Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-135/2022 20.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1996-cı ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4cü maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış və təkrarən silah qismində istifadə edilən əşya tətbiq edərək, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 iyul 2021-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Şamlıq” deyilən ərazidə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus qapıları açıq “X6 2544L” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasına qeyri-təbii yolla cinsi əlaqədə olma təklifi etmək adı ilə daxil olub sürücü Zərərçəkmiş şəxs2 avtomobilin kabinasında yatmasından istifadə edərək kabinanın ön alın şüşəsinin qarşısına qoyulmuş 06 iyul 2021-ci il tarixdə olan məzənnə ilə 1530 manat təşkil edən 900 ABŞ dolları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyətilə təkrarən 09 avqust 2021-ci il tarixdə, saat 05:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “Şamlıq” deyilən ərazidə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Ford Cargo” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasına əyləşib sürücü Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklifi etmiş, sonuncu bundan imtina edib avtomobili idarə edərək ondan yerə düşməyi tələb etmiş, bu zaman o, Abşeron rayonu ərazisində yerləşən Bakı-Şamaxı magistralının “Dönüş” dairəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısında üzərində olan silah qismində istifadə edilən bıçaq tətbiq etməklə Zərərçəkmiş şəxs1 öldürəcəyi, yəni həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək, avtomobilin qoltuqaltı hissəsinin yanında yerləşən pul kisəsinin içərisindən 240 manat, avtomobilin qoltuq altı hissəsində yerləşən pul kisəsinin içərisindən 150 manat və salonda olan kül qabına qoyulmuş 20 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs1 410 manat pulunu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, cinsi azlıqdır, 12-13 yaşından etibarən özündə dəyişikliklər hiss etdiyi üçün özünü daha çox qadın olaraq görmüşdür. Gəlir əldə etmək üçün hər gün axşam saatlarında müştəri ilə cinsi əlaqədə olmaq və gəlir əldə etmək üçün Abşeron rayonu Xırdalan şəhəri Şamlıq deyilən ərazidə olur. Daimi olaraq orada yük avtomobillərinin sürücüləri ilə 20 manat pul müqabilində müştərilərin avtomobilində cinsi əlaqədə olur. 06 iyul 2021-ci il tarixdə saat təxminən 00:30 radələrində yenə cinsi əlaqədə olmaq üçün müştəri tapmaq və gəlir əldə etmək üçün Abşeron rayonu Xırdalan şəhəri Şamlıq deyilən əraziyə gəlmişdir. Həmin günü saat 05 radələrinədək təxminən 3 müştəri ilə görüşmüşdür. Bundan sonra yenidən gəlir əldə etmək müştəri tapmaq üçün yük avtomobillərinin sürücülərinə yaxınlaşıb pul müqabilində cinsi əlaqədə olmaq təklif etmişdir. Bundan sonra elə həmin ərazidə təxminən saat 05 radələrində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir yük avtomobilinin qapılarının açıq olduğunu görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin sürücüsündən cinsi əlaqədə olmaq istəyib - istəmədiyini soruşmuşdur. Həmin şəxs onu avtomobilə dəvət etmişdir. O, avtomobilə əyləşmiş və həmin adını bilmədiyi yük avtomobilinin sürücüsü ona masaj etməyini istəmişdir. O da razılaşmışdır. Bundan sonra sürücü üzü üstündə avtomobilin oturacaqlarının üstündə uzanmışdır. O, həmin şəxsi masaj etməyə başlamışdır. Bu zaman avtomobilin salonunun sağ tərəfindən avtomobilin alın şüşəsinin qarşısında pulların olduğunu görmüşdür. Həmin şəxsin başının qarışıq olduğundan istifadə edərək həmin şəxsin xəbəri olmadan həmin pulları götürmüş və sinəsinə qoymuşdur. Həmin şəxs onunla cinsi əlaqədə olmaq istəməmiş və masajın qarşılığı olaraq ona 10 manat pul vermişdir. Bundan sonra o, həmin şəxs cinsi əlaqədə olmaq istəmədiyi üçün avtomobildən düşüb çıxıb getmişdir. Biraz həmin yerdən aralaşdıqdan sonra taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Yolda olarkən həmin pulu saydıqda həmin pulun 900 ABŞ dolları olduğunu görmüşdür. Bundan başqa, 09 avqust 2021-ci il tarixdə saat 05 radələrində həmişəki kimi yenə də Xocahəsən dairəsi tərəfdə durmuşdur. Həmin vaxt markasi və dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili gəlib Xocahəsən dairəsi tərəfdə dayanmışdır. O, həmin yük avtomobilinin sürücü olan sonradan adının Zərərçəkmiş şəxs1 olduğu bildiyi şəxsə yaxınlaşıb 20 manat pul müqabilində onunla qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Sürücü də onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, həmin yük avtomobilinin salonuna qalxıb əyləşmişdir. O, avtomobilin salonuna əyləşəndə iki oturacağın arasında pul kisəsi görmüşdür. Pul kisəsini görəndə düşünmüşdür ki, cinsi əlaqə zamanı həmin pul kisəsində əgər pul varsa həmin pulları oğurlayar. Elçin yük avtomobilini Biləcəri dairəsi tərəfdə yerləşən 555 adlı çay evindən bir az qabaqda saxlamışdır. Ondan sonra o, anal yolla Elçinlə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə qoruyucu prezervativlə olmuşdur. Cinsi əlaqə zamanı isə o, imkan tapıb gizlin şəkildə oturacağın yanında olan pul kisəsini eşib içində olan pulun sayını görmədən pulları çıxarıb gizlin cibinə qoymuşdur. Təxminən 7-8 dəqiqə cinsi əlaqədə olmuşlar. Bundan sonra Elçin onu Xırdalan dairəsinin yaxınlığında yerləşən EuroHome-nin qarşısında düşürtmüşdür. Düşməzdən əvvəl də o, Elçindən 20 manat xidmət haqqı kimi almışdır. Elçin isə yük avtomobili ilə oradan uzaqlaşmışdır. Elçin uzaqlaşandan sonra Elçindən oğurladığı pulu sayıb görmüşdür ki, həmin pul 150 manatdır. Daha sonra o, piyada ekologiya postu tərəfə getmişdir. Yolun bir hissəsini keçmişdir. Digər hərəkət hissəsi ilə piyada yolu keçən zaman uzaqdan Elçinin avtomobilin onun üstünə gəldiyini görmüşdür. Elçin onun yanından keçib getmişdir. Keçəndə də ona qarşı nalayiq söyüşlər söyərək təhqir etmişdir. O da düşünmüşdür ki, olan bilsin onun etmiş olduğu oğurluqdan xəbəri olduğu üçün Elçin onu söymüşdür. 900 ABŞ dollar pul onun yaşadığı evdə paltar dolabındakı saxlanc yerində olmuş və o, pulu zərər çəkmiş şəxsə qaytarmaq üçün istintaqa təqdim etmişdir. O, həmçinin göstərdi ki, Elçinin onunla yəni cinsi azlığın nümayəndəsi ilə cinsi əlaqədə olmasını heç kəs bilməsin deyə Elçin ona şər atmışdır ki, guya o, Elçinə bıçaq çəkməklə onu hədələyib 410 manat pulunu götürmüşdür. Əslində isə o, Elçinə qarşı zorakılıq hərəkətləri etməmiş, onun pulunu cinsi əlaqədə olan zaman oğurlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus “Ford Cargo” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı özü boşaldan yük avtomobili vardır. O, həmin yük avtomobili ilə sürücülük edib qazanc əldə edir. 08 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində ona məxsus olan Ford Cargo markalı **-CS-*** dövlət qeydiyyat nişanlı özü böşaldan yük avtomobili ilə yaşadığı evdən çıxıb Quba şəhərinə getmişdir. 08 avqust 2021-ci il tarixdə axşam saatlarında isə apardığı yükü Quba şəhərində təhvil verib yaşadığı evə gəlmişdir. 09 avqust 2021-ci il tarixdə saat 05 radələrində Xocahəsən dairəsinin yaxınlığında yerləşən Şamlıq deyilən ərazidə yerləşən YDM-nin yanında avtomobilini saxlamışdır. Avtomobili saxlamaqda məqsədi gündəlik hesab kitabını dəqiqləşdirmək üçün üstündə olan pulları saymaq olmuşdur. Avtomobili saxlayıb avtomobildən düşməmiş elə avtomobilin salonunda üzərində olan pulları saymağa başlamışdır. Pulu sayıb dəqiqləşdirmişdir ki, onun cibində 240 manat pul vardır. Həmin pulları pul kisəsinin içinə qoyub, pul kisəsini isə avtomobilin qoltuq altının yanına qoymuşdur. Bundan başqa avtomobilin qoltuqaltında yerləşən digər pul kisəsinin içində də 153 manat pul olmuşdur. Əlavə olaraq da avtomobilin salonunda olan kül qabında 27 manat pulları vardır. O, pulları sayıb qurtaran kimi, başını qaldırmışdır ki, bir nəfər tanımadığı qadın avtomobilin sərnişin tərəfinin qapısını açıb ondan siqaret yandırmaq üçün alışqan istəyib avtomobilin salonuna əyləşmişdir. O, isə avtomobilində alışqan axtaran zaman görmüşdür ki, özü öz alışqanını çıxarıb ağzında olan siqareti yandırmışdır. O, həmin qadından avtomobilini tərk etməyi tələb etmiş, qadın ona demişdir ki, avtomobili sürsün, qabaqda düşəcək. Avtomobili yerindən tərpədib Sulutəpə istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtı içərisində 240 manat olan pul kisəsi avtomobilin qoltuq altısının yanında olmuş, digər pul kisəsi isə qoltuqaltının içərisində olmuşdur. Təxminən 50 metr hərəkət etmişdir ki, həmin qadın sağ əli ilə onun xayasından tutub ona demişdir ki, “görək burda nə var”. Həmin vaxt o, özünü itirmişdir. Həmin qadın sağ əli ilə xayasından yüngül sıxıb sol əli ilə qoltuqaltının yanında olan pul kisəsini götürmüşdür. Avtomobili isə aşağı sürətlə hərəkətdə olmuşdur. Tosoil YDM-nin qarşısına çatan zaman həmin qadın əlini topuğuna tərəf aparıb oradan bıçaq çıxarmışdır. Hava qaranlıq olduğu və həyəcanlı olduğu üçün qadının bıçağı haradan götürdüyünü görməmişdir. Bir daha qeyd edir ki, hava qaranlıq olduğu üçün və həyəcanlı olduğu üçün bıçağın hansı ölçüdə və hansı rəngdə olmağı, ümumiyyətlə bıçağın əlamətləri dəqiq yadında qalmamışdır. Mən bıçağı onun əlində görən kimi, biraz da həyəcanlanıb avtomobilini saxlamaq istəmişdir. Qadın isə hədələyərək demişdir ki, “saxlama yoxsa səni doğrayaram”. Avtomobilini irəli sürüb Sulutəpənin dairəsi tərəfdə yol patrul xidməti avtomobilin yanında saxlamaq istəmişdir. Həmin qadın isə buna icazə verməmişdir. O, avtomobili üzü Xırdalan istiqamətinə idarə etməyə davam etmişdir. Yolda gedən zaman qadın avtomobilin qoltuq altısını eşib orada olan digər pul kisəsini tapmışdır. Həmin pul kisəsinin içərisində olan 153 manat pulun 150 manatını götürüb 3 manatını saxlamışdır. Bundan başqa salonda olan kül qabındakı 27 manat pulun da 20 manatını götürüb 7 manatını saxlamışdır. Bununla da ümumilikdə 410 manat pulunu gözünün qarşısında talamışdır. Evrohome-nin qarşısına çatanda həmin qadın avtomobili saxlamağı tələb etmişdir. O, avtomobilini saxlamış və qadın avtomobilindən düşüb getmişdir. Qadın avtomobildən düşərkən pul kisəsinin içərisində olan pulları götürüb pul kisəsini üzərinə atmış və ona kişi səsi ilə nalayiq ifadə işlətmişdir. O, həmin vaxt bilmişdir ki, həmin şəxs qadın yox cinsi azlıqdır. Həmin şəxs uzaqlaşmamışdan əvvəl də avtomobili dövlət qeydiyyat nişanının fotoşəklini çəkmişdir. Həmin cinsi azlıq üstünə bıçaq çəkib onu hədələsə də, həmin bıçaqla ona qarşı hər hansı bir xəsarət yetirməmiş, ümumiyyətlə ona qarşı hər hansı bir zorakılıq hərəkətləri etməmiş və hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Mercedes Actross”markalı **-SR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur, həmin yük avtomobili ilə yük daşıyır. xx.xx.2021-ci il tarixdə saat 03 radələrində idarə etdiyi avtomobili Abşeron rayonu Xırdalan şəhəri Şamlıq deyilən ərazidə saxlamış, avtomobilin içərisi isti olduğu üçün yata bilməmiş və avtomobilin qaplılarını açıq qoymuş və özü də avtomobilin oturacaqlarının üzərində uzanmış və yatmışdır. Həmin günü təxminən saat 05 radələrində görmüşdür ki, bir nəfər qadın görkəmində kişi avtomobilin salonuna çıxaraq onu oyatmış və ona cinsi əlaqədə olmaq təklif etmişdir. O, həmin şəxsə istəmədiyini bildirdikdə, həmin şəxs onu masaj etmək istədiyini bildirmişdir. Bundan sonra o, üzü üstə uzanmış və həmin şəxs onu masaj etmişdir. O, həmin zaman yuxulu olmuşdur. Həmin şəxs ona təkrar cinsi əlaqədə olmaq təklif etdikdə o, razılaşmamış və həmin şəxs avtomobildən düşüb çıxıb getmişdir. Həmin şəxs getdikdən sonra o, avtomobilin alın şüşəsinin qarşısına qoyduğu 900 ABŞ dolları məbləğində pulun yerində olmadığını aşkar etmişdir. O da avtomobildən düşüb həmin şəxsi tapmaq istəsə də buna nail ola bilməmişdir. Həmin şəxs ondan uzaqda olmuş və markasını eləcə də dövlət qeydiyyat nişanını xatırlmadığı avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Onun tələbi həmin şəxsin tapılaraq barəsində qanuni tədbir görülməsindən ibarətdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, hadisə vaxtı ətrafda ikisindən başqa heç kim olmamışdır. Baş vermiş hadisə nəticəsində 900 ABŞ dolları yəni bu günki məzənnə ilə 1530 manat məbləğində maddi ziyan dəymişdir. Həmin 900 ABŞ dolları pul avtomobildə ön alın şüşəsinin qarşısında olmuşdur. DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə verən zaman həyəcanlı olduğu üçün pulun cibindən oğurlanması barədə məlumat vermiş, lakin sonra yadına düşmüşdür ki, o, uzandığı zaman pulu cibindən çıxarıb avtomobilin ön alın şüşəsinin qarşısına qoymuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar tərəfindən pullarının talanması və cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün şikayət verilmişdir. (Cild 1, iş vərəqləri 4, 85) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən sonuncu evin qonaq otağındakı paltar dolabının içərisindəki qutudan 900 ABŞ dollar pulu təqdim edərək həmin pulu 06 iyul 2021-ci il tarixdə yük avtomobilinin salonundan oğurladığını bildirmişdir. (Cild 1, iş vərəqləri 103-106) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə hansı ərazidə mindiyini və hadisənin konkret olaraq harada baş verməsini göstərməklə hadisə yerində ifadəsini əyani olaraq göstərməklə dəqiqləşdirmələr etmişdir. (Cild 1, iş vərəqləri 111-113) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməklə dəqiqləşdirmələr aparmışdır. (Cild 2, iş vərəqləri 1-6) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 18 avqust 2021-ci il tarixli 444 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. (Cild 2, iş vərəqləri 32-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 27 avqust 2021-ci il tarixli 443 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcək nahiyyəsində (passiv homoseksualizm) mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmağı göstərən əlamət və dəyişikliklər aşkar edildi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. Müayinəyə kimi defekasiya aktı olduğu üçün, spermotozoidlərin təyini üçün yaxma və tampon götürülmədi. (Cild 2, iş vərəqləri 34-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 09 oktyabr 2021-ci il tarixli 2349 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər şəxsiyyətin qarışıq tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda şəxsiyyətin qarışıq tip pozuntusu aşkarlanır. Təqsirləndirilən şəxs müəyyən edilən qarışıq tip şəxsiyyət pozuntusu kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs müəyyən edilən qarışıq tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 2, iş vərəqləri 38-40) Təsvir olunan sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayəti törətməməsi, onun 410 manat məbləğində deyil 150 manat pulu cinsi əlaqədə olan zaman qizli olaraq talaması və ona qarşı bıçaq tətbiq etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə də müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən barışıq əldə olunmasını və zərərçəkmiş şəxlərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (Cild 1, iş vərəqləri 133, 235, 245) Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş və 29 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 165-181, 241-242) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqləri 125-150) Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi səbəbindən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəi ilə istintaq olunan cinayət işi üzrə 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmişdir. Daha sonra, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 40, 128, 153-155, 219-223) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-135/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-135/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver