Məhkəmə qərarları › İş №1(124)-139/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-139/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-139/2025 19.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Abşeron rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 16 iyul 2024-cü il tarixdə, saat 11:57-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 13:55-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 10.613 (on tam mində altı yüz on üç) qram ağ rəngli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Gülnar adlı xanımla tanış olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə tanışdırlar. Həmin idarənin işçiləri ilə tanış olduqlarına görə ona Aqşin adlı şəxsin onun tanışı olduğunu demişdir. O həmin xanımla ayrılmağına baxmayaraq ondan əl çəkməmişdir. Hara getmişsə xanım onun arxasınca düşmüşdür. Ona “sənin hansısa qızla gəzdiyini görsəm məndən incimə” demişdir. Üstündən on beş gün keçəndən sonra Aqşin adlı şəxs ona zəng eləmişdir. Gülnar ona “Aqşin səni işə düzəltsin” demiş o da cavabında ona “o məni nə üçün işə düzəltməlidir” demişdir. Gülnar ondan özü üçün narkotik ala bilərsən mi deyə soruşmuşdur. O da Gülnara narkotik satan və ya alan tanımadığını bildirmişdir. Ondan Masazıra gələndə zəng etməsini istəmişdir. O da Gülnara rayonda olduğunu və Masazıra gələndə ona zəng edəcəyini bildirmişdir. Daha sonra Masazıra gəlmiş və Gülnara zəng etmişdir. Gülnarın telefonuna zəng çatmamışdır. Özü Xırdalan şəhərində işləmişdir. Səhər işə gedəndə ağ rəngli Hyundai markalı avtomobilin sürücüsü avtomobili onun üstümə sürmüşdür. Onlar idarənin əməkdaşları olmuşlar. Avtomobildən düşərək onun qoluna girmişlər. Onu avtomobilə mindirəndə Fərid adlı şəxsi çağırmışdır. Əməkdaşlar onu döyə-döyə avtomobilə mindirmişlər. Onu avtomobilə mindirən zaman Rüfət adlı şəxs gəlmişdir. Onlardan kim olduğunu soruşmuşdur. Onlar da Rüfətə baş idarədən gəldiklərini bildirmişlər. Bundan sonra avtomobili sürüb getmişlər. İdarəyə qədər avtomobilin içərisində onu döymüşlər. Ona çəkiliş olacağını demişlər. 10 qram narkotiki tanımadığı şəxsdən aldığını bildirməyini demişlər. Onlara üzərində metamfetamin olmadığını demişdir. Ona çəkiliş olacağını və həmin narkotiki tanımadığı şəxsdən Xırdalan şəhərindən aldığını bildirməyini demişlər. Onlara onun üzərindən narkotik aşkar olunmadığını və nəyə görə onların dediklərini deməli olduğunu soruşmuşdur. Bu sözdən sonra onu döyməyə başlamışlar. Ona “sən bizim dediyimiz sözü çəkilişdə deməsən evindən kilo olaraq narkotiki çıxardacağıq” demişlər. Təzyiq altında qalaraq onların dedikləri ilə razılaşmışdır. O, narkotik vasitələrin istifadəçisi olmuşdur. Metamfetamindən istifadə etmişdir. Təzəlikcə istifadə etməyə başlamışdır. Orta məktəbi doqquzuncu sinifdən bitirmişdir. Hərbi xidmətdə olmuşdur. Subaydır. Əvvəllər məhkumluğu olmamışdır. Ona narkotiki xanımlar təşkil etmişdir. Türkan adlı xanımla çoxdan tanışdır. Gülnar adlı xanımı isə təzə tanımışdır. Gülnarla tanış olandan 20 gün sonra tutulmuşdur. Narkotiklə bağlı inzibati məsuliyyəti olmamışdır. O tutulana qədər polis görməmişdir. Özünə qarşı olunan təzyiqlərlə bağlı heç bir yerə şikayət etməmişdir. Həbslə bağlı məhkəməyə çıxmamışdan əvvəl ona onların dediklərini deməli olduğunu bildirmişlər. Xırdalan şəhərində 8 və ya 9 aydır kassir vəzifəsində işləyir. 500 manat əmək haqqı almışdır. İşə saat doqquzda getmiş, axşam saat onda isə çıxmışdır. Tutulduğu gün qətl günü olduğuna görə saat on ikidə işdən çıxmışdır. İş yerinə taksi ilə gəlmiş və taksidən düşəndən sonra onu tutmuşlar. Onu mağazanın qapısının ağzında tutmuşlar. Onu Accessbankla üzbəüz yolda saxlamışlar. Mağazanın hansı küçədə yerləşdiyini bilmir. Qalibiyyə küçəsinin harada olduğunu bilməmişdir. Mağazaya yaxınlaşmaq istəyərkən saxlanılmışdır. O, Rüfəti çağırana qədər başına bir neçə dəfə yumruq zərbələri vurmuşlar. Bir avtomobildə dörd nəfər olmaqla gəlmişlər. Onu da gəldikləri avtomobildə aparmışlar. Ona heç bir şey demədən avtomobilə mindirmişlər. Özlərini də təqdim etməmişlər. Heç bir qərar elan etməmişlər. Ona çəkiliş olacağını və çəkilişdə 60 manat müqabilində narkotiki tanımadığı şəxsdən aldığını deməli olduğunu bildirmişlər. Avtomobildə qoluna qandal vurmuşlar. Baş İdarəyə aparılmışdır. Baş İdarədə ona təzyiq göstərmişlər. Narkotiki boynuna al demişlər. Əməliyyatçıların adlarını bilməmişdir. Hansı otaqda axtarış apardıqlarını bilməmişdir. Birinci onu otağa salmış və döyməyə başlamışlar. Daha sonra onu başa salmağa başlamışlar. Onların dedikləri ilə razılaşmamışdır. Əməliyyatçılar ona nə deməli olduğunu başa salmışlar. O razılaşmayanda isə onu döyməyə başlamışlar. Daha sonra təhqiqatçı gəlmişdir. Ona heç kim hüquqlarını izah etməmişdir. Ona deməli olduğu şeyləri başa salmışlar. Müdafiəçinin ona təyin olunduğunu bildirmişlər. Müdafiəçinin gözünün qarşısında ona cibindəkiləri çıxar demişlər. O da telefonla pulu çıxarmışdır. Ona “öz vəkilin var mı” deyə sual verilməmişdir. Çəkiliş vaxtı müdafiəçi orada olmuşdur. Narkotiki onun cibinə təhqiqatçı qoymuşdur. Çəkiliş vaxtı da təhqiqatçının dediklərini təkrar etmişdir. O həmin iki xanımla birlikdə narkotik istifadə etmişdir. Həmin narkotik vasitələri Türkan və Gülnar adlı xanımlar gətirmişdir. O, narkotik tapa bilməsi ilə bağlı onlara vəd verməmişdir. Ona daha sonra zəng edəndə həmin xanım telefona cavab verməmişdir. Həmin günün səhərisi isə onu tutmuşlar. Onun tutulmağında Gülnarın rolu vardır. Ona həmin şəxs onun tanışının baş idarədə işlədiyini demişdir. Başqa bir oğlanla da tanış olduğunu ona bildirmişdir. Heç bir səbəb olmadan onu işə gedəndə tutmuşlar. O tutulan zaman onu Fərid və taksi sürücüsü görmüşdür. Digər şəxsin adı onun yadından çıxmışdır. Avtomobildə olarkən əməliyyatçılar onun şəklini göstərmişdir. Çəkilişə qədər yarım saat vaxt keçmişdir. Yarım saat sonra çəkiliş olmuşdur. Ona vəkillə bağlı siyahı təqdim olunmamışdır. Zəng edərək vəkil çağırmışlar. Sanksiya məhkəməsindən əvvəl ona nə deməli olduğunu başa salmışlar. Ona məhkəmədə 60 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirməyini demişlər. Ona əvvəl “bizim dediyimizlə razılaşmasan sənin başına baş idarədə oyun açacağıq” demişlər. Həmişə narkotiki ona Türkan və Gülnar adlı xanımlar təşkil etmişlər. 25-35 manata təşkil etmişlər. Hər gün qəbul etməmişdir. 20 gündən bir istifadə etmişdir. Metamfetamindən istifadə etmişdir. Aqşinin onunla niyə prinsip etdiyini bilməmişdir. Ona sosial şəbəkədə olan şəkillərini göstərərək “narahat olma içəriyə gedəcəksən və kef edəcəksən” demişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir xəstəliyinin, o cümlədən ruhi- əsəb xəstəliyinin olmadığını, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini və müalicə almadığını, fərdi əməklə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində saxlanılmazdan 01 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, anket məlumatları ona məlum olmayan şəxsdən 60 manata “şüşə" aldığını, niyyətinin onu gələcəkdə istifadə etmək olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadəsi üçün üzərində daşıdığını və üzərində “şüşə" olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə saat 11:57-də ünvan 5 ünvanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində psixotrop maddə “şüşə”nin olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində psixotrop maddə “şüşə” olduğunu bildirib əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 10 manat pulu və ona məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı “şüşə" aşkar edilmiş və polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən onun təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş. 10 manat pul isə ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılan zaman özünü qismən təqsirli bilərək psixotrop maddəni tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cti il tarixdə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 16 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X6, X11, kiçik inspektor X12 və o daxil edilmişlər. 16 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün qrup üzvləri birlikdə həmin ünvana getmiş, saat 1 l:57-də eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmiş, həmin vaxtı ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, və o da etiraz etmədən polis əməkdaşları ilə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, digər ciblərindən isə 01 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və müəyyən miqdarda pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni saxlanılmazdan 01 gün əvvəl Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, lakin anket məlumatları ona məlum olmayan şəxsdən aldığını və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, müəyyən məbləğdə pul isə onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, qətl sınan günü ona saat on ikidə işə gəlməli olduqlarını demişlər. Bununla bağlı Təqsirləndirilən şəxs məlumat verilmişdir. Onlar gəlmiş və dükanı açmışlar. O içəridə iş görürdü. Daha sonra çöldən o səs eşitmişdir. “Rüfət, ay Rüfət” qışqırmışdır. Səsi eşitdiyinə görə çölə çıxmış və çöldə mülki geyimdə dörd nəfər şəxs görmüşdür. Təqsirləndirilən şəxsı avtomobilə itələmişlər. Polis əməkdaşları olduğunu bilmədən o onlara yaxınlaşmışdır. Ona vəsiqələrini göstərmişlər. Polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan sonra o kənara çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxsı özləri ilə aparmışlar. Ondan sonra o Təqsirləndirilən şəxs polislər tərəfindən aparılmasının məlumatını vermişdir. O, Təqsirləndirilən şəxs səsinə görə çölə çıxmış. Təqsirləndirilən şəxs iki və ya üç dəfə “Rüfət, Ay Rüfət” deyə qışqırmışdır. Birinci dəfə kimin onu çağırdığını aydınlaşdıra bilməmiş ona görə də yaxınlaşanda Təqsirləndirilən şəxs çağırdığını bilmişdir. Mülki geyimdə dörd nəfəri olmuşlar. Tərxanın qolunu buraraq avtomobilə mindirmişlər. O Sərxana hər hansı bir qərarın göstərilməsinin şahidi olmamışdır. Hər bir halda qərar Tərxana göstərilibsə onu oraya nə üçün çağırdığını anlamamışdır. Tərxanın nəyə görə aparılmasından xəbəri olmamışdır. Tərxanın qolunu burub avtomobilə mindirmişlər. Tərxan avtomobilə minmək istəməmişdir. Daha sonra polis əməkdaşları işlədikləri mağazaya gəlmişlər. Kamera görüntüləri ilə bağlı gəlmişlər. Kameranı götürmüşlər. Nəyə görə götürdüklərini o soruşmamışdır. Yəqin ki, görüntüləri silmək üçün götürmüşlər. Daha sonra kameranı gətirmişlər. Ondan sonra içərisinin boş və ya dolu olmasına baxmamışdır. Kameranın aparılmasından rəhbərliyin məlumatı olmuşdur. Videogörüntünün silinib və ya silinməməsindən onun xəbəri olmamışdır. Videogörüntünün silinib-silinməməsini rəhbərlik bilmişdir. Mağaza müdirinin adı Əliyev Bayram olmuşdur. Kameranı gəlib götürən polis əməkdaşlarının adlarını bilməmiş və həmin şəxslər Təqsirləndirilən şəxsı saxlayan polis əməkdaşları olmamışdır. Müdriyyətin polis əməkdaşlarını tanıyıb-tanınmamasını bilməmiş və onun yanında müdriyyətlə danışmamışlar. Onun telefonu ilə danışmışlar. O, nə danışdıqlarını eşitməmişdir. O həmin vaxtı mağazada işləmiş, daha sonra oradan çıxmış və hazırda ofisant olaraq işləyir. Tərxan onun işlədiyi mağazada kassir vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxsı üç və ya dörd ay müddət olmaqla tanımışdır. Onunla iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. Başqa bir probleminin olmasını bilməmişdir. İşə vaxtında gəlmiş və getmişdir. O həmin mağazada administrator vəzifəsində işləmişdir. O, Tərxanın əmək funksiyalarını icra etməsinə nəzarət etmişdir. Onun narkotik vasitələrindən istifadə etməsini bilməmişdir. Mağazada olan kameraya o, cavabdeh olmamış, ona müdriyyət cavabdeh olmuşdur. Müdriyyətə zəng etmiş və müdriyyətin sözünün əsasında kameranı vermişdir. Kameranı ondan istəmişdirlər. Kameranı o özü vermişdir. O onlardan nəyə görə istədiklərini soruşmamışdır. Ona müdriyyətin məlumatının olduğunu demişdirlər. Rəhbərliklə özləri danışmışlar. O, videonu silmək üçün kameranı apardıqlarını başa düşmüşdür. Mağazanın kameraları həmin ərazini çəkmişdir. Hadisə keçən il ayın on altısı qətl sınan günü olmuşdur. Hadisənin üzərindən səkkiz ay keçmişdir. Məsələni müdriyyətlə danışmışlar. O orada işçi olmuşdur. Polis əməkdaşları olduqlarına görə o, heçnə edə bilməmişdir. Onun müdaxilə etməsi düzgün olmamış, dövlət qurumunun əməkdaşları olduqlarına görə müdaxilə edə bilməmişdir. Kameranı gəlib aparan şəxslər polis əməkdaşları olmuşdur. O narkotik istifadəçi olmamışdır. Kameranı götürməyə gələn polis əməkdaşı xidməti vəsiqəsini göstərmiş, Abşeron rayon Polis İdarəsini əməkdaşları olmuşdur. Mağaza Qalibiyyə küçəsində yerləşmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "Tərxan" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə məlumat daxil olmuş və "Tərxan" adlı şəxs xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə eldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 11:57-də ünvan 7 ünvanının yaxınlığında olduğu zaman ona yaxınlaşıb özlərini təqdim edərkən Təqsirləndirilən şəxs qaçmağa cəhd cəhd göstərmiş, lakin buna baxmayaraq əməkdaşlar tərəfindən saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış və götürmə keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü saxlanıldığı yerdən əməkdaşların müşayiti ilə Baş İdarəyə gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2024-cü il tarixli 6/3656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş..T sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,613 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2024-cü il tarixli 5681 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasında müayinədən keçən zaman Təqsirləndirilən şəxs 3-4 aydır ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, habelə 2 dəfə narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X10" X14 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2024-cü il tarixli 2456/K nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “amfetamin” və “metamfetamin” aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertiza və X10 publik hüquqi şəxsinin 394/MEŞ nömrəli ekspert rəyindən müəyyən olunur ki, məhkəmə tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və buna dair DVD diskdə olan görüntülərdən müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 11:57də ünvan 5 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan 01 bükümdə ağ rəngli, tozşəkilli, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm 01 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə 16 iyul 2024-cü il tarixdə saat 13:55-də başlamış və 16 iyul 2024-cü il tarixdə saat 14:08-də bitmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən olunur ki, təqsirləndirilən X7 məxsus telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş diskə əsasən müəyyən olunur ki, təqsirləndirilən X7 məxsus ********* saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilərkən cinayət işi üçün əhəmiyyətli olan hər hansı bir zəng və sms müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-935/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş xx.xx.2024-cü il tarixli, 9500 № sorğuya cavabdan müəyyən olunur ki, xx.xx.2004-ci təvəllüdlü, Xocalı rayonunda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə gündüz stasionar şöbəsində yarım-stasionar rejimli müayinədə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat tapşırığına əsasən müəyyən olunur ki,

1. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini aldığı şəxs müəyyən edilsin və həmin şəxs dindirilməsi üçün BMCMİ-nin İstintaq idarəsinə təmin edilsin;

2. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığı yoxlanılsın, müsbət halda əvvəllər kimə, harada və hansı şəraitdə narkotik vasitə və ya psixotrop maddələr satması hallarının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;

3. Təqsirləndirilən şəxs əlaqələri müəyyən edilsin, onların narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələri yoxlanılsın;

4. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin;

5. Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmadığı yoxlanılsın. Əməliyyat tapşırığına vetilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürürlmüş psixotrop maddələri satış məqsədilə əldə etməsi barədə ilkin əməliyyat məlumatı daxil olsa da, həmin maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi, həmçinin cinayət işi üçün əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməmliyyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin mobil nömrəsindən əldə edilmiş məlumatlarda və telefonuna keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsi araşdırılarkən təqsirləndidirlən şəxsin saxlanıldığı saat, ərazi və şəxslər barədə şahidin bildirdikləri ilə ibtidai istintaq zamanı əldə edilmiş sübutların üst-üstə düşməsi müəyyən olunur. Bundan başqa nəzərə alsaq ki, şahid Rüfət Həsənov təqsirləndirilən şəxs saxlanılan anda orada olmamış və yalnız onun özünün bildirdiyinə əsasən təqsirləndirilən şəxsin qışqırıq səsinə əsaəsn oraya gəlmişdir. Bu halda şahidin təqsirləndirilən şəxsin saxlanılması zamanı əməliyyat müvəkkilləri tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalmasını müşahidə etməsi mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxsin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadəsinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qaldığını bildirsə də məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında buna dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin ibtidai istintaq dövründə keçirilmiş məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs psixi təsirə məruz qalmasına dəlalət edən hər hansı bir sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixi təsirə məruz qalması barədə göstərdiklərinin əsassız olduğu qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş istintaq hərəkətlərində müdafiəçinin iştirak etməsi heç bir sübutla təkzib edilmir. Həmçinin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün başqa vəkilin iştirakını tələb etməsi, ona təyin olunmuş müdafiəçiyə etiraz etməsi kimi hər hansı bir qeydinə rast gəlinmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqda xx.xx.2024-cü il tarixdə özünü təqsirli bilməməklə ifadə verməkdən imtina etməsini və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi (xx.xx.2024cü il tarixli ifadə) etirafedici ifadəsi və həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmədə vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadəsi ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-935/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN- in BMCMİ-nin Maddi sübutları saxlama kamerasın təhvil verilmiş qalıq çəkisi 10,563 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN- in BMCMİ-nin Maddi sübutları saxlama kamerasın təhvil verilmiş qalıq çəkisi 10,563 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı apaıılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar