Məhkəmə qərarları › İş №1(124)-134/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-134/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-134/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7 iştirakı ilə, 02 avqust 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu omayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən, "An" market adlı ictimai iaşə obyektinin önündə qarşılaşdıqda, sonuncudan ona olan 50 manat borcunu növbəti dəfə geri tələb etmiş, Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmayacağını deyərək anidən yumruqla gözünə, sifətinə vurub əlində olan kəlpətinlə barmağını əzərək ona alnın və sol əlin V barmağının sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ünvanına nalayiq söyüşlər işlətdiyindən, o, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vurub sonuncuya sol gözaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun bayır səthinin yuxarı 1/3-nin sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək əlbəyaxa olub ayrıldıqdan 10-15 dəqiqə sonra saat 14 radələrində, Zərərçəkmiş şəxs münaqişənin səbəbini aydınlaşdırmaqdan ötrü onun yaşadığı ünvan 1 ünvanına gəlib əlində olan bel sapı ilə qapını möhkəm döyərək, tutacağını qırmaqla onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyərək çölə çağırmasından hiddətlənərək mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çölə çıxmış, Zərərçəkmiş şəxs əlində olan bel sapı ilə onun boynuna və qulağına xəsarət yetirdiyindən sağ əlində tutduğu bıçaqla öldürmək məqsədilə Zərərçəkmiş şəxs sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 02 (iki) ədəd, sol kürəkaltı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid qanitirmədən ölümünə səbəb olan 02 (iki) ədəd, ümumilikdə isə 4 (dörd) ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobillə evə gələn zaman yolda Cavidlə qarşılaşmışlar və Cavid ondan 50 manat pul istəmiş, o isə 50 manatın avtomobilin təmir pulu olduğunu bildirdikdə Cavid pulu 1 saata qaytaracağını söyləmişdir. Həmin gündən 1 həftə 10 gün keçməsinə baxmayaraq o, Cavidi görməmişdir. Dəfələrlə Caviddən pulunu istəsə də, sonuncu müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O, Cavidin borcunu qaytarmadığını görüb, bu barədə sonuncunun qardaşı Şahbaza məlumat verdikdə Şahbaz ona "özün bilərsən" demişdir. 2-3 gün keçdikdən sonra səhər saatlarında siqaret almaq məqsədi ilə marketə gedən zaman marketin qarşısında Cavidi görmüş, nə üçün pulu qaytarmadığını soruşmuş, Cavid isə pulu olmadığını bildirmişdir. Biraz mübahisə etdikdən sonra Cavid 5 nəfər oğlanla söhbətə gələcəyini bildirmiş və onlar arasında mübahisə qızışmışdır. Cavid əlindəki kəlbətinlə ona xəsarətlər yetirmiş, o buna mane olan zaman gödəkcəsi cırılmışdır. Gödəkcəsini tikmək üçün evə qayıtmış, anasından gödəkcəsini tikməsini istəyəyn zaman anası nə baş verdiyini soruşmuş, o isə olanları danışmışdır. Daha sonra bərkən qapının döyüldüyünü eşitmişlər. Qapını açan zaman Cavidin əlində bel söyüş söydüyünü görmüşdür. O, mətbəxdəki şkafın üzərindən bıçağı götürərək çölə çıxmış, çöl qapısından çıxan zaman Cavid ona vuraraq xəsarət yetirmişdir. Bu zaman o, Cavidi qorxutmaq məqsədi ilə bıçağı çıxarmış, Cavid əyilən zaman bıçaqla onun ciyər nahiyəsinə zərbə yetirmişdir. Bıçaqla xəsarət yetirdikdən sonra məhlə uşaqlarından birinə Cavidi xəstəxanaya aparmasını, lazım olsa əgər özünün, ya da atasının gələcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra atasının telefonu ilə Cavidə zəng etmiş, amma Cavid cavab verməmişdir. Daha sonra o, avtomobilinin təmiri üçün şəhərə getmiş, evə qayıdan zaman Cavidin öldüyünü öyrənmiş və polis idarəsinə gələrək təslim olmuşdur. Onun Cavidi öldürmək kimi bir niyəti olmamışdır. Məhkəmə istintaqının gedişində ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Cavidlə bir məhlədə böyümüşlər, əvvəllər onlar arasında heç bir mübahisə olmamış, Cavid 5 nəfərlə gəlib onu döyəcəyini bildirdiyi və hədə-qorxu gəldiyi üçün onlar arasında mübahisə yaranmışdır. Cavid onların qapısına tək gəlmiş, o, bıçağı mətbəxdən götürmüş, o, Cavidə bir ədəd bıçaq xəsarəti yetirmiş, bıçaqla xəsarət yetirdikdən sonra Cavid ürəyindən vurduğunu bildirmiş,o , şoka düşərərk qonşu Sabir adlı şəxsdən Cavidi xəstəxanaya aparmasını istəmiş və özü həyətə girmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, mübahisədən əvvəl Cavidlə münasibətləri yaxşı olmuş, bir-birinə gediş-gəlişləri olmuş, Cavid onun barmağına kəlbətinlə zədə yetirmişdir. Hadisədən sonra evə gələn zaman ailə üzvlərinin mübahisədən xəbəri olmuşdur. Cavid polis əməkdaşları tərəfindən tutulduğunu, ona görə pulu qaytara bilmədiyini, axşam pulu qaytaracağını bildirmiş, axşam Cavid pulu qaytarmayan zaman o, Cavidin qardaşı Şahbaza zəng etmişdir. Gödəkcəsini tikdirmək üçün evə gəldikdən sonra Cavid özü onun arxasınca evə gəlmiş, anası buna şahid olmuş, Cavid bel sapı ilə qapıya vura-vura söyüş söymüş, Cavidin əlində bel sapı olduğu üçün o da Cavidi qorxutmaq məqsədi ilə bıçaq götürmüş, Cavid onun əlində bıçaq olduğunu görmüşdür. O, araq içən olmadığı üçün heç vaxt Cavidlə araq içməmişlər, 14 il əvvəl onunla Cavidin arasında mübahisə olmamış, Cavid narkotik istifadəçisi olmuş, Cavidin narkotikdən məhkumluğu olmuş, Cavid ona xəsarət yetirən zaman narkotikin təsiri altında olmuş, o, tutulduğu gündən 5-6 ay əvvələ kimi narkotik vasitə heroin istifadəçisi olmuş, narkoloji dispanserdə müalicə almış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq emişdir. Məhkəmədə son söz zamanı təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, onunla barışmağa qohumları cəhd etsə də onunla barışığa nail olunmadığını, bir uşağının olmasını və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, Cavid əsgərlikdən gəldikdən sonra, Azər iki dəfə onların həyətinə girərək, Cavidin atasının avtobusundan pul oğurlamış, bir dəfə də hasardan həyətə girmək istəyən zaman Cavid onu görmüş, yaxasından tutub kim olduğunu soruşan zaman o, bıçaqla Cavidə xəsarət yetirmişdir. Hadisə günü o, işdə olmuş, oğlu Şahbaz ona zəng edərərk Cavidin xəstəxanada olduğunu söyləmişdir. Cavid öldükdən 3 gün sonra Azəri polis əməkdaşları tutmuşdur. O, təslim olmamış və Cavidə kömək etməmişdir. Məhkəmə istintaqının gedişində ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Cavid özü Sabirdən kömək istəmiş, Sabir onun xəstəxanaya aparmışdır. O, xəstəxanaya çatan zaman artıq Cavid ölmüşdür. Hadisədən sonra Azərin Şahbaza zəng etdiyini öyrənmiş, X23 borclu olduğuna inanmamışdır. Mübahisədən sonra Cavid həyətə gəlmiş və uşaqların dediyinə görə yeməyini yarımçıq qoyaraq həyətdən bel götürərək çıxıb getmişdir. Cavid narkotik vasitə istifadəçisi olmuşdur. Cavid ailəsi ilə ayrılmış, 11 yaşlı bir oğlan uşağı var. Cavid iki dəfə məhkum olunmuş, məhkumluğunun biri narkotiklə bağlı olmuşdur. Cavid ölən gün Azərin valideynləri onlara gələn zaman o, hamıdan xahiş etmişdir ki, Cavidin anasına pis üz göstərməsinlər. Daha sonra o, qonşu vasitəsi ilə Azərin valideynlərinə məlumat göndərərək onlara gəlməməsini xahiş etmişdir. Azərin valideynləri yas mərasimi üçün onlara heç bir kömək etməmişdir. Təqsirləndirilən şəxsin qohumları barışmağa cəhd etsə də, o onlarla barışmamış və onlardan gələcək heç bir yardımı qəbul etmək istəməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azər siqaret almaq məqsədi ilə marketə getmiş və siqaret alıb evə gəlmiş, Cavidlə dalaşdıqları üçün gödəkcəsinin qolunun söküldüyünü və onu tikməsini söyləmişdir. O, gödəkcəni tikməyə başlamış, Azər isə evdə oturmuşdur. Bu zaman qapı bərkdən döyülmüş, qonşunun iti hürdüyü üçün heç nə eşidə bilməmişdir. Azər söyüş səsi eşitdiyi üçün çölə çıxmış və qayıdan zaman Cavidlə dalaşdığını söyləmişdir. Daha sonra o, Azərin Cavidə bıçaqla xəsarət yetirdiyini eşitmiş və kömək etmək üçün çölə çıxan zaman Cavidi taksi ilə xəstəxanaya apardıqlarını öyrənmişdir. Məhkəmə istintaqının gedişində ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Azər evə gələn zaman Cavidin qolundan vurduğunu söyləmiş, Azər Cavidlə mübahisələrinin səbəbini söyləməmiş, hadisə zamanı evdə o, həyat yoldaşı, Azərin 94 yaşlı nənəsi və bibisi olmuş, it hürdüyü üçün səsləri aydın eşidə bilməmiş, Cavidin gətirdiyi bel indiyə kimi də onların həyətində olmuş, Cavid Azərin başına vurduğu üçün Azər başını tərpədə bilmədiyini söyləmiş, onlar barışmaq məqsədi ilə 3-4 dəfə Cavidgilə getmiş, Cavidin anası onları qovmuş, həm Azərdə, həm də Caviddə günah olmuş, Cavidgilə gedən zaman Azərdə günah olmadığını bildirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, 1983-cü ildə Şahid4 ilə ailə həyatı qurmuşlar. Bu nikahdan 1984-cü il təvəllüdlü Günay, 1985-ci il təvəllüdlü Azər, 1987-ci il təvəllüdlü Şəhla, 1988-ci il təvəllüdlü Şirinbacı və 1989-cü il təvəllüdlü Vəfa adlı övladları dünyaya gəlmişdir. Qızları hamısı ailəlidir. Azər onlarla birlikdə ünvan 1 ünvanında yaşayırmış. Azər 2006-cı ildə X12 ilə ailə həyatı qurmuş, bu nikahdan 2007-ci il təvəllüdlü Nigar adlı övladı dünyaya gəlmişdir. O, işləmir, arvadı Gülçimən isə evdar qadındır. Azər əvvəllər hər hansı peşə ilə məşğul olmasa da, son zamanlar özünə məxsus dövlət qeydiyyat nişanın xatırlamadığı "Opel" markalı avtomobillə taksi kimi fəaliyyət göstərirmiş. Azər asma-bronxit xəstəliyinə görə hərbi xidmətə yararsız olduğundan hərbi xidmət keçməmişdir. Azər əvvəllər bir neçə dəfə oğurluq əməli törətdiyi üçün 4-5 dəfə məhkum olunmuş, sonuncu dəfə 2019-cu ildə həbs olunaraq 2021-ci ilin noyabr ayında azadlığa çıxmışdır. Cavidin ailəsi ilə eyni məhəllədə yaşadıqlarından münasibətləri yaxşı olmuşdur. Cavid anası və qardaşları ilə birlikdə yaşayırmış. Azər ilə Cavidin arasında əvvəllər mübahisə və dava-dalaş olmamışdır. 17 dekabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Cavid qapılarını döyərək Azərin harda olduğunu soruşmuş. X19 Azərin yatdığını dedikdən sonra sonuncu getmiş, lakin nə səbəbə və nə üçün Azəri axtarmağı barədə məlumat verməmişdir. 17 dekabr 2022-ci il tarixində saat 13 radələrində Azər yuxudan oyanaraq səhər yeməyini yedikdən sonra siqaret almaq üçün yaxınlıqda olan "AN" marketə getmişdir. Bir müddət sonra Azər evə qayıtmış və Cavid ilə dalaşdığını demişdir. Gülçimən və o Cavid ilə nə işin var niyə mübahisə etdiniz deyə soruşduqda Azər Cavidin bir müddətdir ki, ona 50 manat pul borcu olduğunu, bundan qabaq bir neçə dəfə tələb etsə də, sonuncunun ona olan borcunu vermədiyini demişdir. Azər daha sonra əlavə etdi ki, "AN" marketin qarşısında yenidən Caviddən ona olan borcunu geri qaytarmağını istəsə də, sonuncu ona olan borcunu qaytarmayacağını deyərək sifətinə və gözünə vurmuşdur. Azərin boyun nahiyəsinə və sifətinə baxdıqda sonuncunun bədənində xəsarətlərin olduğunu görmüşdür. Azər üzərində olan qara rəngli gödəcəni çıxardıb anasına vermiş və Cavid ilə mübahisə zamanı sağ qoltuqaltının cırıldığını demişdir. Azər anasını tələsdirərək gödəkcəni tez tik ki, avtomobil ilə müştəri aparmalıyam demişdir. Onlar qonaq otağında olarkən Cavidin qapını möhkəm döyüb oğlu Azərin və ailəsinin ünvanına nalayiq söyüşlər söyərək sonuncunu çölə çağırdığını eşitmişdir. Azər çölə çıxaraq təxminən 4-5 dəqiqə sonra geri qayıtmış və Azərdən nə baş verdiyini Cavidin nə üçün onları təhqir edərək qapını döydüyünü soruşduqda sonuncu Cavidin qapılarına bel sapı ilə gəldiyini başına və bədəninə həmin bel sapı ilə vurduğundan üzərində olan bıçaqla Cavidin qoluna xəsarət yetirdiyini, sonuncuya tibbi yardım göstərmək lazım olduğunu demişdir. Cavidin səhhəti ilə maraqlanmaq üçün məhəlləyə çıxdıqda qapının tutacağının qırıldığını görmüş və sonuncunun tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığını eşitmişdir. Azər isə bir neçə dəqiqədən sonra evdən getmiş və Cavidin səhhəti ilə maraqlanmalarını nə lazımdırsa kömək etmələrini demişdir. 17 dekabr 2022-ci il tarixdə gunorta raddələrində Cavidin aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Hadisədən iki gün sonra Azər Sumqayıt şəhər Polis İdarəsinə gedərək könüllü təslim olmuşdur (cild 01, iş vər. 105-108). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşıdır, hadisə günü Sumqayıt şəhəri, Corat qəsəbəsində xidmətdə olan zaman bir “Opel” markalı avtomobilin ətrafına çoxlu insan toplaşdığını və bir nəfəri avtomobilə əyləşdirdikdən sonra avtomobilin hərəkət edərək getdiyini və toplaşmış insanların dağılışdığını görmüşdür. Daha sonra o həmin avtomobilin arxasınca gedərərk avtomobili saxlatmış və Cavidin arxa oturacaqda əyləşdiyini görmüşdür. Caviddən nə baş verdiyini soruşduqda Cavid Mövsümün oğlu Azərin onu bıçaqladığını və nəfəs ala bilmədiyini bildirmişdir. Xəstəxanaya çatan zaman Cavid özü avtomobildən düşmək istəmiş, amma yıxıldığı üçün onu xərəyə mindirərək xəstəxanaya qaldırmışlar. Cavid xəstəxanada olarkən nəfəs ala bilmədiyini, boğulduğunu təkrar etmişdir. O, daha sonra xəstəxananı tərk etmiş bir müddətdən sonra Cavidin öldüyünü eşitmişdir. Daha sonra Azər polis idarəsinə gələrək könüllü təslim olmuşdur. Məhkəmə istintaqının gedişində ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, eyni ərazinin sakinləri olduqları üçün əvvəllər Cavidlə Azəri tanımış, hadisədən qısa müddət əvvəl Azərlə Cavid arasında hər hansı mübahisənin şahidi olmamış, aralarındakı mübahisənin necə başlaması barədə onun məlumatı olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, xx xxxxx 1992-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, 2009-cu ildə Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə bitirmişdir. Hazırda evlərin tikintisində usta kimi fəaliyyət göstərir. ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Cavid və Azəri uşaqlıqdan qonşuluqda yaşadıqlarından tanımış, Azər onun yaşadığım evin yanında Cavid isə bir qədər aşağı məhəllədə qalmışdır. Cavid anası Kəmalə, qardaşları Şahbaz və Dadaş ilə, Azər isə anası Gülçəmən, atası Yusif İlə birlikdə yaşamışdır. Cavid və Azər əvvəllər müxtəlif peşələrdə işləsə də son illərdə heç bir işlə məşğul olmamış, sonuncuların tez-tez bir yerdə görmüş və hər ikisinin narkotik vasitə qəbul etdiyini bütün məhəllədə yaşayanlar bimişdir. 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində öz evində təmir işləri görərkən məhəllədə səs-küy eşidib çölə çıxdıqda Cavidin yerdə oturmuş vəziyyətdə və halının pis olduğunu, Azərin isə öz həyətlərinə girdiyini görmüşdür. Həmin vaxt Cavid Azərin onu bıçaqla vurub qaçdığını demiş, telefonu evdə olduğundan yoldan keçən "Opel astra" markalı dövlət qeydiyyat nişanını xatırlamadığım taksini saxlatdırmışdır. Cavid onunla birlikdə sərbəst şəkildə həmin avtomobilə minərək Sumqayıt şəhər xəstəxanasının getmiş, Cavid yol boyu avtomobilin sürücüsündən məni tez xəstəxanaya çatdırın deyə xahiş etmişdir. Cavidin avtomobildən özü düşmək istədikdə yıxıldığından sonuncunu xərəyə mindirərək lift vasitəsi ilə xəstənaya qaldırmışdırlar. Həkimlər Cavidi müayinə etdikdən sonuncunun öldüyünü demişdirlər. Daha sonra baş vermiş hadisə ilə bağlı Cavidin qardaşı Şahbaza məlumat vermişdir. O, Azərin əlində eləcə də hadisə yerində bıçaq görməmiş, həmçinin hadisə yeridə hər hansı şəxsin qanı olmamışdır. Cavid və Azərin narkotik vasitə qəbul etməyin bütün məhəllədə yaşayanlar bilmiş, sonuncular arasında əvvəllər hər hansı mübahisə, dava-dalaş olmamışdır. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı olmamışdır (cild 01, iş vər. 12-15). Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, o, Cavid və Azəri uşaqlıqdan qonşuluqda yaşadığından tanımış, Azər onun yaşadığı evin yanında Cavid isə bir qədər aşağı məhəllədə qalmışdır. Cavid anası Kəmalə, qardaşları Şahbaz və Dadaş ilə, Azər isə anası Gülçəmən, atası Yusif ilə birlikdə yaşamışdır. Cavid və Azəri tez-tez bir yerdə görmüş və hər ikisinin narkotik vasitə qəbul etdiyini bütün məhəllədə yaşayanlar bilmişdir. 17 dekabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində məhəllədə səs-küy eşidib çölə çıxmış, həmin vaxt Cavid ilə Azərin təxminən bir-birindən 10 metr aralıdan söz mübahisəsi etdiklərini görmüş, Cavid Azərin ünvanına nalayiq söyüşlər söymüşdür. O, Cavidə iradını bildirərək "bura məhəllədir niyə söyüş söyürsən" dedikdə sonuncu ondan üzr istəmişdir. Daha sonra Azər və Cavid öz evlərinə doğru getmiş, Azər qapını açaraq öz həyətlərinə girmişdir. Təxminən 15-20 dəqiqə sonra yenidən səs-küy gəldiyi görüb həyətə çıxmışdır. O, Cavidin Azərgilin evlərindən təxminən 1 metr məsafədə dizüstə yerə çökdüyünü və Sabirin onun yanında olduğunu görmüşdür. Cavid Sabirə "təcili olaraq məni xəstəxanaya apar ölürəm" demişdir. Sabir həmin vaxt məhəllədən keçən "Opel astra" markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksini saxlatdırmışdır. Cavid Sabirlə birlikdə sərbəst şəkildə həmin avtomobilə minərək Sumqayıt şəhər xəstəxanasına getmişdir. Bir neçə dəqiqə sonra çölə çıxan "Azər Cavidə nə oldu hara apardılar" kimi suallar verərək yenidən öz həyətlərinə daxil olmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Azər mübahisə zamanı bıçaqla Cavidə xəsarət yetirmişdir. Cavid xəstəxanaya getdikdən 1 saat sonra sonuncunun aldığı xəsarətlərdən öldüyünü eşitmiş, sonradan ona məlum olmuşdur ki, Azər və Cavid hadisədən təxminən 20-25 dəqiqə öncə "An" marketin qarşısında ələbəyaxa olmuşdurlar. Hadisənin hansı səbəbdən baş verməsi, Cavid və Azər arasında əvvəllər hər hansı mübahisə, dava-dalaşın olması barədə məlumatı yoxdur. Azər ilə Cavid arasında söz mübahiəsinin şahidi olmuş, habelə Cavidə məhəllədə söyüş söydüyünə görə irad bildirmişdir. Arvadı Tahirə hadisə baş verən günü işdə olmuş hadisənin şahidi olmamışdır (cild 01, iş vər. 91-94). Məhkəmə istintaqı zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi bərbər salonunda hazırda adını xatırlamadığı müştərinin saçın düzəldərkən anidən məhəllədə səs-küy eşidib çölə çıxmışdır. O, Cavid ilə Azərin əlbəyaxa olduğunu, bir-birinə yumruq və təpik atdıqlarını, habelə bir-birinin ünvanında nalayiq söyüşlər söydüyünü görmüş, günorta saatları olduğundan məhələdə kimsə olmamış, sonuncuları ayıraraq hərəsini fərqli ünvanlara yola salmış, bir-birindən ayrı getdiklərini gördükdən sonra işlədiyi bərbər salonuna daxil olaraq işini davam etdirmişdir. Cavid ilə Azərin nə üstündə mübahisə etdiklərin bilməmiş, habelə bu barədə sonunculardan heç nə soruşmamışdır. Cavid ilə Azər arasında mübahisə bir dəqiqə çəkmiş, həmin vaxt ətrafda kimsə olmamışdır. Təxminən 15-20 dəqiqədən sonra Cavid ilə Azərin yenidən sonuncuların evlərinin qarşısında mübahisə etdiyini, nəticədə Azərin Cavidi bıçaqla vurduğunu eşitmişdir. Bir müddət keçdikdən Cavid aldtğı xəsarətlərdən öldüyünü bilmişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Cavid ilə Azər arasında əvvəllər hər hansı mübahisə və dava-dalaşın şahidi olmamış, həmçinin bu barədə heç nə eşitməmişdir. Cavidin Azərə borcunun olması barədə məlumatı olmamış, sonuncular yaşca ondan çox böyük olduqlarından aralarında yaxın münasibət olmamışdır (cild 01, iş vər. 186-190). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 14:40 radələrində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının növbətçi həkimi (tibb-bacısı) Nadirova Sumqayıt Şəhər Polis İdarəsinə telefonla məlumat verərək Sumqayıt şəhər, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, ev 323-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ciyər nahiyəsindən 1 bıçaq xəsarəti almasını və xəsarətdən ölməsini bildirmişdir (cild 01, iş vər. 81). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Qəsdən adam öldürən şəxsin özünü künüllü təqdim etməsi barədə” protokoldan görünür ki, xx.xx.2022ci tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Corat qəsəbəsi, ev 322-də yaşayan əvvəllər məhkum olunmuş xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarət yetirib öldürən şəxs Corqat qəsəbəsi ev 424-də yaşayan əvvəllər məhkum olunmuş xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gələrək özünü könüllü olaraq təqdim edib, eləcə də hadisəni törətdiyini və hadisədə istifadə etdiyi bıçağı təqdim edərək hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir (cild 01, iş vər. 17). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Götürmənin aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun üzərində hadisə zamanı olan paltarlar-bir ədəd göy rəngli cins materialdan olan şalvar və bir ədəd qara rəngli gödəkcə, habelə Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd qatlanmayan, tiyəsi sarı rəngli bıçaq müvafiq qaydada götürülmüşdür (cild 01, iş vər. 38). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Vərəm Xəsatəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 05 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü ünvan 4 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs xəsatəxanada qeydiyyatda yoxdur (cild 01, iş vər. 138). Cinayət işinin materiallarında olan Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 678 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü ünvan 4 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 01, iş vər. 149). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 179 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol kürəkaltı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası. Sol qoltuqaltı nahiyyənin döş boşluğuna keçməyən iki ədəd deşilmiş-kəsilmiş yarası. Sol gözaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun bayır səthinin yuxarı 1/3-nin bir ədəd sıyrığı. Qeyd olunan xəsarətlərdən sol kürəkaltı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, sol qoltuqaltı nahiyyənin döş boşluğuna keçməyən iki ədəd deşilmiş-kəsilmiş yarası ülgüclə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən əmələ gələ bilər, həyatidirlər. Sol kürəkaltı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilir. Sol qoltuqaltı nahiyyənin döş boşluğuna keçməyən iki ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə canlı şəxslərdə yüngül dərəcəli bədən xəsarətlərinə aid olunur. Sol gözaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun bayır səthinin yuxarı 1/3-nin bir ədəd sıyrığı-küt əşya təsirindən törənmişdir, həyatidirlər və canlı şəxslərdə sağlamlığa zərəvurmayan xəsarətlərə aid edilirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb sol kürəlatlı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Xəsarət yetirən zaman mərhumla xəsarət yetirən müxtəlif qarşılıqlı vəziyyətdə (üzbəüz, yan-yana, arxası zərəyetimə qarşı və s.) ola bilərdi. Xəsarətlərin mərhumun özü tərəfindən özünə yetirməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirilmişdir. Mərhumun bədəni üzərində olan xəsarətlərlə paltarları üzərində olan xəsarətlər yerləşmə nahiyyələrinə görə bir-birinə uyğundurlar. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 01, iş vər. 199-208). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci İl tarixli 1932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: boynun, sağ qasıq nahiyyəsinin qançırı, alnın, sol əlin V barmağının sıyırığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilə bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gəlir, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 01, iş vər. 209-211). Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 18/2023-MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus paltonun arxa səthində solda bir ədəd, gödəkçənin arxa səthində solda bir ədəd, sviterin arxa səthində solda bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsussviter, şalvar, gödəkçə, palto üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 01, iş vər. 212-216). Cinayət işinin materiallarında olan məhkəmə məhkəmə-tibbi-bioloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 15/2023-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus sviter, şalvar, gödəkcə və palto üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən X3 məxsus ola bilər. Bıçaq üzərində qan aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün olmamışdır (cild 01, iş vər. 217-222). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 21 yanvar 2023-cü il tarixli 121 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə malik olmaq, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti keçirməmişdir (cild 01, iş vər. 223-226). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 mart 2023-cü il tarixli 1160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 01, iş vər. 241-243). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserindən verilmiş 6144 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2008ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.5, 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından, onun barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 01-20). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları qarşılıqlı şəkildə araşdıran, yuxarıda istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, X1 xx.xx.2023-cü il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbələri nəticəsində yaranan ağır bədən xəsarətləri səbəbindən ölməsi (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə ictimai təhlükəli əməllə baş verən ölüm arasında olan səbəbli əlaqə müəyyən edilmişdir) işin mübahisəsiz halıdır. Mübahisələndirilən məqam zərərçəkmiş şəxsin vəfat etməsinin Təqsirləndirilən şəxs qəsdi, eyni zamanda niyyəti ilə əhatə olunub-olunmaması ilə bağlıdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişi qətlə yetirmək istəmədiyini bildirib barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmiş, ittiham tərəfi isə əməlin qəsdən adam öldürmə cinayəti kimi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1ci maddəsi ilə tövsif olunduğunu və ona uyğun olaraq ittiham hökmünün çıxarılmasını israr etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli məhz X4 birbaşa olaraq qəsdən öldürməyə yönəlmiş (yetirilən xəsarətlərin sayı və lokalizasiyası bunu təsdiq edir),o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən, "An" market adlı ictimai iaşə obyektinin önündə qarşılaşdıqda, sonuncudan ona olan 50 manat borcunu növbəti dəfə geri tələb elmiş, Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmayacağını deyərək anidən yumruqla gözünə, sifətinə vurub əlində olan kəlpətinlə barmağını əzərək ona alnın və sol əlin V barmağının sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ünvanına nalayiq söyüşlər işlətdiyindən, o, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vurub sonuncuya sol gözaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun bayır səthinin yuxarı 1/3-nin sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək əlbəyaxa olub ayrıldıqdan 10-15 dəqiqə sonra saat 14 radələrində, Zərərçəkmiş şəxs münaqişənin səbəbini aydınlaşdırmaqdan ötrü onun yaşadığı ünvan 1 ünvanına gəlib əlində olan bel sapı ilə qapını möhkəm döyərək, tutacağını qırmaqla onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyərək çölə çağırmasından hiddətlənərək mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən ümumi uzunluğu 325 mm, qatlanmayan məişət təyinatlı mətbəx bıçağı ilə çölə çıxmış, Zərərçəkmiş şəxs əlində olan bel sapı ilə onun boynuna və qulağına xəsarət yetirdiyindən sağ əlində tutduğu bıçaqla öldürmək məqsədilə Zərərçəkmiş şəxs sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 2 (iki) ədəd, sol kürəkaltı nahiyyənin döş boşluğuna keçən və sol ağciyəri zədələyən deşilmişkəsilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid qanitirmədən ölümünə səbəb olan 2 (iki) ədəd, ümumilikdə isə 4 (dörd) ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Odur ki, məhkəmə kollegiyası bu halda ibtidai istintaq orqanının gəldiyi qənaətin düzgün olduğu nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş və ifadələri elan olunaraq tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi ev 424-də qeydiyyatdadır, ailəlidir, bir qızı var. Yaşayış yeri üzrə yaxşı səciyyələndirilir. Himayəsində xx.xx.2007-ci il təvəllüdlü X13 adlı bir yetkinlik yaşına çatmayan qızı var (cild 01, iş vər. 140-146). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli hökmünə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 2.4-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir (cild 01, iş vər. 180-182, 192). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "Amnistiya" qərarına əsasən cəzadan azad edilsə də, sözügedən qərarda onun məhkumluğunun üzərindən götürülməsi qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən məhkumluğu olan şəxs olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Qəsdən adam öldürən şəxsin özünü künüllü təqdim etməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gələrək özünü könüllü olaraq təqdim edib, eləcə də hadisəni törətdiyini və hadisədə istifadə etdiyi bıçağı təqdim edərək hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını CM-in 59.1.10-cu maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə sözügedən hadisədə təqsirləndirilən şəxsin özünün də xəsarət almasını, mərhum zərərçəkmiş şəxsin qarşılıqlı hərəkətlərini, eyni zamanda CM-in 60.1-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 60.1 maddəsindən görünür ki, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Şəxsin əvvəllər də qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 25, 110-111). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz-qara damalı yarım palto, 01 ədəd qolsuz göy rəngli gödəkcə, 01 ədəd göy rəngli uzunqol sviter, 01 ədəd tünd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins materialdan olan şalvar, 01 ədəd qara rəngli gödəkcə, habelə 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz-qara damalı yarım palto, 01 ədəd qolsuz göy rəngli gödəkcə, 01 ədəd göy rəngli uzunqol sviter, 01 ədəd tünd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins materialdan olan şalvar, 01 ədəd qara rəngli gödəkcə, habelə 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar