Məhkəmə qərarları › İş №1(124)-137/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-137/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-137/2022 16.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Xaçmaz rayonu Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Qusarçay kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cüzi səbəb olan, həmkəndlisi Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda nalayiq ifadələr işlədib onu təhqir etməsini bəhanə edərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə yüngül dərəcəli alkoqol sərxoşluğu halında yaşadığı evdən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb 06 avqust 2021-ci il tarixdə saat 01:30 radələrində Xaçmaz rayonu Qusarçay kəndində yerləşən “Asiman” marketin qarşısına gələrək həmin marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs yanına çağırıb orada özündə olan mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı ardıcıl zərbələr vurmaqla müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirdiyini, xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs “hemorragik şok, hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunmuş qara ciyərin, diafraqmanın, nazik bağırsaq və müsariqələrinin, piyliyin zədələnmələri ilə qarın və döş boşluqlarına nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “boyun, sağ çiyin qurşağı, döş qəfəsi və göbək ətrafı nahiyələrin boşluqlara nüfuz etməyən 4 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran olmaqla, ümumilikdə 10 ədəd bədən xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməklə hadisə yerindən uzaqlaşması və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla həmin şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Əvvəllər bir neçə dəfə Sahibin qardaşı oğlu Şahid5 ilə arasında mübahisəsi olmuş, onunla bir-birini söymüşlər. Sonra onun əmisi Sahib məsələyə qarışmış və Şirəli ilə mübahisə etdiyinə görə onu təhqir etmiş, ailəsinə söyüşlər söymüş, ona “kişi deyilsən, kişi tüpürdüyün yalamaz, vur da kişi deyilsən, niyə vurmursan” kimi təhqiramiz ifadələr işlətmişdir. Sahib onu bezdirdiyi üçün atasına da demişdir ki, “ya Sahibi öldürəcəm, ya da evi satıb kəddən gedəcəm”. 05 avqust 2021-ci il tarixdə saat 19 radələrində Sahiblə qarşılaşdıqda sonuncu onu yenə söyüb, təhqir etmişdir. Bundan sonra, 2 bakal pivə içmiş və evdən bıçaq götürüb Sahibi tapmaq üçün getmişdir. Avqustun 6-da saat 01 radələrində Xaçmaz rayonu Qusarçay kəndində yerləşən “Asiman” marketlə üzbəüz qarovulçu butkasının qarşısına gəlmiş, Sahib onu görən kimi dərhal çölə çıxmışdır. Sahibə “məndən nə istəyirsən?” dedikdə o, yənə söyməyə başlamışdır. Buna dözməyərək onu qarın nahiyəsindən 3-4 bıçaq zərbəsi vurmuş, Sahib isə onun qolundan tutaraq yerə yıxmış, dizini sinəsinə qoyub onu boğmağa başlamışdır. Bu zaman Sahibin onun əlindəki bıçağı alıb onu baçaqlayacağından qorxaraq Sahibə yenə bıçaqla zərbələr vurmuşdur. Daha sonra, Sahib özü ayağa duraraq mühafizəçi Şahinin butkasına getmiş və “Şahin təcili tibbi yarıdm çağır, bu oğraş məni bıçaqlayıb” demişdir. Ardınca özü hadisə yerindən uzaqlaşmış, Sahibin arxasınca gedə biləcəyi halda getməmişdir. Hadisədən peşman olduğundan bundan dərhal sonra, polisə gedib bıçağı təhvil vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Əvvəllər Nizaminin onun qardaşı oğlu Şirəli ilə bir neçə dəfə mübahisəsi olmuşdur. Onların mübahisə etdiklərindən xəbəri olduğu üçün bir neçə dəfə Nizamidən aralarındakı mübahisənin hansı səbəbdən baş verdiyini soruşmaq istəsə də, cavabını ala bilməmişdir. Bu zəmində Nizami onunla da hadisədən bir ay əvvəl mübahisə etmiş və qardaşı oğlu Şirəlini vuracağını demişdir. Nizamiyə “qələt edərsən, vurarsan” dedikdə onların arasında mübahisə düşmüş və Nizami ona təpik ataraq dalaşmışlar. Bu haqda Nizaminin atasına da şikayət etmişdir. Daha sonra, 2021-ci ilin avqust ayının 5-dən 6-na keçən gecə saat 01-02 radələrində “Asiman” marketin qarşısındakı qarovul butkasında oturan zaman Nizami butkanın qarşısına gəlib onu çağırmışdır. Nizami həmin vaxt içkili olmuşdur. Nizami ondan niyə onu söydüyünü soruşmuş, ona söymədiyini dedikdə isə Nizami onu qucaqlayaraq “səni çox istəyirdim” deyib sol əli ilə arxa cibindən çıxardığı bıçaqla onun sağ döş qəfəsinə zərbə vurmuşdur. Həmin vaxt onlar yaxalaşmış, Nizami onu yerə yıxaraq dəfələrlə onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirmişdir. O, müdafiə olunmaq üçün özündə güc toplayaraq Nizamini itələyib birtəhər sonuncunun əlindən çıxıb yaralı halda, qan içində qaçaraq qarovulçu Şahinin yanına getmiş və sonuncunun oturduğu butkanın qapısını döyərək Şahini köməyə çağırmışdır. Şahin dərhal butkadan çölə çıxaraq nə baş verdiyini ondan soruşduqda, o, Nizami tərəfindən bıçaqlandığını deyərək təcili tibbi yardım xidmətinə zəng etməyini Şahindən xahiş etmişdir. Bundan sonra, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında dayanmış taksi ilə Xaçmaz RMX-na getmişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərdi ki, Nizami ona bıçaqla zərbələr vuran zaman onun boynundan tutub ona zor tətbiq etməmiş, bıçaqlandıqdan sonra Şahinin yanına özü getmiş, Nizami onun arxasınca gəlməmiş, Şahinin butkası ilə onun bıçaqlandığı yerin arası təxminən 100 metr olmuşdur. Bundan başqa, Sahib Cəfərov göstərmişdir ki, Təqsirləndirilən şəxsla o, barışmış, onun Nizamidən heç bir şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hadisə olan yerdə “EL” marketin mühfizəçi kimi işləmişdir. 06 avqust 2021-ci il tarixdə gecə saatlarında öz butkasında qapını bağlayıb oturmuşdur. Birdən qapı döyülmüş və qapını açdıqda yaralı vəziyyətdə və qan içində olan həmkəndlisi Zərərçəkmiş şəxs görmüşdür. Sahib ona təcili tibbi yardıma zəng etməyi demiş və o, 103-ə zəng edib məlumat vermişdir. Daha sonra 102 xidmətinə də zəng etmiş və ondan hadisə barədə soruşulduqa, Sahibdən onu kimin vurduğunu soruşmuş, Sahib də Nizaminin ona bıçaqla zərbələr vurduğunu demişdir. Lakin o, Nizamini həmin yerdə görməmişdir. Sonra Sahib özü taksi dayanacağına getmiş və Abıgülün maşınına minib Xaçmaz xəstəxanasına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 06 avqust 2021-ci il tarixdə gecə saatlarında Qusarçay kəndində yeləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında maşınında uzanmışdır. Maşının pəncərəsi döyüldükdə Zərərçəkmiş şəxs qan içində görmüşdür. Sahib onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Ondan nə baş verdiyini soruşduqda Sahib onu Nizaminin vurduğunu demişdir. Sahibin ardınca isə Şahin gəlmiş və polisə, eləcə də təcili yardıma zəng etdiyini demişdir. Sonra Sahibi xəstəxanaya çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, Sahib onun maşınına tək gəlmiş, heç kəs Sahibə köməklik etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisənin necə baş verməsini o, görməmiş, lakin 06 avqust 2021-ci il tarixdə gecə saatlarında yanacaqdoldurma məntəqəsinin qarşısında çay içirərkən zərərçəkmiş Sahibin qışqıraraq yanacaqdoldurma məntəqəsinin yanında maşınını saxlayan Abıgülü çağırmasını görmüş, Abıgül ilk öncə maşından düşməmiş, sonra Sahib pəncərəni döyüb onun vurulduğunu dedikdə Abıgül onu maşına mindirib aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Nizami ona həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən söyülüb, təhqir olunduğunu demişdir. Hadisənin necə baş verməsini o, görməmiş, lakin xəstəxanada Sahibin yanında olmuş və onun müalicə xərclərini ödəmişdir. O, həmçinin göstərmişdir ki, Sahib spirtli içki aludəçisi olmuş və oğlu Nizami hadisədən sonra ona zəng edərək polis idarəsində olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şərafəddin oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Təqsirləndirilən şəxsla onun mübahisəsi olmuş və bundan bir neçə gün sonra Nizaminin onun əmisi sahibi bıçaqladığını bilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoş olduğundan, hadisə yerini düzgün göstərə bilmədiyindən hadisə yerinə baxış səhər saatlarına təxirə salınmışdır. Təqsirləndirilən şəxs bıçaqla adam vurduğunu bildirərək hadisədə istifadə etdiyi bıçağın və hadisə vaxtı əynində olan paltarların yaşadığı evdə olduğunu, onları təqdim edə biləcəyini bildirmişdir. Bu səbəbdən həmin bıçağa və paltalara baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz rayonu, ünvan 2 ünvana gedilmişdir. Təqsirləndirilən şəxs evlərinin həyətinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ev bir mərtəbəli olmaqla mişar daşlarından tikilmiş, bir mərtəbəlidir, evin həyəti çardaqla örtülmüşdür. Həmin ev həyət qapısından içəri daxil olan zaman qapıdan təxminən 10 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs evin dəhlizinə daxil olmuş, oradan bir ədəd mətbəx bıçağını və bir ədəd sellofan torbada paltarları təqdim etmişdir. Həmin bıçağa baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bıçağın dəstəyi ağ, göy və qırmızı rəngli plastik materialdan hazırlanmış, bıçağın tiyəsinin üzərində “X3” sözləri yazılmışdır. Bıçağın üzərində qırmızı rəngli qana bənzər ləkələr olması müşahidə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torba açılaraq torbaya baxış keçirilmiş və torbanın içərisində bir ədəd boz rəngli cins şalvar və bir ədəd qısaqol köynək olması müəyyyən edilmişdir. Şalvara baxış keçirilən zaman şalvarın üzərində qanabənzər ləkələrin olması müəyyən edilmişdir. Həmin şalvarın üzərində hər hansı kəsilmiş-deşilmiş zədə aşkar edilməmişdir. Şalvarın içəri tərəfində üzərinə “Made in China” və “32” yazıları yazılmış etiketin tikilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qısaqol köynəyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, köynək boz rənglidir, boyun hissəsində “XXL” yazısı olan etiket vardır. Köynəyin üzərində qana bənzər izlər və ya kəsilmiş-deşilmiş zədə izləri aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 5-8) “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Qusarçay kəndində Xaçmaz-Xudat yolunun sağ tərəfindən “Asiman” marketin qarşı tərəfidir. “Asiman” market ilə üzbəüz “El” market və qarovulçunun qalması üçün nəzərdə tutulmuş bir otaqdan ibarət mühafizə otağı vardır. Həmin mühafizə otağı mişar daşlarıyla tikilmiş və suvanmışdır. Təqsirləndirilən şəxs həmin mühafizə otağının qarşısını təqdim edərək həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla həmin yerdə vurduğunu göstərmişdir. Həmin hissəyə baxış keçirilən zaman yerdə qana bənzər ləkələr olması müəyyən edilmişdir. Həmin ləkələrdən 01 ədəd nümunə götürülmüşdür. Bundan sonra, hadisə yerinə baxış zamanı “Asiman” və “El” marketdə müşahidə kameralarının olması müəyyən edilmişdir. İlk öncə “Asiman” marketin kamera qurğusuna baxış keçirilmiş, lakin baxış zamanı məlum olmuşdur ki, kameraların yaddaşında hadisənin baş verdiyi yeri göstərən hissəyə aid görüntü yoxdur. Buna görə də həmin marketin kamerasından hər hansı video görüntü götürülməmişdir. Bundan sonra “El” marketin kameralarına baxış keçirilmiş, lakin həmin kameralarda da hadisənin baş verdiyi yeri göstərən görüntülər aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 18-21) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs paltarlarına baxış keçirilməsi haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş bir ədəd qısaqol köynək sintetik materialdandır, ağ rəngli, boz zolaqlıdır. Yaxası düyməlidir, boyun hissəsinin içəri səthinə “Narsny Tekstil sol” sözü yazılmış etiket tikilmişdir. Gödəkçənin üzərində çoxlu sayda deşilmiş-kəsilmiş zədələr yeri olmuşdur. Həmin zədənin ətrafında qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr olmuş, hər hansı mexaniki zədə izi olmamışdır. Köynək ortadan kəsilmiş vəziyyətdə olmuşdur. Təqdim edilmiş 01 ədəd boz rəngli, sintetik materialdan olan şalvarın üzərində qara rəngli kəmər olmuşdur. Şalvarın üzərinə “zara” sözü yazılmış etiket tikilmişdir. Şalvarın sağ ayağında 01 ədəd dəlik olmuş, dəliyin üzərində isə qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr olmuşdur. Bundan başqa, həmin köynəkdə hər hansı mexaniki zədə yeri olmamışdır. Şalvarın üzərindəki kəmərdə isə 01 ədəd bıçaqla kəsilməyə oxşar zədə olmuşdur. (Cild 1, iş vərəqləri 9-11) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 avqust 2021-ci il tarixli, 534 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər-hemorragik şok, hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunmuş qara ciyərin, diafraqmanın, nazik bağırsaq və müsariqələrinin, piyliyin zədələnmələri ilə qarın və döş boşluqlarına nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, boyun, sağ çiyin qurşağı, döş qəfəsi və göbək ətrafı nahiyələrin boşluqlara nüfuz etməyən 4 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir. (Cild 1, iş vərəqləri 170-171) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1391, 3/1392, 3/1393 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin, şalvarın üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici ucu deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. (Cild 1, iş vərəqləri 157- 159) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lifli mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərində aşkar edilmiş boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlmişdir. Təqsirləndirilən şəxs şalvarının üzərində aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlmişdir. (Cild 1, iş vərəqləri 163-167) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 708/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu-A/İİ/ və Təqsirləndirilən şəxs qan qrupu- b/İİİ/-dur. Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosurətinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 01 ədəd salfet kağızı, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “h” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri Abeta (H”/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Əgər onun qanında müşayiətçi “H” antigenti varsa. (Cild 1, iş vərəqləri 226-230) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 2495 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştrak etmək iqtidarındadır. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında gərginlik, hirslik kimi hallar yaranmış, həmin halların yaranması adi alkoqol sərxoşluğu fonunfa situasiya (Zərərçəkmiş şəxs ilə münasibətlərinin gərgin olmas, Sahibin əvvəllər bir neçə dəfə içkili halda onu təhqir etməsi, hadisədən bir gün öncə “hər adamın başı üçün deyil məni vursun” kimi ifadələr işlətməsi, hadisə baş verməzdən bilavasitə əvvəl Sahibin təkrar onun ünvanına nalayiq ifadələr işlətməsi və s) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 221-223) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 06avqust 2021-ci il tarixli, 74 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 04:50 radələrində həkim narkoloq tərəfindən müayinə olunmuş və ona yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. (Cild 1, iş vərəqə 16) Cinayət işinin materiallarında olan 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək və 1 ədəd şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd bıçaq maddi sübut kimi tanınmış və həmin predmetlər saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 239-242) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 52) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, o cümlədən xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, yetirilmiş xəsarətlərə əsasən o, artıq cinayəti başa çatdırdığını və zərərçəkmiş şəxsin öləcəyini zənn edərək onu təqib etməmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməklə hadisə yerindən uzaqlaşması və ona vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Sərxoş halında olan təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan xırda mübahisəni bəhanə edərək öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoymaqla gecə saatlarında zərərçəkmiş şəxsi taparaq onu öldürmək niyyətində olması isə cinayətin xuliqanlıq niyyəti ilə törədilməsinin aşkar təzahürüdür. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, zərərçəkmiş şəxsin ona zor tətbiq etməsi və ittihamda göstərilənlərdən daha az sayda bıçaq xəsarətləri yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Sahib Cəbraylovu heç bir əsaslı səbəb olmadan xırda bir mübahisəni bəhanə edərək çox saylı bıçaq zərbələri vurmaqla onu öldürməyə cəhd etməsi bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, həmin əməllər başa çatmamış cinayətlər olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan raportdan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü künüllü polisə gələrək təqsirini boynuna almış və cinayət törətdiyi bıçağı təhvil vermişdir. (Cild 1, iş vərəqləri 3, 5-6) Bundan başqa, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 208-209) İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən və məhkəmədə verdiyi ifadəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, onunla barışmışdır. (Cild 1, iş vərəqi 238) Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, himayəsində azyaşlı uşaqlarının olmasını və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 07 avqust 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 90-91). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan: 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar ona qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən oğlundan 179 (yüz yetmiş doqquz) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan: 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar ona qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar