Məhkəmə qərarları › İş №1(124)-138/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-138/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-138/2022 18.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, xx xxxx 2005-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, yetkinlik yaşına çatmayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Xaçmaz rayonu, Ağçay kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 08 iyun 2021-ci il tarixdə saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün sonuncu ilə Xaçmaz rayonunun Xaçmaz-Niyazabad avtomobil yolunun Xaçmaz şəhəri, Z.Bünyadov küçəsindən keçən hissəsində yerləşən körpünün altında görüşmüş, Zərərçəkmiş şəxsla bir neçə gün əvvəl digər tanışlarının yanında “onun yaxşı insan olmaması” barədə ifadələr işlətməsinin səbəbini müzakirə edən zaman Zərərçəkmiş şəxs taxta parçası ilə onun sol ayaq və sağ qol nahiyələrinə vuraraq, ona sağ bazu nahiyəsinin qançırı və sağ said nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinə görə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol döş qəfəsi nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq, ona sol körpücükaltı venanın zədələnməsi nəticəsində intensiv qanaxma ilə müşahidə olunmuş, döş qəfəsinə nüfuz etməyən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, , atası Zaur Zeynalov təxminən 2 il bundan əvvəl yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, halhazırda ailəsini maddi cəhətdən o, təmin etmiş, o, Xaçmaz şəhərində yerləşən 9 nömrəli məktəbdə 6-cı sinifə qədər azərbaycan bölməsində təhsil almış, sonradan təhsil almaq istəmədiyinə görə işləmək üçün məktəbdən çıxmışdır. Zərərçəkmiş şəxs 2019-cu ildən tanımış Zamik Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində avtomobil təmiri sexində dəmirçi kimi işləmiş, o da Zamikin yanında şagird kimi işləmişdir. Zamikin yanında şagird kimi işə başlayıb təxminən 7 ay işləmiş, o, Zamiklə işləyən zaman Zamik mütəmadi olaraq, onun üstünə qışqırmış, müştərilərin yanında söyüş söyərək göstərişlər vermiş, o, Zamikin belə hərəktələrindən artıq bezmiş və Zamikin onunla alçaldıcı hərəkətlərinə görə o, çox əsəbləşsə də bu barədə Zamikə bir söz deməmiş, Zamikin onunla söyüşlə danışıb, alçaldıcı rəftar etməsindən bezib 2020-ci ildə onun yanından işdən çıxmış, başqa bir ustanın yanında dəmirçi kimi işləməyə başlamış, hadisədən 15 gün bundan əvvəl o, Elmin və Zamiklə birlikdə Xaçmaz şəhərində yaşadığı küçədə gəzişən zaman Zamik onunla nalayiq söyüşlər işlədərək zarafat etmiş, o isə Zamikə özünün onunla kobud zarafat etdiyi kimi söyüşlə cavab vermiş, həmin vaxt Zamik ona əgər zarafat götürmürsə onunla da zarafat etməməsini demiş, hadisədən 10 gün əvvəl Xaçmaz şəhərində yerləşən kafelərin birində bir süfrə arxasında əyləşib çay içmiş, həmin vaxt Zamik onun yanında olan azyaşlı bir uşaqla söyüş işlədərək zarafat etməyə başlamış, bu zaman Zamikin belə hərəkəti onun xoşuna gəlmədiyi üçün o da Zamikə irad bildirmiş, həmin vaxt Zamiklə mübahisələri yaranmış, lakin sözlü mübahisələri uzun çəkmədən o, Zamikdən uzaqlaşıb öz şəxsi işləri ilə məşğul olmuş, Zamiklə mübahisələri yarandıqdan bir müddət sonra Elminlə söhbət zamanı Elmin ona Zamikin onun barəsində Elminə “Hacı yaxşı oğlan deyil, Hacıyla gəzməyin, Hacıya yaxınlıq verməyin” demiş, Zamikin belə sözləri Elminə deməsi ona çox pis təsir etmiş, o da Zamiklə görüşüb bu barədə söhbət etmək qərarına gəlmiş, 07 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində o, Zamiklə görüşüb məsələni aydınlaşdırmaq üçün Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Mehman adlı şəxsin dükanının qarşısına gəlmiş, Zamik də oraya gəlmiş aralarında sözlə mübahisə olmuş, münasibətləri aydınlaşdırmaq üçün Niyazabad körpüsünün altına görüşmək qərarına gəlmişlər, həmin gün orada görüşmüşlər həmin vaxt onun üzərində qatlanan cib bıçağı da olmuş, həmin vaxt saat 01 radələri olmuş, Zamik sağ əlində tutduğu taxta parçası ilə onu döymüş, bundan sonra üzərində gəzdirdiyi bıçaqla Zamikə tərəf bir neçə dəfə bıçaq atmış, bundan sonra Zamik yerə yıxılmışdır. Zamikin ayağa qalxdığını görən zaman oradan uzaqlaşmaq qərarına gəlmiş, Zamik də əlində taxta parçası ilə onun arxasınca gəlmiş, o, törətdiyi hadisədən qorxduğu üçün körpünün kənarından keçib Xaçmaz şəhəri istiqamətində qaçmağa balamış, qaçan zaman isə əlində olan qatlanan cib bıçağını xatırlamadığı istiqamətdə atmış, Bu zaman Zamik də əlində taxta parçası ilə onun arxasınca gəlmiş, bir əliylə isə sol sinə nahiyyəsini tutmuş, o, Z.Bünyadov küçəsində olan körpünün kənarında dayanan zaman həmin küçədə Firuzun dükanın qarşısında iki nəfər şəxsin dayandığını da görmüş, daha sonra geriyə çevrilib baxdıqda Zamikin dükanın qarşısında dayanan Sərxan adlı şəxsi ucadan səslənib çağıraraq kömək etməsini istədiyini eşitmiş, daha sonra Zamik dükanın qarşısına gəlib orada Sərxan adı ilə çağırdığı şəxsin avtomobilinə əyləşmiş və Sərxan avtomobili hərəkətə gətirib oradan uzaqlaşmıdır. Törətdiyi əməldən peşmandır, Zamiklə barışmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuya vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən avtomobil təmiri sexində dəmirçi kimi işləmiş, əldə etdiyi gəlirlə də ailəsini maddi cəhətdən təmin etmiş, təxminən 4-5 ildir ki, o, Hacı adlı, ondan 4-5 yaş kiçik olan şəxsi tanımış, həmin şəxsin əsl adı Hacımurad olsa da tanışları Hacımurada “Hacı” deyə müraciət etmiş, beləki Hacımurad 2020-ci ildə onun usta kimi işlədiyi dəmirçi sexində ona kömək edib, fəhləlik etmiş, Hacımuradın atası yolnəqliyyat hadisəsi zamanı vəfat etmiş, Hacımurad onun yanında həm ona kömək etmiş, həm də özü dəmirçi peşəsini öyrənmiş, sonradan Hacımurad onunla birlikdə işlədiyi sexdən çıxıb qohumlarının yanında işləmək üçün Xaçmaz rayonu, Ağçay kəndinə getmiş, buna baxmayaraq onlar Hacımuradla mütəmadi olaraq ünsiyyətdə olub, dost kimi görüşüb söhbət edib, bir-biriləri ilə zarafat etmiş, bəzən Hacımurad onunla zarafat edən zaman o, Hacımuradın zarafatlarını qəbul etsə də Hacımurad onun zarafatlarını bəzən qəbul etməmiş, buna görə də Hacımuradla bir neçə dəfə mübahisə də etmiş, o, Hacımuradla mübahisə edən zaman əgər zarafat götürmürsə onunla zarafat etməsin demiş, 07 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində çay evində olarkənm aralarında Hacımuradla sözlə mübahisə olmuş, onlar “Niyazabad körpüsünün” altında söhbət etmək qərarına gəlmişlər. O, öz işlədiyi sexdən təxminən 30-40 sm uzunluqda taxta parçası götürüb çıxdıqdan sonra Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən avtomobil yolu körpüsünün altına getmiş, bir neçə dəqiqədən sonra Hacımurad onun yanıma gəlmiş və onlar orada mübahisə etməyə başlamış, Aralarında yaranan sözlü mübahisə zamanı o, əlində olan uzun taxta parçası ilə Hacımuradın sol ayağından bir dəfə vurmuş, daha sonra isə Hacımurad sağ əli ilə onu vurmağa çalışan zaman onun əlində olan bıçaqla ona xəsarət yetirmişdir. Bundan sonra Hacımurad oradan qaçaraq uzaqlaşmışdır.O da qan axdığını görmüş, bundan sonra o, hadisənin şokundan nə edəcəyini bilməmiş və kömək çağırmaq üçün körpünün altına gəldiyi istiqamətdə geri qayıdaraq qaçmağa başlamış, körpünün altından Z.Bünyadov küçəsinə çıxdıqda o, Firuzun dükanının qarşısında Sərxan və Emin adlı tanışlarının dayandığını görmüş, həmin vaxt o, Sərxan və Emini səsləyib köməyə çağırmış, gəlib onu xəstəxanaya çatdırmalarını istəmiş, o, Sərxan və Eminin köməkliyi ilə Sərxanın avtomobilinə əylşən zaman Hacımurad da onlardan bir neçə metr aralıda dayanıb baxmış, daha sonra Emin və Sərxan da onu Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxlə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun ifadə vermək imtina etmişdir. Qanuni nümayəndə məhkəmədə elan olunaraq araşdırılmış, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu olmuş, Hacımurad Xaçmaz şəhərində yerləşən 9 nömrəli tam orta məktəbdə təhsil alsa sonradan orta təhsilini başa vurmadan məktəbdən çıxmış, təxminən iki il bundan əvvəl əri X2 avtomobil qəzasında vəfat etmiş, daha sonra oğlu Hacımurad Xaçmaz şəhərində, Z.Bünyadov küçəsində yerləşən Zamik adlı tanışının dəmirçi sexində dəmirçi peşəsini öyrənməyə başlamış, əksər hallarda Zamik evə gələndə ona Zamikin Hacımuradla yaxşı rəftar etmədiyini, söyüş işldərək çağırdığını, müştərilərin yanında alçaltdığını bildirmiş, o isə Hacımurada səbirli olmasını bildirmiş, Hacımurad öz həmyaşıdları ilə tez-tez görüşüb, ünsiyyət saxlamış, o, Hacımuradın Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsində yaşayan Kənan və Elvin adlı tanışları ilə yoldaşlıq etdiklərini, tez-tez görüşüb söhbət etdiklərini bilmiş, Hacımurad Zamikin kobud rəftar etməsinə və müştərilərin yanında söyüşlə çağırmasına görə Zamikin yanında işdən çıxıb başqa bir dəmirçi sexində işləməyə başlamış, lakin sonradan Hacımurad Xaçmaz rayonu, Ağçay kəndində yaşayan qardaşı Ələmdarın yanına işləmək üçün gedib-gəlmiş, 07 iyun 2021-ci il tarixdə axşam saatlarında Hacımurad dostları ilə görüşüb söhbət edəcəyini bildirib evdən çıxmış, lakin dostları ilə harada görüşüb söhbət edəcəklərini ona deməmiş, həmin gecə Hacımurad evə saat 02 radələrində gəlmiş, Hacımurad mobil telefon işlətmədiyi üçün o, Hacımuradla əlaqə saxlayıb, harada olmasını da öyrənə bilməmiş, Hacımurad evə gəldikdə evə niyə gec gəlməsini soruşduqda Hacımurad ona tanışları ilə birlikdə söhbət etdiklərini demiş, daha sonra bir neçə dəqiqə evdə oturduqdan sonra ona bacısı Ceyrangilə getmək istədiyini demiş, o, bunun səbəbini soruşduqda isə ona heç nə deməmiş, daha sonra isə yaşadığımı evdən çıxıb getmiş, ertəsi gün yəni, 08 iyun 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evə polis əməkdaşları gəlib Hacımuradın harada olmasını soruşmuş, o, Hacımuradın Xaçmaz rayonu, Ağçay kəndində bacısı Ceyranının yanında olduğunu polis əməkdaşlarına bildirmiş, bundan sonra polis əməkdaşları ona Hacımuradın dünən gecə tanışı Zamiki bıçaqla vurub ona xəsarət yetirdiyini demiş, daha sonra o, Ceyrana zəng edib Hacımuradı onun yanına göndərməsini demiş, bir neçə dəqiqədən sonra oğlum Hacımurad yaşadıqları evə gəlmiş və o, Hacımuradla birlikdə polis şöbəsinə getmiş, hadisə barədə o, Hacımuraddan soruşduqda Hacımurad ona X3 şəhəri, Z.Bünyadov küçəsində yerləşən körpünün altına aparıb, orada taxta ilə döydüyünə görə Zamiki bıçaqla vurduğunu bildirmiş, Hacımurad sakit təbiətli, gülərüz, mehriban uşaq olmuş, heç vaxt kimsə Hacımurad barəsində ona şikayət etməmiş, yaşadıqları məhlədə, oxuduğu məktəbdə də həmişə sakit uşaq olub, heç kəslə dava-dalaş etməmiş, Zamikin Hacımuradı taxta ilə vurmadığı halda Hacımuradın Zamiki bıçaqla vurmayacağını bildirmişdir. (cild 1, iş vərəqə 210-212) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Hacımurad, Zamik və Elmin adlı tanışlarını uşaqlıqdan yaşadığı küçənin sakini kimi tanıyıb yoldaşlıq etmişlər. Zamik avtomobil təmiri sexində dəmirçi işləmiş, 2020-ci ildə Hacımurad Zamikin yanında şagird kimi işləmiş, o, Zamik, Elmin və Hacımurad ilə həmişə birlikdə görüşüb, söhbət edib, yoldaşlıq etmiş, sonradan Hacımurad Zamikin yanından işdən çıxmış, 07 iyun 2021-ci il tarixdə o axşam saat 23 radələrində masa xidmətçisi kimi işlədiyi Xaçmaz rayonunda yerləşən “Çənlibel” restoranında işdən çıxıb öz yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsinə gəlmiş, küçələrinə gələn zaman küçələrində Mehman adlı şəxsin dükanının qarşısında Hacımuradın tək dayandığın görmüş, həmin vaxt Hacımurad ilə görüşdükdən sonra oraya yaşadığı məhlədə yaşayan Elmin adlı tanışı da gəlmiş, o, Elmin və Hacımurad ilə söhbət etməyə başlamış, bu zaman söhbət əsnasında Hacımurad gün ərzində gördüyü işlərdən danışdıqdan sonra onlara “Zamik hardadır, onu da çağırın birlikdə söhbət edək, mən telefon işlətmirəm, zəng edib Zamiki çağırın” demiş, bundan sonra o, Zamikə zəng edib bir neçə dəqiqə Zamiklə telefonda danışmış, Zamiki çay içib söhbət etməyə çağırmış, Bundan təxminən bir neçə dəqiqə sonra Zamik onların yanına gəlmiş, həmin vaxt Hacımurad Zamikdən nə üçün Hacımuradın dalınca danışması barədə soruşduqda Zamik Hacımurada “gəl körpünün altına gedib orada söhbət edək” demiş, onların yaşadığı küçələrin yaxınlığından keçən Xaçmaz -Niyazabad avtomobil yolunun üstündə körpü olmuş, Zamik Hacımuradı körpünün altına söhbət etmək üçün çağırdıqdan sonra öz yaşadığı küçə istiqamətində getmiş, daha sonra Hacımurad da Xaçmaz şəhəri, R.Rza küçəsi istiqamətində getmiş, o və Elmin da Hacımurad ilə birlikdə getmiş, Hacımurad və Zamik məhlədə onların yanında söhbət edən zaman o, Zamikin Hacımuradı körpünün altında gecə vaxtı görüşüb söhbət etməyə çağırmasının hər hansı bir xoşagəlməz hadisə ilə nəticələnə biləcəyini hiss etmiş, buna görə də o, Hacımuradın dalınca əgər Zamik və Hacımurad arasında dava dalaş olarsa o da Zamik və Hacımuradı aralaşdırmaq üçün getmiş, saat 01 radələri olmuş, həmin vaxt Hacımurad və Zamik dəmir yolu xəttinin kənarındakı torpaq əraziyə düşmüş, o və Elmin isə təxminən 20 metr aralı məsafədə dəmir yolu xəttinin üzərində dayanmış, həmin vaxt Zamik və Hacımuradın orada mübahisə etdiyini eşitmiş, həmin vaxt Zamikin əlində uzun taxta parçası olmuş, taxta ilə Zamik Hacımuradı bir dəfə ayağından vurmuş, bundan sonra Zamik və Hacımurad dava eləməyə başlamış, o, Zamikin əlində taxta parçası olduğundan və həmin taxta parçası ilə Hacımuradı vurduğuna görə qorxub onlara yaxınlaşmamış, daha sonra isə bir neçə dəfə taxta parçası ilə Zamik Hacımuradı vurmuş, bundan sonra Zamikin yerə yıxıldığını görmüş, həmin vaxt Zamik yerə yıxıldıqdan dərhal sonra Hacımurad oradan uzaqlaşmaq üçün Xaçmaz şəhəri, Z.Bünyadov küçəsi istiqamətində körpünün yanı ilə qaçmağa başlamış, bu zaman Zamik də yerdən qalxıb “Məni vurdun, indi hara qaçırsan” deyərək əlindəki taxta parçası ilə Hacımuradın arxasınca qaçmış, həmin vaxt o və Elmin də Zamik və Hacımuradın arxasınca qaçmağa başlamış, onlar körpünün yanından Z.Bünyadov küçəsinə çıxan zaman Hacımuradın körpünün digər tərəfində dayandığını görmüş, həmin vaxt o və Elmin Hacımurada yaxınlaşmış və nə olması barədə soruşduqda Hacımurad onlara Zamiki bıçaqla vurduğunu demiş, daha sonra isə Hacımurad, Elmin və o oradan qayıdıb öz evlərinə getmiş, o, Hacumuradın Zamikin hansı nahiyəsindən vurduğunu və Zamikin xəsarət alıb-almadığını görə bilməmiş, Zamik bir qədər Hacumuradın arxasınca qaçdıqdan sonra yolun kənarında olan mağazanın qarşısına getmiş, o körpünün digər tərəfində dayanmış Hacumuradın yanına gələndə Zamikin mağazanın qarşısında dayanmış avtomobilə əyləşib getdiyini görmüş, o, Zamikin xəsarət alıb-almadığını dəqiq bilməmiş, Hacumurad özü də ona bıçaqla Zamiki vurduğunu desə də bıçağın Zamikin hansı nahiyəsinə dəydiyini ona deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsinin yanındakı Xətai küçəsində yaşayan şəxs kimi, qonşu kimi tanımış 07 iyun 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı küçənin yanında yerləşən Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində avtomobil yolu körpüsünün yaxınlığında Firuz adlı şəxsin dükanının qarşısında tanışı Eminlə birlikdə dayanmış, həmin vaxt o, oraya siqaret almaq üçün öz idarə etdiyi avtomobililə getmiş, təxminən saat 01 radələrində Zamikin avtomobil körpünün altına getdiyini görmüş, Zamiklə salamlaşıb hal-əhvalını soruşmuş, Zamik isə yolla keçib gedən zaman əynində qırmızı rəngli uzunqol gödəkcə varmış, Zamik onunla salamlaşıb “hər şey yaxşıdır” demiş, daha sonra isə Zamik avtomobil yolu körpüsünün altına tərəf getmiş, həmin vaxt isə o, Eminlə birlikdə yenə Firuzun dükanının qarşısında dayanmış, Zamik onun yanından keçib getdikdən təxminən 15-20 dəqiqə sonra Zamikin avtomobil körpüsü tərəfdən qışqıraraq onu çağırdığını eşitmiş, Zamikə tərəf getmiş, həmin vaxt Zamikin əlində olan qırmızı rəngli gödəkcəsini sol sinə nahiyyəsinə sıxmış, Zamik həmin vaxt çox halsız olduğundan ağır hərəkət edib, səndələyərək onun olduğu tərəfə gəlmiş, o da Zamikə tərəf getmiş, yaxınlaşdıqda Zamikin sol sinə nahiyyəsindən qan axdığını görmüş və Zamik də əlindəki qırmızı rəngli gödəkcəsi ilə son sinə nahiyyəsindən axan qanı saxlamağa çalışmış, Zamik həmin vaxt çox halsız vəziyyətdə ona “məni vurdular, kömək et” demiş, o, Zamiki kimin vurduğunu soruşduqda Zamik ona tanımadığı şəxsin vurmasını demiş, daha sonra Eminlə o, kömək edib Zamiki onun avtomobilinə əyləşdirmiş, və o, Zamiki Xaçmaz rayon Mərkəzi xəstəxanasına çatdırmış, daha sonra isə xəstəxanaya polis əməkdaşları gəlmiş, o, oradan çıxıb getmiş, bir neçə gündən sonra Zamiki bıçaqla vurub xəsarət yetirən şəxsin Hacımurad adlı şəxs olmasını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür sonuncu məhkəmədə ifadəsi alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 179-183) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 08 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Xaçmaz-Niyazabad avtomobil yolunun Xaçmaz şəhəri, Z.Bünyadov küçəsindən keçən hissəsində yerləşən körpünün altı olmuş, hadisə yerini Təqsirləndirilən şəxs göstərmiş, baxış keçirilən yerdə dəmir yolu xəttinin olması, həmin dəmir yolu xəttinin körpünün dairəvi, beton, dayaq sütunlarının arasından keçməsi, beton sütunların yerdən təxminən hündürlüyünün 25-30 metr olması, körpünün altında hadisə yerindən 60 metr aralıda şəhər tipli, fərdi yaşayış evlərinin olması, körüpünü altında torpaq qatının qum və çınqıllı olması, bəzi yerlərdə seyrək yaşıl otların bitməsi müəyyən edilmiş, Xaçmaz şəhəri istiqamətindən Xaçmaz rayonu, Qaraçı kəndi istiqamətində dayandıqda baxışda iştirak edən Təqsirləndirilən şəxs dəmir yolu xəttindən sol tərəfdə, Niyazabad kəndi istiqamətində 20 metr dəmir yolundan aralıda, körpünün dayaq sütunlarının arasında yerləşən qumlu, çınqıllı yeri göstərib 08 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminindəki mübahisə zamanı, sonuncunu üzərində olan cıb bıçağı ilə sol döş qəfəsi nahiyyəsindən vurmaqla xəsarət yetirdiyini bildirmiş, baxış davam etdirilən zaman dəmir yolu xəttinin üzərində qana bənzər ləkələr aşkar edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisədən sonra Zərərçəkmiş şəxs onun dalınsa gəldiyini görüb, Xaçmaz şəhər istiqamətinə qaçdığını və qaçan zaman da əlində olan bıçağı dəqiq xatırlamadığı istiqamətdə atdığını bildirmiş, bıçağın tapılması üçün Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə və sonuncunun göstərdiyi yerlərə baxış keçirilsə də bıçaq tapılmamış, bununla yanaşı hadisə yerindən və ətraf ərazilərdən iş üzrə əhəmiyyət kəsb edə biləcək, hadisənin izlərini üzərində saxlayan hər hansı bir əşya və predmet aşkar edilməmiş, dəmir yolu xəttinin üzərində olan qana bənzər ləkələrin və hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmi, baxış keçiriləməsi haqqında protokol tərtib edilmiş, baxış keçirilməsi ilə əlaqədar heç bir əlavə və düzəliş edilmədiyindən iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 19-20) Cinayət işinin materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 08 iyun 2021ci il tarixli protokoldan görünür ki, 08 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Xaçmaz rayon Mərkəzi xəstəxanasına daxil olan zaman əynində qara rəngli uzunqol köynək olmuş və həmin köynək cərrahi əməliyyatlə əlaqədar əynindən çıxarılıb, saxlanılmış, təqdim olunmuş paltar bir ədəd qara rəngli uzunqol, metal düyməli köynək olmaqla və sintetik materialdan olmuş, köynəyin boyun nahiyəsinin içəri səthinə bir ədəd üzərinə «DİANJİLV, original by, 3XL» yazılmış etiket tikilmiş, köynəyin sol ön tərəfində, sinə nahiyyəsində dairəvi formalı, qara rəngli dəri üzərində bir-birinə bitişik olmaqla, «BB» hərfləri həkk edilmiş emblem olmuş, həmin qara rəngli emblemdə “Balenciaga” sözü yazılmış, embilemin üst hissəsində körpücük sümüyü istiqamətində, emblemə bitişik bir ədəd gözlə nəzərə çarpan deşilmiş-çırılmış zədə yeri olmaqla üzərində qeyri müəyyən formalı qan ləkələrinə oxşar ləkələr olmuş, həmin deşilmiş-cırılmış zədədən 8 sm sol qola tərəf iki ədəd ədəd gözlə nəzərə çarpan deşilmiş-çırılmış zədə yerləri olmaqla üzərində qeyri müəyyən formalı qan ləkələrinə oxşar ləkələr olmuş, uzunqol köynəyin üzərində cinayət hadisəsinin izlərini daşıya biləcəyi, gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq baxış zamanı qablaşdırılıb, möhürlənərək götürülmüşdür. (cild 1, iş vərəqə 10-11) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 iyun 2021-ci il tarixli 336 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsrət-sol körpücükaltı venanın zədələnməsi nəticəsində intensiv qanaxma ilə müşahidə olunmuş döş qəfəsinə nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunuduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 31) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 13 sentyabr 2021-ci il tarixli 2125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs üsiyyətçillik, emosionallıq, hövsələsizlik, tənqid və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs yaş və intellektual inkşaf xüsusiyyətlərindən asılı olaraq baş vermiş hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs hadisə törətdiyi zaman qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə 174-177) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyi” X11 23 avqust 2021-ci il tarixli 404- MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yuxarı nahiyyəsində üç ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülügüclü, ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin, o cümlədən eyni xüsusiyyətə malik bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Bu zədlər formasına, istiqamətlərinə, xətti ölçülərinə, bir-birinə nisbətdə yerləşmələrinə görə demək olar ki, bu zədələr eyni anda bir təsirdən, yəni bir zərbədən, metrialın qatlanması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yuxarı nahiyyəsində olan deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön nahiyyəsində solda olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda iki ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmində malik olub, köynəyin müvafiq nahiyyələrinin dartılması nəticəsində əmələ gələ bilərdi. (cild 1, iş vərəqə 151-154) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyi” X11 02 sentyabr 2021-ci il tarixli 580/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-bate/İİ/ şəxsiyyətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus olan köynək üzərində insan qanı ləkələri aşkar olundu, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alında. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 157-159) Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli uzunqol köynək üzərində cinayət hadisəsinin izlərini saxladığından 06 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (cild 1, iş vərəqə 161) Cinayət işinin materiallarında olan Xaçmaz şəhər İƏD-dən və Xaçmaz şəhər 9 saylı tam orta məktəbdən verilmiş xasiyyətnamələrə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Ağçay kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. (cild 1, iş vərəqə 171-172) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 149-150) Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin iş materillarına əlavə edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş və hadisəni törədən zaman 16 yaşı tamam olsa da yetkinlik yaşına çatmamışdır. (cild 1, iş.v.13-14) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edimiş və məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığ hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 1.cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf edərək peşman olduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin hakimi Sərxan Səmədzadə tərəfindən Xaçmaz rayon prokuroru Rəşad Məmmədovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatının təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş.v.135-139, 141-142) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan- Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli uzunqol köynək özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan- Zərərçəkmiş şəxs məxsus köynək özünə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar