Məhkəmə qərarları › İş №1(124)-136/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-136/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-136/2022 22.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkilləri X8 və X9, Zərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxsin hüquqi varisləri- X5 və X1 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili X10 xx.xx.1988-ci il tarixində Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Gəndab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263.3-cü maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə, digərlərinin sağlamlıqlarına ağır və az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 05 may 2021-ci ildə saat 22.35-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrində, Bakı istiqamətindəki hərəkət hissəsi ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, irəlidə eyni istiqamətdə yolun sağ ehtiyat hissəsində dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinə daxil olaraq yolun hərəkət hissələrini ayıran 1.1 üfüqi nişanlanma xəttinin üstündən geriyə, yəni Quba istiqamətinə doğru manevr etdiyini görüb üç dəfə avtomobilinin uzaq vuran işıqlarını yandırıb-söndürməklə, bir neçə dəfə də avtomobilin səs siqnalından istifadə etməklə «VAZ-21723» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 işarə vermiş, idarə etdiyi avtomobili nisbətən sol tərəfə manver etdirməklə 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına keçmiş, lakin Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21723» markalı avtomobili sağ tərəfə manevr etdirdiyi üçün «VAZ-21723» markalı avtomobilin sol yan tərəfi onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolun Quba istiqamətdəki hərəkət hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə, yəni «VAZ-21723» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 kəllə əsası sümüklərinin baş beyinə qansızma ilə müşayiət olunan açıq sınığından, alın nahiyyəsinin əzilmiş yarasından, sol gicgah nahiyyəsinin hematomasından, alın, sol said, hər iki budun, gövdənin arxa səthinin çoxsaylı qançırlarından, alın, sifətin, hər iki yarısının, hər iki baldırın, döş qəfəsinin, hər iki budun, sağ diz oynağının çoxsaylı sıyrıntılarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, sərnişini Zərərçəkmiş şəxs2 hər iki gözətrafı nahiyyənin hematomasından, sol əlin, sağ baldırın, sağ aşıq-daban oynağının sıyrıntılarından, sağ diz oynağının və sol baldırın qançırlarından, sağ əlin İİ barmağının qapalı sınığından, kəllə əsası sümüklərinin baş beyinə qansızma ilə müşayiət olunan açıq sınığından, üst çənədə kəsici dişlərin sınığından, döş qəfəsinin hər iki yarısında İİİ-V qabırğaların qapalı sınığından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, digər sərnişinləri Zərərçəkmiş şəxs4 baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol alın gicgah, göz qapağı, burun arakəsməsi və burunun sol qanadının əzilmiş yaraları, iki tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın cırılması, sağ gözdə sentralda epitel defekti və kornealda ödem nəticəsində görmənin zəifləməsindən ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs3 təpə nahiyyəsinin əzilmiş yarasından, sol bazu və sol körpücük sümüklərinin qapalı yerinidəyişmiş sınığından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs5 Füzuli oğlunun alın və sol almacıq nahiyyəsində baş-beyin silkələnməsi əlamətləri ilə müşayiət olunan yumşaq toxumaların əziyindən, hər iki diz oynağının sıyrılmış yaralarından ibarət dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almalarına, habelə «VAZ-21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs6 14.000 (on dörd min) manat məbləğində ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 may 2021-ci il tarixdə atasını evə düşürdükdən sonra yanacaq doldurma məntəqəsi istiqamətində getmişdir. Həmin vaxt uzaqdan qəza işıqları yanan avtomobilin yolda dayandığını görmüşdür. Həmin avtomobil daha sonra qəza işıqları yanılı vəziyyətdə baş yola çıxmış, bu zaman avtomobilin sürücüsü Quba istiqamətindən gələn avtomobillərə fikir vermədən hərəkət etməyə başlamışdır. O, isə bu zaman Quba istiqamətindən Bakı istiqamətinə doğru getmişdir. Həmin avtomobilə yaxınlaşmağına 15-20 metr qalmış toqquşmamaq üçün sağa keçmək istəyəndə onlar da eyni anda dönmələri nəticəsində qəza baş vermişdir. Qəzanın baş verməsilə avtomobilinin hava şarları açılmış, huşunu itirdiyi üçün daha sonradan baş verənləri xatırlamamışdır. O, hadisədən təxminən 7-8 gün sonra özünə gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, digər avtomobil, yolu perpendikulyar olaraq kəsdiyi üçün onun dönmək imkanım olmamışdır. Hadisəni görməyi ilə baş verməsi arasında bir neçə saniyə olmuşdur. Hadisədən yayınmaq üçün əlindən gələni etmiş, lakin əyləci basıb-basmadığını tam olaraq xatırlamır. Hadisə zamanı sürəti təxminən 50-60 km/saat olmuş, həmin kəndin sakini oduğu üçün həmin ərazinin yaşayış yeri hesab edildiyini, hərəkət sürətinin 60 km/saat olduğunu bilmişdir. Hadisəni görməyi ilə qəzanın baş verdiyi yer arasında məsafə təxminən 15-20 metr olmuş, yəni bir neçə saniyənin içərisində həmin qəza baş vermişdir. Yola daxil olduğu zaman işarə verməmişdir. Lakin istintaq zamanı cinayət işini aparan müstəntiq qəza zamanı yola girdiyi vaxt işarə verdiyini, yəni işıqlarını yandırıb-söndürməyi söyləməyinin onun vəziyyətini yüngülləşdirən hal olduğunu dediyi üçün onun sözünə inanaraq istintaq zamanı onun söylədiyi kimi ifadə vermişdir. Qəzadan sonra digər avtomobil aşmamışdır. Toqquşmadan sonra avtomobili təxminən 20-25 metr yol kənarına sürüklənərək çəpərə dəyib dayanmışdır. Həmçinin digər avtomobil də qəzadan sonra sürükləndi. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21.02.2020-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. Mülkiyyətində olan «Mercedes Benz E 280» markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili 17.10.2019cu il tarixdən idarə edir. 05 may 2021-ci il tarixdə saat 22:35-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 280» markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə Bakı istiqamətində 50-60 km/saat sürətlə düzünə hərəkət etmişdir. Həmin vaxt onun avtomobilindən təxminən 400-450 metr qarşıda yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətində təqribən 20-30 km/saat sürətlə qəza işıqları qoşulu vəziyyətdə olan bir avtomobil düzünə hərəkət etmişdir. Qəza işıqları qoşulu vəziyyətdə olan avtomobilə çatmağına təxminən 150-200 metr məsafə qalmış həmin ağ rəngli «VAZ 21723» markalı avtomobil Bakı istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxıb dayanmış və az sonra yenidən üzü Bakı istiqamətində sağ tərəfdən yolun hərəkət hissəsinə daxil olmuşdur. «VAZ 21723» markalı avtomobil yola daxil olanda ara məsafələri təxminən 13-15 metr olmuşdur. Yolun hərəkət hissəsinə daxil olan ağ rəngli «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun hərəkət hissələrini ayıran ağ düz xətti üstündən geriyə, Quba istiqamətinə doğru manevr etməyə başlamışdır. O, bunu görən kimi üç dəfə avtomobilinin uzaq vuran işıqlarını yandırıb-söndürməklə, bir neçə dəfə də avtomobilinin səs siqnalından istifadə etməklə «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə işarə etmişdir ki, yola tam çıxmasın. O, «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ona işarə etməyinə heç bir reaksiya vermədiyini görüb toqquşmadan yayınmaq məqsədi ilə idarə etdiyi avtomobili nisbətən sol tərəfə manevr etdirmişdir. Lakin «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sonradan adını bildiyi sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə hərəkətini davam etdirmişdir. Bu an idarə etdiyi avtomobili nisbətən sağ tərəfə manevr etdirmişdir. Buna baxmayaraq onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra o, avtomobilindən düşmüşdür. Düşəndən sonra sağ ayağının bud sümüyünün sındığını və yeriyə bilmədiyini hiss etdiyi üçün huşunu itirib yıxılmışdır. İki gündən sonra müalicə olunduğu X13 Mərkəzində ayılandan sonra ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobili ilə toqquşan «VAZ 21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, o avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 ölmüş, digər sərnişinlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Fizuli oğlu, Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. Qeyd etmişdir ki, dörd qabırğasının sındığını və ağ ciyərimin zədələndiyini xəstəxanda olarkən bilmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti əvvəl 60 km/saatdan çox olmazdı, hadisə vaxtı onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, hamar, quru, asfaltbeton olmuş, avtomobilində yük və sərnişin olmamışdır. O, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərdi ki, mərhum X6 onun oğlu olmuşdur. 05 may 2021-ci il tarixdə saat 23:50-də onlara xəbər verilmişdir ki, həmin gün saat 22:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrində oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlanları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və oğlu Xəyalın avtomobilində olan həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 Fizuli oğlu, Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerindən ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. O, bunu bilən kimi dərhal yaşadığı evdən çıxıb Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Oğlu Zərərçəkmiş şəxs1 və onun idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəstəxanaya çatdırıldıqdan sonra orada ölmüşdür. “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişinlər oğlu Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Fizuli oğlu, Zərərçəkmiş şəxs3 Şabran rayon mərkəzi xəstəxanasında həkimlər tərəfindən zəruri olan ilkin tibbi yardım göstərilmişdir. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış, “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə ilkin tibbi yardım göstərilməsi üçün X13 Mərkəzinə aparılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun 4-cü övladı olmuşdur. 06 may 2021ci il tarixdə saat 09 radələrində ona telefon zəngi ilə xəbər verilmişdir ki, 05 may 2021-ci il tarixdə saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrində həmkəndliləri Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs1, sürücünün qardaşı Zərərçəkmiş şəxs4, həmin avtomobildə olan oğlu Zərərçəkmiş şəxs2, həmkəndliləri Zərərçəkmiş şəxs5 Fizuli oğlu, Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerindən ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndliləri Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı aldığı bədən xəsarətləri nəticəsində oğlu Zərərçəkmiş şəxs2, sürücü Zərərçəkmiş şəxs1 ölmüş, “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişinlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Fizuli oğlu, Zərərçəkmiş şəxs3 və “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs müxtəlif bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Şəhvələd oğlu ifadəsində göstərdi ki, 05 may 2021-ci il tarixdə saat 22:35-də qardaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət etmişlər. O, avtomobilin salonunda qabaq oturacaqda, Zərərçəkmiş şəxs3 arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs5 Fizuli oğlu arxa oturacağın sağ tərəfində, Zərərçəkmiş şəxs2 arxa oturacağın orta hissəsində əyləşmişdir. Yolun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrindən keçəndə Əli ilə Kənanın mağazaya girməsi üçün qardaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun Bakı istiqamətində sağ kənarına çıxarıb saxlamışdır. Qardaşı Xəyal, Hüseyn və o, avtomobildən düşməmişlər. Avtomobilin arxa oturacağında əyləşmiş Əli və Kənan avtomobildən düşmüşlər. Onlar yaxınlıqdakı mağazadan siqaret alıb qayıdaraq yenidən avtomobilin arxa oturacağına, öz yerlərinə əyləşmişlər. Bundan sonra geriyə, Quba istiqamətinə qayıtmaq qərarına gəlmişlər. Qardaşı Xəyal idarə etdiyi avtomobili hərəkət etdirməyə başlayıb sola dönmə işığını qoşmaqla sağ tərəfdən yolun Bakı istiqamətindəki hərəkət hissəsinə təxminən10 km/saat sürətlə daxil olub qövsvari formada geriyə manevr etmişdir. Elə həmin vaxt Quba istiqamətindən sürətlə gələn, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə sərnişini olduğu, qardaşı Xəyalın idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsindən aldığı ağır xəsarətlər səbəbindən huşunu itirmişdir. Hadisədən bir neçə gün sonra müalicə olunduğu, Bakı şəhərində yerləşən “X20” klinikasında ayılanda ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qardaşı Xəyal, həmkəndlisi Əli ölmüş, digər həmkəndliləri Hüseyn, Kənan, “Mercedes Benz E 280” markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs və o, müxtəlif bədən xəsarətləri almışlar. O, qeyd etmişdir ki, sonradan bildiyinə görə o, hadisə yerindən ilkin tibbi yardım göstərilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasına aparılmış, oradan da vəziyyəti ağır olduğu üçün Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına köçürülmüşdür. Daha sonra isə müalicəsini “X20” klinikasında davam etdirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 05 may 2021-ci il tarixdə saat 22:35-də həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət etmişlər. Zərərçəkmiş şəxs4 Şahvələd oğlu avtomobilin salonunda qabaq oturacaqda, Zərərçəkmiş şəxs3 arxa oturacağın sol tərəfində, o, arxa oturacağın sağ tərəfində, Zərərçəkmiş şəxs2 arxa oturacağın orta hissəsində əyləşmişdir. Yolun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrindən keçəndə Əli ilə Kənanın mağazaya girməsi üçün sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun Bakı istiqamətində sağ kənarına çıxarıb saxlamışdır. Sürücü Xəyal, Əmri və o, avtomobildən düşməmişlər. Avtomobilin arxa oturacağında əyləşmiş Əli ilə Kənan avtomobildən düşmüşlər. Onlar yaxınlıqdakı mağazadan siqaret alıb qayıdaraq yenidən avtomobilin arxa oturacağına, öz yerlərinə əyləşmişlər. Bundan sonra geriyə, Quba istiqamətinə qayıtmaq qərarına gəlmişlər. Sürücü Xəyal idarə etdiyi avtomobili hərəkət etdirməyə başlayıb sola dönmə işığını qoşmaqla sağ tərəfdən yolun Bakı istiqamətindəki hərəkət hissəsinə təqribi 10 km/saat sürətlə daxil olub qövsvari formada geriyə manevr etmişdir. Elə həmin vaxt Quba istiqamətindən sürətlə gələn, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə sərnişini olduğu, sürücü Xəyalın idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində sürücü Xəyal, həmkəndliləri Əmri, Əli, Kənan, “Mercedes Benz E 280” markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs və o, müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerindən təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Hadisədən sonra ona məlum olmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı həmkəndliləri Xəyal və Əli aldıqları ağır bədən xəsarətləri səbəbindən ölmüşlər. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 05 may 2021-ci il tarixdə saat 22:35-də həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət etmişlər. Zərərçəkmiş şəxs4 Şahvələd oğlu avtomobilin salonunda qabaq oturacaqda, o, arxa oturacağın sol tərəfində, Zərərçəkmiş şəxs5 Fizuli oğlu arxa oturacağın sağ tərəfində, Zərərçəkmiş şəxs2 arxa oturacağın orta hissəsində əyləşmişdir. Yolun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrindən keçəndə Əli ilə onun mağazaya girməyi üçün sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun Bakı istiqamətində sağ kənarına çıxarıb saxlamışdır. Sürücü Xəyal, Hüseyn və Əmri avtomobildən düşməvbikzh. Avtomobilin arxa oturacağında əyləşmiş Əli ilə o, avtomobildən düşmüşlər. Yaxınlıqdakı mağazadan siqaret alıb qayıdaraq yenidən avtomobilin arxa oturacağına, öz yerlərinə əyləşmişlər. Bundan sonra geriyə, Quba istiqamətinə qayıtmaq qərarına gəlmişlər. Sürücü Xəyal idarə etdiyi avtomobili hərəkət etdirməyə başlayıb sola dönmə işığını qoşmaqla sağ tərəfdən yolun Bakı istiqamətindəki hərəkət hissəsinə təxminən 10 km/saat sürətlə daxil olub qövsvari formada geriyə manevr etmiş, elə həmin vaxt Quba istiqamətindən sürətlə gələn, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 280” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə sərnişini olduğu, sürücü Xəyalın idarə etdiyi “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində sürücü Xəyal, həmkəndliləri Əmri, Əli, Hüseyn, “Mercedes Benz E 280” markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs və o, müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerindən təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Hadisədən sonra ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmkəndliləri Xəyal və Əli aldıqları ağır bədən xəsarətləri səbəbindən ölmüşlər. Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Müslüm oğlu ifadəsində göstərdi ki, «VAZ-21723» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobil 05.04.2021-ci il tarixdə bir illik müddətinə etibarlı olan etibarnamə əsasında sürmək üçün Zərərçəkmiş şəxs1 vermişdir. Sonradan ona məlum olmuşdur ki, 05 may 2021-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi ona məxsus “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil digər avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan bir nəfər sərnişin ölmüş, digər sərnişinlərxəsarət almışlar. O, bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “VAZ 21723” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsləri və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 may 2021-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 6-22). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 «X21» məhkəmə kimya şöbəsinin 18 may 2021-ci il tarixli 1276/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (İ cild iş vərəqə: 115-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Şabran şöbəsinin 29 may 2021-ci il tarixli 06M saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə əsası sümüklərinin baş beyinə qansızma ilə ilə müşayiət olunan açıq sınığından, alın nahiyəsinin əzilmiş yarasından, sol gicgah nahiyəsinin hematomasından, alın, sol said, hər iki budun, gövdənin arxa səthinin çoxsaylı qançırlarından, alın, sifətin, hər iki yarısının, hər iki baldırın, döş qəfəsinin, hər iki budun, sağ diz oynağının çoxsaylı sıyrıntılarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir, mərhumun ölümündən az əvvəl alınmışdır, 05.05.2021-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı alına bilərdi, bütövlükdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhumun meyitindən götürülmüş götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsindən etil spirti, narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Mərhumun ölümünə səbəb kəllə əsası sümüklərinin sınığı nəticəsində baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 12-24 saat qabaq baş vermişdir. (İ cild iş vərəqə: 119-122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Şabran şöbəsinin 29 may 2021-ci il tarixli 07M saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər hər iki gözətrafı nahiyənin hematomasından, sol əlin, sağ baldırın, sağ aşıq-daban oynağının sıyrıntılarından, sağ diz oynağının və sol baldırın qançırlarından, sağ əlin İİ barmağının qapalı sınığından, kəllə əsası sümüklərinin baş beyinə qansızma ilə müşayiət olunan açıq sınığından, üst çənədə kəsici dişlərin sınığından, döş qəfəsinin hər iki yarısında İİİ-İV qabırğaların qapalı sınığından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir, mərhumun ölümündən az əvvəl alınmışdır, 05.05.2021-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı alına bilərdi, bütövlükdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhumun meyitindən götürülmüş götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsindən etil spirti, narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Mərhumun ölümünə səbəb kəllə əsası sümüklərinin sınığı nəticəsində baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 12-24 saat qabaq baş vermişdir. (İ cild iş vərəqə: 123-126) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Şabran şöbəsinin 29 may 2021-ci il tarixli 93 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın və sol almacıq nahiyəsində baş-beyin silkələnməsi əlamətləri ilə müşayiət olunan yumşaq toxumaların əziyindən, hər iki diz oynğanını sıyrılmış yaralarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 05.05.2021-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı alına bilərdi, səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (İ cild iş vərəqə: 127-129) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Şabran şöbəsinin 29 may 2021-ci il tarixli 94 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər təpə nahiyəsinin əzilmiş yarasından, sol bazu və sol körpücük sümüklərinin qapalı yerinidəyişmiş sınıqlarından ibarət olan bədən xəsartələri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 05.05.2021-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı alına bilərdi, səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (İ cild iş vərəqə: 130-132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Siyəzən şöbəsinin 25 iyun 2021-ci il tarixli 561 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyinin yüngül dərəcəli əzilməsi əzilməsi ilə müşayiət olunan sol alın gicgah, göz qapağı, burun arakəsməsi və burunun sol qanadın əzilmiş yaraları, iki tərəfli hemotoraksla müşayiət olunan diafraqmanın cırılması, sağ gözdə sentralda epitel defekti və kornealda ödem nəticəsində görmənin zəifləməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 05.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. (İ cild iş vərəqə: 96-102 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə trasoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli 8/1685 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitələri arasında ilkin kontakt halında toqquşma «Mercedes Benz E280» markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə «VAZ-21723» markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi arasında təxminən 75-80 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi haqqında məluumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. (İ cild iş vərəqə: 214-218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 8/2198 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz E280» markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İ cild iş vərəqə: 229-233) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş BDYPİ Qİİ-dən alınmış 27.05.2021-ci il tarixli 016-58133-1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə 21.02.2020-ci il tarixdə (21.02.2030-cu il tarixədək müddətə etibarlı olan) «BC» kateqoriyalı AE seriyalı 056818 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.( İİ cild iş vərəqə: 48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən alınmış 31.08.2020-ci il tarixli qüsur aktı ilə müəyyən edilmişdir ki, «VAZ-21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14.000 (on dörd min) manat ziyan dəymişdir. (İİ cild iş vərəqə: 220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış 26.07.2021-ci il tarixli t1228 saylı qüsur aktı ilə müəyyən edilmişdir ki, «Mercedes Benz E280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə 7523 (yeddi min beş yüz iyirmi üç) manat ziyan dəymişdir. ( İ cild iş vərəqə: 193-194) «VAZ-21723» markalı ** GN *** və «Mercedes Benz E280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. (İ cild iş vərəqə: 234, 235 İ cild, İİ cild 39) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrindən və arayşdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 (dörd) azyaşlı vardır. Cinayət işinin materiallarında olan Şabran İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Şabran rayon Gəndov İƏD-si üzrə nümayəndəliyə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. ( İİ cild, iş vərəqə 51) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Gəndob kəndi ərazisindən keçən 131-ci kilometrində, Bakı istiqamətindəki hərəkət hissəsi ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21723» markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinə daxil olaraq yolun hərəkət hissələrini ayıran 1.1 üfüqi nişanlanma xəttinin üstündən geriyə, yəni Quba istiqamətinə doğru manevr etdiyini görüb üç dəfə avtomobilinin uzaq vuran işıqlarını yandırıb-söndürməklə, bir neçə dəfə də avtomobilin səs siqnalından istifadə etməklə «VAZ-21723» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 işarə vermiş, idarə etdiyi avtomobili nisbətən sol tərəfə manevr etdirməklə 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına keçmiş, lakin Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21723» markalı avtomobili sağ tərəfə manevr etdirdiyi üçün «VAZ-21723» markalı avtomobilin sol yan tərəfi onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolun Quba istiqamətdəki hərəkət hissəsində toqquşmuşlar. Qeyd olunanlar bir daha sübut edir ki, hadisə Təqsirləndirilən şəxs ictimai təhlükəli nəticənin baş verə biləcəyini əvvəlcədən görmüş lakin özünə güvənərək avtomobilin uzaq vuran işıqlarından və səs siqnalından istifadə etməklə mərhum Zərərçəkmiş şəxs1 manevr etməyi dayandıracağına güman etmiş, sonuncu dayanmayaraq avtomobili manevr etdirməyə davam etmiş və toqquşma baş vermişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2021-ci il tarixdə ibtidai istintaq orqanın qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «VAZ-21723» markalı ** GN *** və «Mercedes Benz E280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibləri qaytarılmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15.11.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 idarəsi icra etsin. İş üzrə maddi sübut olan ««VAZ-21723» markalı ** GN *** və «Mercedes Benz E280» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılsın. Hazırkı hökm avtomobillərin qaytarılması ilə bağlı hissədə icra olunarkən onların ibtidai istintaq mərhələsində qanuni sahiblərinə saxlanması üçün təhvil verildiyi nəzərə alınmaqla qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar