra o, üzərindən və yaşadığı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərin və qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Mehdi” adlı şəxsin vasitəsi ilə tutulmazdan üç gün bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Mühəndislik Universiteti ilə üzbəz qamışlıq yerdə əvvəlcədən təyin edilmiş yerdən 100 manata özü istifadə etmək məqsədi ilə əldə etdiyini göstərmiş, belə ki, həmin tanımadığı şəxs onunla əlaqə yaratdıqdan sonra votsapına atılmış bank kartının şifrəsini və votsap yazışmalar həmin şəxsin özü tərəfindən silindiyi üçün hazırda istintaqa təqdim edə bilmir. Həmin şəxslə danışıb kart hesabına 100 manat pul köçürdükdən təxminən yarım saat sonra qoyulduğu yer barədə ona məlumat vermiş və o da, təxminən saat 15:00 radələrində gedib həmin yerdən, yəni Xırdalan şəhəri ərazisində yerləşən «Mühəndislik Universiteti»nin qarşısında qamışlıq hissədən götürmüş, buna görə də həmin şəxsin psixotrop maddəni və marixaunanı qoyduğu yerə yaxın ərazidən gətirib qoyduğunu başa düşmüşdür. Heç yerdə narkotik vasitə saxlamır, ona qarşı polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və pisixi təsir göstərilməmiş, onun bu kimi əməlindən ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. Həmçinin göstərmişdir ki, üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddələrdən hər hansı şəxsə satmamış və pay verməmiş, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız əvvəllər tanışlarına marixuana çəkmək üçün pay vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə idarəyə Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması və Abşeron rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən həmin şəxsin tutulub ifşa olunması üçün xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili hazırda təqaüddə olan polis polkovniki Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilərkən saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçələrinin kəsişmsində yerləşən işıqforun yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs saxlanılmış, Vaqif özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə qanunsuz hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilərək mobil telefon da götürülmüşdür. Qeyd edilənlər rəsmiləşdirilmiş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddəni İran vətəndaşı "Mehdi" adlı şəxsdən 100 manata aldığınıi, həmçinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evində də narkotik vasitə və psixotrop maddə olduğunu, evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki həyət evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü evində olan 01 ədəd elektron tərəzini, 01 ədəd sellofon torbada qurudulmuş marixuanaya bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan dəmir qutunu təqdim etmişdir. Həmin təqdim edilmiş kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra evin digər yerlərinə də baxış keçirilmiş, lakin orada saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsuatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun narkotik vasitədən istifadə etməsini bilməmişdir. 16 noyabr 2022-ci il tarixdə günorta vaxtı oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasını eşitmişdir. Polis əməkdaşları oğlu Vaqiflə gəlib onların yaşadığı evdə də axtarış aparmışlar. O həmin vaxt yaşadığı evə aid olan çörək satdığı dükanında olmuşdur. Polislər yaşadıqları evdən guya Vaqifin saxladığı narkotik vasitələri aşkar etdiklərini rəsmiləşdirsələr də onların evlərində axtarış aparılmamışdan əvvəl bir neçə nəfərin yaşadıqları həyətə girməsini gördüyünü qonşusu Gülxara ona demişdir. Əgər onların evində narkotik vasitələr olsa idi o özü də bunu bilərdi. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs anası Ofelya ilə birgə yaşadıqları həyətin qonşuluğunda yaşayır. Vaqif və onun anası Ofelya ilə qonşu kimi münasibətləri yaxşıdır. Vaqif tutulan gün saat 1-2 radələrində o Ofelyanın işlədiyi dükandan çörək almağa gedərkən 5 nəfər tanımadığı şəxsin Ofelyagilin həyətnə girdiyini görüb bu barədə Ofelyaya demişdir. Sonradan eşitmişdir ki, Vaqifi narkotiklə tutublar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan raportdan görünür ki, DİN-nin BNMİ-nə xx.xx.1970-ci ildə Ağdam şəhərində doğulmuş, ünvan 2-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs külliu miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1970-ci ildə Ağdam şəhərində doğulmuş, ünvan 2-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1970ci ildə Ağdam şəhərində doğulmuş, ünvan 2-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçəsinin kəsişməsində saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisi ilə birgə imzaladıqları ərizədən və Şahid3 imzaladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs və anası Şahid3 yaşadıqları ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdirlər. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə nümayiş etdirilməklə baxılıb tədqiq edilən xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrindən saat 16:05 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçəsinin kəsişməsində saxlanılaraq Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,835 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 11,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçəsinin kəsişməsində saxlanılaraq Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə nümayiş etdirilməklə baxılıb tədqiq edilən xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrindən saat 17:51 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxış keçirilməsi və götürülmə aparılması prosesinin köçürüldüyü DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilən zaman evinin həyətyani sahəsinin giriş qapısının sağ tərəfində yerləşən saxlanc yerindəki stulun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 5,586 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 435,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 16 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilən zamanı evinin həyət yani sahəsinin giriş qapısının sağ tərəfində yerləşən saxlanc yerindəki stulun içərisindən həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə H.Zeynalabdin küçəsinin kəsişməsində saxlanılaraq Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,835 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 11,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkmyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 6/6600-7/1315 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılar və imzalar zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 11,380 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd bükümdə təmiz çəkisi 3,835 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, Üzərində “ Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə...” yazı və imzalar olan bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 435,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə və 01 ədəd eletron tərəzi....” yazılar və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 5,586 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir və 01 ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 446,38 qram olub, tərkiblərinə görə eynidir. Təqdim edilmiş metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbajcan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbajcan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 9,421 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 9,321 qram. Marixuananın təmiz çəkisi - 446,38 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 446,28 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 dekabr 2022-ci il tarixli 7531 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etməsi aşkar olunub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məmmədov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 75 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinit dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hadisəni törədərkən Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin materialların materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 9,421 qram metamfetamin, 446,38 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi,01 ədəd «Xiomi» markalı mobil telefon və 02 ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 9,321 qram metamfetaminin, 446,28 qram qurudulmuş marixuananın, 01 ədəd elektron tərəzinin, bir ədəd «Xiomi» markalı mobil telefon saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (satış məqsədi ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən, üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin üzərindən və yaşadığı evdən aşkar olunan psixotrop maddə olan metamfetaminin ona aid olmaması, həmçinin polis əməkdaşları tərəfindən təhdid edilməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən və yaşadığı evdən narkotik vasitə ilə yanaşı psixotrop maddə olan metamfetamin və tərəzinin də aşkar olunmasını təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə əldə etməsini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini göstərərək verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3 və əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin özü və anası ilə yaxın qonşu olan Gülxara İsgəndərovanın ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Şahid3 təqsirləndirilən şəxsin anasıdır, Gülxara İsgəndərova isə təqsirləndirilən şəxs və onun anası ilə yaxın qonşudurlar, uzun müddətdir bir birilərini tanıyırlar. Bu hallar hazırda qeyd edilən şahidlərin təqsirləndirilən şəxsin lehinə, yəni onu məsuliyyətdən qurtarmağa yönələn ifadələr vermələrini anlaşılan edir. Odur ki, məhkəmə həmin ifadələrə də tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9,421 qram metamfetamin, 446,38 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə təhvil verilməli və iş materiallarında olan 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 9,321 qram metamfetamin, 446,28 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar