Məhkəmə qərarları › İş №1(124)-131/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-131/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-131/2023 05.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1965-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, məhəllə 1, ev 3, mənzil 1-də qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bağlamada təmiz çəkisi 3.630 qram (3 kq 630 qram) narkotik vasitə olan heroini və satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 1 ədəd yivli odlu döyüş silahı hesab edilən atış üçün yararlı olan 1966-cı il zavod usulu ilə hazırlanmış saz vəziyyətdə 9 mm kalibirli «Макаров» (ПМ) konstruksiyalı ИП 1346 N-lı yarımavtomatik tapança, ona məxsus olan 1 ədəd tapancaların funksiyonal əhəmiyyət daşımayan və koınplekt hissəsi olan 9x18 kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqça və 08 ədəd 9 mm kalibirli “Makarov” (PM), “PA63”, “P64”, “RK59”, “Ceska zbrojovka” konstruksiyalı tapançalarda və “Steçkin” (APS) konstruksiyalı avtomatik tapancalarda və.s uyğun kalibirli digər tapançalarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sürsat hesab edilən 9x18 mm kalibirli istifadəyə yararlı patronu əldə edib daşıyaraq üzərində saxlamış, 11 fevral 2022-cı il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin, NMB və YPX-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci Paralel küçəsində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş, Sumqayıt ŞPİ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxlamış olduğu ağ rəngli sellofan torbanın içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bağlamada külli miqdarda təmiz çəkisi 3630 qram (3 kq 630 qram) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sağ çiynində olan qara rəngli çantanı içərisindən 1 ədəd yivli odlu döyüş silah hesab edilən atış üçün yararlı olan 1966cı il zavod usulu ilə hazırlanmış saz vəziyyətdə 9 mm kalibirli «Макаров» (ПМ) konstruksiyalı ИП 1346 N-lı yarımavtomatik tapança, ona məxsus olan 1 ədəd tapancaların funksiyonal əhəmiyyət daşımayan və komplekt hissəsi olan 9x18 kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqça və 08 ədəd 9 mm. kalibirli “Makarov” (PM), “PA63”, “P64”, “RK59”, “Ceska zbrojovka” konstruksiyalı tapançalarda və “Steçkin” (APS) konstruksiyalı avtomatik tapancalarda və. s uyğun kalibirli digər tapançalarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursat hesab edilən 9x18 mm kalibirli istifadəyə yararlı patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə axşam tərəfi taksi avtomobilinə əyləşmişdir. Taksi avtomobilində hərəkət edən zaman Yol Patrul Xidmətinin əməkdaşları taksi avtomobilini saxlamışlar. Yol Patrul Xidmətinin əməkdaşlarından əlavə mülki geyimdə olan polis əməkdaşları da var idi. Həmin şəxslər özləri ona təqdim etmişlər və narkotik vasitə barədə soruşmuşlar. O da avtomobilin baqaj hissəsində olduğunu bildirmişdir. Avtomobilin baqaj hissəsində təxminən 3,7 kq çəkidə heroin var idi. Eyni zamanda avtomobilin baqaj hissəsində patronları ilə birlikdə silah da var idi. Düşmənləri olduğu üçün həmişə üzərində silah gəzdirmişdir. Birinci Qarabağ müharibəsi zamanı Ağdərədə döyüşlərdə olmuşdur. Silahı oradan gətirmişdir. Narkotik vasitəni Nazim adlı dostu saxlamaq üçün ona vermişdir. Həmin şəxs vəfat etdiyi üçün həmin narkotik vasitəni gizlətməyə gedirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, o, 05 fevral 2022-ci il tarixdə Nazim adlı tanışından pulsuz olaraq təxminən 3 kq. narkotik vasitə heroin və içərisində 8 ədəd patronu olan bir ədəd “Makarov” markalı silahı satmaq məqsədi ilə almış, 11 fevral 2022-ci il tarixdə narkotik vasitə heroin və içərisində 8 ədəd patronu olan bir ədəd silahı satmaqdan ötrü silahı qara çantaya, narkotik vasitə heroini isə ağ rəngli şəffaf selofana qoyub evdən çıxmış, əvvəlcə Sumqayıt şəhərində Qubadlı rayon İcra Hakimiyyətinin yerləşdiyi əraziyə gəlmiş, lakin orada satmağa adam tapa bilmədiyi üçün Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə getmək qərarına gəlib bu məqsədlə yoldan keçən bir taksiyə əyləşmiş və əlimdəki çanta və torbanı arxa oturacağa qoymuş, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin narkotik vasitə və silah ondan götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin YPŞ-ın inspektoru, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs taksi avtomobilində əyləşmişdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu üçün taksi sürücüsü barədə protokol tərtib edən zaman mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və əməliyyat tədbirinin həyata keçirildiyini bildirmişlər. Taksi avtomobilindən təqsirləndirilən şəxsə məxsus heroin və silah aşkar edilmişdi. Xidməti vəzifələrini yerinə yetirərkən tək olmamışdır. Birlikdə xidmətdə olduğu polis əməkdaşı hazırda polis orqanında işləmir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-in baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində çalışmış Şahid5 ifadəsində göstərdi ki, 11 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi, o cümlədən qanunsuz olaraq silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci paralel küçəsində Yol Patrul Xidmətinin polis əməkdaşları ilə birlikdə saxlanılmışdır. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatına dair məlumat verilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və patronları ilə birlikdə silah aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi, o cümlədən qanunsuz olaraq silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci paralel küçəsində Yol Patrul Xidmətinin polis əməkdaşları ilə birlikdə saxlanılmışdır. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatına dair məlumat verilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və patronları ilə birlikdə silah aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1, Şahid2 və Şahid3 da digər şahidlər Şahid5 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 163-165, 166-168,175-177) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da sağ çiynində olan qara rəngli çanta və sağ əlində saxlamış olduğu 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etdi. 1 ədəd ağ rəngli selofna torbanın içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olduğu və 1 ədəd qara rəngli çantanın içərisidə isə 1 ədəd ИП 1346-1966 qara rəngli silah formalı alət və 01 ədəd içərisində doldurulmuş vəziyyətdə olan 08 ədəd patronun olduğu müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 28-29) “Şəxsi axtarışın keçirilməsi barədə” 11 fevral 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 10 may 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.(Cild 1, iş vərəq 30, 157-158) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/875 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125 sayılı” dairəvi mohur əksi olan “Vət. Təqsirləndirilən şəxs İsayıl oğlundan götürülmüş 2 (iki) ...’’sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamadakı kütləninn təmiz çəkisi 3.630 qram (3 kq, 630 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (Cild 1, iş vərəqləri 51-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməballistik ekspertizasının 3/222, 3/326 saylı 14 mart 2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 1966-cı il zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli «Makarov» (PM) konstruksiyalı “İP 1346” nömrəli, yarımavtomatik tapança - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş 1 ədəd sandıqça - “Makarov” (PM), konstruksiyalı yivli tapancaların funksional əhməiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandiqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 8 ədəd predmet 9 mm kalibirli “Makarov” (PM), “PA63”, “P64”, “RK59”, “Ceska Zbrojovka” konstruksiyalı tapançalarda və “Steçkin” konstruksiyalı avtomatik tapancalarda və s. uyğun kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sürsat hesab edilən 9x18 mm. kalibirli patrondur və təyinatı üzrə istifadə edilməyə yararlıdır. (Cild 1, iş vərəqləri 135-139) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 548 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidləridən istifadə etmə hallan olub. Lakin halhazırda X2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmür. (Cild 1, iş vərəqləri 140-141) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 31 may 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3629,9 qram narkotik vasitə heroin, 01 ədəd “Makarov” silahı, 01 ədəd sandıqça və döyüş sursatı hesab edilən və ballistik ekspertizada 01 ədəd sınandıqdan 07 ədəd qalıq qalmış patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 186-192) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 194-195) Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3.630 qram narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 24.200 dəfə, külli miqdardan isə 1.815 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni narkotik vasitənin, silah və patronların məhz satış məqsədi ilə əldə edib, saxlaması və daşıması işin hallarına uyğun, daha inandırıcı və ağlabatan xüsusatlar kimi qiymətləndirilməlidr. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra, xx.xx.2011-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 06 dekabr 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 109-112) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü üzrə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivi müəyyən edilir. Belə ki, cinayət qanununun qeyd edilən maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 13 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 88-89, 216-219) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3.629,9 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd 9 mm. kalibirli, «Макаров» (ПМ) konstruksiyalı, “ИП” 1346 N-li tapança və 08 ədəd 9 mm. kalibirli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İslam oğlundan 220 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3.629,9 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd 9 mm. kalibirli, «Макаров» (ПМ) konstruksiyalı, “ИП” 1346 N-li tapança və 08 ədəd 9 mm. kalibirli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar