Məhkəmə qərarları › İş №1(124)-135/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-135/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-135/2025 25.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X8, ev 19 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 01 ədəd qara sellefon bükümdə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 117 qram təşkil edən küllü miqdarda narkotik vasitə tiryəki, 01 ədəd qara sellefon bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 101,902 qram olan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 16:45-də Sumqayıt ŞPİ-nin X1 əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Gold Plaza” şadlıq evinin yaxınlığında olan zaman saxlanılıb Sumqayıt ŞPİ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 02 ədəd bükümlərdə narkotik vasitə olan tiryək və heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, tutulana qədər ancaq narkotik vasitə olan "nəşə"dən istifadə edib. 30 may 2024-cü il tarixində Sumqayıta öz şəxsi istifadəsi üçün "nəşə" almağa gəlib. Sumqayıta gələn kimi 8-10 nəfər polis əməkdaşı onu saxlayıb Sumqayıt ŞPİ-nə aparıblar. O, tutulan zaman üzərində heç bir narkotik vasitə olmayıb, ittihamda qeyd edilən narkotik vasitələrni polis əməkdaşları onun üzərinə qoyublar. Ona polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilib, buna görə məcbur qalıb ibtidai istintaq zamanı etirafedici ifadə verib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o əvvəllər idmanla məşğul olub, idmanla məşğul olanda bədəninin müxtəlif yerlərində xəsarət alması halları olub. Sonradan narkotikə qurşanıb. Rza adlı şəxsdən narkotik almaq üçün əvvəlcədən telefonla danışıb, həmin şəxs onun istədiyi narkotik vasitəni Sumqayıtda razılaşdıqları yerə qoyduqdan sonra o da həmin yerdən narkotik vasitəni götürəcəkdi. Razılıqlarına əsasən o, narkotik vasitəni götürdükdən sonra həmin şəxsin kart hesabına pul atmalıydı, lakin o, düşünüb ki, narkotik vasitəni götürəndən sonra həmin şəxsə heç bir pul göndərməsin. Lakin narkotik vasitəni götürmədən polis əməkdaşları onu saxlayıblar. Narkotik vasitəni götürəcəyi yerin şəklini həmin şəxs ona əvvəlcədən göndərib. Onu ailəsi ilə hədələdikləri üçün məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşıb, etirafedici ifadə verib. Polis əməkdaşlarının ona qarşı qərəzli olmalarının səbəbini bilmir. Günahı odu ki, narkotik götürmək üçün Bakıdan Sumqayıta gəlib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X8, ev 19-da ailəsi ilə birlikdə yaşayır. Təxminən 3-4 il olar ki, narkotik vasitə qəbul edir. Narkotik vasitələrdən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:45-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Gold Plaza” şadlıq evinin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərinin polis işçiləri olduqlarını bildirdikdən və özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin şəxslər onun əllərindən möhkəm yapışdıqlarına görə o öz istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitələri üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda onu gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və daha sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd qara rəngli sellefon bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin, digər bükümdə isə narkotik vasitə “tiryək”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos”, digər bükümdəki maddənin isə “tiryək” olduğunu bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən “Redmi 13” markalı mobil telefon aşkar edilərək sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli sellefona bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə təmiz çəkisi 115.18 qram, digər bükümdəki narkotik vasitə olan “tiryək”ə bənzər maddənin sellofanla birlikdə çəkisinin 118.47 qram olduğu müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq möhürlənmiş və zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ- də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr ona məxsusdur və həmin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının telefonda göstərdiyi yerdən götürdüyünü və öz istifadəsi üçün həmin narkotik vasitələri üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 27 may 2024-cü il tarixdə əməliyyat qrupu yaradılıb. Qrupda Şahid2 və Şahid3 da iştirak edib. Əməliyyat qrupunun üzvləri olaraq birlikdə 27 may 2024-cü il tarixdə, təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Gold Plaza” şadlıq evinin yaxınlığında hərəkət etdiyini müşahidə etdikdən sonra ona yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətiriblər. Sonra özlərini ona təqdim edib saxlanılma səbəbini izah etdikdən sonra onu Sumqayıt ŞPİ-nə gətiriblər. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 02 ədəd büküm təqdim edib. Həmin bükümlər açıldıqda birinin içərisindən narkotik vasitə olan “tiryəkə” bənzər maddə, digər bükümün içərisindən isə “heroin”ə bənzər maddə aşkar olunub. Həmin bükümlər çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıraq götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində və məhkəmədə iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd qara sellofan bükümü təqdim edir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içərisindən spesifik iyə malik narkotik vasitə olan “tiryək”ə bənzər maddə, digər bükümün içərisindən isə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddələrdən birinin “tiryək”, digərinin isə “kakos” olduğunu, həmin maddələri tutulmamışdan bir az əvvəl Sumqayıt şəhəri ərazisində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının dediyi yerdən əldə etdiyini və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar, həmçinin şahidlərin ifadələrində qeyd olunanlar həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkimyəvi ekspertizasının 28 may 2024-cü il tarixli, 6/2998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N124” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs“ yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 101,902 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 117,00 qram tünd qəhvəyi rəngli spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli, 5438 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən Azərbaycan Respublikasında məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, araşdırmanın gedişində “MTE və PA Birliyi” PHŞ-in Sumqayıt şəhər şöbəsinin 70 nömrəli rəyi alınmış, həmin rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tibb müəssisəsində müayinə olunan zaman onun bədəni üzərində xəsarət aşkar olunmamış, onun adına tərtib olunmuş məhkumun tibbi kitabçasında qeyd olunan xəsarət izləri, yəni sol saiddə çapıq toxuması, sol dizdə, sağ baldırda çapıqlar, alın nahiyəsində çapıqlar xarakterik xüsusiyyətlərlə təsvir olunmadığından həmin çapıqların əmələ gəlmə mexanizmi və müddəti haqqında fikir söyləmək mümkün olmamışdır. Araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda məhkəmə-tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan qərarda istinad edilmiş ekspert rəyi sorğu əsasında əldə edilmiş və həmin rəyin Təqsirləndirilən şəxs 4080/2024 sayı tibbi kitabçasına əsasən verildiyi və yuxarıdakı qərarda qeyd olunan məzmunda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində olan “MTE və PA Birliyi” PHŞ-in Sumqayıt şəhər şöbəsinin 70 nömrəli rəyində qeyd edilən xəsarətlərlə əlaqədar məhkəmə təbabəti ilə bağlı ədəbiyyata müraciət etməyi lüzum görmüşdür. Belə ki, Şakir Musayevin müəllif olduğu “Məhkəmə təbabəti” dərsliyində (Bakı, 2006) qeyd olunur ki, yaraların sağalma prosesi toxumaların qanla təchiz olunması və innervasiyasından asılıdır, bu isə bədənin müxtəlif sahələrində eyni dərəcədə deyil. Məsələn, başda olan yaralar 7 günə, bədənin arxa səthində yaralar 8 günə, qarında olan yaralar 10 günə, ətraflarda olan yaralar 11-12 günə sağalır. Yaraların sağalması nəticəsində çapıqlar əmələ gəlir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 27 may 2024-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, onun tibbi kitabçası əsasında 30 may 2024-cü il tarixdə ekspertiza keçirilmişdir. Məhkəmə təbabəti ilə bağlı yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfində saxlanılarkən fiziki zorakılığa məruz qalması və 3 gündən də az müddət ərzində yaralarının sağalaraq çapıqların əmələ gəlməsi ağlabatan deyildir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı bildirdiklərinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmin ifadələrdən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin ona aid olduğunu etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Narkotik vasitələrin ona aid olmaması ilə bağlı qeyd etdikləri şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişlə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini (üzərindən narkotik vasitənin aşkar olunmasına dair hissədə) qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı növlərdə və ayrı bükümlərdə olmaqla, onların çəkisini şəxsi isehlak miqdarından dəfələrlə çox olmasını təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin məhz satış məqsədilə üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2024-cü il təvəllüdlü 03 azyaşlı uşağı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində 03 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2024-cü il tarixdə barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 may 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 101,702 qram narkotik vasitə heroin və 116,80 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 101,702 qram narkotik vasitə heroin və 116,80 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar