Məhkəmə qərarları › İş №1(124)-129/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-129/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-129/2024 23.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 19 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanının qarşısında heç bir əsaslı səbəb olmadan, yəni tanışı Zərərçəkmiş şəxs küçədən keçərkən ona tərəf tərs baxmasını bəhanə edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən - qara rəngli, qatlanan cib bıçağı ilə bir dəfə sonuncunun qarın boşluğu nahiyəsinə qəsdən vurmaqla Zərərçəkmiş şəxs "daxili qanaxma ilə müşahidə olunmuş nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara" kimi həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, kafedə oturub yeyib-içmişdir, bir az sərxoş olmuşdur. Daha sonra zərər çəkmiş şəxslə baxışanda aralarında narazıçılıq yaranmış, dava-dalaş olmuşdur. Zərərçəkmiş onun üstünə bıçaq çıxartmiş, o da sonradan qorxmuş gedib zərər çəkmişi vurmuşdur. Vurmuşdur ki, o, onu qətlə yetirməsin, ona xəsarət yetirməsin. Özü də baş vermiş hadisədən sonra təslim olmuşdur. Zərər çəkmişə bıçaqla xəsarət yetirdikdən sonra ona yenə də bıçaqla xəsarət yetirmək imkanı olmuş, ancaq xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs aşağı bədən nahiyəsindən xəsarət yetirmək istəmişsə də, sonuncu həddindən artıq kök olduğundan qarın boşluğuna xəsarət yetirmişdir. Hadisənin axırının bu cür bitəcəyindən xəbəri olmamışdır. Bıçaq da əvvəldən üzərində gəzdirdiyi bir şey deyildir. Sadəcə olaraq ehtiyyat üçün qoyduğu yerdən götürərək gedib vurmuşdur. Qorxudan vurmuşdur ki, Zərərçəkmiş şəxs ona heç nə etməsin. İmran ondan dəfələrlə, qat-qat böyük olmuşdur. Xəsarət yetirməyini inkar etməmişdir. Əməlindən də peşmandır. Amma ona altı ildən on bir ilədək cəza vermək onun üçün ölümə bərabər bir şeydir. Onun iki az yaşlı övladı var. Anası yoxdur. Atası ağır xəstədir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü iki-üç nəfərə yarım litrlik araq içmişdirlər. İmranı əvvəllər tanımış, eyni ərazidə qalmışdırlar. İkisi də bir-birinə baxmışdırlar. O, İmrandan nəyə baxdığını soruşduqda ona kobud cavab vermişdir. Kobud cavab deyəndə ki mədəni cavab verməmişdir. Bir az təhqir formasında ona cavab vermişdir. İmran ona cavab verəndən sonra bir az əlbə-yaxa olmuşdurlar. Əlbə-yaxa olanda ətrafda heç kim yox idi. Əlbə-yaxa olan zaman onları heç kim ayırmamışdır. Əlbə-yaxa olan zaman Zərərçəkmiş şəxs ona zərbə endirsə də xəsarət almamışdır. Dalaşandan sonra bir-biri ilə söyüşə-söyüşə aralaşmışdırlar. Bıçağı bəzən özünü müdafiə emək üçün üzərində daşımışdır. O, kriminal avtoritet və ya o tipli insan deyildir. Həyatda ona qarşı haqsızlıqlar çox olduğu üçün üzərində bıçaq gəzdirmişdir. Haqsızlıq deyəndə ki, zəif olduğu üçün iki-üç nəfər tərəfindən sıxışdırılmışdır. Bıçağı götürəndə istəmişdir ki, gedib onun ayağını cızıb gəlsin. Ayağını cızmaq istəməyinin səbəbi o idi ki, qorxmuşdur. Bisavadlığından, qorxduğu üçün hüquq mühafizə orqanlarına məlumat verməmişdir. İmrana bıçaqla xəsarət yetirən zaman heç kimi görməmişdir. Bıçaqlanma zamanı zərər çəkmiş şəxsə yaxınlaşmış, bıçaqla xəsarət yetirib getmişdir. Söz demədən elə gələn kimi bıçaqlamışdır. Hadisənin səhəri günü Xaçmaz Rayon Polis Şöbəsinə təslim olmuşdur. Qaranlıqda adamlar olmuş, onların hadisəni gördüklərini hiss etmişdir. Ona görə təcili tibbi yardım çağırmamış, ilkin tibbi yardım göstərməmişdir. 2016cı ildə məhkum olunmuşdur. Ona görə məhkum olunmuşdur ki, ona qarşı nalayiq təhqiredici ifadələr işlətmişdirlər, o da kəllə vurmuşdur. Kəllə vuranda zərər çəkmiş şəxsin burnu sınmışdır. Zərər çəkmiş şəxsin burnunu sındırdığıma görə 127.2.3 və 221.1-ci maddələr ilə ittiham olunmuş və barəsində hökm oxunmuşdur. Hazırda zərər çəkmiş İmranla barışmışdır. Notariusla barışıq barədə sənəd də vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, İmrana bıçaqla xəsarət yetirməmişdən qabaq aralarında əlbə-yaxa dava olmuşdur. Münaqişə zamanı Zərərçəkmiş şəxs onun gücü çatmamışdır. Dalaşıb aralaşandan sonra uzaqlaşanda İmran onu xəsarət yetirəcəyi ilə hədələmişdir. O, qorxduğu üçün Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Zərər çəkmişə xəsarət yetirəndən iki-üç gün sonra sonuncu bayırda gəzmişdir. İş materiallarında olan tibbi ekspertizanın rəyi ilə razı deyildir, Zərərçəkmiş şəxs yüngül xəsarət yetirmişdir. İki gün yox, hadisədən beş-altı gün sonra zərər çəkmiş şəxs sərbəst şəkildə gəzmişdir. Törətmiş olduğu əməldən çox peşmandır. Hüquq mühafizə orqanına özü təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı içkili olduğu üçün azyaşlı övladlarının olmasını, xəstə atasının olmasını və s. göz önünə gətirə bilməmişdir. Özünü təqsirli bilmişdir. Zərər çəkmişin təxminən qırx ikiqırx üç yaşı olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, böyrəkləri sıradan çıxdığı və ayaqları işləmədiyi üçün məhkəmə iclasında əyani şəkildə iştirak edə bilməmişdir, bu səbəbdən də məhkəmə iclasına onlayn qaydada qoşulmuşdur. İki-üç metr gəzdikdən sonra ayaqları tutulur, gəzə bilmir. Hadisə ilə bağlı deyə bilər ki, avtomobili yudurtmağa getmişdir. Etibargil də bir az sərxoş idilər. Gəldilər, heç nəyin üstündə oldu söhbət. Qarşı tərəf içkili idi, qırağa çəkilmiş və dava etmişdirlər. Özü də işdən yorğun gəlmişdir. Bir qədər dava etdikdən sonra ayrılmışdırlar. Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanımışdır. Etibara yaxınlaşıb nalayiq təhqiredici ifadə işlətməmişdir. Onlar özü ona yaxınlaşmışdırlar. Etibar ona irad bildirmişdir ki, nə səbəbə ona tərs-tərs baxmışdır. O, da ona demişdir ki, adam adama baxar. O, Təqsirləndirilən şəxs təhqir etməmişdir. Etibarla dalaşıb aralaşandan sonra evə gəlmişdir. Evdə olanda onu çağırmış, aşağı düşmüşdür. Yenə təzədən dava olmuş, Etibar ona xəsarət yetirmişdir. Evdə olanda məhəllədəki uşaqlar ona demişdirlər ki, onu aşağıdan çağırırlar. İkinci dəfə Etibar ona yaxınılaşan kimi bıçaqla xəsarət yetirmişdir. Bıçaqla xəsarət yetirən zaman ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Rəsmi qaydada barışmışdır. Cavandır, hadisədir olub keçib. Etibar üçün cəza təyin edilməsini istəməmişdir, mümkünsə onu buraxsınlar. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 Şıxı oğlu ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri, N.Tusi küçəsi ilə piyada İmranın Osmanovun yaşadığı binanın həyətinə tərəf keçirmiş. O, binanın həyətinə daxil olanda görmüşdür ki, Zərərçəkmiş şəxs əlləri ilə qarnını tutub, bükülmüşdür. O, nə baş verdiyini soruşanda İmran ona demişdir ki, “Etibar məni bıçaqlayıb qaçdı.” Bu vaxt İmranın arvadı da küçəyə çıxmış və onlar İmranı dərhal xəstəxanaya yola salmışlar. Sonradan da xəbər tutmuşdur ki, Zərərçəkmiş şəxs bıçaqlayan Təqsirləndirilən şəxs tutulmuşdur. O, Zərərçəkmiş şəxs bıçaqlanmasını görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, N.Tusi küçəsi bina 13, mənzil 10-da ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində İmran evə gəlmiş, 2-3 dəqiqə sonra isə siqaret çəkmək üçün küçəyə çıxmışdır. Təxminən 1 dəqiqə sonra o, küçədə İmranın səsini eşitmiş və tez küçəyə çıxmışdır. O, küçəyə çıxan anda görmüşdür ki, İmran əlləri ilə qarnını tutub, ona bıçaqlandığını demişdir. Həmin vaxt Səxavət adlı şəxs də orada olmuşdur. İmranın qarın nahiyəsindən qan axırmış, o, dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və İmranı xəstəxanaya yola salmışlar. Sonradan da xəbər tutmuş ki, əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqlayıb və Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etdiyi yer Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən "Emin" marketin və avtoyuma məntəqəsinin yaxınlığıdır. Təqsirləndirilən şəxs həmin yerdən təxminən 1 km kənarda, Xaçmaz şəhəri ərazisində Xaçmaz rayonu, Qaraçı kəndində gedən yolun sağ tərəfində olan torpaq təpəliklərin yanında yerləşən böyürtkən kolunu göstərərək hadisədən sonra Zərərçəkmiş şəxs vurduğu bıçağı həmin kolun dibinə atmasını bildirmişdir. Həmin yerə baxılan zaman kolun dibində bir ədəd qara rəngli qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin qara rəngli qatlanan bıçağı təqdim edərək Zərərçəkmiş şəxs həmin bıçaqla vurduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 19 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd mayka götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 maddi sübutların ekspertizasına dair xx.xx.2022-ci il tarixli 616/2022-MTKŞ nömrəli rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ücu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş xəsarət daxili qanaxma ilə müşahidə olunmuş nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan deşilmiş-kəsilmiş zədə, daxili daxili qanaxma ilə müşahidə olunmuş nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin sol səthi üzərində “STAİNLESS" yazısı həkk olunmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 maddi sübutların ekspertizasına dair xx.xx.2022-ci il tarixli 784/2022-MTBŞ nömrəli rəydə qeyd olunmuşdur ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/l/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H" antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Etibar Əlifşah oğlu barəsində komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3359 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində təsvir etdiyi halları düzgün anlamaq və dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri- sabitlik, konfliktə meyillik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs yalan danlşmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri hal-hazırkı ekspertiza zamanı söylədiyi ilə, həmçinin qərarın təsviri hissəsində göstərilən hallarla uyğunluq təşkil etdiyindən özündən uydurub danışmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs intellektual imkanları nəzərə alınmaqla törətdiyi əməlin xarakter və mənasını anlamaq qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə vaxtı psixi-emosional sferasında emosional oyanıqlıq yaranmışdır. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs hadisəni törədərkən psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (fizioloji affekt, güclü ruhi həyəcan, kəskin stress, frustrasiya və s.) yaranmamışdır. Hazırkı psixi-emosional vəziyyəti normaya uyğundur. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” 10 fevral 2023cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs məxsus, götürülmüş bir ədəd köynək, mayka, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd cib bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz Rayon İcra Hakimiyyətini Başçısının Xaçmaz Şəhər İnzibati Ərzasi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs uşaqları X4 xx.xx.2015-ci il və X5 xx.xx.2019-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və mayka zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd cib bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X3 məxsus bir ədəd köynək və mayka zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd cib bıçağı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar