Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-140/2025 15.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Abşeron rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xızı rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda, yəni 460 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana əldə edərək əynindəki qara rəngli paltonun sol iç hissəsində bir ədəd sellofan torbada, qurudulmuş marixuananı saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 09 yanvar 2024-cü il tarixdə saat 11:30 dəqiqədə, Xızı rayonu Sitalçay kənd ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 13:10 dəqiqədən 13:26 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynindəki qara rəngli paltonun sol iç hissəsindən bir ədəd göy rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 460,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün külli miqdarda 2510 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana əldə edərək göy rəngli polietilen torbanin içərisində qara rəngli sellofan torbada saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 03 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində, Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 13:20 dəqiqədən saat 13:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əlində olan göy rəngli torbanın içərisində olan qara rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 2.510 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2024-cü ilin iyun ayında həmin toxumları qəsdən Xızı rayonu Sitalçay kəndində su kanalının yanında açıq otlaq sahəsində kolların arasında torpaqda dörd ədəd plastik qabda qanunsuz olaraq əkib 13 (on üç) ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında, 27 iyun 2024-cü il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 15:30 dəqiqədən saat 15:47 dəqiqəyədək olan müddət ərzində həmin plastik qablara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 0,49 qram olmaqla, hündürlükləri 9 sm-dən 20 sm-dək olan olan, ümumilikdə xeyli miqdarda 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 ildir narkotik vasitədən istifadə edir. 09 yanvar 2024-cü il tarixdə atası İsa Səfərov evdə sosial-məişət zəminində baş verən münaqişələr ucbatından ərazi üzrə polis bölməsinə zəng edib şikayət eləmişdir. Baş verən münaqişələr adətən evdə 2 əqli cəhətdən problem qızlara görə olurdu. Onların halına baxıb pis olur, özünü sakitləşdirmək üçün narkotik vasitədən istifadə edirdi və buna görə evi, ətrafı dağıdırdı. Atası ilə buna görə dəfələrlə mübahisə etmişlər. Bu zaman Xızı rayonu Sitalçay kəndindən Xızı rayon PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.İlk dəfə şikayətindən sonra buraxılmışdır. Daha sonra yenə şikayət etmiş və ikinci dəfə, yəni 03 aprel 2024-cü il tarixdə tutulmuşdur. Sonra yenə buraxmışlar. Sonra yenə tutulub Xızı rayon PB-nə aparılmışdır. Saxlanılan zaman səhər saatları olmuşdur.Ona polis əməkdaşları tərəfindən psixoloji və fiziki təzyiq göstərilmişdir. Buna görə də etiraf edici ifadələr vermişdir. Tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.1, 234-1.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində gsötərmişdir ki, 2002-ci ildən müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Üzərində aşkar olunan 460 qram və 2510 qram narkotik vasitə olan “ nəşə” ona aiddir. 13 ədəd kapron qablarda əkib həmin qablarda torpağa basdırdığı çətənə bitkisi də ona aiddir. Əvvəllər narkotikdən istifadə etdiyinə görə tutulmuşdur. Narkotikdən istifadə etdiyinə görə ailəsi ilə münasibətləri yaxşı deyil. Narkotik maddələrdən istifadə etsə də heç vaxt satmamışdır. 09 yanvar 2024-cü il tarixdə saat 11:30 dəqiqədə Xızı rayonu Sitalçay kənd ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinə gətirilərək üzərinizə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynində qara rəngli paltonun sol iç hissəsindən bir ədəd göy rəngli sellofan torbada aşkar olunmuş 460,0 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana barədə bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur. Həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə, səhər vaxtı, təxminəmn saat 10 radələrində Sumqayıt şəhərinə iş axtarmaq üçün gedərkən yaşadığı Xızı rayonu, Sitalçay kəndində körpünün yaxınlığında yol kənarında tapmışdır. Həmin yerdə üzəri bir az palçıq olmuş köhnə qış gödəkçəsi görmüş, həmin gödəkçəni yerdən götürərkən içərisindən göy rəngli sellofan torba düşmüş, həmin torbanı açıb baxanda içində nəşə kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Ətrafda heç kim olmadığına əmin olub, həmin torbanı əynində olan paltonun sol iç hissəsində gizlətmiş və həmin yolu ilə yaşadığı evə doğru istiqamətdə qayıtmışdır. Piyada bir qədər getdikdən sonra yolda mülki geyimli şəxslər ona yaxınlaşıb özlərin polis əməkdaşları olduğunu deyib onu narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra polis şöbəsinə gətirilmiş, orada hüquqları izah edilmiş, vəkil Ramil Yusifovu seçdikdən və sonuncu gəldikdən sonra şübhəli kimi tutulmuş və üzərimnə axtarış aparılmışdır. Əynində olan paltonun iç hissəsində gizlətdiyi içərisində “nəşə” olan sellofan torbanı təqdim etmişdir. O, həmçinin, 03 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində, Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək üzərinizdə aparılmış şəxsi axtarış zamanı əlində olan göy rəngli torbanın içərisində olan qara rəngli sellofan torbada aşkar olunmuş 2510 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana barədə bildirmişdir ki, ona məxsusdur. 02 aprel 2024-cü il tarixdə, günortadan sonra, axmaşa doğru, təxminən saat 18 radələrində Xızı rayonu, Sitalçay kəndində yol kənarında tapmışdır. Rəsmi heç yerdə işləməsə də, fəhləlik edirək, dəmir məmulatları satmaqla dolanışığını təmin edir. Həmin günü dəmir məmulatları yığarkən, göy rəngli torba diqqətini çəkmiş, torbanı yerdən götürüb içinə baxdıqda içərisində qara rəngli sellofan torba görmüş, onu açıb baxanda içində “nəşə” kimi tanıdığı marixuana olmuşdur. Evdə atası görsə polisə şikayət edə biləcəyindən qormuş, marixuanının üzərindən bir az götürüb torbanı kolların arasında gizlətmişdir. Götürdüyü bir az marixuanadan axşam evdə heç kəs olmayanda istifadə etmişdir. Səhəri gün, təxminən 10-11 arası yaşadığı evdən çıxıb qurudulmuş marixuananı gizlətdiyi yerə getdmişdir. Torba qoyduğu yerdə olmuş, onu götürüb etibarlı yerə gizlətmək üçün piyada yolun kənarı ilə hərəkət etməyə başlamışdır. Xeyli yol getdikdən sonra Sitalçay kəndinin mərkəzinə bir qədər qalmış 3 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərin polis əməkdaşları olduğunu bildirib narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Daha sonra polis şöbəsinə gətirilmiş, orada hüquqları izah edilmiş, seçdiyi vəkil Ramil Yusifovu gəldikdən sonra şübhəli kimi tutulmuş və üzərimdə axtarış keçirilmişdir. Əlində olan həmin marixuana olan torbanı təqdim etmişdir. O, həmçinin 27 iyun 2023-ci il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Xızı rayonu, Sitalçay kəndində Sitalçay bələdiyyəsinə aid otlaq sahəsində torpaqda 4 ədəd plastik qablarda ümumi təmiz çəkisi 0, 49 qram olmaqla, hündürlükləri 9 sm-dən 20 sm-dək olan olan, ümumilikdə xeyli miqdarda 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməsi faktı ilə bağlı bildirmişdir ki, təxminən çətənə bitkilərinin toxumlarını 1,5-2 ay əvvəl Xızı rayon Sitalçay kəndi ərazisində tapmış, onları gələcəkdə əkmək üçün toxumları həyətlərində daşların arasında saxlamışdır. Evdə əkib saxlamaqdan ehtiyat etdiyi üçün toxumları əkmək üçün uyğun yer axtarmış, kənddə heç kimin görə bilməyəcəyi yerlərə baxmışdır. Əvvəllər çətənə bitkisi əkməmiş, amma toxumu tapandan sonra onda maraq yaranmışdır. Təxminən 1 ay əvvəl, iyun ayının əvvələrində Xızı rayon Sitalçay kəndi ərazisindən keçən su kanalının yanında kolluq sahəsini görmüş, həmin yer kənd camaatının gəlmədiyini, həm də su kanalına yaxın olduğu üçün toxumları sulamağın rahat ola biləcəyini düşünmüşdür. Buna görə də evdən götürdüyü və küçədən tapdığı ümumilikdə 4 ədəd plastik qablarda çətənə toxumları əkmiş və həmin qablarda kolun arasında torpağa basdırmışdır. Tez-tez həmin yerə gedib sulamış, torpağı təmizləmiş, dibini yumşaltmışdır. Bitkiləri ayrı-ayrı qabda əkməkdə məqsədi o olmuçdur ki, toxumlar cücərsə qabların yerini dəyişə bilər, evdə heç kəs olmayanda da evə aparıb qurudub istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində əkdiyi çətənə bitkisinə baxmaq və suvarmaq istəyərkən həmin yerdə, yəni su kanalının yaxınlığında yerləşən açıq otlaq sahəsində mülkü geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib narkotik tərkibli bitkilərin əkməsi barədə onlarda məlumat olduqlarını deyib vəkil gəldikdən sonra əraziyə baxış keçirəcəklərini bildirmişlər. Əkdiyi çətənə bitkisini polislər də görmüş, ona görə də etiraf edib bir ay əvvəl həmin bitkiləri əkdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə orada gözləmiş, bir qədər sonra müstəntiq və aqronom gəlmiş, müstəntiq həmin şəxsin X4 olduğunu bildirdikdən sonra ona etirazı olub-olmadığını soruşmuşdur. Müstəntiq tərəfindən hüquqları izah olunmuş, vəkillər siyahısından vəkili olduğu üçün tanıdığı Ramil Yusifovu seçmiş, Ramil Yusifov gəldikdən sonra ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bitkiləri əkdiyi yerə baxış keçirilmiş, müstəntiq kapron qabda basdırdığı 13 ədəd çətənə bitkilərini kökündən çıxarıb zərfə qoyub qablaşdırmışdır. O, bildirmişdir ki, marixuana istifadəçisidir. Marixuananı öz istifadəsi üçün nəzərdə tutmuş, heç kimə pay verməmiş, satmaq fikrim olmamışdır. Polis əməkdaşları tərəfindən ona qraşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqləri 42-44, 62-65, 77-80, 127-130, 157-160, 217-219,238-246, cild 2, iş vərəqləri 73-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı rayon polis şöbəsinin Xızı rayon polis şöbəsinin KMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 27 iyun 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Sitalçay kəndində yerləşən açıq sahədə yerləşən su kanalının yaxınlığında narkotik tərkibli çətənə bitkisinin əkməsi, kultivasiya etməsi barədə olmuşdur. Bununla bağlı əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 iştirak etmişdir.Təqsirləndirilən şəxs saxlanılan zaman onunla aparılan sorğu zamanı çətənə bitkisinin toxumlarını tapıb əkdiyini və marixuana əldə etdiyini səmimi etiraf etmişdir. Əkin sahəsi balaca olmuş, əkinin təxmini hündürlüyü 13-14 sm olmuşdur. Ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Ona qarşı heç bir polis əməkdaşı tərəfindən fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin saxlanması, istifadəsi və daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 9 yanvar 2024-cü il tarixdə təxmini saat 11:00-12:00 radələrində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olması ilə əlaqədar onu polis idarəsinə aparmağı təklif etmişlər. O, etiraz etməmişdir. Şübhəli şəxs qismində Xızı RPŞ-nə gətirildikdə hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Narkotik vasitə ola marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 3 aprel 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istifadəsi ilə bağlı olmuşdur. 9 yanvar 2024-cü il tarixdə saxlanılması zamanı o da iştirak etmişdir. Saxlanıldıqdan sonra özlərini təqdim etmiş, üzərində narkotik vasitə olması ilə əlaqədar onu polis idarəsinə aparmağı təklif etmişlər. O, etiraz etməmişdir. Şübhəli şəxs qismində Xızı RPŞ-nə gətirildikdə hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin atasının şikayəti əsasında deyil, daxil olmuş əməliyyat məlumatına əsasən onu saxlamışlar. Saxlanılarkən ona heç bir təzyiq olunmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs tufeyli həyat tərzi keçirir, evdə narkotik vasitələrdən istifadə edir və evdə mübahisə çıxarırdı. Buna görə də o, oğlunu peşman etmək üçün 31 dekabr 2023-cü il tarixdə onun barəsində Xızı RPŞ-nə şikayət etmişdir. O, oğlunun narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir, lakin ittiham aktında əlavə fərqli məlumatlar da qeyd olunmuşdur. Oğlu narkotik vasitələrin əkini ilə məşğul olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis kapitanı rütbəsində olmuşdur. Xızı rayonu Sitalçay kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 03 aprel 2024-cü il tarixdə Xızı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Xızı rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildi. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, onun üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəhbərliyi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Xızı rayon polis şöbəsinin 03 aprel 2024-cü il tarixli əmri ilə onun, CAB-ın əməliyyat müvəkkili polis mayoru Oktay Ağacanovun və KTQ-nin inspektorkriminalisti polis baş leytenantı Vaqif Hcıyevin iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün o, Oktay Ağacanov və Vaqif Hacıyevlə birlikdə polis şöbəsindən çıxıb Xızı rayonu Sitalçay kəndinə getmişlər. Saat 12:00 radələrində onlar Təqsirləndirilən şəxs həmin qəsəbədə yolun kənarı ilə piyadə əlində göy rəngli torba ilə gedərkən görmüş və ona yaxınlaşmışlar. Həmin vaxt, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, üzərində şəxsi axtarış aparılması üçün qərar qəbul edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncunu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçıya təhvil vermişlər. Baş təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 müdafiəçi təyin edilmişdir. Xidməti iş otağında təhqiqatçı onun, Oktay Ağacanovun və Ramil Yusifovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. İnspektor-kriminalist Vaqif Hacıyev mobil telefon vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Təhqiqatçı Səfərə hüquq və vəzifələrini sadalamış, üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu göy rəngli torbanı masnın üzərinə qoymuşdur.Sonra yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz maddə, əşya və predmet aşkar edilməmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, içərisində göy rəngli narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs marixuananı Xızı rayon Sitalçay kəndi ərazisində bir gün əvvəl yolun kənarında tapdığını, istifadə etmək üçün üzərində saxladığını, hər hansı bir şəxsə satmadığını bildirmişdir. Baş təhqiqatçı marixuanaya bənzər kütləni bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırdı, möhürlədi, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim edilmək üçün götürmüşdür. Bundan sonra Səfərin üzərində keçirilən şəxsi axtarış başa çatmışdır. Təhqiqatçı protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid4, həmçinin, ifadəsində göstərmişdir ki, Səfərin 2510,0 qram miqdarında qurudulmuş marixuananı haradan əldə etdiyini bilməmişdir. Səfərin həmin qurudulmuş marixuananı haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Səfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Səfər marixuana istifadə etmiş və 2510,0 qram miqdarında qurudulmuş marixuananı istifadə etmək üçün əldə etmiş və üzərində saxlamışdır. Səfərlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. (Cild 1, iş vərəqləri 165-168) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sol iç hissəsindən bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 212-215) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli torbanın içərisində olan qara rəngli sellofan torbada narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(Cild 1, iş vərəqləri 121-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış aparılması barədə” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xızı rayonu Sitalçay kəndində su kanalının yanında açıq otlaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi kolların arasında torpaqda dörd ədəd plastik qabda qanunsuz olaraq əkib 13 (on üç) ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-36) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli və 03 aprel 2024-cü il tarixli, həmçinin 27 iyun 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 03 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və baxış aparılması zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 37, 126, 216) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 3- 16-16/2-7/1056 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 13 (on üç) ədəd quru vəziyyətdə ümumi çəkisi 0,49 qram olan bitkilər əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 45-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16-2-7/536 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadaki 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi - 2510 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 135-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 7/40 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi - 460,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 224-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 05 mart 2024-cü il tarixli 1456 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 56-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin xx.xx.2024-cü il tarixli 2598 nömrəli məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görədə o, ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22 maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 103-106) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,8 qram və 2509,8 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin 13 ədəd çətənə bitkisindən qalıq qalan 0,23 qram maddi sübut kimi tanınaraq Xızı RPŞ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(cild 1, iş vərəqləri 117-133) Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması, üzərində narkotik vasitə olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən təqsirləndirilən şəxsin ailə üzvünün (atasının) məhkəmədə verdiyi ifadəsində oğlunun narkotik vasitələrin plantasiyası ilə məşğul olmaması və digər onun mənafeyinə uyğun göstərdikləri xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli ağır və CM-nin 234.1 və 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xızı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 2, iş vərəqləri 10-17,100-102) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra 03 aprel 2024-cü il taridə şübhəli şəxs qismində tutulmuş, 05 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, 27 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xızı rayon məhkəməsinin 29 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 90-93) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan 2969,6 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin 0,23 qram çəkidı 13 ədəd çətənə bitkisi qalıqları məhv edilməlidir. İş üzrə maddi sübut olan disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 228 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək və 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 06 gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xızı RPŞ-də saxlanılan 2.969,6 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin 0,23 qram çəkidə olan 13 ədəd çətənə bitkisinin qalıqları məhv edilsin. İş üzrə maddi sübut olan disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-140/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-140/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver