Məhkəmə qərarları › İş №1(124)-142/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-142/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-142/2022 28.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Müdafiəçi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Müdafiəçi satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Müdafiəçi satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 8,337 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Müdafiəçi barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Müdafiəçi 18 avqust 2021-ci il tarixdə saat 20:35-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,580 qram və 4,757 qram olmaqla ümumi təmiz çəkisi 8,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Müdafiəçi ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə istifadəçisi deyildir, ümumiyyətlə istifadə etməmişdir. 2021-ci ilin avqust ayının 17-də saat 22:00 radələrində avtomobil alverindən tanıdığı dostu ona zəng edərək avtomobilinin benzininin bitdiyini demiş, o da benzin alaraq onun yanına getmişdir. Onlar avtomobili Sumqayıt şəhərində yerləşən “Mero” adlanan əraziyə çatmadan yolun sağ tərəfində saxlamışlar. Onu orada qara maskalı şəxslər tutmuş, onlardan nə səbəbə saxlanıldığını soruşduqda “gedərik baş idarəyə, orada araşdırarıq, sizə dəqiq məlumat verilər” demişlər. 33 yaşı var, bu zamana qədər spirtli içki belə içməmiş, narkotik vasitə qəbul etməmişdir. Birlikdə saxlanıldığı səkkiz nəfərin dördünü tanıyır, ancaq digər dörd nəfəri qətiyyən tanımır. Onları “Mero” adlanan əraziyə çatmadan yolun sağ tərəfində saxladıqdan sonra saat təxminən 22:00-22:30 radələrində polis bölməsinə gətirmişlər. Saxlanılarkən üzərində narkotik vasitə, heroin olmamışdır. Elçin adlı polis ona “bunun adı heroindir, yəni kakosdur” demişdir. Polis Bölməsində onu döymüş, ona qarşı işgəncələr tətbiq etmişlər. Təxminən 08:00-08:30-da Baş Mütəşəkkilin əməkdaşları gəlmiş, onları birbir ikinci mərtəbəyə qaldırmışlar. Sonra 1-ci polis bölməsinə gətirmiş, Azər müəllim və başqa polislər ona “hadisəni necə deyirik sən də elə deyərsən” demişlər. Guya o, zibil atmaq üçün getdiyi zaman zibillikdən büküm tapmış və onu cibinə qoymuşdur, ardınca isə “Diva SPA”nın qarşısına gəlmiş, orada saxlanılmışdır. Lakin o, həmin gün “Diva SPA”nın qarşısında olmamışdır. Həmçinin o, avqust ayının 17-də tutulmasına baxmayaraq həmin ayın 18-i tutulmuş kimi rəsmiləşdirilmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin üzərində heç bir narkotik vasitə olmaması, narkotik vasitəni qanunsuz əldə etməməsi, saxlamaması və s. hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs Müdafiəçi özü də istintaq zamanı verdiyi ifadəsində əməlini qismən etiraf etmiş, satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Belə ki, istintaq zamanı təqsirləndirilən şəxs Müdafiəçi göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə yaşadığı evdən çıxmışdır və zibil atmaq üçün zibilxanaya tərəf getmişdir. Evinin yerləşdiyi küçədə zibilxananın yanına çatanda yerdə iki ədəd sellofan bükümdə nəyinsə olduğunu görmüşdür. Həmin sellofanlar marağını çəkdiyi üçün onları yerdən götürmüşdür. Həmin sellofanlarınn hər birinin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitələri istifadə etmək niyyətində olduğu üçün həmin iki ədəd sellofan bükümü götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Lakin başı qarışıq olduğu üçün həmin narkotik vasitələri istifadə edə bilməmiş və həmin narkotik vasitələr cibində qalmışdır. 18 avqust 2021-ci il tarixdə saat 20:35 radələrində Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında tək dayandığı zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ona özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, qərarla tanış edib, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən razılaşıb onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis Bölməsində ona müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış başlayanda ona üzərindəki əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, 50 manat pulu və iki ədəd açarı, şalvarının sol yan cibindən isə İphone markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan həmin iki ədəd bükümdə nə olduğunu soruşanda polis əməkdaşlarına bildirmişdir ki, həmin kütlələrin hər birinin içərisində narkotik vasitə heroin vardır və həmin heroini Sumqayıt şəhərində yaşadığı küçədə zibilxananın yanından tapmışdır, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış aparılsa da başqa heç nə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 18 avqust 2021-ci il tarixdə Müdafiəçi qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar Baş İdarə rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün qrup yaradılmışdır. Lakin Müdafiəçi tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı keçiriləcək tədbirlərin Sumqayıt şəhəri ərazisi olduğunu nəzərə alıb birgə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmin məktub əsasında Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən əmr imzalanmışdır. Əmrə əsasən Müdafiəçi ətrafında keçiriləcək tədbirlərdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və həmin şöbənin kiçik inspektoru, polis kiçik serjantı Şahid4 iştirak etmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Müdafiəçi Sumqayıt şəhəri, 17-ci mikrorayonunda yerləşən Diva Spa sağlamlıq mərkəzinin yaxınlığında saat 20:35-də əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirilmişdir. Bu məqsədlə tərəfindən 1-ci Polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Bundan sonra Müdafiəçi şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuş, müdafiəçi gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Müdafiəçi paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Müdafiəçi üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofana bükülmüş kütləni çıxardaraq masanın üzərinə qoymuş, həmin iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu və heroinləri Sumqayıt şəhərində yaşadığı küçədə zibilxananın yanından tapıb üzərində öz istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan raportdan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Müdafiəçi xx.xx.2021-ci il tarixdə, saat 20:35-də Sumqayıt şəhəri 17-ci mikrorayon “Diva Spa” sağlamlıq mərkəzinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (i.v.38) İşdə olan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Müdafiəçi cinayət əməlini ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsilə qeyri mümkünlüyünü nəzərə alaraq əməliyyat qrupu yaradılması, onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi və saxlanılan zaman onun üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. (i.v. 5-6 ) İşdə olan 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 18 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin təhqiqatçısı X3 tərəfindən Müdafiəçi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21-22) İşdə olan qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Müdafiəçi barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 18 avqust 2021-ci ildən hesablanmışdır. (i.v. 94-98) İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə saat 20:35 radələrində Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında saxlanılmış Müdafiəçi Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (i.v.31-34) Məhkəmə iclasında Müdafiəçi üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli, 6/3598 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 125 dairəvi möhür əksi olan, “Şübhəli şəxs Müdafiəçi” Sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,580 qram, 4,757 qram, ümumi təmiz çəkisi 8,337 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Heroinin ümumi təmiz çəkisi – 8,337 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 8,237 qram) (i.v.45-49) İşə əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 sentyabr 2021ci il tarixli, 3633 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Müdafiəçi opioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Müdafiəçi müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Müdafiəçi NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, Müdafiəçi öz deməsinə görə təxminən bir neçə müddətdir ki, arabir, düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. (i.v 147-148) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Müdafiəçi əvvəllər məhkum olunmamışdır. (i.v. 122-123) İş materiallarında olan qərarlardan görünür ki, Müdafiəçi üzərindən götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,237 qram olan heroin və bir ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 106-109, 149-154) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müdafiəçi məhkəmə hazırlıq iclasında döyülməsi ilə bağlı verdiyi məlumat araşdırılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmiş, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Pərvin Ocaqverdiyevin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 mart 2022-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Müdafiəçi qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır, amma bu satış məqsədi ilə edilməmişdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, bu hissədə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Göstərilənlərlə bərabər, tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Müdafiəçi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, ona irəli sürülmüş bu ittihamın əsasını yalnız onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı təşkil edir. Narkotik vasitənin miqdarının çoxluğu yalnız ehtimaldır ki, bunun da əsasında qanuni nəticəyə gəlmək olmur. Bundan başqa, Müdafiəçi şübhəli şəxs qismində tutulduğu anda və sonrakı dövrdə ifadələrində bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün üzərində saxlamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dəlillərini, işin hallarını nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını gücləndirəcək əlavə heç bir sübutu əldə etməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin miqdarı özü-özlüyündə ayrılıqda, digər hər hansı sübut olmadan Müdafiəçi məqsədinin məhz satış məqsədi olmasının həlledici meyarı kimi çıxış edə bilməz. Müdafiəçi məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut işdə yoxdur. Deyilənlərin təsdiqi kimi nəzərə almaq lazımdır ki, ibtidai istintaqı aparan orqan Müdafiəçi götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı araşdırılmış və cavab verilmişdir ki, Müdafiəçi götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla bərabər, ibtidai istintaqı aparan orqanın vəsatətinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə Müdafiəçi ***-***- **-** və ***-***-**-** saylı telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində edilən zənglərin və sms-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi, SMS mətnləri, sms-lərin məzmunları, nömrə sahibləri və onların barəsində məlumatların “Baksell MMC-dən götürülməsi barədə qərar verilmiş, həmin məlumatlar təqdim edilmiş, ancaq Müdafiəçi tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Həmçinin həmin məlumatlardan görünür ki, Müdafiəçi telefonu 17-18 avqust 2021-ci il tarixlərdə aktiv olmuşdur. İşdə əsas sübutlardan biri videoçəkilişlə Müdafiəçi üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarətdir. Həmin görüntülərdə Müdafiəçi 18 avqust 2021-ci il tarixdə saat 20:35-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilməsi və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,580 qram və 4,757 qram olmaqla ümumi təmiz çəkisi 8,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülməsi təsdiq edilir. Müdafiəçi ümumi təmiz çəkisi 8,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunması ayrılıqda, digər sübutlar olmadan onun satış məqsədini təsdiq etmir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Müdafiəçi satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Müdafiəçi tutularkən döyülməsi ilə bağlı məhkəmə hazırlıq iclasında göstərdikləri tam, obyektiv və hərtərəfli qaydada, digər sübutlarla müqayisə edilməklə araşdırılmış, amma təsdiq edilməmişdir. Eyni zamanda, Müdafiəçi döyülməsi və ona xəsarət yetirilməsi ilə bağlı hallar Sumqayıt şəhər prokurorluğunda ayrıca araşdırılmış, təsdiq edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Müdafiəçi satış məqsədi ilə narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilmədi, ibtidai istintaq da belə sübut əldə etməmişdir. Müdafiəçi narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Müdafiəçi satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Müdafiəçi əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Müdafiəçi özünü təqsirli bilməməsi, ifadəsini dəyişməsi, narkotik vasitələrin ona aid olmaması barədə göstərdikləri ilə bağlı qeyd edir ki, bu onun seçdiyi müdafiə vasitəsidir. O, Qanunla ona verilmiş hüquqlardan istifadə edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Müdafiəçi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Müdafiəçi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərkibi Müdafiəçi ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Müdafiəçi cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Müdafiəçi təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Müdafiəçi azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Müdafiəçi tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,237 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Müdafiəçi hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən (müqavilə üzrə vəkil işə buraxılana qədər) məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil X2 tərəfindən 5 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Müdafiəçi barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Müdafiəçi ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Müdafiəçi 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,237 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Müdafiəçi verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar