Məhkəmə qərarları › İş №1(124)-13/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-13/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-13/2024 25.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1959-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 2,876 qram narkotik vasitə heroini əldə edib üzərində və yaşadığı evdə saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 09 may 2022-ci il tarixdə, saat 15:48də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,594 qram və 0,584 qram, birlikdə ümumi təmiz çəkisi 1,178 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən evin yataq otağında yerləşən çarpayının üstündə olan döşəyin altından satış məqsədi ilə saxladığı 09 (doqquz) bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,210 qram, 0,175 qram, 0,188 qram, 0,053 qram, 0,269 qram, 0,089 qram, 0,169 qram, 0,229 qram, birlikdə ümumi təmiz çəkisi 1,698 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən bağ evimə gedərkən orada 5 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Həmin 5 nəfər polis əməkdaşından 2 nəfəri məhkəmə iclasında şahid qismində ifadə vermişdir. Şahid qismində ifadə verən 3-cü şəxsi tanımırdı. Polis əməkdaşları onun barəsində əməliyyat məlumatı olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra bağ evinə baxış keçirmişlər, evin içərisindəki otaqda yastığın altından 1,5 qram miqdarda narkotik vasitə aşkar edərək götürmüşlər. Onu polis bölməsinə aparmışlar, orada bağ evinin açarını cibindən çıxarıb götürmüşlər. Az sonra yenidən bağ evinə getməli olduqlarını, bayaq videoçəkiliş etmədiklərini və indi videoçəkiliş edəcəklərini bildirmişlər. Ona məxsus bağ evinə getmişlər, orada müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə evə baxış keçirilmişdir. Yastığın altından bu dəfə 9 bükümdə narkotik vasitə götürmüşlər. Eyni zamanda evdən elektron tərəzi də çıxarmışlar. Həmin narkotik vasitələrin və elektron tərəzinin ona məxsus olmadığını, birinci dəfə evə baxış zamanı aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilmişdir. Sonradan aşkar olunan narkotik vasitələri satmağını bildirməyini tələb etmişlər. Müdafiəçi də ona polis əməkdaşları ilə razılaşmağını, razılaşmayacağım təqdirdə onun üçün daha pis olacağını bildirmişdir. Soyadı Babaşov olan polis əməkdaşı onu hədələmişdi. Prokurorun qəbulunda olmuşdur. Prokuror ondan narkotik vasitələrin ona məxsus olub-olmaması barədə soruşdu, o da məcbur qalaraq onların ona məxsus olduğunu bildirmişdir. Hətta, prokuror da o narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, lakin o da ona artıq onun olduğunu bildirmiş, çünki, yenidən polis bölməsinə qayıdacağını güman edirdi. Evindən aşkar olunan ona məxsus 1,5 qram miqdarda narkotik vasitə 1 bükümdə idi. 5 qram miqdarında narkotik vasitə almış, qalan 3,5 qram miqdarında hissəni istifadə etmişdir. Polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələri ilə bağlı heç bir orqana şikayət etməmişdir. Evindən sonradan aşkar edilmiş 9 bükümdən ibarət narkotik vasitə ona məxsus olmamışdır, həmin narkotik vasitə barədə məlumatı yoxdur. Polis əməkdaşlarının narkotik vasitələrin miqdarının nə üçün artırmaq istədiyini bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə istifadəçisidir.xx.xx.2022-ci il tarixdə, saat 15:48 də yaşadığı evin yaxınlığında olan zaman 3 (üç) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişdirlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Daha sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd gümüşü rəngli kağız bükümü cibindən çıxardıb təhqiqatçıya təqdim etmiş, təhqiqatçı, ondan təqdim etdiyi bükümlərin nə olduğunu soruşduqda o, “narkotik” deyə cavab vermişdir. Həmçinin o, təhqiqatçımn suallarını cavablandıraraq, təqdim etdiyi narkotik vasitə bükümlərini, “Nasosnu” ərazisində Zakir adlı şəxsdən 25 manata aldığını, Zakir adlı şəxsin Kimyaçılar qəsəbəsi ərazisində yaşadığını bildirmişdir. Onun təqdim etdiyi hər iki büküm, təhqiqatçı tərəfindən açıldıqda həmin bükümlərin hər birinin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə olması aşkar edilmiş və o, təhqiqatçımn sualını cavablandıraraq, hər iki bükümün içərisindəki kütlələrin narkotik vasitə “heroin”, yəni “kakos” olduğunu bildirmişdir. Sonra aşkar olunmuş kütllər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, o, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərlə birlikdə yaşadığı evin qarşısına getmişdir. Evdə axtarış zamanı 9 bükümdə ümumi çəkisinin 2,41 qram olması müəyyən edilmişdir. Həmçinin o, təhqiqatçının suallarını cavablandıraraq, narkotik vasitəyə bənzər kütlə bükümlərini ümumilikdə 125(yüz iyirmi beş) manata aldığını və 1 bükümünü 25(iyirmi beş) manata satdığını, başqa yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı yataq otağına baxış keçirmiş və yataq döşəklərinin arasından 01 ədəd elektron tərəzi aşkar edib götürmüşdür. Sorğu zamanı o, özünü müdafiə məqsədi ilə, evindən aşkar olunan 01 ədəd elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. Sonra təhqiqatçı, onun evindən aşkar olunaraq götürülmüş 9 ədəd narkotik vasitəyə bənzər kütlə bükümlərini zərfə qoyaraq qablaşdırmışdır. (Cild 1, iş vərəqləri 70-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və alqı-satqısı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən kiçik Perekeşkül küçəsi ərazisində saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin növündə narkotik vasitələrdir. Narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmiş və onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzini və heroin növündə narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması üçün yaradılmış əməliyyat qrupunun rəhbəri o idi. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxışda eyni şəxslər iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə onun icazəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən hansı miqdarda narkotik vasitə aşkar edilmişdirsə, həmin narkotik vasitələrin aşkar olunduğu rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin açarın onun özündə idi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və alqı-satqısı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən kiçik Perekeşkül küçəsi ərazisində saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin növündə narkotik vasitələrdir. Narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzini və heroin növündə narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həm üzərinə, həm də yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 09 may 2022ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və alqı-satqısı barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən kiçik Perekeşkül küçəsi ərazisində saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 2(iki) ədəd bükümdə xarici görünüş əlamətlərinə görə oxşar olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürülməsi barədə” 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 09 ədəd narkotik vasiə heroinə bənzər bükümlər və 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. (Cild 1, iş vərəqləri 29-30) “Şəxsi axtarışın keçirilməsi barədə” və “baxış keçirilməsi haqqında” 09 may 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 16 may 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 93-95,97) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2022-ci il tarixli, 2878 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və Alkoqoldan suiistifadə edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya, alkoqolizim xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şəraitlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 128-129) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci İl tarixli, 6/2689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №126” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş 3 ədəd zərfdə olan; -1№-İi zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,594 qram, 0,584 qram ümumi təmiz çəkisi 1,178 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -2№-li zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,316 qram 0,210 qram, 0,175 qram, 0,188 qram, 0,053 qram, 0,269 qram0,089 qram, 0,169 qram, 0,229 qram ümumi təmiz çəkisi 1,698 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -3№-İi zərfdə olan bir ədəd elektron tərəzidə bir narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 44-49) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,656 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınıb Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 156-170) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə və hədəyə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və Sumqayıt şəhər Məhkəməsinin 1(60)-126/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 109-119) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 21-2/3-3157 nömrəli məktubundan görünür ki, probasiya şöbəsinin icraatında Təqsirləndirilən şəxs barəsində hər hansı bir işin olmadığı göstərilmişdir. Bununla da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin hökmü icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 02 il 08 ay 26 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 82-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,656 qram olan heroin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 02 il 08 ay 26 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 il 04 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,656 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar