Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-14/2022 25.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail RPİ üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 02 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6.500,83 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib Xırdalan şəhərinə daşıyaraq həmin narkotik vasitənin “BETA TEA” yazısı olan gümüşü rəngli çay paketinin içərisində bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,830 qramını üzərində, qəhvəyi rəngli karton qutunun içərisində bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 6.500,0 qramını isə yaşadığı ünvan 2 ünvanında saxlamış, 05 yanvar 2021-ci il tarixdə, saat 22:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,830 qram, yaşadığı mənzildə keçirilmiş baxış zamanı isə mənzilin dəhlizində qapının üstündə düzəldilmiş saxlanc yerində qəhvəyi rəngli karton qutunun içərisində bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 6.500,0 qram, cəmi ümumilikdə 6.500,83 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə saat 21:15-də evdə mətbəxdə oturub yemək yeyərkən arvadı Şahid1 gəlmiş, onun ardınca isə evə polislər girmişlər. Həmçinin Aygünün xalası və anası Azadə də gəlmişlər. Polislər onu qoluna qandal vurub qonaq otağına aparmışlar və orada onu saxlayıb, təzyiq etmişlər, döymüşlər, sonra polislər evdə gəzişməyə başlamışlar. Polislərə Aygünün anası Azadə 3 fincan çay süzmüş və onlar qonaq otağında oturub şirniyyatla çay içmişlər, siqaret çəkmişlər. Sonra polislər ona demişdilər ki, arvadı Aygün ondan şikayət edir, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmalıdır, buna görə kiçik bir bükümdə olan narkotik vasitə ona verdilər ki, üzərində saxlasın və onu mənzilin qarşısına çıxarmaqla həmin narkotik vasitənin onda aşkar olunması ilə bağlı video çəkmişlər. O, evində axtarış aparmağa icazə verməmiş, polislər onun evində axtarış aparıb heç nə tapmamışlar. Çıxanda qapının üstündə olan paltar dolabının içində olan karton qutunun tərpədilməsini görüb polislərə demişdir ki, həmin qutu tərpənmişdir. Qutunun içərisində ayaqqabılar olmuş və həmin ayaqqabılar çıxarılaraq qutunun yanına qoyulmuşdur. Polislər isə oradan torbada narkotik çıxarmışlar. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstrəmişdir ki, evdə qonaq otağında divarda olan saat işlək vəziyyətdə olmuşdur. O, daima evdə hər bir şeyin işlək olmasını nəzarətdə saxlamışdır. Narkotik vasitə arvadı Aygün ilə polislər tərəfindən onun tutulması üçün gətirilmişdir. Evdə aşkar olunan torbada olan narkotik ona məxsus olmamış və videoçəkiliş zamanı o, bu haqda demişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəksə də heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəməyədək icraat zamanı da verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, yaşadığı evdə polis əməkdaşları axtarış və baxış keçirdikdən sonra qapının girişində karton qutunun içərisində olan sintetik torbada aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamış, həmin narkotik vasitə onun tutulması üçün arvadı Aygün və xalası Esmira tərəfindən evə qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onların iki azyaşlı övladları var. Anar uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş, daima ondan narkotik üçün pul almış, pul vermədikdə isə onu döymüş və evdə olan televizor və digər əşyaları satmışdıır. Bunun üstündə onların Anarla daima mübahisələri olmuşdur. O, Anardan dəfələrlə Abşeron rayon polis idarəsinə şikayət etmiş, sahə inspektoru onu narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarına yönləndirmiş və polis əməkdaşı Şahid6 nömrəsini vermişdir. O, da Şahid6 şikayət etmişdir. 05 yanvar 2021-ci il tarixdə axşam saat 20-21 radələrində evə gəlib qapını açıb içəri girdikdə onun ardınca bir neçə polis əməkdaşları da evə girmişlər. Uşaqlar isə həyətdə oynamışlar və sonra gəlmişlər. Anar həmin vaxt evdə mətbəxdə olmuşdur. Polis əməkdaşları Anarı sonra qonaq otağına aparmışlar, qapını bağlayıb orda oturmuşlar, sonra çay süzüb içmişlər, aşağı düşüb özlərinə yemək alıb qayıtmışlar. Ardınca polislər Anarı çölə çıxarıb videoçəkiliş aparmışlar, videoçəkilişdə evin giriş qapısının qarşısında olan və istifadə edilən kiçik ağ stul onları evində olan stul olmuşdur. Bu zaman özü kiçik olan otaqda uşaqları və anası ilə oturmuş və oradan çıxmamışlar. Xalası isə getmişdir. Evdə qapının üstündə olan dolabda karton qutuda kisədə olan narkotik vasitəni o, evdə əvvəl görməmiş və Anarın bu torbada olan narkotiki evə gətirməsini də görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı dəfələrlə DİN-nin 102 məlumat xidmətinə və Abşeron RPİ-nə Anarın narkotik vasitələrin qəbulu, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və 05 yanvar 2021-ci il tarixdə axşam saatlarında keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxsla yaşadığı evin blokunda qarşılaşdıqlarında o, evin blokunda saxlanılmışdır. Vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və bu zaman Anarın üzərindən marixuana aşkar edilmişdir. Daha sonra, Anarın razılığı əsasında evə baxış keçirilmiş və evin giriş hissəsindən qarderobun içərisində torbada narkotik vasitə marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 şikayət ərizəsi NMQ-nun rəhbəri Şahid6 təqdim edilmişdir. Lakin Şahid6 əməliyyat tədbirində iştirak etməmişdir. Əməliyyat-axtarış tədbirində üç nəfər polis əməkdaşı iştirak etmiş, Anarın narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş, lakin evində aşkar olunmuş narkotik vasitə ona aid olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 Şahid3la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəhbəri Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tutulması ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirində o, iştirak etməmiş, əməliyyat tədbiri bitdikdən sonra gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı Aygün polis idarəsinə gəlmiş, növbətçi polis ona zəng edib bir nəfər xanımın onu görmək istədiyini bildirmiş, buna cavab olaraq ona nömrəsini verməsini demişdir. Aygün telefonla ona zəng edib ərindən şikayət etmiş və ona ərizə ilə müraciət etməsini demişdir. Aygün yazılı ərizə vermiş və əməliyyat tədbirinə Şahid3 rəhbərlik etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs barəsində məlumat əldə etdikdən sonra Aygünün dediklərinin doğru olduğunu öyrənmişlər. İstintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənədlər “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və axtarış keçirilməsi haqqında” 05 yanvar 2021-ci il tarixli protokollar olmuşdur. Həmin istintaq hərəkətlərinin gedişatı videoçəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disklər cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 28-29, 31-32). Həmin istintaq hərəkətlərində əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olundu ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı və evində axtarış aparılması iki fayldan ibarət (1-ci və 2-ci video fayllar) videogörüntülərdə əks olunmuşdur. Videogörüntülərdən görünür ki, polis əməkdaşları ilkin olaraq blokda Təqsirləndirilən şəxs üzərində axtarış aparmaqla onda bir ədəd kiçik bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olmasını qeydə almışlar, daha sonra isə onun evində axtarış aparmaqla heç nə tapmamışlar və yalnız evi tərk etmək istədikdə evin giriş qapısının üstündə düzəldilmiş antresolda (kiçik dolabda) bir ədəd qəhvəyi rəngli karton qutu, onun içərisində isə ağ rəngli sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər külli miqdarda ot kütləsi aşkar etmişlər. Məhkəmə kollegiyası video görüntülərə diqqətlə baxıb, həmin gürüntülərdə əks olunan halları təhlil edərək belə nəticəyə gəlir ki, bu video görüntülərə istinad edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və axtarış keçirilməsi haqqında” 05 yanvar 2021-ci il tarixli protokollar mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübutlar hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evin blokunda, yəni pilləkən qəfəsəsində saxlanılması qeyd olunsa da, onun geyimi, xüsusilə də əynində qış vaxtı gödəkcəsinin olmaması, eləcə də blokda təhqiqatçının yazı yazmaq üçün istifadə etdiyi, Təqsirləndirilən şəxs evindən götürülmüş və sonradan evin dəhlizində görünən kiçik ağ oturacağın (taburetkanın) olması Təqsirləndirilən şəxs məhz mənzilin içərisində tutularaq sonradan dəhlizə çıxarılmasının aşkar sübutudur. Daha sonra, Təqsirləndirilən şəxs vəkil təqdim edilsə də o, hüquqları barədə ətraflı məlumatlandırılmamış, o cümlədən evində məhkəmə qərarı olmadan axtarışın aparılmasının onun müdafiə hüququna xələl gətirə biləcəyi ona izah edilməmiş, ərizə yazmaq istəməyən Təqsirləndirilən şəxs məcburən təhqiqatçının göstərişi və diktəsi ilə evində axtarış və baxış aparılmasına etirazının olmaması barədə ərizə yazdırılmışdır. Təhqiqatçı və digər polis əməkdaşları Təqsirləndirilən şəxs özünün dəvəti ilə onun evində axtarış aparılması görüntüsünü yaratmağa çalışsalar da, faktiki olaraq qanuni əsas və məhkəmənin qərarı olmadan bu istintaq hərəkətini yerinə yetirməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243 və 177-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşlar. Bundan sonra, axtarış istintaq hərəkətini aparan təhqiqatçı və əməliyyat müvəkkilləri bu istintaq hərəkətinin aparılması qaydalarını kobud şəkildə pozaraq axtarışın ilkin olaraq mənzilin giriş hissəsindən başlamaqla mənzilin dərininə axtarış aparmaqla getmək əvəzinə, Təqsirləndirilən şəxs dərhal dəhlizin sonunda sağ tərəfdə yerləşən qonaq otağına salmaqla mənzilin digər otaqlarını nəzarətsiz qoymuşlar, mənzilin giriş qapısı mühafizəsiz qalmaqla evdə olan sair şəxslərin sərbəst hərəkət etmələrinə və narkotik vasitəni aşkar olunduğu yerə qoyula bilməsinə şərait yaratmışlar. Qonaq otağında hər hansı bir qanunsuz əşya aşkar etməyən polis əməkdaşları mənzildə olan digər otaqda, eləcə də hamam və tualet otaqlarında, mətbəxdə və eyvanda narkotik vasitənin gizlədilə bilməsi ehtimalını yoxlamadan mənzili tərk etməyə qərara almışlar və yalnız mənzilin çıxışında olduqda qəflətən çıxış qapısının üstündə olan atresolda (tavanda olan kiçik dolabda) axtarış aparılmasını qərarlaşdırmışlar. Halbuki, birinci video faylın 19:15 dəqiqəsində Təqsirləndirilən şəxs antresola baxdıqda dərhal “bura tərpədilib, səhər evləri səliqəyə salmışdım, belə deyildir, bura tərpədilib kimi” sözləri demişdir. Antresolda olan qəhvəyi rəngli karton qutunun içərisində olan ağ rəngli kisənin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər külli miqdarda kütləni görən Təqsirləndirilən şəxs dərhal buna etiraz etməklə polis əməkdaşlarının bu istintaq hərəkətlərindən əvvəl onu evdə saxladıqlarını, onun əlinə qandal vurub təzyiq etdiklərini, mənzildə sərbəst hərəkət etdiklərini, sonra ona bir büküm narkotik verib bloka çıxarmaqla videoçəkiliş apardıqlarını demişdir. Həmçinin video görüntülərlə müəyyən olunur ki, qonaq otağında axtarış aparılarkən Təqsirləndirilən şəxs arvadı Şahid1, onun uşaqları və daha iki qadın axtarış ümumiyyətlə aparılmayan digər otaqda olmuşlar. Təhqiqatçı və əməliyyat müvəkkilləri tərəfindən isə axtarışa başlamazdan əvvəl onların mənzildə olması barədə heç bir məlumat verilməmiş, onların otağı tərk etməmələri və ünsiyyətdə olmamaları üçün tədbirlər görülməmiş, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.5-ci maddəsinin tələbləri pozulmuşdur. Videogörüntülərdən göründüyü kimi Təqsirləndirilən şəxs etiraz etdikdə o, polis əməkdaşları tərəfindən qonaq otağına salınmaqla otağın qapısı bağlanılmış, onun hərəkəti məhdudlaşdırılmış, sonra isə polis əməkdaşları həmin otağa gedərək maddi sübut kimi aşkar etdikləri narkotik vasitəni mühafizəsiz qoymuşlar. Bundan başqa, istintaq hərəkətini aparan təhqiqatçı həmin narkotik vasitəni prosessual qaydada qablaşdırmadan, yalnız qutunu izolyasiya lenti ilə 3 yerdə bağlamaqla kifayətlənərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapır ki, 6.500 qram çəkidə aşkar olması iddia olunan narkotik vasitə prosessual qaydada qablaşdırılmadan ekspertizaya verilmişdir. Bundan əlavə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 yanvar 2021-ci il tarixli protokola əsasən həmin istintaq hərəkətinin saat 23:05-də başlanılması və saat 23:20-də bitməsi, mənzildə “Baxış və axtarış keçirilməsi haqqında” eyni tarixli protokola əsasən isə həmin istintaq hərəkətinin saat 23:20-də başlanılması və saat 23:45-də bitməsi göstərilsə də, 1-ci video fayla olan videogörünütünün 16:37 və 17:07 dəqiqələrində aşkar şəkildə görünür ki, otağın sağ divarında olan və saniyyə əqrəbinin hərəkət etməsindən işlək vəziyyətdə olması bəlli olan divar saatı müvafiq olaraq saat 22:44 və 22:45 dəqiqələri göstərir. Bundan başqa, 1-ci video faylın 19:15 dəqiqəsində qonaq otağında masanın üzərində olan 3 fincan çay və şirniyyatın olması həm Təqsirləndirilən şəxs, həm də Şahid1 ifadələrində göstərdikləri xüsusatları, yəni polis əməkdaşlarının onların evlərinə videoçəkilişdən əvvəl gələrək şirniyyatla çay içmələrini təsdiq edən daha bir dəlildir. Həmçinin istintaq zamanı verdiyi ifadəsində Şahid1 aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə ilə dolu kisənin Təqsirləndirilən şəxs tərəfindən evə gətirilməsi göstərsə də, videoçəkilişin ikinci faylında 01:30 və 02:50 dəqiqələrində aşkar görünür ki, Şahid1 həmin kisəni əvvəl görmədiyini və bundan xəbərinin olmadığını deyir. Cinayət işinin materiallarında olan “CD” diskə baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş diskdə olan məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 istifadəsində olan ***-***- **-** nömrəsinə hadisədən bir neçə gün əvvəl zəng edərək danışıqlar aparmışdır. Belə ki, Şahid1 26 dekabr 2021-ci il tarixdə saat 12:36-da və 16:42-də polis mayoru Şahid6 zəng edərək müvafiq olaraq 119 və 9 saniyə ərzində danışıqlar aparmışdır. 29 dekabr 2020-ci il tarixdə isə saat 09:48-də Şahid6 Şahid1 zəng edərək 30 saniyə ərzində danışıq aparmışdır. (Cild 1, iş vərəqə 231-233). Qeyd edilənlər Şahid1 məhkəməyək icraat zamanı verdiyi ifadəsində səmimi olmamasına və Təqsirləndirilən şəxs qarşı qərəzli olmasına işarə edən digər xüsusatlardı ki, məhkəmə sübutların həqiqiliyinə qiymət verərkən bunları təqsirləndirilən şəxsin xeyrinə nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-biloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli 7/21 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə” yazılar və imzalar olan zərfdəki üzərində “BETA TEA” yazısı olan gümüşü rəngli çay paketinin içərisində bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi - 0,830 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qəhvəyi rəngli karton qutuda 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 6.500,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Ekspert rəyinin nəticə və təsviri-əsaslandırıcı hissələrindən göründüyü kimi tədqiqata təqdim olunmuş qəhvəyi rəngli karton qutuda 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 6.500,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə prosessual qaydada qablaşdırılmadan və möhürlənmədən ekspertizaya təqdim edilmişdir. (Cild 1, iş vərəqə 44-48). Bundan başqa, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 mart 2021-ci il tarixli 803 №-li rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs arvadı Şahid1 ifadəsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ondan daima narkotik üçün pul almış, həmçinin ev əşyalarını da sataraq narkotik əldə etmişdir. Məhkəmə qeyd edir ki, iş yeri və daimi qazancı olmayan, arvadından narkotik üçün pul alan və ev əşyalarını narkotik əldə etmək üçün satan, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin külli miqdarda narkotik vasitəni əldə edərək evdə saxlaması kimi istintaqın gəldiyi nəticə, işin bu kimi halları ilə də uyğunsuzluq təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs axtarış aparılarkən videoçəkilişdə və istintaqa verdiyi ifadələrində külli miqdarda narkotik vasitənin ona məxsus olmadığını, evinə xəbəri olmadan qoyulduğunu bildirmişdir. Onun arvadı Şahid1 istintaq zamanı verdiyi ifadəsində aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə ilə dolu kisənin Təqsirləndirilən şəxs tərəfindən evə gətirilməsi göstərsə də, videoçəkilişdə və məhkəmədə verdiyi ifadəsində Şahid1 həmin kisəni əvvəl görmədiyini, Anar tərəfindən gətirilmədiyini və bundan xəbərinin olmadığını bildir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq materialları ilə tam sübuta yetirilmişdir” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, şəxsi axtarış və mənzildə axtarışa dair protokollarda göstərilən vaxt ilə real vaxt arasında uyğunsuzluğun olması, eləcə də axtarışın aparılması qaydasının kobud şəkildə pozulması, Təqsirləndirilən şəxs arvadının onunla qərəzli münasibətlərdə olmasına baxmayaraq mənzilin narkotik vasitə aşkar olunduğu hissəsinin xeyli vaxt mühafizəsiz qalması və digər şəxslərin ora sərbəst daxil ola bilməsi ilə bağlı da bütün şübhələr Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun prosessual qaydada qablaşdırılmadan ekspertizaya təqdim edilməsi onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X3rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X6 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evində aparılan axtarış zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6.500,68 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizasının aparılması ilə bağlı 66,46 manat məbləğində ekspertiza xərci ona aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. (Cild 1, iş vərəqə 44-48). Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə maddi sübut olan Abşeron rayon Polis İdarəsində saxlanılan 6.500,68 qram çəkidə qurudulmuş marixuana həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-14/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-14/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver