Məhkəmə qərarları › İş №1(124)-131/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-131/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-131/2022 03.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Abşeron rayon Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla həbs olunanadək faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilibbecərilməsi qadağan olunmuş çətənə bitkilərini külli miqdarda əkib, xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi toxumlardan qanunsuz olaraq Xızı rayonu, keçmiş Upa kəndi yaxınlığındakı Upa yaylağı adlanan ərazidə, ətrafı hündür dağlarla əhatə olunmuş dərə ilə axan adsız çayın yatağı üzərində, təbii halda bitmiş ağac və kolların arasında süni şəkildə yaradılmış kiçik talada 20.04.2021-ci il tarixdə 31 (otuz bir) ədəd əkilib-becərilməsi qadağan olunan narkotik xassəli çətənə bitkilərini külli miqdarda əkmiş, çətin dağlıq relyef şəraitində həftədə bir dəfə olmaqla kanistrlərdə at vasitəsilə su daşıyaraq həmin bitkiləri sulamış, onları heyvan peyini ilə gübrələmiş və onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, 09.06.2021-ci il tarixdə saat 12:20 radələrində Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxsla birlikdə həmin əraziyə baxış keçirilən zaman qeyd olunan yerdə əkilib becərilmiş, yaş halda çəkisi 4020 qram (4 kq., 20 qr.) olan, ümumilikdə 31 (otuz bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs oğlu ifadə verməkdən və suallara cavab verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini billdirmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, ara-sıra əlinə düşdükcə narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Evləri Xızı rayonu, Giləzi qəsəbəsində, Bakı-Quba magistral yolunun yaxınlığında yerləşən fərdi yaşayış evidir. Təsərrüfatında olan heyvanları isti aylarda Xızı rayonu, keçmiş Upa kəndi yaxınlığındakı Upa yaylağında özlərinə məxsus fermaya aparıb orada saxlayır. 2020-ci ilin sentyabr ayında Xızı rayonu, Giləzi qəsəbəsində ərazisində heyvanları otararkən yerdə qara rəngli “Winston” markalı siqaret qutusu görmüş və həmin qutunu götürüb açarkən içərisində siqaret kağızına bükülmüş çətənə toxumları olduğunu görmüşdür. Həmin toxumları özündə saxlayıbmış ki, yay aylarında Xızı rayonu, Upa yaylağındakı fermaya gedərkən orada gizli bir yer tapıb həmin toxumları öz istifadəsi üçün əkib-becərər. Aprel ayının 15-də heyvanları yaylağa qaldırmış, orada bir neçə gün qaldıqdan sonra ətrafı gəzib özü ilə götürdüyü çətənə toxumlarını əkmək üçün münasib yer axtarmağa başlamış və belə yeri yaylaq ərazisində, ətrafı dağlarla əhatələnmiş adsız çay yatağının üstündə tapmışdır. Orada təbii halda bitmiş ağac və kolların arasında gizli bir yer var imiş və özü həmin yeri balaca tala halına gətirmişdir. Belə ki, talanın əkin aparılacaq yerini kol-kosdan təmizləmiş və əkin üçün lazımi hala gətirmişdir. Çətənə toxumlarını əkdiyi yer heyvanları saxladığı fermadan 2 km kənarda yerləşir. Beləliklə, 20.04.2021-ci il tarixdə özündə olan toxumları bir-birindən aralı şəkildə torpağa basdırmış və ilk gündən sulayaraq qulluq göstərməyə başlamışdır. Həmçinin, heyvan təzəyindən peyin kimi istifadə etməklə toxumları əkdiyi yeri gübrələmişdir ki, bitki keyfiyyətli yetişsin. Toxumları əkdiyi gündən həftədə bir dəfə olmaqla fermadan su kanistrlərini doldurub oraya gedir bitkiləri sulayır, onlara qulluq edirmiş. Bir neçə gün sonra toxumlar cücərmiş və böyüməyə başlamışdır. Beləliklə, əkdiyi toxumlardan cəmi 31 (otuz bir) ədəd çətənə kolu yetişmişdir. 09 iyun 2021-ci il tarixdə, təxminən saat 11-12 radələri aralığında çətənə kollarına nəzarət etmək üçün toxumları əkdiyi yerə gedərkən həmin zaman bir neçə idman geyimli şəxs ona yaxınlaşmış, sonra həmin şəxslərin polis əməkdaşları olduğunu anlamışdır. Bir qədər sonra isə olduğu yerə bir neçə maşın gəldiyini görmüş və başa düşmüşdür ki, Xızı rayon Polis Şöbəsinin əməkdaşları onun qanunsuz olaraq narkotik bitkiləri əkib becərdiyini müəyyənləşdirmişlər. Polis əməkdaşları özləri ilə bir nəfər aqronom da gətiribmişlər. Onu salxayıb çəkiliş altında çətənə bitkilərini əkdiyi yeri göstərməsini tələb etmişlər və o da başqa çarə olmadığını başa düşdüyü üçün bitkiləri əkdiyi yeri göstərmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən orada 31 (otuz bir) ədəd çətənə kolu aşkar edilmişdir. Daha sonra polis əməkdaşları çətənə kollarını əkildikləri yerlərdən bir-bir kökqarışıq çıxarmışlar və kisəyə doldurmuşlar. Qablaşdırandan sonra bağlamanı möhürləmiş, sonra aşkar edilmiş çətənə kollarına dair protokol tərtib edilmiş və həmin protokola orada olan iştirakçılar, həmçinin o, özü imza atmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs Upa yaylağı adlanan ərazidə tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi barədə daxil olan əməliyyat məlumatı əsasında 09 iyun 2021-ci ildə saat 12 radələrində Xızı RPŞ-nin PPXT əməkdaşları ilə birgə Xızı rayonu Upa yaylağı adlanan ərazidə əməliyyat-istintaq tədbiri həyata keçirilmişdir.Tədbir zamanı ətrafı hündür dağlarla əhatə olunmuş dərə ilə axan adsız çayın yatağı üzərində, təbii halda bitmiş ağac və kolların arasında süni şəkildə yaradılmış kiçik talaya Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı süni şəkildə yaradılmış kiçik talada təxminən 31-32 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər aşkar edilmişdir. Hadisə yerinə təqsirləndirilən şəxsin, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sual edildikdə həmin bitkiləri özü tərəfindən şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Mütəxəssis-aqronom bitkilərə baxış keçirib onların tərkibində narkotik maddələr olan çətənə kollarına bənzər bitkilər olduğunu təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxsin onun övladı olduğunu, eyni evdə yaşadıqlarını, lakin hadisənin təfərrütaları ilə bağlı məumatı olmadığını bildirmişdir. O qeyd etmişdir ki, dərədə çətənə bitkilərinin əkildiyi yerə polislərlə birlikdə getmişdir. Əkilən çətənə bitkilərini görəndə təccüblənmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkdiyindən xəbəri olmadığını söyləmişdir. Ərazidə təxminən 31 ədəd çətənə bitkisi olduğunu bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 104-106) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Upa kəndi yaxınlığındakı Upa yaylağı adlanan ərazidə ətrafı hündür dağlarla əhatə olunmuş dərə ilə axan adsız çayın yatağı üzərində, təbii halda bitmiş ağac və kolların arasında süni şəkildə yaradılmış kiçik talada aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edilmiş ümumilikdə 31 ədəd çətənə bitkisi aşkar edilərək Təqsirləndirilən şəxs və aqronommüəxəssisin iştirakı ilə torpaqdan çıxarılmış və polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 7-10) Həmin video diskə məhkəmədə proses iştirakçıları ilə birlikdə baxılarkən müəyyən edildi ki, “Baxış keçirilməsi haqqında” 09 iyun 2021-ci il tarixli protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videoçəkilişdə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis Şahin Musayev tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, aşkar edilmiş ümumilikdə 31 ədəd yaş köküstə bitki həqiqətən də spesifik qoxuya malik çətənə kollarına bənzəyir, həmin kollara aqrotexniki qaydada qulluq olunmuşdur. (Cild 1, iş vərəq 11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 10 iyun 2021-ci il tarixli, 7/534 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı 31 (otuz bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 4020 qram (4 kq 20 qram) olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 36-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji ekspertizasının 31 iyul 2021-ci il tarixli, 2596 nömrəli rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 111-112) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 31 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, sübut əhəmiyyəti kəsb edən bir ədəd ”DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 146-151, Cild 1, iş vərəqi 10) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin daxil olmuş 17.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Siyəzən rayon Məhkəməsinin 19.05.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmişdir. (Cild 1, iş vərəqi 86-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 73-74, 98) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, Xızı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə Xızı rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ləğv edilərək təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmə müddətinin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 72, 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 31 (otuz bir) ədəd çətənə bitkiləri məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan: 4018,45 qram çəkidə 31 (otuz bir) ədəd çətənə bitkiləri məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar