Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-139/2022 15.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi – “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxsin (mülki cavabdehin) iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.500 manat cərimə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2, 318.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.4, 234.4.3 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 01 avqust 2020-ci il tarixdə, saat 19 radələrində Qazax rayonu, N.Nərimanov qəsəbəsində yerləşən “Qarabulaq çökəkliyi” deyilən yerdə olan, Qazax rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyat hissələri satışı dükanına müştəri qismində daxil olaraq, içəridə olan masanın siyirtməsini qanunsuz olaraq açmaqla içərisində Zərərçəkmiş şəxs1 məxsus 6.500 (altı min beş yüz) manat pulu, yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Daha sonra, o, ölkədən çıxışı qadağan olunduğundan Belarusiya Respublikasına getmək məqsədilə qəsdən 13 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən H.Əliyev adına Beynəlxalq Aeroportdan özgəsinə, yəni qardaşı Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1976-cı il təvəllüdlü X14 adına olan P4275949 №-li ümumvətəndaş pasportunu sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Azərbaycan Respublikasından Belarusiya Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, buna görə öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 07 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus "xxxx" MMC inşaat (tikinti) materialları satılan dükana müştəri qismində daxil olmuş, içəridəki otaqda olan saxlanc yeri, yəni seyfi qanunsuz olaraq açarla açaraq içərisində Zərərçəkmiş şəxs2 məxsus 15.050 manat məbləğində pulu və həmin tarixdə 1 ABŞ dollarının məzənnəsi 1,7 manat olmaqla 10.880 manat təşkil edən 6.400 ABŞ dolları məbləğində xarici valyutanı, ümumilikdə isə 25.930 manat dəyərində özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, istintaqla müəyyən edilmən vaxtda və mənbədən 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində onun təyinatını dəyişdirən və dəyişikiliklər edilməyən, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində saxlamış və 09 fevral 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının Sumqayıt səhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində o, saxlanılmış və həmin ov bıçağı onda aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.4 və 29, 318.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə özünü təsqirli bilməyərək göstərdi ki, 2020-ci ilin avqust ayının əvvəllərində “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanının sonu “158” olan avtomobillə günorta saat 14 radələrində Qazax şəhərinin mərkəzi hissəsi ilə hərəkət edərkən avtomobil çirkli olduğundan avtoyuma məntəqəsində maşını yumaq qərarına gəlmiş, bu səbəbdən də qarşısına çıxan avtoyuma mərkəzinə maşını verməklə marketdən su, dondurma, siqaret və s. alıb geri qayıdarkən avtomobillərin ehtiyat hissələrinin satışı mağazasını, həmçinin avtomobillərin təmiri müəssisəsini görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Saat 19 radələrində ehtiyat hissələrinin satışı mağazasına doğru hərəkət edərkən mağazanın qarşısında 3 nəfər şəxsin söhbət etdiyini görüb yavaş-yavaş mağazanın qapısına tərəf içəriyə daxil olmuş və pul tapmaq məqsədilə mağazanın içərisini axtarmağa başlamışdır. Uzunsov stolun arxasında siyirtməyə oxşar yerdə sellofana bükülü vəziyyətdə olan çoxlu yüz və əlli manatlıq əsginaslardan ibarət pulu götürüb şalvarının cibinə qoymuş və mağazadan çıxaraq arxa tərəfdən keçib çayın kənarı ilə avtoyuma məntəqəsinə gəlmiş, sonra avtomobilə minib Tovuz şəhərinə yola düşmüşdür. Yolda olarkən sellofana bükülmüş pulları saydıqda orada cəmi 6.500 manat məbləğində pulun olduğunu görmüşdür. Bir neçə gün ərzində oğurladığı pulları Bakı şəhərində müxtəlif əyləncələrə və içki məclislərinə xərcləmişdir. Bundan sonra, Azərbaycanda iş tapa bilmədiyi üçün işləmək məqsədi ilə Belarusiyaya getmək qərarına gəlmiş, lakin öz pasportu ilə ölkədən çıxa bilmədiyi üçün qardaşı Ceyhun Cəfərovun pasportunu götürərək onun pasportu ilə Bakı-Minsk aviareysinə bilet almışdır. 13 dekabr 2020-ci ildə hava limanında sərhəd nəzarətini keçərkən qardaşı Ceyhun Cəfərova məxsus olan pasportu sərhədçiyə təqdim edərkən sərhədçi pasportdakı fotoşəkil ilə onun eyni şəxs olmadığını bilmiş və bundan sonra onu saxlamışdılar. Bundan başqa, 2021-ci iin fevral ayının əvəllərində dostu Asif Əsədullayev ilə Masallı rayonuna gedib Asifin bacısı İlahənin evində qonaq qalmışlar. Asiflə fevralın 7-ə qədər Masallı rayonunu gəzmişlər və fevralın ayının 7də Asifin idarə etdiyi “VAZ 2107” markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı rayonundan çıxıb Bakı şəhəri istiqamətində getmişlər. Asif yorğun olduğundan bir qədər sonra avtomobili özü idarə etmişdir. Maşını saxlayıb gəzərkən yolun kənarında olan inşaat (tikinti) materialları satılan açıq dükan görüb ora daxil olmuşdur. Dükanın içərisində balaca otaq görmüş və otağın qapısı açıq olmuşdur. Ətrafa baxdıqda heç kimin olmadığını görüb otağa girmiş və otaqda siyirtmədə olan açar ilə seyfin qapısını açıb orda olan 20 manatlıq, 5 manatlıq və 1 manatlıq pul əsginasları götürmüşdür. Əl çantasını götürüb içinə baxanda rezinə bükülmüş vəziyyətdə 100 manatlıq və 100 ABŞ dolları əsginaslarını görüb əl çantasını gödəkcəsinin iç cibinə qoyub avtomobilə tərəf getmişdir. Avtomobili sürüb Bakı şəhərinə, fevralın 8-də isə Sumqayıt şəhərinə getmişlər. Sumqayıtda bazarın qabağında mobil telefonu təmir etdirmək istəyərkən polislər onu tutmuşdurlar. Saxladıqdan sonra onları Sumqayıt ŞPİ-yə aparmışdırlar. Orada polis idarəsinin rəis müavini Babaşov soyadlı şəxs ona bir neçə şəkil göstərmiş, lakin o, şəkildəkiləri tanımadığını demişdir. Sonra onu Cəlilabar RPŞ-yə aparmışlar, orada onu polislər döymüşdürlər. Fevral ayının 9-da stolun üstünə narkotik vasitə qoyub iki nəfər şəxsin hal şahidliyilə sənədlərşdirmişdirlər. Onunla birgə tutulan Asif Asədullayev özünü asaraq intihar etmişdir. Onun üzərində narkotik olmasa da maşınında açılıb-bağlanılan bıçaq olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq təqsirləndirilən çəxs Təqsirləndirilən şəxs göstərdi ki, inşaat materialları mağazasından oğurluq etdikdə sellofanda nə qədər 100 dollarlıq əsginaslar olduğunu dəqiq bilməmiş, lakin orada 6.000 dollar olmamışdır. Sumqayıt tutulan zaman onun qoluna qandal vurulmuş və Cəlilabada aparılan zaman da qolunda qandal olmuşdur. Cəlilabada gedərkən maşından düşməmişdir. Tutularkən ilkin olaraq maşında üzərinə baxış keçirilmiş, sonra isə Sumqayıt ŞPİ-də üzərinə baxış keçirilmişdir. Sonra onu Cəlilabada boz rəngli Mercedes markalı maşınla aparmışdırlar. Maşının sürücüsü, Şahid6 və daha 2 nəfər polis əməkdaşı olmuşdur. Həmin maşınla Sumqayıt şəhərində 5 mərtəbəli binaların yanında Şahid6 evinin qarşısında saxlamışlar və bir saatdək onu gözləmişdirlər. Bir gün Cəlilabad RPŞ-də saxlanıldıqdan sonra əməliyyatçı Eminin otağında olan qırmızı seyfdən narkotik vasitə çıxarmış və masanın üzərinə qoymuşdur. Cəlilabadda onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilməmişdir. Masanın üstünə onun qarşısına narkotik qoymuş və sonra polislər şəkil çəkmişdirlər. İttihmda göstərilən bıçaq və pul onda olsada, onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. (Cild 4, iş vərəqləri 39-44) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək mötəbərliyi üzrə qiymətləndirir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən “Qarabulaq çökəkliyi" deyilən yerdə ona məxsus olan avtomobillərin ehtiyat hissələrinin satışı mağazası vardır. Hər gün mağazanı səhər saat 08 radələrində açıb, axşam saat 21 radələrində bağlamışdır. Kənd təsərrüfatı ilə də məşğul olduğu üçün “Aqrokredit” bank olmayan kredit təşkilatından kredit alıb, həmin pula kombayn, traktor və başqa kənd təsərrüfatı texnikaları almışdım. 2020-ci ilin iyul ayının 30-da kredit təşkilatına olan borcunu ödəmək üçün 6.500 manat məbləğində pul toplayaraq, həmin pulu sellofanın içərisinə büküb mağazadakı siyirtmənin içərisinə qoymuşdur ki, həmin pullara toxunmasın. 2020-ci il avqustun 1-də axşam saat 18 radələrində mağazanın qarşısında olan stolda oturub Qazax şəhər sakinləri Vahid və Məhəmmədlə birlikdə çay içmişdir. Bu zaman bir nəfər şəxsin dəmiryol vağzalından onlara tərəf gəldiyini görmüşdür. Həmin şəxs əlində dondurma yeyə-yeyə onun arxa tərəfinə keçməklə gözdən itmişdir. Buna əhəmiyyət verməyib tanışları ilə söhbətinə davam etmişdir. 2020-ci ilin avqustun 3-də saat 17 radələrində kredit borcunu ödəmək üçün siyirtmədəki pulu götürmək istədikdə pulun yerində olmadığını görüb bu haqda polisə şikayət etmişdir. Sonradan ona həmin pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən "xxxx" MMC inşaat (tikinti) materilları satışı mağazası ona məxsusdur. 2021-ci il fevralın 7-də saat 13 radələrində seyfin qapısını açıb içərisinə baxdıqda seyfin yuxarı gözünə qoyduğu rezinlə bağlanmış 500 manat dəyərində 20 manatlıq, 200 manat dəyərində 1 manatlıq, 50 manat dəyərində 5 manatlıq pulların orada olmasına əmin olmuşdur. Eyni zamanda seyfin aşağı gözündə qara rəngli əl çantasının içərisində rezinlə bağlanmış 14.300 manat və 6400 ABŞ dolları olmuşdur. Seyfin qapısını açarla bağlayıb açarı masanın siyirtməsinə qoymuşdur. Sonra nahar etmək üçün yaşadığı evə getmişdir. Saat 15 radələrində mağazaya geri qayıtmış və otağa daxil olduqda seyfin qapısının açıq olduğunu və içərisində olan pulların yerində olmadığını görmüşdür. Oğlu Kənanı çağırıb seyfdən pul götürüb-götürmədiyim soruşduqda o, seyfdən pul götürmədiyini, işçilərin də otağa daxil olmadığını demişdir. Oğurluq olduğunu bilərək Cəlilabad RPŞ-yə getmiş və bu haqda şikayət etmişdir. Həyəcanlı olduğundan 102 xidmətinə məlumat verərkən 1.500 və 450 manat pulunun oğurlanmasını, ərizədə isə 1.430 manat pulunun və 6.400 ABŞ dollarının oğurlanmasını göstərmişdir. Lakin əslində onun 1050 manat pulu və 6.400 ABŞ dolları oğurlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin H.Əliyev adına Beynəlxalq Aeroportunda sərhəd nəzarəti şöbəsində xidmət edir. 2020-ci il dekabrın 13-də xidmətdə olduğu zaman saat 02 radələrində Azərbaycan Respublikasından Belarusiya Respublikasına gedən sərnişinləri rəsmiləşdirən zaman dövlət sərhədini keçmək istəyən X14 adına rəsmiləşdirilmiş P4275949 saylı ümum vətəndaş pasportu ona təqdim edilmişdir. İlk öncə təlimata uyğun olaraq pasportu təqdim edən şəxslə pasportda olan fotoşəkili eyniləşdirmiş və bu zaman pasportu təqdim edən şəxslə pasportda olan fotoşəkilin eyni şəxs olmadığını müəyyən etmişdir. Sərnişinlə sorğu sual apardıqda onun X24 deyil Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu haqda növbə rəisi Şahid1 məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin H.Əliyev adına Beynəlxalq Aeroportunda xidmət edir. 2020-ci il dekabrın 13-də xidmətdə olarkən saat 02 radələrində digər DSX əməkdaşı Tərlan Vedili onu çağırıb X14 pasportda olan şəkillə eynilik olmadığını bildirmişdir. Sistemdə vətəndaşın şəkili çıxmadığı üçün növbə rəisi kimi onu reysdən saxlatmışdır. Sonra həmin vətəndaş ilə sorğu-sual apararkən o, qardaşının pasportunu təqdim etdiyi etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin rəis müavini vəzifəsində işləmişdir. 07 fevral 2021-ci ildə Cəlilabad şəhər sakini Əskərov X22 RPŞ-ə ərizə ilə müraciət edərək Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən tikinti materialları mağazasından, yəni “Kənan MMC”-dən 14.300 manat və 6.400 ABŞ dolları məbləğində pulunun oğurlanmasını göstərmişdir. Bununla bağlı əməliyyataxtarış tədbirlərini həyata keçirməyə başlamışlar və həmin yerin videogörüntülərinə baxdıda naməlum şəxsin sərbəst şəkildə mağazanın içərisində gəzdiyini, sonra arxa otağa keçib oğurluq etdiyi məlum olmuşdur. Onun hərəkət trayektoriyası ilə əməliyyat tədbirləri davam etdirildikdə mağazadan təxminən 3 km. kənarda bir mənzilin videokamera görüntülərini çıxarmışlar. Həmin naməlum şəxsin orada olan “VAZ 2107” markalı qara rəngdə **-LG-*** nömrəli maşına minib Bakı istiqamətində getməsi müəyyən olunmuşdur. Tədbirin davamı olaraq həmin maşının Bakı şəhərinə getdiyini, oradan isə Novxanı və Sumqayıt istiqamətlərində hərəkət etdiyini müəyyən etmişdirlər. 08 fevral 2021-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə axşam vaxtlarında Sumqayıt şəhərinə gəlmişdirlər. Maşının dayandığı yerdə onları saxlamışlar. Maşının sürücüsü Asif Əsədullayev olmuş, yanında isə Təqsirləndirilən şəxs olmuşdur. Dərhal onları tutub axşam Cəlilabad RPŞ-nə aparmışlar. Hadisə yerində şəxslərin üzərilərinə və maşında baxış keçirməyə şərait olmadığından, bu hərəkətləri Cəlilabad RPŞ-da hal şahidləri və digər şəxslərin iştirakı ilə sənədləşdirmişlər. Təqsirləndirilən şəxs üzərindən maddi sübut kimi bıçaq və narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Daha sonra verilən suallara cavab olaraq Şahid6 göstərdi ki, saxlanıldıqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs özünü Ceyhun Cəfərov kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Asif Əsədullayev ilə Sumqayıt şəhərinin ərazisində bazar ətrafında saxlanılmışdır. Təqsirləndirilən şəxs 4-5 nəfər polis əməkdaşı ilə birlikdə saxlamışlar. Zaurun üzərindən açılan bıçaq və narkotik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tutduqdan sonra Sumqayıt şəhərindən bir başa təxminən 190 km. məsafə qət edərək təqribən 3 saata getmişdirlər. Cəlilabad rayonuna 2 maşınla getmişlər, yolda ayaqyoluna getmək üçün maşını saxlamamışlar, yalnız su almışlar. Saxlanılan şəxslərinin birinin üzərində axtarış videoçəkilişlə aparılmış, digərinin isə üzərində axtarış hal şahidləri ilə aparılmışdır. Lakin onun özü şəxsi axtarışda iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayında Cəlilabad rayon sakini Sakit adlı şəxsin mağazasından oğurluq olması barədə Cəlilabad RPŞ-ə məlumat daxil oldu. Oğurluq edən şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş və videomüşahidə kameralarına baxış keçirərkən “Vaz 2107” markalı qara rəngli avtomobil müəyyən edilmişdir. Həmin avtomobili idarə edən şəxsin saxlanılması üçün Sumqayıt şəhərinə əməliyyat qrupu ilə gəlmişdirlər. Avtomobili Sumqayıt şəhəri bazar yaxınlığında dayanmış vəziyyətdə gördükdə kameralarda olan şəxsin Zaur olduğunu müəyyən edib özlərini təqdim etmişlər, daha sonra onu və sürücünü Cəlilabad RPŞ-yə dəvət etmişdirlər. Daha sonra, Şahid3 verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat qrupunun tərkibində onunla birlikdə Şahid6, İsmayıl Mirzəyev və Şahid4ov olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid6 olmuşdur. Saxlanılan Təqsirləndirilən şəxs və avtomaşının sürücüsünü onların öz maşınını da götürməklər birbaşa Cəlilabad rayonuna aparmışlar. Yolda maşını saxlamamışlar və saxlanılan şəxslər maşından düşməmişlər, onlar müqavimət göstərmədikləri üçün qollarına qandal vurmamışlar. Cəlilabad RPŞ-də saxlanılanları müstəntiq Rövşən Məmmədovun yanına aparmışlar, orada hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində pullar, telefon, narkotik vasitə və bıçaq aşkar edilmişdir. Narkotik vasitə 2 ayrı bükümdə olmuşdur. Təqsirləndirilən şəxs döyülməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid4 və X15 da Şahid3lə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, həmin gün çayçıda işləyən Rəfael Rufullayevlə görüşmüş və Rəfael ona polis əməkdaşlarının çağırışına əsasən hal şahidi kimi iştirak etməyi təklif etmiş, o isə buna etiraz etməmişdir. Sonra polislərin çağırışı ilə Rəfael ilə birlikdə polis şöbəsinə getmişdir. Lakin nə ilə bağlı çağırıldığını bilməmişdir. Polis şöbəsinə daxil olduqda bir az gözləmişlər, sonra onları bir otağa aparmışdırlar. Otağa girdikdə masanın üzərində bağlama olmuşdur. Sonra polislər onların iştirakı ilə şəkil çəkmişlər və sənədlər verib imza etmələrini demişdirlər. Nə ilə bağlı çağırıldıqlarını soruşduqda onlara “sənlik deyil” deyə cavab verilmişdir. Daha sonra, o, qeyd etmişdir ki, onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmamış və onun üzərindən narkotik vasitə və ya başqa bir aşya aşkar edilməmişdir. Onların iştirakı ilə yalnız şəkil çəkilmiş və onlar sənədləri oxumadan imzalamışlar. Bağlamada olan narkotik vasitə isə masanın üzərində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, yalnız imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Cəlilabad RPŞ-nin yanında olan çay evində ofisiant işləmişdir. Cəlilabad RPŞ-ə çay aparıb gətirmişdir. 2021-ci ilin fevral ayında axşam saatlarında polis əməkdaşları onu Cəlilabad RPŞ-yə çağırmışdırlar. Hal şahidi ola biləcəyini soruşmuşdurlar, o, da bundan imtina etməmişdir. Şahid8 da özü çağırmışdır. Otaqda masanın üzərində bıçaq, 100 manatlıq və dollar əsginasları, eləcə də torba görmüşdür. Daha sonra isə verilən suallara cavab olaraq Rəfael Rufullayev göstərdi ki, masanın üzərində olan əşyalar Zaurun üzərindən çıxanda otaqda olmuşdur. Narkotik vasitə Zaurun üzərindən çıxmış və həmin vaxt videoçəkilişdə olmuşdur. Təqsirləndirilən şəxs yalnız bir dəfə görmüş, onunla aralarında üzləşdirmə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı fotoşəkillər çəkmiş, bu zaman hal şahidləri də olmuşdur. Lakin avtomaşına baxış zamanı videoçəkiliş aparmışdır. Daha sonra o, qeyd etmişdir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış xidməti otaqda aparılmış və istintaq hərəkətini aparan müstəntiq ona videoçəkiliş deyil, foroçəkiliş aparmağı dediyi üçün o, fotoçəkiliş aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi vəzifəsində işləmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışını həmin vaxtı müstəntiq kimi özü aparmışdır. Hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı onun üzərində bıçaq, pul əsginasları və narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl hal şahidlərini dəvət etmək üçün RPŞ-nin qarşısına çıxmış, orada Şahid7lə Şahid8 görmüş və onları hal şahidi qismində iştirak etmək üçün dəvət etmişdir. Tutulmuş şəxs Təqsirləndirilən şəxs özünü aqressiv apardığı üçün, şəxsi axtarışı videoçəkilişlə deyil, fotoçəkilişlə aparmağı qərara almışdır. Daha sonra, verilən suallara cavab olaraq Rövşən Məmmədov göstərdi ki, şəxsi axtarış zamanı əməliyyat müvəkkilləri, müdafiəçi və hal şahidləri olmuşdur. Şəxsi axtarışda kriminalist də iştirak etmişdir. Kriminalist Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı fotoşəkil çəkmiş, onunla saxlanılan digər şəxs Asif Əsədullayevin üzərinə şəxsi axtarış isə videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs aqressiv olduğundan və özünə xəsarət yetirdiyindən onun üzərinə şəxsi axtarışın videoçəkilişlə deyil fotoçəkilişlə aparılmasını qərara almışdır. Təqsirləndirilən şəxs üzərində bıçaq, narkotik vasitə və pul əsginasları aşkar edilmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs gödəkcəsindən çıxmışdır. Kriminalist Zaurun üzərindən aşkar edilənləri masanın üzərinə qoyduqdan sonra onların fotoşəkillərini çəkmişdir. Məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində dindirilmiş və ölməsi səbəbindən məhkəmədə dindirilməyən X5 ifadəsindən görünür ki, o, Tovuz şəhər sakini X20 (Təqsirləndirilən şəxs nəzərdə tutulmuşdur) uzun müddətdir tanımışdır. Tutulduqdan təxminə 10 gün əvvəl Ceyhunla Bakı şəhərində görüşmüşlər və Ceyhun ona birlikdə Masallı rayonuna gedib istirahət etməyi təklif etmişdir. Ceyhunla razılaşaraq birlikdə “İstisu” adlanan istirahət mərkəzinə getməyi qərarlaşdırmışlar. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərindən çıxaraq həmin axşam Masallı rayonu, Tüklə kəndində yaşayan kürəkəni Azərin yaşadığı evə qonaq getmişlər və 07 fevral 2021-ci il tarixədək orada qalmışlar. 3 gün ərzində idarə etdiyi Ceyhunla birlikdə Masallı rayonunda yerləşən İstisu istirahət mərkəzinə getmişlər. xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ceyhunla birlikdə Masallı rayonundan çıxıb Bakı şəhəri istiqamətində getmişlər. Yorğun olduğunu və özünü pis hiss etdiyini üçün avtomobilin idarə edilməsini Ceyhuna vermişdir. Cəlilabad rayonu ərazisində Ceyhun avtomobili saxladıqda o, oyanmış, Ceyhundan hara getdiyini soruşduqda sonuncu siqaret və su alıb qayıdacağını demişdir. O yenə yatmış və yuxudan ayıldıqda Ceyhunun maşını sürdüyünü görmüşdür. Sonra o özü sükan arxasına otrumuş və bu qaydada Bakı şəhərinə getmişlər. Yolda Ceyhun ona oğurluq etməsi barədə heç bir söz deməmişdir. 3 gün əvvəl Veyhuna avtomaşının kreditinin ödənilməsi üçün 400 manat pula ehtiyacının olduğunu dediyi üçün Ceyhun ona 500 manat pul vermiş və o, həmin puldan 400 manatını ödəmə aparatı vasitəsi ilə ödəmişdir. Sonra o, Ceyhunu Sumqayıt şəhərinə aparmış və Sumqayıtda olarkən polislər onları tutmuşdurlar. (Cild 1, iş vərəqləri 89-92) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 07 fevral 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə 14.300 manat məbləğində pulunun və 6.400 ABŞ dolları məbləğində xarici valyutasının oğurlanmasını göstərmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən “102” Xidmətinə verilən məlumatdan görünür ki, onun 1.500 və 450 manat pulu oğurlanmışdır. (Cild 1, iş vərəqləri 4, 14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 03 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Qazax RPŞ-yə ərizə ilə müraciət edərək 01 avqust 2020-ci il tarixdə 6.500 manat məbləğində pulunun oğurlanmasını göstərmişdir. (Cild 1, iş vərəqi 209) 03 avqust 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Qazax rayonunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqləri 210-214) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 01 sentyabr 2020-ci il tarixli vıdeogörüntülərin könüllü təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, avtomobil ehtiyat hissələrinin satışı dükanında baş vermiş oğurluq hadisəsi zamanı təhlükəsizlik kameralarında qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd “DVD” formatlı disk götürülmüş və diskə baxış keçirilmişdir. Qeyd edilən diskə həmçinin məhkəmə iclasında tərəflərin iştirakı ilə də baxış keçirilmiş və protokolda qeyd olunmuş halların öz əks olunduğu müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 2-4) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 13 dekabr 2020-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs özgəsinə məxsus 1 (bir) ədəd P4275949 nömrəli Azərbaycan Respublikası pasport aşkar edilərək götürülmüşdür. (Cild 2, iş vərəqi 214) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 07 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Kənan MMC” adlı tikinti materialları satışı dükanında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqləri 5-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 15 fevral 2021-i il tarixli, 18/214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində onun təyinatım dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. (Cild 1, iş vərəqləri 170-171) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məcburi narkoloji tibbi yoxlamaya dair ekspertizanın 15 fevral 2021-ci il tarixli, 157 saylı rəyindən görünür ki, müayinə zamanı X16 (Təqsirləndirilən şəxs nəzərdə tutulur) tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 368 saylı rəyindən görünür ki, X16 (Təqsirləndirilən şəxs nəzərdə tutulur) hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. C.A.Cəfərov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. X16 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə X24 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X24 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X14 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X24 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. X24 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. X14 özünə və ətrafdakılarma zərər yetirmək təhlükəsi yoxdur. (Cild 2, iş vərəqi 78-79) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-texniki ekspertizasının 18 fevral 2021-i il tarixli, 5/61 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş P4275949 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun blankı xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blankiardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və “Requla” firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramdakı həqiqi Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş X14 adma verilmiş P4275949 nömrəli pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. (Cild 3, iş vərəqi 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-portret ekspertizasının 24 fevral 2021-i il tarixli, 3/163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sərhədkeçmə hesabatından - İAMAŞ-dan çıxanşdalcı 1, 2, 3 rəqəmləri ilə işarələnmiş fotoşəkillərdə, X14 adına olan P4275949 nömrəli pasportdakı fotoşəkildə və X24 haqqında məlumatlar olan İAMAŞ-dan çıxarışdakı fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş sərhədkeçmə hesabatından - İAMAŞ-dan çıxarışdakı 4 rəqəmləri ilə işarələnmiş fotoşəkildə və Təqsirləndirilən şəxs haqqında məlumatlar olan İAMAŞ-dan çıxarışdakı fotoşəkildə isə digər eyni bir şəxs əks olunmuşdur. (Cild 3, iş vərəqi 126-133) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-daktiloskopik ekspertizasının 29 mart 2021-ci il tarixli, 21/225R nörməli rəyindən görünür ki, 1) xx.xx.2021-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən X23 məxsus “Kənan MMC” tikinti materialları dükanında baş vermiş oğurluq faktı ilə 10 ədəd şəffaf yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2) Tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs və X14 adlarına olan əl əl izləri (daktiloskopik xəritələri) müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. 3) Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 əl-barmaq izi xx.xx.1979-cu il tarixdə Tovuz şəhərində anadan olmuş, X8 əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-ııin ADİS-in məlumat bankında şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs və X14 əlbarmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. 4) Tədqiqata təqdim edilmiş vət. X14 əl-barmaq və ovuc əksləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik müəyyən edilməmişdir. (Cild 3, iş vərəqi 108-117) Beləliklə məhkəmə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.4 və 29, 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi kifayət qədər öz təsdiqini tapmış, lakin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində onun təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 63,500 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 91,780 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və 09 fevral 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının Sumqayıt səhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən baş vermiş oğurluq cinayətində şübhəli şəxs olduğu üçün Cəlilabad RPŞ-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli gödəkcənin iç cibindən həmin 63,500 qram çəkidə narkotik vasitə olan heroin və 91,780 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunub qablaşdırılaraq götürülmüşdür. İttihamın bu epizodu ilə bağlı sübutların qiymətləndirilməsinə keçməzdən əvvəl məhkəmə ilk öncə qeyd edir ki, istintaq orqanı tərəfindən 09 fevral 2021-ci il tarixdən başlayaraq 15 mart 2021-ci il tarixədək aparılan bütün istintaq hərəkətləri və qəbul edilən prosessual qərarlar, o cümlədən şəxsi axtarış və götürmə, şübhəli şəxs qismində tutma, təqsirləndirilən şəxs qismində cəlb etmə, dindirmə, üzləşdirmə və digər mühüm əhəmiyyət kəsb edə prosessual sənədlər Təqsirləndirilən şəxs əvəzinə onun qardaşı xx.xx.1976-cı il təvəllüdlü X14 adından tərtib olunmaqla icra edilmiş, o cümlədən Təqsirləndirilən şəxs barəsində Ceyhun Cəfərov adı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat verilməklə “X24” rekvizitləri ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yalnız daktiloskopik məlumatlar istintaq orqanına daxil olduqdan sonra bir aydan artıq barəsində istintaq aparılmaqla həbs edilmiş şəxsin başqa şəxs olduğu müəyyən edilmişdir. Başqa sözlə istintaq orqanı tutduğu və barəsində cinayət təqibi apardığı şəxsin şəxsiyyətini belə dəqiqləşdirməmişdir. Hətta onunla birgə tutulmuş X1 şəxsin Ceyhun deyil Zaur olmasını deməsinə baxmayaraq istintaq orqanı bu xüsusatı belə araşdırmamışdır. Məhkəmə bu hala həmçinin ona görə diqqət yetirir ki, 13 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla hal şahidi Rəfael Rufullayev arasında üzləşdirmə keçirilmiş və sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı onun üzərində narkotik vasitə və psixotrop maddənin aşkar olunduğunu demişdir. Təqsirləndirilən şəxsin protokolu imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Halbuki, məhkəmədə şahid qismində dindirilərkən X28 Cəfərovu cəmi bir dəfə gördüyünü və onların arasında üzləşdirmənin keçirilmədiyini demişdir. (Cild 1, iş vərəqi 151-153) İstintaq orqanı yalnız 15 mart 2021-ci il tarixdə Ceyhun Cəfərovun əslində Təqsirləndirilən şəxs olduğunu aşkar etdiyi halda və bu tarixədək olan bütün istintaq hərəkətlərində Təqsirləndirilən şəxs əvəzinə Ceyhun Cəfərov qeyd etdiyi halda, 13 fevral 2021-ci il tarixli üzləşdirmə protokolunda təqsirləndirilən şəxsin məhz Təqsirləndirilən şəxs kimi göstərməsi, məhkəmədə əsaslı şübhələr yaradır ki, bu protokol sonradan yazılaraq istintaq materiallarına əlavə edilmişdir. Bundan əlavə, istintaq orqanı təqsirləndirilən şəxsdə külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunmasını iddia etdiyi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsində istinad etdiyi, əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və götürmə haqqında” 09 fevral 2020-ci il tarixli protokol olmuşdur. Həmin protokolu mötəbər sübut kimi təqdim etməyə çalışan istintaq orqanı bu istintaq hərəkətinin nəticəsində götürülməsini iddia etdiyi narkotik vasitə, psixotrop maddə, bıçaq və pul əsginaslarının aşkar edilmə, götürülməsi və qablaşdırılması prosessini videoçəkilişlə deyil fotoçəkilişlə və hal şahidlərinin iştirakı ilə aparmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qanunun mənasından aydın olur ki, şəxsi axtarış və götürmə bir qayda olaraq videoçəkilişlə aparılmalı, bunun mümkün olmadığı aşkar surətdə bəlli olduqda isə (texniki vasitənin olmaması, cihazın nasaz olması və s.) istintaq hərəkətinin hal şahidlərinin iştirakı ilə aparılmasına yol verilir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxsla birgə saxlanılan Asif Əsədullayevin və istintaq hərəkətinin eyni iştirakçılarının iştirakı ilə həmin gün bir saat sonra, eyni müstəntiq tərəfindən aparılan eyni istintaq hərəkətinin gedişatı eyni kriminalist tərəfindən videoçəkilişlə aparılmışdır. Bununla bağlı məhkəmədə ifadə verən kriminalist qeyd etmişdir ki, istintaq hərəkətini aparan müstəntiq tərəfindən ona telefonla videoçəkilişin yox, fotoçəkilişin aparılması ilə bağlı göstəriş verilmişdir. Eyni zamanda məhkəmədə ifadə vermiş müstəntiq bu cür göstəriş verməsini onunla əsaslandırmışdır ki, istintaq hərəkəti icra edilərkən Təqsirləndirilən şəxs özünü aqressiv apardığı üçün “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini fotoçəkilişlə və hal şahidlərinin iştirakı ilə aparılması qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhz saxlanılan şəxsin etirazının qeydə alınmaması üçün bu istintaq hərəkətinin gedişatını istintaq orqanı videoçəkilişlə aparmamışdır. Bu hal isə istintaq hərəkətinin mötəbərliyinə ciddi şübhələr yaradır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Lakin qeyd edilən istintaq hərəkətində hal şahidi qismində iştirak etmiş Şahid8 ifadəsindən görünür ki, o, otağa girdikdə aşkar edilməsi iddia olunan bükümlər artıq masanın üzərində olmuş, digər hal şahidi Rəfael Rufullayevin ifadəsindən isə bəlli olmuşdur ki, o, Cəlilabad RPŞ-nin yaxınlığında olan çayçıda işləmiş, daima polis əməkdaşlarına çay aparmaqla məşğul olmuş və polislərin göstərişi ilə bu istintaq hərəkətinə tanışı Şahid8 cəlb etmişdir. Bundan başqa, protokola əlavə edilmiş fotoşəkillər tədqiq olduqda müəyyən edilmişdir ki, bu şəkillərdə özü özlüyündə Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar edilməsini təsdiq etməmiş, əksinə təqsirləndirilən şəxsin və hal şahidi Şahid8 ifadələrində göstərdikləri xüsusatları, yəni polis əməkdaşları tərəfindən masanın üzərinə bükümlərin qoyulmasının və sonradan şəkillərin çəkilməsinin həqiqət olmasının mümkünlüyünü kifayət qədər təsdiq etmişdir. Protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs cibindən narkotik vasitə və psixotrop maddənin çıxarılmasını və ya təqdim etməsini təsvir edən hər hansı bir görüntü mövcud deyil, birinci şəkildə Təqsirləndirilən şəxs, iştirakçılar və boş masa olmuş, sonrakı şəkillərdə isə masanın üzərində narkotik vasitə və psixotrop maddə olması iddia edilən bükümlər, bıçaq və pul əsginasları olmuşdur. Qeyd edilənlər bir daha onu göstərir ki, istintaq orqanı fotoçəkiliş apardıqda belə obyektiv həqiqətin üzə çıxmasını təmin etməmiş və təmin edilməsini istəməmiş, həmçinin faktiki olaraq hal şahidlərinin ifadələri ilə protokolda qeyd olunmuş xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, hal şahidi Rəfael Rufullayevin polis əməkdaşları ilə daimi münasibətlərdə olması səbəbindən onun ifadəsinin qərəzsizliyinə əsaslı şübhələr vardır. Məhkəmə cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının tələblərini rəhbər tutaraq belə qərara gəlir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2021-ci il tarixli 253 qeydiyyat nömrəsi ilə qeydə alınmış protokolun mötəbərliyinə əsaslı şübhələr olduğundan, bu protokol təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Belə ki, ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2021-i il tarixli, 18/213 nömrəli ekspert rəyi olmuşdur. Həmin rəyin nəticə hissəsinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...X14 üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 63,500 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 91,780 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 116-117) Rəyin təsviri əsaslandırıcı hissəsinə baxdıqda müəyyən edilir ki, maddi sübut iştirakçıların imzaları ilə təsdiq olunmaqla prosessual qaydada qablaşdırılmadan ekspertizaya təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3 və 128.3.1-ci maddələrinin tələblərinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun istintaq hərəkəti aparılarkən prosessual qaydada qablaşdırılmamaması onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə, eləcə də maddi sübut olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin götürülməsinə əsas olmuş protokolun mötəbərliyi şübhə altına alınaraq sübut kimi qəbul olunmadığından, məhkəmə hesab edir ki, həmin maddi sübutlar və 10 fevral 2020-ci il tarixli 18/213 nömrəli ekspert rəyi də ehtibarsız və mötəbərliyi şübhə altına alınan sübut kimi qəbul edilməklə təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Bundan başqa, təqsirləndiriləndirilən şəxsə verilmiş ittihamdan və iş materiallarından görünür ki, o, 09 fevral 2021-ci il tarixdə bəlli olmayan vaxtda Cəlilabad rayon polis şöbəsi əməkdaşları tərəfindən Sumqayıt səhərində tutulmuş və Cəlilabad rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılmışdır. “Google maps” internet proqramı vasitəsi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhərindən Cəlilabad rayonuna olan məsafə 208 km. olmaqla, bu məsafəni avtomaşınla ən yaxşı halda 2 saat 34 dəqiqəyə qət etmək olar. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Ceyhun Cəfərov) həmin tarixdə saat 20:50-də Cəlilabad RPŞ-də tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokoldan isə görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması saat 21:22-də başlanılmışdır. Sadə riyazi hesablamalarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulmasından ən tez halda 03 saat 06 dəqiqə sonra onun üzərində şəxsi axtarışın aparılması istintaq hərəkəti icra edilmişdir. Göründüyü kimi polis əməkdaşları nəinki Təqsirləndirilən şəxs tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri Sumqayıt şəhər Polis İdarəsi və ya yaxınlıqda olan müvafiq polis bölməsində də icra etməmiş və onu ən tez halda 03 saat 06 dəqiqədən sonra Sumqayıt şəhərindən Cəlilabad rayonuna 208 km məsafəni qət edərək gətirilməsi zərurətini də əsaslandırmamışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduğu yerdə üzərində şəxsi axtarış aparılmasını mümkünsüz edən hər hansı bir hal göstərməyən əməliyyat orqanının əməkdaşları, bu axtarışın yalnız 03 saat 06 dəqiqədən sonra Sumqayıt şəhərindən Cəlilabad rayonuna 208 km məsafəni qət etdikdən sonra aparılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə xüsusi qeyd edir ki, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 03 saat 06 dəqiqə polis əməkdaşlarının sərəncamında olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də soyuq silah hesab edilən bıçaq saxlaya bilməsi və bu zaman ərzində polis əməkdaşlarının axtarışda olan şəxsin üzərini ən azından öz təhlükəsizlikləri üçün yoxlamaması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması haqqında 09 fevral 2021-ci il tarixli protokol bu əsasa görə də mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. (§ § 69-70) Məhkəmə həmçinin polis əməkdaşlarının ifadələri ilə işdə olan sənədlər arasında ziddiyyətlərin olmasına da diqqət yetirir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, tutulduqdan dərhal sonra yerində üzərində axtarış aparılmış, sonra Sumqayıt ŞPİ-nə aparılmaqla orada üzərində axtarış aparılmış və Cəlilabad RPŞ-yə gətirildikdən sonra üçüncü dəfə üzərində axtarış aparılmış, həmçinin polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları göstərmişdirlər ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində saxlanıldıqdan sonra heç bir müqavimət göstərməmiş və Cəlilabad RPŞ-yə dəvət edilərək maşınla Cəlilabada aparılmışdır. Lakin cinayət işinin materiallarında olan Cəlilabad RPŞ-nin CAB-nın əməkdaşı, polis mayoru Səbuhi Mirzəyev tərəfindən tərtib olunmuş 09 fevral 2021-ci il tarixli raportdan görünür ki, oğurluqda şübhəli bilinən X24 (Təqsirləndirilən şəxs nəzərdə tutulur) və X2 idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri ərazisində saxlanılan zaman Ceyhun Cəfərov qaçmağa cəhd göstərmiş, qaçan zaman yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. (Cild 1, iş vərəqi 31) Hökm üzrə yuxarıda təsvir olunan bütün halları məhkəmə tədqiq etdikdən sonra belə nəticəyə gəlir ki, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid4, X9, Şahid5, Şahid6, X10 və X6 Təqsirləndirilən şəxs üzərində Cəlilabad RPŞ-də külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi hissəsində göstərdiyi xüsusatlar işin obyektiv halları ilə uzlaşmır, bu səbəbdən də məhkəmədə əsaslı şübhələr yaradır. Polis əməkdaşlarının bir-birindən fərqlənməyən və işin obyektiv halları ilə uzlaşmayan ifadələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X7rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Polis əməkdaşları təqsirləndirilən şəxsin tutulması və üzərində şəxsi axtarışın aparılması ilə bağlı şahid kimi ifadələr versələr də, nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısı, onların hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Adları çəkilən polis əməkdaşları Cəlilabad rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün bir-birinə qarşı ifadə verməmək marağında ola bilərlər. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi sərbəst ifadələrində saxlanılarkən üzərində pulun və ov bıçağının olmasını təkzib etmədiyi, həmin bıçaqla bağlı özünü təqsirli bildiyi və bıçağın onda olması digər obyektiv sübutlarla təkzib olmadığı üçün həmin soyuq silah hesab edilən bıçağın ondan olması məhkəmədə şübhə doğurmur və bu epizod üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirildiyini qeyd edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 318.1-ci maddələri ilə də təqsirliliyinin sübuta yetirildiyini qeyd edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 13 dekabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını və onun özünü təqsirli biləmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini və digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs təqsirli bilinməli, lakin ona cəza təyin edilməməli, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə isə o, təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə onun təqsirli bilinməsi, lakin ona cəza təyin edilməməsini, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə isə təqsirli bilinərək ona cəza təyin edilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda onun əməlləri cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə qərar və hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2003, 2006 və 2008-ci il tarixlərdə məhkum olunmuş, lakin məhkumluqları ödənilmişdir. Daha sonra, o, Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.500 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 318.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 2, iş vərəqləri 104-106, 169- 173; Cild 3, iş vərəqləri 43-50, 85-98, 105-108) Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 2011, 2013 və 2014-cü il tarixli hökmləri üzrə məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə əvvəl iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının qismən toplanılması yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş və 11 ay 27 gün müddətdə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Cəlilabad rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. İstintaqın sonrakı mərhələsində onun həbsdə saxlanılma müddəti uzadılmış və məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 38, 139-141; Cild 2, iş vərəqləri 150-151) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 10 mart 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 63,450 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 91,730 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq, Asif Əsədullayevdən götürülmüş 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs əl barmaq izləri maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, 1607 manat məbləğində pul və 205 ABŞ dolları məbləğində xarici valyuta Zərərçəkmiş şəxs2 təhvil verilmiş, 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 57-60) Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Cəlilabad RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan: Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq məhv edilməli, X4 götürülmüş 01 ədəd bıçaq onun barəsində ayrılmış cinayət işi üzrə maddi sübut kimi saxlanılmalı, iş üzrə götürülmüş 1607 manat məbləğində pulun və 205 ABŞ dolları məbləğində xarici valyutanın Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalı, iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin əl-barmaq izləri olan zərf və 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut olub Cəlilabad RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 63,450 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 91,730 qram olan psixotrop maddə metamfetamin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsiri ilə əhatə olunmuş ittiham üzrə təyin edilmiş ekspertiza xərcləri ilə bağlı təqsirləndirilən şəxsdən 458 (dörd yüz əlli səkkiz) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə mülki iddiaçı - Zərərçəkmiş şəxs2 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxsdən 15.050 manat məbləğində pulun, 6.400 ABŞ dolları məbləğində xarici valyutanın və 167,79 manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 15.050 manat məbləğində pulu və həmin tarixdə 1 ABŞ dollarının məzənnəsi 1,7 manat olmaqla 10.880 manat təşkil edən 6.400 ABŞ dolları məbləğində xarici valyutanı, ümumilikdə isə 25.930 manat dəyərində onun əmlakı oğurluq yolu ilə talamaqla ona maddi zərər vurmuşdur. İş materiallarına əsasən təqsirləndirilən şəxsdən götürülmüş 1607 manat məbləğində pul və 205 ABŞ dolları məbləğində xarici valyuta məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 verilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdə pul və xarici valyuta mülki iddia məbləğinə hesablanmaqla çıxılmalı və verilmiş mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 23.974,5 manat məbləğində pul tutulmaqla Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş, 11 ay 27 gün müddətdə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına və 3.500 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icran olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 458 (dörd yüz əlli səkkiz) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 23.974 (iyirmi üç min doqquz yüz yetmiş dörd) manat 50 (əlli) qəpik məbləğində pul tutulmaqla Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə maddi sübut olub Cəlilabad RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan: Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq məhv edilsin, X4 götürülmüş 01 ədəd bıçaq onun barəsində ayrılmış cinayət işi üzrə maddi sübut kimi saxlanılsın, iş üzrə götürülmüş 1607 manat məbləğində pulun və 205 ABŞ dolları məbləğində xarici valyutanın Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın, iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin əl-barmaq izləri olan zərf və 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa, iş üzrə maddi sübut olub Cəlilabad RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülməsi iddia olunan 63,450 qram çəkidə narkotik vasitə heroin və 91,730 qram çəkidə psixotrop maddə metamfetamin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-139/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-139/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver