Məhkəmə qərarları › İş №1(124)-130/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-130/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-130/2022 08.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1986-cü ildə Qubadlı rayonu, Çardaxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki az yaşlı uşağı olan, məhkum olunmamış, Laçın rayonu, Kamallı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki o, 17 iyul 2021-ci il tarixdə, saat 18 radələrində, müvəqqəti yaşadığı qardaşı Şahid4 məxsus Abşeron rayonu Masazır kəndi, Bəhruz Kəngərli küçəsində yerləşən 16 saylı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı evdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona bel nahiyəsinin sol yarısında daxilə nüfuz etməyən, sol bazu, sol dirsək oynağı, sol said nahiyələrinin, sol əlin 2-ci barmağının deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də döş qəfəsinin və qarın nahiyəsinin daxilə nüfuz edən, qaraciyəri və plevranı yaralayan və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən deşilmiş-kəsilmiş yaralarla nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli birldiyini qeyd edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Sabir qızı ilə maddi imkansızlıq və digər ailədaxili məsələlərlə bağlı aralarında mübahisələr baş vermişdir. Maddi vəziyyətlərinin çətin olması ilə bağlı hətta onlar kirayəyə ev tuta bilməmiş və hadisədən iki ay əvvəl məcbur olub qardaşı İbadətin Masazır qəsəbəsində yerləşən evinə köçmüşlər. İbadətin evinə köçməklərindən Aidə narazı qalmış və mübahisələr daha da, böyümüşdür. İbadətin ailə üzvləri və anası Aidənin bibisi oğlunun 18 iyul 2021-ci il tarixdə keçiriləcək toyunda iştirak etmək üçün qabaqcadan toyun keçiriləcəyi Qusar rayonuna getmiş, lakin maddi imkan olmadığına görə o, Aidəyə icazə verməmişdir. Bununla bağlı 17 iyul 2021-ci il tarixdə saat 17-18 radələrində evdə onların ikisindən başqa heç kim olmayanda aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əsəbləşərək özündən çıxıb bıçaqla Aidəni vurmuşdur. Bundan sonra o, yardım göstərilməsi üçün Aidəni qonşuluqda yaşayan qohumlarına təhvil verib, özü gedib polisə təslim olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sabir qızı təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi bütün xüsusatları təsdiqlədi, əlavə olaraq qeyd etdi ki, günahı özündə görür, çünki o, Kürdoğlunu əsəbləşdirib özündən çıxarmışdır. Hazırda barışmışlar, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğlu və eyni zamanda qaynıdır. Hadisə günü axşam vaxtı Kürdoğlu ona zəng edərək, arvadını bıçaqladığını deyib təcili gəlməsini ondan xahiş etmişdir. O, yaxınlıqda yaşadığı üçün dərhal Kürdoğlugilə getmiş və həqiətən Aidənin bıçaqlandığını görmüşdür. Kürdoğlu Aidəni ona təhvil verib həkimə aparmağı tapşıraraq, çıxıb getmişdir. Bu zaman səs-küyə onun qardaşı Ceyhun da, gəlmiş və onlar təcili yardıma zəng etmiş, sonra isə onları Aidəni öz avtomobilləri ilə xəstəxanaya çatdırmışlar. Məhkəmə iclasında iştirak edən Şahid3 qardaşı Şahid1 ifadəsin uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiqlədi. Məhkəmə iclasında iştirak edən şahidlər təqsirləndirilən şəxsin qardaşı Şahid4 və zərər çəkmiş şəxsin atası X1 hadisənin birbaşa şahidləri olmadıqlarını bildirib, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin aralarında maddi imkansızlıq səbəbindən narazıçılıqlar olduğunu və hazlırda tərəflərin barışdığını təqsdiqlədilər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə, saat 16-17 radələrində yaşadığı evdə olarkən qardaşı Kürdoğlunun azyaşlı uşaqları Mürvət və Hətəmxan onun evinə gəlmişlər. Həmin gün, saat 18 radələrində həyat yoldaşı Əbdülə zəng gəlmiş, o, telefonla danışıb həyəcanlı şəkildə evdən çıxarkən Kürdoğlunun Aidəni bıçaqladığnı bildirmişdir. Əbdülün arxasınca o da evdən çıxıb İbadətin evinə - hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda Kürdoğlu hadisə yerində olmamış, Aidənin böyür nahiyələrində və əllərində qan izləri olmaqla yaralı olmuşdur. Qayını Ceyhun hadisə yerinə gələndən sonra Aidəni Ceyhunun idarə etdiyi maşına qoyub xəstəxanayaa aparmışlar. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 04.08.2021-ci il tarixli 1770 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş döş qəfəsi nahiyəsinin və qarın nahiyəsinin daxilə nüfuz edən, qaraciyəri və plevranı yaralayan və hemapnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən, bel nahiyəsinin sol yarısında daxilə nüfuz etməyən, sol bazu, sol dirsək oynağı, sol said nahiyələrinin, sol əlin 2-ci barmağının deşilmiş-kəsilmiş yaralarının iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, xəsarətlər 17.07.2021-ci il tarixdə əmələ gəlməyə uyğundur, dərəcələrinə görə döş qəfəsinin və qarın nahiyəsinin daxilə nüfuz edən, qaraciyəri və plevranı yaralayan və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Bel nahiyəsinin sol yarısında daxilə nüfuz etməyən, sol bazu, sol dirsək oynağı, sol said nahiyələrinin, sol əlin 2-ci barmağının deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizalarının 09.08.2021-ci il tarixli 1751 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir, o, baş verən hadisə zamanı patoloji affekt halında olmamışdır, Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməyib, o, hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; Buna görə də Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptivlik, başqasının hiss və yaşantılarına qarşı biganə olmaq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; X2 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik aşkar edilməmişdir; Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə baş verən vaxt keçirdiyi emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara ifadə vermək qabiliyyətinə malik olmuşdur, hazırda onun emosional vəziyyəti norma səviyyəsindədir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; Baş vermiş cinayət hadisəsi onun fərdi-psixi xüsusiyyətləri ilə deyil, situasiya ilə əlaqədar keçirdiyi emosional vəziyyəti ilə əlaqədar olmuşdur. Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22.09.2021-ci il tarixli 2228 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı patoloji affekt halında olmamışdır, Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməyib, o, törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Buna görə Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs eqosentrizm, başqasının hiss və yaşantılarına qarşı biganə olmaq, inadkarlıq, öz üstünlüyünü nümayiş etdirmək, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; X2 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik aşkar edilmədi; Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur, hazırda baş verənləri düzgün təsvir etmək və bu barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; Baş vermiş cinayət hadisəsi onun fərdi-psixi xüsusiyyətləri ilə deyil, situasiya ilə əlaqədar keçirdiyi emosional vəziyyəti ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 məhkəmə-tibbi-kriminalistik ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 450/MKTŞ-2021 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin hər iki yarısının orta hissəsində, sağ yan səthində və arxa səthinin sol yarısında çoxsaylı dəlib-keçən zədələr vardır; Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, zədələr eyni bir alətin və ya oxşar konstruktiv xüsusiyyətə malik bir neçə alətin tiyəsinin təsirindən törənə bilər. Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin aşağı hissəsində bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə, dartılma nəticəsində törənmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 28.09.2021-ci il tarixli, 626/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən toxuma kəsiyi üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A angitenti, həmçinin beta aqqlyutini də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi üzrə maddi sübut olan – ibtidai istintaqın gedişində hadisə yerindən götürülmüş bir ədəd kofta, döşək üzünün parçası, eləcə də, bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMnin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, habelə himayəsində iki azyaşlı uşağının olmasını və özünün məcburi köçkün olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2, 58.3 və 70-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməyi, CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti tətbiq etməyi və sınaq müddəti təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə mövcud olan cəzanı yüngülləşdirən halları tədqiq edərək bu nəticəyə gəlir ki, təyin edilmiş cəzanı real çəkmədən də, təqsirləndirilən şəxsin islah olunması mümkündür. Məhkəmə hesab edir ki, məhz təqsirləndirilən şəxsin şəxsiyyəti, məcburi köçkün olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşmançılığını, cinayət törətdikdən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardımın göstərilməsi üçün tədbirlər görməklə zərər çəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlər etməsini, könüllü polis orqanına gedib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə real olaraq barışıq əldə etməsi, zərər çəkmiş şəxsin onadan şikayət etməməsinə və zərər çəkmiş şəxsin ona qarşı tələb irəli sürməkdən imtina etməsinə nail olması təqsirləndirilən şəxsin real olaraq təyin olunmuş cəzanı çəkmədən islah oluna biləcəyinə dəlalət edir ki, buna görə də, CM-nin 70-ci maddəsini tətbiq etməklə ona cəzanın şərti tətbiq edilməsi və sınaq müddəti təyin olunması məqsədə uyğundur. Məhkəmə bu qərara gələrkən həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərinə nəzarəti yaşadığı yer üzrə icra qurumu həyata keçirməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılan – 01 ədəd mətbəx bıçağı məhv edilməli, 1 ədəd kofta, döşək üzünün parçası zərərçəkmiş şəxsə qaytarılmalı, sonuncu qəbul etməkdən imtina etdiyi halda isə məhv olunmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç)il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 1(bir)il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılan – 01 ədəd mətbəx bıçağı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılan - 1 ədəd kofta, döşək üzünün parçası zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etməkdən imtina etdiyi halda məhv olunsun. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayət və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza Rəşad Əliyev Hakim imza Hafiz Əliyev Hakim imza Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar