Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-141/2025 23.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə. qanunsuz olaraq, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 180,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 13.022 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə özünə məxsus qara rəngli çantada saxlamaqla daşımış, 22 iyun 2024-cü il tarixdə, saat 17:33 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 13/34 nömrəli binanın yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla polis idarəsinə aparılaraq üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin təmiz çəkisi 180,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 13,022 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin çiynində asmış olduğu qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 iyun 2024-cü il tarixdə saat 12:00 radələrində qapı döyülmüşdür. Qapını açan zaman polis əməkdaşları ona bildirmişdir ki, müstəntiq onunla görüşmək istəyir. Sonra paltarlarını yığmış, onu Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Ona narkotik vasitəni vermişlər və Novxanıdan tapıb götürdüklərini demişlər. O, 1992-1993-cü illərdən etibarən tiryək, metadon və heroin növündə narkotik vasitə istifadə etmişdir. Lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən zor tətbiq olunmasa da, 7-8 nəfər polis əməkdaşı üstünə gəlmişdir. Saxlanılan zaman üzərində heç nə olmamışdır. İttiham aktında qeyd olunmuş narkotik vasitəni videoçəkiliş zamanı üzərinə götürməyini demişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, uzun müddətdir müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 22 iyun 2024-cü il tarixdə, təxminən saat 17:33 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O. da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Polis idarəsində olan zaman ona şübhəli şəxs qismində tudacağı və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Sonra isə özünün seçdiyi vəkil Müdafiəçi1 və onu saxlayan polis əməkdaşlarının və 1 nəfər xanımın iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki. üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O, da sağ çiynindən asdığı qara rəngli çantanı çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Mən həmin çantanın içərisində üç ədəd şəffaf rəngli yapışqan lentlə bərkidilmiş büküm olduğunu və onların kakos və şüşə olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman ikisinin içərisində "kakos". yəni narkotik vasitə heroin. digərinin içərisində isə “şüşə", yəni psixotrop maddə olan metamfetamin olması ıuüəyən olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilərkən qəhvəyi rəngli bükümün 243 qram, qəhvəyi rəngli 2-ci bükümün 70 qram, ümumi çəkilərinin 314 qram, ağ rəngli 3-cü bükümün 18 qram olduğu müəyyən edilmişdir. Ondan həmin bükümləri haradan əldə etdiyini soruşduqda xx.xx.2024-cü il tarixdə Novxanı bağlar massivində zibil qutusundan tapdığını bildirmişdir. Sonra isə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkilərək çəkiləri müəyyən edildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış və zərfə qoyularaq qablaşdırılmış, o da həmin zərfin üzərinə imza etmişdir. Uzun müddətdir narkotik vasitə istifadə etməsinə baxmayaraq heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş heroin və metamfetamini özü istifadə etmək üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi istifadəsində mobil telefonu olmadığından nömrəsi də yoxdur. (Cild 1, iş vərəqləri 69-71) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 22 iyun 2024-cü il tarixdə saat 17:33 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş və özlərini təqdim etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Müdafiəçinin iştorakı ilə şəxsi axtarış keçirilən zaman 02 bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, bir ədəd bükümün içərisində isə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Əməliyyat qrupunda o və Şahid2 olmuşdur. Saxlanılan zaman heç bir təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 98-100) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O, da sağ çiynindən asdığı qara rəngli çantanı çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Çantanın içərisində üç ədəd şəffaf rəngli yapışqan lentlə bərkidilmiş büküm olmuş və həmin bükümlərə baxış keçirilən zaman ikisinin içərisində narkotik vasitə heroinə bənzər digərinin içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 28-29) “Şəxsi axtarışın keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cti il tarixli, 3-16-16/2-6/3339 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 180.187 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. bir ədəd bükümdə təmiz çəkisi 13,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 53.414 qram olan maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 41-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 107-108) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1037 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 56-58) Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 180,087 qram heroin və təmiz qalıq çəkisi 12.972 qram metamfetamin madi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 119- 126) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etməsi, tutulduğu zaman üzərində narkotik vasitə olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə bu qənaətə gələrkən həm narkotik vasitə, həm də psixotrop maddələrin həcminin külli miqdarda olmasını, növ müxtəlifliyinin mövcudluğunu da əsas götürür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində 1 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəza çəkilmişdir. Bundan başqa, o, Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 04 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (Cild 1, iş vərəqləri 88-89) Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Mətanət Mehdizadəyə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti qəti cəza müddətindən çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub iş üzrə maddi sübut olub ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 180,087 qram heroin və təmiz qalıq çəkisi 12.972 qram metamfetamin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılsın və çıxılmaqla ona 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 180,087 qram olan narkotik vasitə heroin və təmiz qalıq çəkisi 12,972 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-141/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-141/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver