Məhkəmə qərarları › İş №1(124)-133/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-133/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-133/2022 06.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1991-cı ildə Suqmayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhər məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki yaşamiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 0,328 qram çəkidə narkotik vasitə olan heroini və 3,882 qram çəkidə külli miqdarda psixatrop maddə olan metamfetmini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 26 iyul 2021-ci il tarixdə saat 14:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, 78-ci məhəllə ev 215-in yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 0,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 78-ci məhəllə ev 215-in yataq otağındakı çarpayının baş hissəsinin sol yanında 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,882 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərdi ki, onu 26 iyul 2021-ci ildə səhər saatlarında 10 nəfərdən çox polis əməkdaşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evindən tutmuşlar. Evdə arvadı X3 və 6 yaşlı oğlu olmuşdur. Polislər evə pəncərədən daxil olmuşlar. Stolun üzərində 02 qram “kakos” deyilən narkotik vasitə heroin olmuşdur. Polislər ona təzyiq edərək evi axtarmışlar, əlavə narkotik çıxmadığı üçün əllərindəki sellofanı onun üzərindən çıxdığını boynuna alması üçün ona vermişlər. Polis Bölməsində ona təzyiq edərək narkotiki boynuna qoymuşlar. Buna görə çəkiliş aparılanda narkotikin onun olduğunu demişdir. Aşkar edilən narkotiki evdən götürdükdən sonra polis bölməsində yenidən çəkiliş olmuş, üzərinə qoyub metamfetamin olduğunu söyləmişlər. Şəxsi axtarış videoçəkilişlə aparılmış, evdə də çəkiliş olmuşdur. Daha sonra onu Polis Bölməsinə aparmışlar. Polislər onu hadisədən 4-5 ay əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlamışlar. Həmin vaxt onu tutan polislər gəlib yenidən onu tutmuşlar. Qətimkan tədbiri seçilərkən məhkəmədə ona təzyiq olunduğunu demişdir. Təzyiqlə bağlı prokurorluq orqanı tərəfindən izahatı alınmışdır. İstintaq dövründə verdiyi ifadəni təzyiq altında imzalamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə məhkum olunmuşdur və hələ cəza müddəti bitməmişdir. xx.xx.2021- ci il tarixdə, saat 14:42-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, 78-ci məhəllə, 215 ünvanının yaxınlığında olduğu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişdirlər və ondan özünü təqdim etməyini istəmişdirlər. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə və oğurluq etməkdə şübhəli olduğu üçün saxlanıldığını izah etmişdirlər, daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət olunmuşdur və o, buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o, xidməti avtomobilə əyləşdirilmişdir və polis əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni çıxardaraq təqdim etmişdir. Ondan qeyd edilən narkotik vasitəyə bənzər kütlənin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan “Kakos" olduğunu, Bakı şəhəri, 28 May metrosunun yanından tanımadığı şəxsdən 15 (on beş) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmişdir və 0.44 (sifir, qirx dörd) qram olması müəyyən edilmişdir. Daha sonra ona üzərində olan digər əşyaları təqdim etmək təklif edilmişdir. Ona Sumqayıt ŞPİnin CAŞ-nə yaşadığı evdə yəni, ünvan 1 ünvanında narkotik və psixotrop maddələr saxlamağı barədə məlumat daxil olduğu bildirilmiş və ondan bu barədə nə deyə biləcəyi soruşulduqda ona, daxil olan məlumatın həqiqəti əks etdirdiyini yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Ona yaşadığı, ünvan 1 ünvanına baxış və axtarış keçirilməsi təklif olunduqda o, buna etirazının olmadığını bildirmişdir və bu barədə müvafiq ərizə yazmışdır. Daha sonra vəkilin iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan "heroinə" oxşar 0,44 qram kütlə qablaşdırılmışdır, Daha sonra üzərinə keçirilən şəxsi axtarışın davamı olaraq Sumqayit Regional Vəkil Bürosunun vəkilin ve polis əməkdaşlarının iştirakları ilə onun yaşadığı, ünvan 3 ünvanına getmişdirlər . Qeyd edilən ünvanın qarşısında ona Sumqayıt ŞPl-nin 1ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı, qeyd edilən evdə narkotik vasitə saxladığı deməyini və evə baxış və axtarış keçirilməsinə etiraz etmədiyini xatırlatmışdırlar. O, təkrar olaraq yaşadığı ünvana baxış və axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq o, evin üç otaqdan ibarət olduğunu va anası, həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə yaşadığını bildirmişdir. Daha sonra ondan narkotik vasitəni harada saxladığı soruşulduqda o, qeyd edilən evin yataq otağına keçərək çarpayının baş hissəsinin sol yanını qaldıraraq 1 (bir) ədəd, şəffaf sellofana bükülmuş, narkotik vasitə olan "Metamfetamin'a bənzər kütləni götürərək təqdim etmişdir. Ondan qeyd edilən narkotik vasitəyə bənzər kütlənin nə olduğu, haradan, kim ve ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan "Şüşə" olduğunu, Bakı şəhəri, 28 May metrosunun yanından tanımadığı şəxsdən 35 (otuz beş) manata aldığını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq həmin narkotik vasitəni PB-də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan "Kakos" la birlikdə eyni vaxtda, eyni tanımadığı şəxsdən aldığını ve iki bükümə birlikdə 50 (əlli) manat pul verdiyini bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmişdir ve 4,10 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılmışdır. Bundan sonra qeyd edilən yataq otağına, dəhlizə, saxlanc kimi sitifadə olunan otağa baxış keçirilmişdir va qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra qonaq otağına baxış keçirilmiş və masanın üzərində qara rəngli torbanın içərisində ümumilikdə 18 ədəd mobil telefon aşkar edilmişdir. O, verilmiş suallara cavab olaraq həmin telefonların özünə aid olduğunu, qardaşının telefon dükanından götürdüyünü və işlək vəziyyətdə olmadıqlarını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə Sumqayıt ŞPİ-nin 1-ci PB nin xidməti otaqlarından birində davam etdirilmişdir. ( Cild 1, iş vərəqləri 70-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuş, məlumat əsasında o, Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmaqla saat 14 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 78-ci məhəllədə saxlamışlar. Onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmış, orada xidməti otaqların birində videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulanda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu, Bakı şəhəri, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də psixatrop maddə metamfetamin saxladığını bildirdiyi üçün onun razılığı əsasında evinə baxış keçirilmiş, baxış zamanı evin yataq otağından çarpayının baş hissəsindən içərisində psixatrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Axtarış davam etdirilərkən qonaq otağından masanın üzərində içərisində mobil telefonlar olan qara rəngli əl çantası aşkar olunmuşdur. O, əməliyyat qrupuna özünün rəhbərlik etdiyini, əməliyyat qeydiyyat işinin açılmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat əsasında əməliyyat qrupu yaradılmaqla saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 78-ci məhəllədə saxlamışlar. Onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmış, xidməti otaqların birində videogörüntü ilə şəxsi axtarış keçirilən zamanı üzərindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümdə narkotik vasitə heroin olmuş, narkotik vasitəni Bakı şəhəri, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra yaşadığı evdə psixatrop maddə metamfetamin saxladığını bildirdiyi üçün onun razılığı əsasında evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağından çarpayının baş hissəsindən içərisində psixatrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan büküm və 17-18 ədəd mobil telefon aşkar edilmişdir. Şahid əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsindən görünür ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş şəxsi axtarış və evə baxışın görüntülərini özündə əks etdirən “Diskə baxış keçirilməsi” haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunla qadağan olunan əşya varsa təqdim etsin. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək içərisində kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,44 qram olması müəyyən olunaraq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə alınmış və onun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8-ci məhəllə, ev 215-ə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü yataq otağına gedərək çarpayının baş hissəsinin sol tərəfindən döşəyi qaldıraraq 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 4,10 qram olması müəyyən edilərək qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 100-101) Şəxsi axtarış və evə baxışın görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış görüntülərini özündə əks etdirən “Diskə baxış keçirilməsi” protokolunda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 102) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3100 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,882 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, İş vərəqləri 40-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 3942 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsinə yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (Cild 1, İş vərəqləri 164-165) Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş “məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 29 oktyabr 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsilə müxtəlif mobil telefon nömrələri aşağıdakı mətnli “SMS” yazıçmalarının olması müəyyən edilmişdir: 1) xx.xx.2022-ci il tarixdə saat 16:34-də +**********91 mobil telefon nömrəsindən “ay qaqaş seni Allaha and verirəm, gelmirsense de men qalmıyım burda. Sene dediyim emanetinde dalıyca gelib dost uşag. Onuda tarmazit elemişem burda. Yari kola yari fanta isdiyir gelmirsense qalmiyag burda gedim qaqaşin işin aşirdim. He yox de.”; 2) xx.xx.2021-ci il tarixdə saat 01:30-da +**********0 saylı mobil telefon nömrəsindən “Tamil soyogdan, lomkadan oldum axi men burda.novxanidan bura gelmey ne yaman cetin oldu? Post patrullar gedib gelib iliüiller. Prablema salmada meni”. 3) xx.xx.2021-ci il tarixdə saat 11:55-də +**********91 saylı mobil telefon nömrəsindən “Salam Aleykum qaqaş 1LT-liy kola birdenede yarim LT-liy fanta isdiyirdim.nece eliyey?” 4) xx.xx.2021-ci il tarixdə saat 03:27-də +**********91 saylı mobil telefon nömrəsindən “Ay kebleyi 15 manat pulum var onu kime verey? 9mkrda kriwadayam. Ya sen burdan kecsen goruwey ya men taksiy nen gelim temiz 15 manat verecem sene. He yox de” 5). xx.xx.2021-ci il tarixdə saat 16:07-də +**********66 mobil telefon nömrəsindən “40dan pati 25den kola. Hesablada” (Cild 1, iş vərəqləri 123-163) Məhkəmə hesab edir ki, qeyd edilən yazışmalar təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasının aşkar sübutudur. Belə ki, müəyyən edilmişdir ki, şərti olaraq “kola” narkotik vasitə heroinə, “fanta” isə prsixotrop maddə metamfetaminə deyilir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 03 avqust 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli qərarlara əsasən tədqiqatdan sonra qalıq çəkisi 0,278 qram olan narkotik vasitə heroin və 3, 832 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən “DVD” formatlı disk, eləcə də "xxxx" MMC-dən daxil olan 01 ədəd “CD” formatlı disk maddi cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 77, 173-180) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik narkotik vasitə və psixotrop maddənin ona məxsus olması barədə ifadəni təzyiq altında verməsi, onun üzərində və evində bu növ əşyaların olmaması və polis əməkdaşları tərəfindən ona verilməsi, narkotik vasitələrin satışı ilə məşğul olamaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmədə son sözlə çıxış edən zaman törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan, daha səmimi ifadə kimi qəbul edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı metamfetaminin şəxsi istehlak miqdarından artıq olması, həmçinin metamfetaminin şəxsi istehlak miqdarından təxminin 25 dəfə, külli miqdardan da artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. (Cild 1, iş vərəq 170) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 06 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, barəsində 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılması nəticəsində onun 04 ay 18 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 fevral 2021ci il tarixli hökmü təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 20, 79-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən X4 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 0,278 qram olan narkotik vasitə - heroin, 3,832 qram olan psixatrop maddə metamfetamin məhv edilməli, İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan: 0,278 qram çəkidə narkotik vasitə heroin, 3,832 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilsin, iş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar