Məhkəmə qərarları › İş №1(124)-132/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-132/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-132/2023 26.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 12.069,671 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 200 ədəd dərman tableti, külli miqdarda 6.046,778 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Füzuli rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Rza” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 64,671 qram hissəsini bölüb 01 ədəd bükümə və psixotrop maddə metamfetaminin külli miqdarda 41,778 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən fərdi yaşayış evinə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə saat 20:30-da Qobustan rayonu, Göydərə kəndində saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 64,671 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 41,778 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra, keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 03 mart 2022-ci il tarixdə saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı Qobustan rayonu, Göydərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağından 01 ədəd sellefon torbanın içərisində 11 ədəd bükümdə olmaqla hər birinin çəkisi 1.000 qram və 01 ədəd bükümdə olmaqla çəkisi 1.005 qram olan ümumilikdə külli miqdarda 12.005 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 200 ədəd dərman tableti, 02 ədəd bükümdə olmaqla hər birinin çəkisi 2.000 qram və 01 ədəd bükümdə olmaqla çəkisi 2.005 qram olan ümumilikdə külli miqdarda 6.005 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər bir ildir ki, narkotik vasitə istifadə edirdi. İttiham aktında qeyd olunan narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. 02 mart 2022-ci il tarixdə gecə 23:00-00:00 radələrində polis əməkdaşları onu saxlamışlar. Onlar onu əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə, daha sonra Qobustan Rayonu Polis Şöbəsinə gətirmişlər. 03 mart 2022-ci il tarixdə polis bölməsində 2 büküm narkotik vasitə və psixotrop maddəni ona verərək, həmin bükümlərin ondan aşkar olunduğunu bildirməyini tələb etmişlər. Etiraf etməyəcəyi halda, qardaşını da tutacaqları ilə hədələmişlər. Şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərdə üzərindən 2 bükümdə heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Həmin bükümlər ona məxsus olmamışdır. İttiham aktında qeyd olunur ki, Qobustan rayonu, Göydərə kəndinə yerləşən ünvanda qara çanta aşkar olunmuşdur. Hansı ki, həmin ünvanda nənəsi yaşamışdır. Qara çantanın içərisindən metamfetamin və metadon növlərində psixotrop maddələr, heroin növündə narkotik vasitələr aşkar edilmişdir. Ümumiyyətlə həmin çanta ona məxsus olmamışdır. İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən narkotik vasitə almaq istəmiş, lakin ala bilməmişdir. Çünki, polis əməkdaşları tərəfindən tutulmuşdur. İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsin qeyd etdiyi ünvanlara narkotik vasitə yaxud psixotrop maddə atmamışdır. Narkotik vasitəni həmişə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində tanımadığım şəxslərdən alırdı. Sonuncu dəfə polis əməkdaşları tərəfindən tutulduqda, onlar təzyiq edərək, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirməyə məcbur etdilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Anket məlumatlarını dəqiq bilmədiyi Elnur adlı tanışının vasitəsi ilə əslən İran İslam Respublikasından olan Rza adlı şəxs ilə tanışlığı yaranmışdır. Son bir il ərzində işləmədiyi üçün Rza ilə watsapp proqramı vasitəsi ilə danışan zaman söhbət əsnasında Rza ona narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını və bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri İlə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdığını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. O da bu işin riskli olmasını və hüquq mühafizə orqanları tərəfindən tutula biləcəklərini demişdir. Rza kiməsə əlbəəl narkotik vasitə və psixotrop maddə satmayacağını yalnız özü bildirdiyi halda onun dediyi yerdən qeyd olunan narkotik vasitələri götürüb başqa bir yerə atacağını söyləyib bu işdə tutulma riskinin az olduğunu və hər dəfə bu işi görəcəyi halda pul verəcəyini demişdir. O da Rzanın təklifi ilə razılaşmışdır. Təxminən 5-6 ay bundan öncə Rza onunla əlaqə saxlayıb malı Füzuli rayon ərazisinə atdırdığını və gedib oradan götürməyini, götürdükdən sonra məlumat verməyini demişdir. O da həmin vaxt icarəyə avtomobil götürüb Füzuli rayonuna getmişdir. Orada Rzanın izah verdiyi şəkildə özü tərəfindən yerləşdirilən narkotik vasitə və psixotrop maddələr olan bağlamanı tapmışdır. Həmin bağlamanı götürüb 3-4 dəfə olmaqla Müşviq yolu deyilən yerə qoymuşdur. Bunun müqabilində Rza ona kart vasitəsi ilə 10.000 manat məbləğində pul göndərmişdir. Bundan sonra bir neçə dəfə Rza ona Bakı şəhərində yerləri bildirib oradan narkotik vasitə və psixotrop maddələri götürməyini demişdir. O da Rzanın sözlərinə əməl edib bildirdiyi yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb yenidən başqa yerlərə qoymuşdur. Sonuncu dəfə təxminən 6-7 gün bundan öncə Rza onunla yenidən əlaqə saxlayıb 50 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə göndərdiyini, gedib Füzuli rayonundan götürməyini demişdir. O da həmin narkotik vasitə və psixotrop maddələri Füzuli rayonundan götürmüşdür. Həmin bağlamadaki narkotik vasitə və psixotrop maddələrin bir hissəsini Rzanın dediyi şəkildə müvafiq ünvanlara yerləşdirmiş, qalan hissəsini isə nənəsi və özü yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən evin yataq otağında gizlətmişdir. Həmin narkotik vasitə və psixotrop maddənin hərəsindən 01 ədəd bükümü üzərində saxlamışdır. 03 mart 2022-ci il tarixdə saat 20:30 radələrində Qobustan rayonu, Göydərə kəndində piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Sonra üzərinə müdafiəçinin iştirakı İlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd, qara və göy rəngli, “Samsung” markalı mobil telefonlar, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd açar və 40 manat pul aşkar olunmuşdur. Sonra psixotrop maddə və narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş Üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, 01 ədəd açar və 40 manat pul özünə geri qaytarılmışdır. Üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə təxminən 7(yeddi) gün əvvəl Füzuli rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Qobustan rayonunda yerləşən müvəqqəti yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının İştirakı ilə Qobustan rayonu, Göydərə kəndində yerləşən müvəqqəti yaşadığı ünvana getmişlər. Evin girişindən sağ tərəfdə yerləşən anbar və yataq yeri kimi istifadə olunan otağdaki döşəmənin bir hissəsini qazmaqla düzəltdiyi 01 ədəd, yaşıl rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən üç bükümdə psixotrop maddə metamfetamin, on iki bükümdə narkotik vasitə heroin, 200 ədəd metadon həbi aşkar olunmuşdur. Qeyd olunan maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Baxış zamanı verilən suallara cavab olaraq, Qobustan rayonu, Göydərə kəndində müvəqqəti yaşadığı evdən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Füzuli rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, götürdüyü narkotik maddələrin bir qismini müxtəlif yerlərə çatdırdığı üçün “Rza” adlı şəxsin ona təxminən 7000(yeddi min) AZN pul göndərdiyini, sonuncu ilə tanışı Elnur Cəlilov vasitəsi ilə tanış olduğunu, həmin evdə daimi yaşayan nənəsi Ağabacı Məmmədovanın orada narkotik maddə saxlamağı barədə məlumatı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 171-174) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin əməliyyat qrupunun rəhbəri özü olmuşdur. 03 mart 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Qobustan rayonu, Göydərə kəndinə getmişlər. Saat 20:00 radələrində qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə təxminən 7 gün əvvəl Füzuli rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Qobustan rayonunda yerləşən müvəqqəti yaşadığı evdə narkotik vasitələr saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq 03 mart 2022-ci il tarixdə saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən fərdi yaşayış evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, evin girişindən sağ tərəfdə yerləşən anbar və yataq yeri kimi istifadə olunan otağdakı döşəmənin bir hissəsini qazmaqla düzəldilən və həmin yerin üzərinə soyuducu yerləşdirilmiş saxlanc yerində gizlətdiyi 1 ədəd, yaşıl rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən metamfetamin növündə psixotrop maddələr, heroin növündə narkotik vasitələr və metadon həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tutulması əməliyyatı zamanı heç bir təzyiq göstərilməmişdir. Aşkar edilən narkotik vasitələr və psixotrop maddələr barədə soruşduqda, Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs telefonundan İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxslə danışıqlarının aşkar edilib-edilmədiyini bilmir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun hansı miqdarda narkotik vasitə və psixotrop maddə daşıdığı məlum deyildi. Belə ki, narkotik vasitələr və psixotrop maddələrin külli miqdarda olduğu məlum idi, lakin konkret olaraq miqdarı bilmirdilər. Qobustan Rayon Polis Şöbəsində həyata keçirilən videoçəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Qobustan rayonu, Göydərə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı narkotik vasitələr və psixotrop maddələrin olduğu çanta soyuducunun altında torpaq qazılaraq həmin yerdə gizlədilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 03 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 03 mart 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Qobustan rayonu, Göydərə kəndinə getdik. Saat 20:00 radələrində qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə təxminən 7 gün əvvəl Füzuli rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Qobustan rayonunda yerləşən müvəqqəti yaşadığı evdə narkotik vasitələr saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq 03 mart 2022-ci il tarixdə saat 23:40-dan etibarən Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən fərdi yaşayış evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, evin girişindən sağ tərəfdə yerləşən anbar və yataq yeri kimi istifadə olunan otağdakı döşəmənin bir hissəsini qazmaqla düzəldilən və həmin yerin üzərinə soyuducu yerləşdirilmiş saxlanc yerində gizlətdiyi 1 ədəd, yaşıl rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən metamfetamin növündə psixotrop maddələr, heroin növündə narkotik vasitələr və metadon həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin qazılmış yeri göstərməsə idi, narkotik vasitələr və psixotrop maddələrin olduğu çantanı tapa bilməzdilər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bilmirdilər. Onun narkotik vasitələri və psixotrop maddələri haradasa gizlətdiyini ehtimal edirdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində digər şahidlər Şahid3 və Şahid1la oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 128-131) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmin gödəkçənin sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonlar, əynindəki şalvarın sol yan cibindən 01 ədəd açar və 40 manat pul aşkar olunmuşdur. Narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr qablaşdırılmaqla, mobil telefon aparatları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış və götürmə aparılması haqqında” 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu, Göydərə kəndində yerləşən yaşayış evinə baxış zamanı evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı döşəmənin bir hissəsini qazmaqla düzəldilən və həmin yerin üzərinə soyuducu yerləşdirməklə gizlədilən 01 ədəd yaşıl torbanın içərisindən 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 12 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 200 ədəd metadon həbinə bənzər maddə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 37-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış və götürmə aparılması haqqında” 03 mart 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2022-ci il tarixli, 6/1324 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd qara rəngli sellofan torbada olan: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 64,671 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 41,778 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellefon torbada on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram ümumi təmiz çəkisi 120005,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 3 ədəd bağalamda ayrı-ayrılıqda təmiz çəkisi 2000 qram, 2000 qram, 2005 qram ümumi təmiz çəkisi 6005 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə on üç ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir -biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə dörd ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 200 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 8 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. (Cild 1, iş vərəqləri 47-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2022-ci il tarixli, 2528 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 144-145) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Bakcell” MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-6324/22 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir, SMS tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən “Suda goturersen icmeye Daw goturmusen? məzmunda mesajın göndərilməsi aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrədən “Sene nie zeng canttttttrre.qalmwam kucekerde apartn qabagnda .tez ac mene yg.olmadiki”, “Ayqaa.acda bunu o boyda yol gelmwem.olmadiki.meni gozdyenler var axi.opmadiki aaa”, “Pul yoxdu dawa.ancaq qaydannan sora dvij mvij elyb gotre bkerem.yada barter.cunki 50 pul lazmdi en azi.yol usdu weherden cekmeye gotrcemm” məzmunda mesajlar göndərilir. (Cild 1, iş vərəq 123) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 12069,151 qram narkotik vasitə heroin, 6046,578 qram psixotrop maddə metamfetamin, 190 ədəd metadon həbləri maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nə təhvil verilmişdir. Şəxsi axtarış və evə baxış videogörüntülərini özündə əks etdirən 02 ədəd disk və “Bakcell MMC”-dən daxil olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 146-157) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 116-117) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə köməklik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, polis əməkdaşlarının narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirməyə məcbur etmələri ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, onun qardaşı X2 44 günlük Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak etməsi, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 03 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 87-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 12.069,151 qram olan narkotik vasitə heroin, 6.046,578 qram olan psixotrop maddə metamfetamin və 190 ədəd metadon həbləri məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: n Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ümumi qalıq çəkisi 12.069,151 qram olan narkotik vasitə heroin, 6.046,578 qram olan psixotrop maddə metamfetamin və 190 ədəd metadon həbləri məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar