Məhkəmə qərarları › İş №1(124)-137/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-137/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-137/2024 25.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviriəsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 21.55 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd olunur ki, narkotik vasitə ağ kağıza bükülüb, amma narkotik vasitə ağ yox, qara rəngli kağıza bükülmüşdür, həmçinin, narkotik vasitənin çəkisini 1,98 qram olmuşdur. Narkotik vasitə ekspertizaya gedib gəldikdən sonra isə çəkisi 2,06 qram olmuşdur. Videoçəkiliş zamanı vəkil də orada olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ittihamda göstərilən yox, video görüntüdəki narkotik vasitə ona məxsus olmuşdur. Ona qarşı təzyiq və hər hansı bir təsir olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatdadır, hal hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsi nömrəsiz fərdi evdə yaşayır. Bir dəfə narkotikdən istifadə etdiyinə və oğurluq cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə iki il iki ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Narkotik vasitə alüdəçisidir, narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb iynə vurmaqla istifadə edir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21.55 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan Esmira şadlıq sarayının qarşısında yolun kənarı ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil X2 təqdim olunmuşdur. Vəkilə etiraz etməmiş. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm onun iştirakı ilə açılmış, sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə olan kakosdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün elə həmin gün Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən bir bükümdə 30 manata alıb üstündə saxlamışdır. Onun təqdim etdiyi büküm açılmış, həmin büküm üzərində olan kağız ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Sonra isə həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş.Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, o, narkotik istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf edir, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik satmaq niyyəti olmamışdır. Narkotiki aldığı şəxsi tanımır, heç bir məlumatı yoxdur. Polislər tərəfindən bölməyə gətirilən zaman üzərində mobil telefon olmamış, mobil telefon istifadə etmir. Polis əməkdaşları ilə könüllü olaraq bölməyə gəlmiş, ona hər hansı fiziki təzyiq olmamış, xəsarət yetirilməmiş, ona görə də polis əməkdaşlarından hər hansı şikayəti yoxdur. Eyni zamanda qeyd etmişdir ki, MEM-nin xx.xx.2023-cü il tarixli 6\6937 saylı rəyi ilə tanış olmuş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin qablaşdırılaraq möhürlənməsi də onun və müdafiəçi Günay Hüseynovanın gözü qarşısında aparılmış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə onun özünə məxsus olduğunu etiraf edir, hətta yanında təhqiqatçı tərəfindən narkotik vasitə çəkilərkən üzərində olan kağız büküm ilə bir yerdə çəkilmiş, çəkisi 1,98 qram gəlmişdir. Videoçəkiliş zamanı da həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmiş. Lakin necə oldu ki, MEM-nin xx.xx.2023-cü il tarixli 6\6937 saylı rəyində göstərilən kimi, çəki 2,165 qram olmuş. Həmin çəki fərqi ilə razı deyil, həmin çəki fərqi ilə bağlı etiraz edir, ona Azərbaycan Respublikası CM-nin 234.1-1 maddəsi ilə verilən ittihamla razı deyil. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin təhqiqatçısı, polis kapitanı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində həyata keçiirilən videoçəkiliş şəffaf şəkildə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs axşam saat 21:55 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında Əsədov Elsəvər, Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 tərəfindən saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə saat 22:30 radələrində şəxsi axtarış keçirilmişdir və bu proses 22:43 radələrində yekunlaşmışdır. Videoçəkilş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir büküm narkotik vasitə göy rəngli şalvarının sol yan cibindən götürülmüşdür. Həmin narkotik vasitə götürülərkən Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün Corat qəsəbəsi, tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin kütlə əməliyyat müvəkkili və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilmiş, imzalanmış və möhürlənmişdir. Həmin kütlənin çəkisi 1,98 qram olmuşdur. Daha sonra Ədliyyə Nazirliyi Eksperizaya İdarəsinə göndərilmişdir. Bundan sonra isə ekspertizada artıq çəki gəlmişdir. Bu birinci dəfədir ki, belə bir hadisə ilə üzləşir. İstifadə etdiyi həmin tərəzi yoxlanılmış və nəticədə tərəzidə heç bir problem görünməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 bildirmişdir ki, 2022-ci ilin dekabr ayında axşam radələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumat daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis bölməsinə əməliyyat məlumat daxil olmuşdur. Həmin əməliyyatın yoxlanılması üçün əməliyyat müvəkkili Əsədov Elsəvər və kiçik inspektor Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisinə getmişdirlər. Esmira şadlıq sarayının qarsında onlara deyilən bir nəfər şəxs hərəkətdə olmuş və ona yaxınlaşaraq özlərini təqdim etmiş və iş üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci polis bölməsinə aparmışdırlar. 2-ci Polis Bölməsinin xidməti otaqlarının birində dövlət tərəfindən vəkil təyin olunmuş və idarədən videoçəkilş qrupu gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə narkotik vasitə eskperizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin kiçik əməliyyat müvəkkili polis baş serjantı X4 bildirmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün detalları ətraflı xatırlamır. xx.xx.2022-ci ildə axşam saatlarında iş üzrə Təqsirləndirilən şəxs saxlanılmışdır. Daha sonra Sumqayıt şəhəri, 2-ci Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq həmin narkotik vasitə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən hansı narkotik vasitə olduğunu xatırlamır. Şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs tədbirində və xx.xx.2022-ci il tarixdə keçirilən şəxsi axtarış zamanı iştirak etməmiş. Lakin xx.xx.2022-ci il tarixli şəxsi axtarış zamanı təhqiqatçı Şahid1 tərəfindən qablaşdırılmış, möhürlənmiş paketi o, özü Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmək və rəy alınması üçün aparmışdır. Onu da qeyd etmişdir ki, Şahid1 tərəfindən qablaşdırılmış, möhürlənmiş paket onun iştirakı ilə ekspert Şahid6 tərəfindən açılmış, “CAS CUX 420H” markalı elektron tərəzi vasitəsilə çəkilmiş, təmiz çəkisi 2,165 qram gəlmiş, ekspert tərəfindən akt tərtib olunmuşdur. Qablaşdırmada olan narkotik vasitə açılan zaman narkotik vasitədə nəmlik halı müşahidə etməmiş, qabladırmanın özünə hər hansı müdaxilə halı, yenidən açılıb bağlanma halı müəyyən etməmişdir. Sonra isə maddi sübut xx.xx.2023-cü il tarixli 6\6937 saylı rəy ilə bir yerdə ona geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki kimyəvi ekspertizalar şöbəsinin baş eksperti Şahid6 bildirmişdir ki, tərəzilər Azərbaycan Respublikası Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Sınaq Mərkəzi tərəfindən ildə iki dəfə yoxlanılır. Yoxlanış aparıldıqdan sonra şəhadətnamələr verilir. Ona görə də onlara məxsus tərəzilər daha düzgündür. Tərəzini təqdim edən şəxsin iştirakı ilə o özü maddi sübutunu kamera altında çəkmişdir. Bununla da bağlı olaraq akt tərtib olunmuş və imzalanmışdır. O, narkotik vasitənin çəkisi ilə bağlı heç bir şey deyə bilməz. Tərəizdə neçə qram narkotik vasitə olubsa, onu da qeyd etmişdir. Əgər zərurət olarsa, tərəzi haqqında verilən şəhadətnaməni təqdim edə bilər. Hər şey tam şəffaf və obyektiv aparılmışdır. Tərəzini çəkəndə kamera da çəkmiş olur. Həmin görüntülər 1 il müddətinə saxlanılır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, üzərində gəzdirməsi və istifadəsində şübhəli olması barədə Sumqayıt şəhəri Pİ-nin 2-ci PBnə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 dekabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Corat qəsəbəsindən tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə 30 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra büküm açılmış və bükümdəki kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,98 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “elektron tərəzinin götürülməsi barədə” protokoldan görünür ki, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə olan narkotik vasitəni özünə məxsus üzərində modeli, istehsal edilməsi, markası barədə heç bir yazısı olmayan elektron tərəzi ilə çəkmiş, həmin tərəzi istintaq zərurəti ilə əlaqədar olaraq təhqiqatçı Şahid1 götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6\6937 saylı rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası DİN Arayışlar üçün 126 nömrəli “dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 7586 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 10 dekabr 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 2,165 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2,065 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi, “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2022-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi, bir ədəd MH-200 markalı, Çin istehsalı olan elektron tərəzi maddi sübut hesab edilərək təhqiqatçı Şahid1 qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayon məhkəməsinin qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Odur ki, təqsirləndirilən şəxsin ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli 086551 saylı şəhadətnamədən görünür ki, tədqiqata təqdim edilmiş, MH-200 markalı, Çin istehsalı olan elektron tərəzi istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 may 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiası Mərkəzinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, 8 dekabr 2022-ci il tarixli 6/6937 №-li ekspert rəyində göstərilmiş maddənin miqdarının müəyyən edilməsi zamanı müşahidə kamerasından videogöüntünü qeydə alan DVR tipli cihazın yaddaşı mütəmadi olaraq yeniləndiyindən 8 dekabr 2022-ci il tarixə dair videogörüntünün əldə edilməsi mümükün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ilkin təhqiqat hərəkətlərini aparmış təhqiqatçı Şahid1 hal-hazırda xidməti yerini dəyişmiş, Şahid1 şəxsi axtarış keçirilməsi ilə əlaqədar olaraq şübhəli şəxslərin üzərindən aşkar olunmuş kütlələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi tərəzi bölmənin inventarı olmamaqla təhqiqatçının mülkiyyətində və istifadəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid1 tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilən elektron tərəzi həmin işə qədər heç bir yoxlamadan keçirilməmiş, 14 iyun 2023-cü il tarixdən xidməti yerini dəyişdiyindən hazırda tərəzi onun istifadəsində deyildir. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilən narkotik vasitənin miqdarının külli miqdar təşkil etməməsi, təhqiqatçı tərəfindən çəkilərkən çəkisinin 1.98 qram təşkil etməsi, buna görə də Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə verilən ittihamı qəbul etməməsi barədə məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatla bağlı bildirir ki, həm məhkəmə, həm də ibtidai istintaq zamanı təhqiqatçının müvafiq ölçməni apardığı tərəzi barədə mümkün araşdırmalar aparılmış, həmin tərəzinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən günədək hər hansı bir yoxlanışdan keçmədiyi məlum olmuşdur. Həmçinin şəxsin üzərindən aşkar edilən narkotik vasitənin çəkisi nəzərə alınsa müvafiq ölçmə prosesinin yalnız xüsusi labarator şəraitdə və tərpənməz səthə bərkidilmiş tərəzi vasitəsilə aparılması halında dəqiq və real çəkinin müəyyən etməyin mümkün olması da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən yalnız ekspert rəyi cinayət prosesində sübut kimi qəbul olunur və məhkəmə hökm çıxardarkən yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlara istinad edir. Odur ki, müvafiq iş üzrə qeyd olunan narkotik vasitənin çəkisinə münasibətdə ekspert rəyi yeganə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 2,065 qram narkotik vasitə heroin məhv edilməli, 1(bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 2,065 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar