Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-133/2025 08.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Quba şəhəri Muxtadır küçəsi ev 51-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda, iki ədəd bükülüdə ümumilikdə 6033, 41 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində və Quba şəhəri N.Nərimanov küçəsi ev 79-da yerləşən yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 04 iyun 2024-cu il tarixdə saat 19 radələrində ünvan 2 ünvanının qarşısında yol kənarında saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 3,41 qram narkotik vasitə marixuana və həmin tarixdə saat 19 radələrində yaşadığı evə baxış keçirilən zaman isə yaşayış evinin ikinci mərtəbəsində yataq otağında saxladığı sintetik torbada təmiz çəkisi 6030,0 qram olmaqla iki ədəd bükümdə ümumilikdə 6033.41 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ömür boyu “nəşə” çəkən olmamış, onun məhkumluğu da ancaq oğurluqla bağlı olmuşdur. Ələkbər adlı polis əməkdaşı 5 kq “nəşə”ni ona pəncərədən vermişdir ki, evə qoysun, onu da hədələmişlər ki, boynuna almasa, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, boynuna götürsə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddə ilə iş düşəcək, o da həmin maddənin ağır maddə olduğunu bilmədiyinə görə onlarla razılaşmış və videoçəkiliş zamanı onların istədiklərini demişdir. Xəstədir, 2-ci qrup əlildir, heç vaxt belə işlərlə məşğul olmamışdır. Bəxtiyar adlı oğlan bir balaca qutu narkotik vasitəni vermişdir ki, üzərinə götürsün. Verilən suallara cavab olaraq bildirdi ki, rayon məhkəməsində də demişdir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Polis əməkdaşları ondan əl çəkməmişdir, “polisdən necə şikayət edim kiməsə”. Onların pəncərəsi yola tərəf açıq olmuş, Ələkbər bir meşok “nəşə”ni Vüsala vermiş, o da gətirib yatağının arxasına qoymuşdur, cibinə də bir qutu vermişlər, ilk öncə cibindən çıxanı çəkmiş, sonra evdə çəkiliş etmişlər. Əvvəl 4 dəfə-177-ci və 185-ci maddələrlə məhkumluğu olmuş, narkotik vasitələrlə bağlı məhkumluğu olmamışdır. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının 3-8 il olduğunu bilməmişdir. Ona heç kim fiziki təzyiq göstərməmiş, azərbaycanca oxuya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, həmin vaxt elə bilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə imza çəkir. Ona cibindən çıxana görə ittiham veriləcəyini bildirmişlər. Hər şey ittiham aktında yazıldığı kimi baş vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. 1997-ci ildə evlənib, 2012-ci ildə isə boşanmışdır. Həmin vaxtdan anasi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. 20 iyun 2017-ci ildə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 saylı cəzaçəkmə müəssiəsində cəza çəkdikdən sonra 07 may 2021-cı ıl tarixdə azadlığa çıxmışdır. Həbsdə saxlanıldığı müddətdə QİÇS xəstəliyinə tutulduğunu öyrənmişdir. Ona görə də ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Həbsdən azad olunduqdan sonra narkotik vasitədən istifadə etməyə başlamışdır. 2024-cü ilin may ayında Qudyalçay çayın kənarında gəzişən zaman yabanı halda bitmiş bir neçə ədəd çətənə kolu tapmışdır. Həmin kolları çıxarıb yaşadığı evə gətirmiş və özü istifadə etməyi üçün qurudub saxlamışdır. Həmin narkotik vasitədən ara-sıra istifadə etmişdir. 04 iyun 2024-cü il tarixdə təxminən saat 18 radələrində həmin narkotik vasitədən istifadəsi üçün bir qədər kağıza büküb cibinə qoyub evdən çıxmışdır. Yaşadığı evin qarşısında küçədə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməyində şübhəli olduğunu bildirmişlər. Bundan sonra digər polis əməkdaşları gəlmiş və dəvət edilmiş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan şalvarının cibində saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin bükülü tərəzidə ölçülmüş, çəkildikdən sonra qablaşdırılmış və o da qablaşdırmanın üzərini imzalamışdır. Bundan başqa üzərindən dövriyyəsi qadağan edilən əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra isə sorğu zamanı o, yaşadığı evdə də də narkotik vasitə saxladığını demiş və polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olub ikinci mərtəbədə yataq otağında saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin narkotik vasitə də tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Bundan sonra isə onu Quba RPŞ-yə dəvət elədiklərini bildirmişdir.(i.v. 139-141) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında yol kənarında olmasını müəyyən edib və 04 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri Nəriman Nərimanov küçəsi 79 ünvanının qarşısında yol kənarında, yaşadığı evin qarşısında görüb və Murada yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı və yaşdığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın və baxışın keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarının cibində saxladığı bir ədəd kağız bükümü təqdim etmişdir. Həmin bükümün içini açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulumuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə ölçülərək qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs könüllü yataq otağında döşəyin altında saxladığı 01 ədəd sellofanda içərisində narkotik vasitəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin aşkar edilmiş 01 ədəd sintetik kisə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitənin çəkisi təxminən 5-6 kiloqram olmuşdur, onlar bütün şəxsi axtarış hərəkətlərini hadisə yerində dərhal həyata keçirmiş, Murad özü təhqiqatçının sualına cavab olaraq evində narkotik vasitənin olduğunu demişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin “Kisəni Ələkbər müəllim özü evimə gətirib, Vüsal da ölçdü, dedi 5 kq-dır, sonra evimə qoydu. Mənim narkotiklə əlaqəm olmayıb. Cibimdən çıxanı da evimizdən çörək kağızı götürüb, ona büküb cibimə qoydular.” cümləsinə cavab olaraq şahid bildirdi ki, təqsirləndirilən şəxs yalan danışır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış keçirilməsi barədə» və “baxış keçirilməsi barədə» 04 iyun 2024-cü il tarixli protokollardan və həmin istintaq hərəkətilərinin görüntüləri əks olunmuş bir ədəd DVD formatlı kompakt diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 iyun 2024-cü il tarixdə saat 19 radələrində Quba şəhəri Nəriman Nərimanov küçəsi 79 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 3 evin qarşısında küçədə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəziyə qoyulub çəkilmiş və ümumi çəkisi 5.01 qram olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd kağıza bükülmüş kütlə marixuanadır və onu Qudyalçay çayının Quba şəhəri, Qırmızı Qəsəbədən keçən hissəsində yabanı halda bitmiş çətənə kollarını yığıb qurudub şəxsi istifadəsi üçün saxlamışdır. Həmin kütlə 01 ədəd ağ kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və orada olan şəxslər tərəfindən zərf imzalanır. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar edilmədi.(iş vərəqə 26-29) Şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi MEM-in məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 iyun 2024-cü il tarixli 3-16-16/2-7/913 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ..." yazı və imzalar olan zərfdə 01 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 3,41 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində " Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar olunmuş..." yazı və imzalar olan sintetik torbada təmiz çəkisi 6030,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 6033,41 qram olub, tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 6033.41 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6033.31 qram.(i.v. 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının 28 iyun 2024-cü il tarixli 4463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik eydiyyata alınması məsləhət görülür.(i.v. 112-113) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ekspert təhqiqatından sonra qalıq qalmış 6033.31 qram olan narkotik vasitə marixuana 07 iyun 2024-cü ıl tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. (iş vərəqə 77) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz Rayon Xalq Məhkəməsinin 19 aprel 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 18 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına, Quba Rayon Məhkəməsinin 17 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 ıl azadlıqdan məhrum etmə cəzasına, Quba Rayon Məhkəməsinin 8 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına və Quba Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (iş vərəqə 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayış və xasiyyətnamədən görünür ki, o, Quba şəhəri, Muxtadir küçəsi, ev 51-də qeydiyyatdadır və anası - X1 ibarət ailə tərkibi vardır və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlilliyi vardır. (iş vərəqə 83) Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana (kannabis)» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa,məhkəmə cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Hökm qanuni qüvvəsini aldıqdan sonra Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş cinayət işi üzrə maddi sübut - bir ədəd bağlamada qalıq çəkisi 6033,31 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 ( altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş cinayət işi üzrə maddi sübut - bir ədəd bağlamada qalıq çəkisi 6033,31 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-133/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-133/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver