Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-130/2025 11.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 4 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 20,018 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda 01 ədəd bükümdə, 185,903 qram çəkidə qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəki Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayının navalçasının altında gizlətməklə yerləşdirərək həmin yer haqqında şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsə bildirmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək barədə Təqsirləndirilən şəxs ilə razılığa gəldikdən sonra qabaqcadan əlbir olub bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin idarə etdiyi dövlət qeydiyyat nömrə nişanı məlum olmayan “Kia Seed” markalı avtomobillə 04 iyun 2024-cü il tarixdə, saat 22 radələrində həmin ünvana gəlmişlər, bundan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs idarə etdiyi avtomobildə şadlıq sarayından kənarda gözləmiş, Təqsirləndirilən şəxs isə qeyd olunan çəkidə narkotik vasitə olan asetilə edilən tiryəki və psixotrop maddə olan metamfetamini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 22 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılarkən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs polis əməkdaşlarından yayınaraq hadisə yerindən özünün idarə etdiyi avtomobillə qaçmış, lakin Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasına aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 20,018 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və külli miqdarda 01 ədəd bükümdə, 185,903 qram çəkidə qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryək əynindəki şalvarının kəmər hissəsinin alt hissəsindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik istifadəçisidir, buna görə narkotik xəstəliyinə düçar olub. Ancaq heç vaxt satış məqsədilə narkotik vasitə əldə etməyib. Elşad onun qonşusudur. Elşad ona deyib ki, “İİR vətəndaşı ona narkotik vasitə göndərib, gedək narkotiki götürək, sənə də istifadə etməyin üçün verəcəm”. O da Elşadın təklifi ilə razılaşıb və 04 iyun 2024-cü il tarixdə, axşam saatlarında Elşadla birlikdə sonuncunun idarə etdiyi maşınla narkotik vasitəni götürməyə gedib. O, Elşadın göstərdiyi yerdən narkotik vasitəni götürən zaman polis əməkdaşları onu saxlayıblar, amma Elşad özü maşını sürüb qaçıb. Götürdüyü narkotik vasitələrin miqdarı və növü ittiham aktında düzgün göstərilib. Halhazırda Elşadın harda olduğunu bilmir, onun tutulub-tutulmadığından da məlumatı yoxdur. Elşadla birlikdə Sumqayıta “Kia Seed” markalı avtomobillə gəlib, Elşadın özünün “Mersedes” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O, ibtidai istintaq zamanı Elşadın mobil nömrəsini, Elşada məxsus avtomobilin, həmçinin onların birlikdə Sumqayıta gəldikləri avtomobilin nömrəsini müstəntiqə deyib. Elşadın soyadını, ata adını, yaşadığı ünvanı bilmir. Müstəntiqə mobil telefonunda Elşadın nömrəsinin olduğunu desə də, müstəntiq onun iştirakı ilə telefonuna baxıb ondan heç nə soruşmayıb. Müstəntiq onun mobil telefonunu sonradan anasına qaytarıb, hal-hazırda mobil telefonu anasındadır. Narkotik vasitədən xəstəliyi ilə bağlı istifadə etmək məcburiyyətində qalıb, əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, göstərmişdir ki, təxminən 6 ildir ki, narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Qonşusu olan və 10 ildn artıqdır ki, tanıdığı Elşad Əlişad oğlu bəzən ona istifadə etməyi üçün heç bir təmənnasız narkotik vasitələr verir. Təxminən 2024-cii ilin aprel ayının sonlarında Elşad ona müraciət edərək İran vətəndaşının özünə külli miqdarda narkotik vasitə göndərdiyini, həmin narkotik vasitənin hal-hazırda Xırdalan şəhərində 2 saylı orta məktəbin yaxınlığındakı bir yerdə gizlətdiyini, həmin narkotik vasitələri özü götürərsə polisin onu tanıyacağını bilidrib təklif etmişdir ki, onun avtomobili ilə birlikdə Xırdalan şəhərinə getsinlər, o, həmin yerdən naroktik vasitəni götürüb Elşada təhvil versin, əvəzində isə ona 2-3 çet narkotik vasitəni hədiyyə edəcəkdir. O da razılaşıb Elşadla birlikdə sonuncuya məxsus Mersedes Benz markalı **-LC-*** d.q.n.n-lı avtomobillə Xırdalan şəhərinə getmişlər, 2 saylı orta məktəbin qarşısında Elşad maşını saxlamış, o isə maşından düşüb məktəbin yaxınlığında daşın altında gizlətdiyi, içərisində nə olduğunu bilmədiyi iri bükümü götürüb avtomobilə qayıdaraq Elşada vermişdir. Elşad bükümü onun yanında açmamışdır və birlikdə Ceyranbatana qayıtmışlar. Orada ayrıldıqdan bir neçə saatdan sonra Elşadla Ceyranbatan qəsəbəsində görüşərkən Elşad ona şəxsi istifadəsi üçün 2-3 büküm metamfetamin vermişdir. O da, aldığı metamfetaminləri özü istifadə etmişdir. Bundan bir müddət sonra təxminən 2024-cü ilin may ayının ortalarında onlar eyni qaydada razılığa gəlmiş, lakin bu dəfə Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığındakı ərazidən yenə də daşın altından narkotik vasitəni götürüb, yenə götürdüyü bir ədəd bükümü içərisində hansı narkotik vasitə olduğunu bilmədən Elşada vermişdir. 04 iyun 2024-cü il tarixdə axşam saatlarında Ceyranbatan qəsəbəsində olarkən Elşad ona müraciət edərək yenə də, İran vətəndaşı olan Nadir adlı tanışının ona narkotik vasitələr göndərdiyini, bu dəfə narkotik vasitənin Sumqayıt şəhəri İ.Qayıbov küçəsində yerləşən «Tural» şadlıq sarayının yaxınlığında, navalçanın altında gizlədildiyini bildirərək ona təklif etmişdir ki, özü ilə birlikdə Sumqayıta getsin və o, həmin bağlamanı götürüb özünə versin, əvəzində isə ona istifadə etməsi üçün narkotik vasitə və ya pisxotrop maddə verəcəkdir. O, razılaşıb, Elşadla birlikdə sonuncunun idarə etdiyi sahibini tanımadığı Kia Seed markalı avtomobillə Sumqayıt şəhərinə, «Tural» şadlıq sarayının yanına gəlmişlər. Orada Elşad maşını kənarda saxlayıb maşından düşməyərək onu gözləmiş, o isə maşından düşüb deyilən navalçanın altından bir ədəd ağ-qara qarışıq rəngli sellofan torbanı götürüb, əynində olan şalvarın kəmərinin altına qoymuş və Elşada tərəf gedərkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, bu şübhələrin yoxlanılması üçün onu Sumqayıt şəhər Polis idarəsinə dəvət etmişlər. Bunu görən Elşad maşını işə salaraq oradan uzaqlaşmışdır. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, etiraz etməmişdir. Şəxsi axtarışa başlayandan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqarını müdafiə etmək üçün dəvət olunmuş vəkil təqdim olunmuşdur. O vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilərək əvvəlcə təklif olunmuşdur ki, üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddə və ya əşya vardırsa onu təqdim etsin. Həmin vaxt o, özünün şalvarın kəmərinin altına yerləşdirdiyi bir ədəd sellofan bağlama çıxarıb masanın üstünə qoyaraq təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisində şəffaf rəngli yapışqan lentə bərkidilmiş halda bir ədəd qara rəngli sellofana bükümdə ağ rəngli kristal halda, psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd şəffaf rəngli yapışqanlı lentə bərkidilmiş halda qara rəngli sellofana bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə oduğunu bu gün Elşad adlı şəxsin təklifi əsasında sonuncunun İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və konum əsasında qoyulduğu yerdən götürmək üçün Elşadla birlikdə həmin əraziyə gəldiyini, Elşaddan özünün istifadəsi üçün narkotik vasitə almağı müqabilində Elşada çatdırmaq üçün təqdim etdiyi həmin maddələri qoyulduğu yerdən götürdüyünü, lakin həmin anda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdmişdir. Sonra təqdim etdiyi maddələr ayrıayrılıqda elektron tərəzidə çəkilərək, narkotik vasitəyə bənzər maddənin bükümlə birlikdə çəkisinin 219,99 qram, metamfetaminə bənzər maddənin bükümlə birlikdə çəkisinin 25,53 qram olduqları müəyyən edilmişdir. Aşkar edilmiş maddələr Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənib polis əməkdaşlşarı tərəfindən götürülmüşdür. Üzərində aparılan şəxsi axtarış zamanı özünün istifadə etdiyi bir ədəd Samsunq markalı mobil telefon aşkar edilimiş və həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyinə görə xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənib polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərindən qanunla saxlanılması və gəzdirilməsi qadağan edilən digər əşya və maddə aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 04 iyun 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra həmin tarixdə əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri zamanı həmin tarixdə, axşam saat 10-11 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılıb və Sumqayıt ŞPİ-nə dəvət edilib. Polis idarəsində müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq üzərində saxladığı torbanı təqdim edib. Torbadakı bükümlərin birindən metamfetaminə bənzər maddə, digərindən isə narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilib və həmin bükümlər müvafiq qaydada qablaşdırılıraq götürülüb. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Sumqayıt ŞPİ-nə 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bu barədə raportla rəhbərliyə məruz edildikdən sonra, onun da üzvü olduğu əməliyyat qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində xx.xx.2024-cü il tarixdə, axşam saat 10-11 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılıb. Özlərini təqdim etdikdən və ona saxlanılma səbəbini izah etdikdən sonra və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə dəvət ediblər. Polis idarəsində müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər və narkotik vasitə heroinə bənzər maddə aşkar edilib. Həmin kütlələr müvafiq qaydada qablaşdırılıraq götürülüb. Təqsirləndirilən şəxs saxlanılarkən qarşı heç bir təzyiq və təsir göstərilməyib. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında başqa şəxs olmayıb. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu narkotik vasitədən ancaq istifadə edib, heç vaxt həmin maddələrin satışı ilə məşğul olmayıb. Elşad adlı şəxsi tanıyır, onu bir neçə dəfə oğlu Təqsirləndirilən şəxs çağıranda görüb. Oğlu tutulandan sonra Elşadı görməyib. Təqsirləndirilən şəxs tutulandan sonra müstəntiq Əsgər Kazımov ona zəng edib oğlunun əşyalrını götürmək üçün çağırıb, o da müstəntiqin iş yerinə gedib oğlunun telefonunu da götürüb. Hal-hazırda həmin telefonu məhkəmə iclasına gətirib və təqdim edə bilər. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi məlumatlar, həmçinin təqsirləndirilən şəxsin mobil telefonunda olan məlumatlar əsasında şəxsiyyəti müəyyən edilərək məhkəməyə çağırılaraq əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, halhazırda yükdaşıma şirkətində sürücü kimi işləyir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olub, ona verilmiş cəza ilə əlaqədar ayağında elektron nəzarət vasitəsi gəzdirir. Təqsirləndirilən şəxs məhəllələrindən tanışı kimi tanıyır. Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə ona zəng edərək onun maşını ilə Ceyranbatandan Sumqayıta getmək istədiyini bildirib, o da Təqsirləndirilən şəxs Sumqayıta istədiyi yerə gətirib. Təqsirləndirilən şəxs ona bir nəfərlə görüşüb qayıdacağını bildirib. O bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs gəlmədiyini görüb ona zəng edib, lakin Təqsirləndirilən şəxs zənginə də cavab vermədiyi üçün onu aldatdığını düşündüyü üçün oradan çıxıb gedib. Təqsirləndirilən şəxslə birlikdə Sumqayıta getdiyi maşın dostunun maşını olub, həmin maşının dövlət qeydiyyat nişanını xatırlamır. O, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmayıb. Təqsirləndirilən şəxs həmin yerə narkotik vasitə götürməyə getdiyini bilməyib, əgər bilsəydi, onunla birlikdə getməzdi. O, bir neçə dəfə Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə istifadə edib, lakin müalicə aldığı üçün hal-hazırda narkotik vasitələrdən istifadə etmir. atasının “Mersedes” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı maşını var. O, Təqsirləndirilən şəxs narkotik götürmək üçün harasa getməyi təklif etməyib. O, Ceyranbatan bağları, fərdi yaşayış evlərində yaşayır, 10 ildən çoxdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Bu günə qədər onu heç kim polis idarəsinə dəvət etməyib, bununla bağlı ona mobil nömrə ilə, məktubla və ya başqa vasitələrlə məlumat verilməyib. Onu bu işlə bağlı ilk dəfə hazırki işlə bağlı bu məhkəmədən çağırıblar, o da gəlib. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Təqsirləndirilən şəxs” adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün 04 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində vətəndaşalrın sorğusu əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, 04 iyun 2024-cü il tarixdə Sumqayıt ŞPİ-in NMB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib. Xidməti otaqların birində xx.xx.2024-cü il tarixdə saat 00:02-dən 00:22-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu və sol tərəfdən kəmərinin altından ağ selloafan torbanı çıxarıb təqdim edir. Həmin torbada iki ədəd, ayrı ayrılıqda, üzəri şəffaf yapışqanlı lentlə sarınaraq bərkidilmiş, qara rəngli sellofan bükülü olduğu aşkarlanır. Təhqiqatçı Təqsirləndirilən şəxs bu bükülülərin nədən ibarət olduğunu soruşduqda o bildirir ki, özü narkotik vasitə və psixotrop maddə qəbul edir. Bir qədər əvvəl özü ilə bir məhəllədə yaşayan “Elşad” adlı şəxs ona “Nadir” adlı İran İslam Respublikasının vətəndaşının onun üçün Sumqayıt şəhərində, İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayını yaxındığında navalçanın altına bu torbadakı heroinlə metamfetamini qoymuş olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, o, bu maddələri “Elşad” üçün oradan götürsün, əvəzində “Elşad” ona metamfetmin və heroindən qəbul etməsi üçün verəcəkdir. Təhqiqaçı təqdim olunmuş bükümləri açdıqda birinin içində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin bənzər maddə, digərində isə toz şəkilli qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilir. Sonra həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək metamfetaminə bənzər maddənin çəkisinin 25,53 qram, heroinə bənzər maddənin çəkisinin isə 219,99 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və həmin maddələr ayrı-ayrılıqda təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılıb üzəri 124 saylı möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanaraq götürülür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntülər ilə təqsirləndirilən şəxsin və şahid polis əməkdaşlarının ifadələrində göstərdikləri xüsusatlar və yuxarıda protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3121 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbacan Respublikası Daxili İşlər Nazirliyi «Zərflər üçün №124” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..” və s. soyadlar, imzalar olan paketdəki 1 ədəd bükümdə təmir çəkisi 20,018 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 185,903 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Metamfetamin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), Asetilə edilən tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 5445 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilib götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonda iş üçün maraq və əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Göstərilən mobil telefon məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası tərəfindən məhkəməyə təqdim edilmiş, mobil telefona baxış zamanı təqsirləndirilən şəxsin “Elşad” adlı şəxs kimi tanıdığı və məhkəmədə dindirilmiş Şahid3 məxsus olduğunu bildirdiyi ********** saylı mobil nömrə ilə 31 may 2024-cü il tarixdə telefon danışığı apardığı müəyyən edilmişdir. Baxışla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (xx.xx.2025-ci il tarixlli məhkəmə iclas protokolu) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən və qəbul edilən məlumatlara dair diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə istintaq üçün maraq kəsb edən məlumatlar aşkar edilməmişdir. Qeyd edilən diskə məhkəmədə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid3 məxsus olduğunu bildirdiyi ********** saylı mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bir neçə dəfə telefon danışı apardığı müəyyən edilmişdir. (xx.xx.2025-ci il tarixlli məhkəmə iclas protokolu) Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 20,018 qram olan psixotrop maddə metametamin, 01 ədəd bükümdə təmiz çəkisi 185,903 qram olan narkotik vasitə - asetilə edilən tiyrək, 01 ədəd “DVD” formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra metamfetamin 19,918 qram qalığı, asetilə edilən tiyrəkin 185,703 qram qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması və mənzilə baxış keçirilməsi protokoluna əlavə edilmiş 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt ŞPİ-nin NMB-dən daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki, “Elşad” adlı şəxsin, həmçinin onunla Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdikləri mənbənin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Məhkəmə araşdırması zamanı şəxsiyyəti istintaqa məlum olmayan “Elşad” adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş, həmin şəxsin Şahid3 olması müəyyən edilərək o məhkəmə iclasında şahid qismində dindirilmişdir. Bu barədə dərhal məhkəmə tərəfindən Sumqayıt şəhər prokuroruna və Sumqayıt ŞPİ-nin rəisinə rəsmi məlumat verilmişdir. Məhkəmə tərəfindən əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-63/2025 saylı qərarından görünür ki, Şahid3 barəsində xx.xx.2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən məsələlərlə bağlı məhkəmə kollegiyası hazırki cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Əsqər Kazımovun kobud qanun pozuntularına yol verməsinə xüsusi qərarla münasibət bildirmişdir. İş üzrə bu cinayəti Təqsirləndirilən şəxs ilə əlbir törətmiş “Elşad” adlı şəxsin və onların qanunsuz olaraq əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdikləri mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək ittihamda qeyd edilən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələrini (narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməməsinə dair hissəsi istisna olmaqla) özünü müdafiə etmək mövqeyindən irəli gələn taktikası kimi qəbul edir, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən həm narkotik vasitə, həm də psixotrop maddələrin aşkar edilməsi, tiryəkin və metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmin maddələrin ayrı-ayrı bağlamalarda olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə etdiyini və saxlayaraq daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cti il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon məhkməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzadan 04 ay 20 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 20 iyun 2024-cü il tarixədək qəsdən ağır cinayət törətmişdir. Odur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 04 ay 20 günü hazırkı cinayət əməli ilə bağlı cəza təyin edilərkən nəzəzə alınaraq, ona CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli (CM 234.1) az ağır cinayət olduğundan və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, həmçinin CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən şərti olaraq vaxtdan azad edildiyi hesablandığından, Təqsirləndirilən şəxs isə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra 02 il keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir və CM-nin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzanı tam çəkmədən islah olunması qənaətinə gəlinərək cəzadan vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətməsi onda cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərdiyinə dəlalət edir ki, bu da onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 65.2 və 67.1ci maddələrinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyun 2024-cü il tarixdə barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2024cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 185,703 qram narkotik vasitə - asetilə edilən tiryək və 19,918 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 01 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 185,703 qram narkotik vasitə - asetilə edilən tiryək və 19,918 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-130/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-130/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver