Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-143/2025 12.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Methadone 40” əmtəə göstəriciləri olan 05 ədəd konvalyutda “F/M40” yazısı həkk olunmuş tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda ümumilikdə 50 ədəd açıqqəhvəyi rəngli həbləri əldə edib üzərində qanunsuz saxlayaraq Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 16 ünvanında yerləşən “Kontakt Home” mağazasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 10:40-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 12:43dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ çiynindən asdığı çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 05 ədəd “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, belə bir hadisə haqqında danışmaq onun üçün çox çətindir. Çünki ittiham aktında yazılan hər şey yanlış və saxtadır. İttihamın təqdim etdiyi sübutlarla bağlı bildirmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsində də göstərilir ki, işgəncə, hədə-qorxu, aldatma və s. yollarla əldə olunan hər hansı bir sənəd sübut kimi qəbul oluna bilməz. Cinayət işi materiallarında olan çəkiliş ona qarşı olunan çoxsaylı fiziki təzyiqin və aldatmanın nəticəsidir. Guya ki, o haradansa dərman tapıb götürmüşdür. 21 iyun 2024-cü il tarixində 15 ildir yaşadığı və işlədiyi Avstraliyadan valideynlərini görmək üçün gəlmiş və həmin tarixdən ayın 24-ünə qədər həm Keşləyə qaynanasıgilə, sonra dostuyla xalasıgilə Saray qəsəbəsinə getmişdir, bunu həmin şəxslər də təsdiq edə bilərlər. Ayın 23-ü də Sumqayıt şəhərində ailə üzvlərilə birlikdə olmuş, 24-ü səhərisi evdən bazarlıq etmək üçün çıxmış, az bir məsafə getdikdən sonra qarşısında bir maşın dayanmış, qara maskalı şəxslər düşüb onun başına da maska keçirərək əlinə qandal vurmuşlar, maşında da ona təzyiqlər göstərib telefonunun parolunu istəmişlər. Maşında olarkən çiynindəki çantanı da çıxarıb harasa qoyduqlarını eşitmiş, həmin çantanın içərisində dostuna aldığı hədiyyələr olmuşdur. Onu düşürdüklərində bilmişdir ki, BMCMİ-nin inzibati binasına gəlmişlər. Daha sonra həmin idarədə onun qarşısına bir çanta qoyaraq demişlər ki, həmin çantanın ona aidiyyatı yoxdur. Sonra onlar ondan sosial media istifadə edib-etmədiyini soruşanda o da istifadə etdiyini demiş və onlar telefonundakı linklərə baxıb ona demişlər ki, nəyə görə o Hikmət Hacıyevi və onun köməkçisini sosial media vasitəsilə tənqid etmişdir. Sonra təhqiqatçılar ona demiş ki, videoçəkiliş olmalıdır və o, orada dövlət tərəfindən təqdim olunmuş vəkilin də yanında deməlidir ki, “dərmanları küçədən tapmışam, polisə təhvil vermək məqsədim olub”. Demişlər ki, əgər belə desə, onu bir gün saxlayıb buraxacaqlar. Ona demişlər ki, əgər dedikləri ilə razı olmasa, vəziyyəti daha pis olacaq. O da düşünüb ki, bu polislər maşında da ona kifayət qədər təzyiqlər göstərmişdir, o da bundan sonra onların təzyiqlərinə dözə biləcək gücdə olmamış və nəticədə onsuz da dedikləri sənədlərə imza çəkməli olacaq, ona görə onların dedikləri ilə razılaşmışdır. Qanından çıxan narkotik barədə isə bildirdi ki, o, narkoloji dispanserə aparılan zaman yolda ona su vermişlər ki, analizi ancaq o suyu içdikdən sonra vermək olur. O etiraz etməmiş, sonra həkim ona demişdir ki, qanından narkotik vasitə çıxıb, ilk öncə düşünmüşdür ki, ekspertə təzyiq olunub, lakin sonra təcrübəsi olan şəxslər ona içdiyi suya hansısa maddənin qatılması ilə bağlı olduğunu demişlər. İttiham aktının bəzi yerlərində narkotik vasitənin sol yan cibindən, digər yerlərində isə çantasından çıxdığı göstərilir, digər statistik məlumatlarda da səhvlər vardır. Həbsinin əsas mahiyyəti də Ceyhun Bayramovu və Hikmət Hacıyevi tənqid etməyilə bağlı olmuşdur. O, uzun illər Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyində olmuş, Azərbaycan Respublikasını bir sıra ölkələrdə diplomatik səviyyədə təmsil etmişdir. Bunun özü də bir göstəricidir ki, o, narkotik istifadəçisi ola bilməz. İşlədiyi səfirlikdə korrupsiya halları olmuş, o buna etiraz etdiyi üçün işdən çıxarılmış, bayaq adını çəkdiyi şəxslər isə onun qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı heç nə etməmiş və o da korrupsiya hallarını sosial media hesablarında insanlara çatdırmağa başlamışdır. Konstitusiyada da göstərilir ki, tənqid azaddır, həmin Konsititusiya referendumla qəbul olunub və onu Azərbaycan Respublikasının Prezidenti təsdiq etmişdir. Lakin əgər kimisə tənqid etmək yanlışdırsa, o hər iki adını çəkdiyi şəxsdən üzr istəyir. Onun həmişə dövlət xadimi və ziyalı şəxslərlə münasibəti olmuş, tənqidlərinə görə onu narkotiklə ittiham etmək yolverilməz və insani dəyərlərə ziddir. Ona görə də xahiş etmişdir ki, bu məsələlər ədalətli araşdırılsın. Verilən suallara cavab olaraq bildirdi ki, o, rayon məhkəməsində polislərin dediyi kimi ifadə vermiş, çünki ehtiyat etmişdir. Tutulmamışdan əvvəl sonuncu dəfə 2023-cü ilin yay ayında Azərbaycana gəlmiş, sonra qayıtmışdır. 2013-cü ildə Avstraliyada səfirlik əməkdaşı olmuş, 2015-ci ildə haqsız yerə işdən çıxarılmış, lakin həmin vaxtdan sonra da orada yaşamağa davam etmişdir, yəni 11 ildir. İşdən çıxarıldıqdan sonra öncə orada təhsil almış, sonra isə müqavilə əsasında bir sıra Avstraliyanın dövlət qurumlarında çalışmışdır. O, Avstraliya vətəndaşlığı almış, işdən çıxarıldıqdan sonra həmin rəsmi şəxsləri öz sosial media bloqunda mütəmadi tənqid etmişdir. O da, ailəsi də işdən çıxarılmağı ilə bağlı dövlət orqanlarına mütəmadi şikayətlər etmişlər. Elə tutulduğu gün də səhər Xarici İşlər Nazirliyindən şikayətinin rədd olunması ilə bağlı məktub gəlmişdir. Keçən ilin yay ayında Azərbaycan Respublikasına gələndə heç bir problemlə rastlaşmamış, 2019 və ya 2020-ci il tarixində Avstraliya vətəndaşlığı almışdır. 2023-cü ildə Azərbaycana gələndə həm bir neçə rəhbər vəzifəli şəxsə, həm də məhkəməyə haqsız yerə işdən çıxarılmağı və bunun araşdırılmaması barədə şikayətlər ünvanlamış, məhkəmə şikayətini iddia müddətini ötürdüyünə görə rədd etmişdir. X8 Nazirliyinin rəhbərliyindən və eyni zamanda Hikmət Hacıyevdən olmuşdur. Keçən il də Azərbaycan Respublikasına gələn zaman 1 ay Sumqayıtda ailəsilə birlikdə qalmış, sonra yenə Avstraliyaya qayıtmışlar. O qayıtdıqdan sonra da valideynləri Prezident Administrasiyasına şikayət xarakterli, yəni eyni məzmunlu məktublar ünvanlamışlar. Sonuncu dəfə 2024-cü ilin may ayında atasının imzası ilə də şikayət məktubu ünvanlanmışdır. Onun ölkəmizə gəlməkdə əsas səbəbi anasına ona Bakıda iş təklif olunması ilə bağlı zəng olunmağı imiş. Bunu ona anası demişdir. İyun ayının 21-i Bakıya gəlmiş, 24-ü tutulmuşdur. Tutulduğu gün ailəsinə bununla bağlı məlumat verilməyinə imkan yaradılmamışdır. Ailəsi tutulduğunu onlarla görüşdükdə, yəni iyunun 27-si bilmişlər. Polis əməkdaşları ona müqavilə ilə vəkil tutmağa icazə verməmiş, o da etiraz etməmişdir. O dövlət hesabına olan vəkilə öz başına gələnləri bildirməmiş, həmin vəkildən imtina etməyə imkanı da olmamış, təzyiqlərə məruz qalmaqdan ehtiyat etdiyi üçün polis əməkdaşlarına etiraz etməmişdir. Ona real fiziki təzyiqlər maşına mindirilərkən edilmiş, ömür boyu narkotikdən isifadə etməmışdır. O həm Xarici İşlər Nazirliyinin əməkdaşı olan zaman, həm də Avstraliyada digər iş yerlərinə müraciət edən zaman bütün ərizə formalarında narkotikdən analiz vermək yazılmışdır,o da bütün yoxlamalardan təmiz çıxmışdır. O yalnız tutulduqdan 9 gün sonra ailəsi ilə əlaqə saxlaya bilmişdir. “Mediafakt” adlı xəbər portalı ona məxsus olmuşdur. Oradakı tənqidlərinin əsas məqsədi məmurları islahatlara vadar etmək, Xarici İşlər Nazirliyinin əməkdaşlarının qanunsuz işdən çıxarılmasının araşdırılmasını təmin etmək olmuşdur. Yazdıqlarını ona heç kim başa salmamış, hər şeyi özü yazmışdır. Fəaliyyətindən narazı olduğu səfirin adı Rövşən Cəmşidov olmuş, hazırda işləyib-işləməməsindən məlumatı olmamışdır. Eşitdiyinə görə təqaüddədir. O işdən azad olunduqdan təqribi bir il sonra həmin səfir geri çağrılmışdır. İbtidai istintaq zamanı yazdıqları həmin ifadəni təsdiq etmir. Bakı Dövlət Universitetini Beynəlxalq Münasibətlər ixtisası üzrə, həmçinin Diplomatika Akademiyasını və başqa xarici universitetləri də bitirmişdir. Avstraliyada Azərbaycan Səfirliyində 2013-cü ilin iyun ayından 2015-ci ilə kimi işləmişdir. İşdən çıxdıqdan sonra ailə vəziyyəti, yoldaşının səhhəti ilə bağlı öz ölkəsinə qayıda bilməmişdir. Həkim tərəfindən verilən rəyə əsasən yoldaşı ölkəni tərk edə bilməzmiş, ona görə Avstraliyanı həmin vaxt tərk edə bilməmişlər. 2019-cu ildən sonra onun etdiyi şikayətlər işinə geri qayıtmağı ilə bağlı olmamış, işdən çıxarılmağının əsas səbəblərinin araşdırılması ilə bağlı olmuşdur. Əgər doğru araşdırılsa imiş, o, Avstraliyanın vətəndaşlığından imtina edib öz ölkəsində dövlət qulluğuna geri qayıdarmış. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan bir gün əvvəl yaşadığı Sumqayıt şəhərində yerləşən ünvanın yaxınlığında yerdən beş ədəd dərman üstlərində olan həbləri görüb onda maraq doğurduğu üçün götürüb üzərinə baxmışdır. Həblərin psixotrop maddə olduğunu düşünmüşdür, belə ki, zahiri əlamətlərinə görə televiziya verilişlərində bir neçə dəfə gördüyündən düşünmüş ki, elə tapdığı həblər həmin maddələrə aiddir. Həbləri tapdığı yer yolun kənarı, insanların gediş-gəlişi olan yer olduğuna görə düşünmüş ki, azyaşlı uşaqların əlinə keçər, ona görə də polisə təhvil verəcəyini fikrində tutaraq üzərində saxlamışdır. Lakin başı qarışdığı üçün yadından çıxaraq üzərində qalmışdır. 24 iyun 2024cü il tarixdə səhər saatlarında isə şəxsi işləri ilə bağlı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Kontakt Home” məişət texnikası və avadanlıq dükanının yanında olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirdilər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. O, buna etiraz etməmiş və onlar həmin İdarəyə yola düşmüşlər. Onlar deyilən İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, o da buna etiraz etməmişdir. Beləliklə də onun, saxlanılan zaman iştirak etmiş polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə axtarış keçirilmiş və bu vaxt ilk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb çiynindən asdığı çantanın iç cibindən yuxarıda qeyd etdiyi dərman həblərini, özünə məxsus olan binokl, dezodorant, dodaq nəmləndiricisi, eynək torbası, qələm, içərisində sənəd olan sellofan bağlamanı, içərisində nağd pul olan sellofan torbanı, pul qabını, eynəklə eynək qabını, stasionar enerji qidalandırma cihazı, adapter, bəzək əşyasını və mobil telefonunu çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş, əlavə heç bir maddə aşkar edilməmişdir. Çantaya keçirilən baxış zamanı isə əlavə bir ədəd dərman konvalyutu aşkar edilmişdir. Belə ki, ona ilk əvvəl həmin həbləri təqdim etməyi təklif olunan zaman o, dörd ədəd dərman 1 istini təqdim etmişdir, ona elə gəlmişdir ki, özündə olan bütün həbləri təqdim etmişdir. Lakin məlum olmuşdur ki, konvalyutun biri içəridə qalmışdır. Təqdim etdiyi həblərə baxış keçirilmişdir. Həblərin qablaşmasının tamlığı pozulmamışdır. Qablaşmaların üzərində “metadon” sözü yazılmışdır. Ümumilikdə 5 ədəd üstdə cəmi 50 ədəd həb imiş. O, həmin həblər barədə sorğu edilən zaman yuxarıda qeyd etdiyi kimi bildirmiş ki, həbləri bir gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən taparaq uşaqların əlinə düşməsin deyə üzərində saxlamışdır. Həmin maddələrdən istifadə etmədiyini və kiməsə vermədiyini, o cümlədən də satmadığını qeyd etmişdir. Bundan sonra həmin həblər qablaşdırılaraq götürülmüşdür, həmin zərfin üzərində müvafiq qeydiyyat aparılmışdır. Daha sonra üzərindən aşkarlanmış pul qabmm içərsində olan sürücülük vəsiqəsi ilə şəxsiyyət vəsiqəsinin surəti ilə bir ədəd plastik bank kartı və bir ədəd mobil telefonu ona izah edilərək götürülmüşdür, qalan əşyalar isə özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar.(iş vərəqə 40-42, 63-65, 79-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid ifadəsində göstərdi ki, 23 iyun 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması bildirilmiş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmişdir. Beləliklə də, 24 iyun 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 10-11 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Kontakt Home” mağazasının yaxınlığında olduğu zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və sonuncu özünü onlara təqdim edərək adını və soyadını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə saxlanılmış şəxs BMCMİ-nin İnzibati binasına gətirilmişdir. Saxlanılmış şəxsə Baş İdarənin təhqiqatçısı tərəfindən dövlət hesabına vəkil dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış aparılmış, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs sağ çiynindən asdığı qara rəngli çantadan müxtəlif şəxsi əşyalar, o cümlədən mobil telefonu və pul qabısı ilə bərabər dörd ədəd hər birində 10 ədəd həb olmalqa konvalyutları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya keçirilən əlavə baxış zamanı çantanın ikinci cibindən əlavə olaraq bir ədəd konvalyutda 10 ədəd dərman həbləri aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş əşyalara ardıcıllıqla baxış keçirilən zaman məlum olmuşdur ki, çantadan aşkar edilmiş ümumilikdə beş ədəd dərman konvalyutlarının üzərində “Methadone 40” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həblər barədə sorğu edilən zaman bildirmişdir ki, həmin beş ədəd konvalyutda olan ümumilikdə 50 ədəd həbi saxlanılmamışdan bir gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən taparaq psixotrop maddələrə oxşadaraq polisə təhvil vermək üçün üzərində saxlayıb gəzdirdiyini və həmin maddələrdən istifadə etmədiyini, bu niyyətdə olmadığını, kiməsə satmadığını və bu barədə kiminsə məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş hər birində on ədəd həb olmaqla beş ədəd konvalyutda olan ümumilikdə 50 ədəd həblər bir ədəd zərfdə qablaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (i.v. 5-6) Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2024cü il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” 23 iyun 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir.(iş vərəqə 113) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 24 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görülür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 24 iyun 2024-cü il tarixdə saat 10:40-da Sumqayıt şəhəri, 13-cü mikrorayon, ünvan 5 ünvanda yerləşən “Kontakt Home” mağazasının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sağ çiynindən asdığı qara rəngli çantasından 05 ədəd konvalyutda olmaqla ümumilikdə 50 ədəd cins gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 05 ədəd konvolyutlarda hər birində 10 ədəd olmaqla ümumi sayı 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən həblər aşkar edilərək götürülmüşdür.(iş vərəqə 28-31) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2024-cü il tarixli 3-16-16/2-6/3355 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş dərman həbləri; 1. Təqsirləndirilən şəxs “imza” və digər ad,soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 05 (beş) ədəd konvalyutda hər birində 10 (on) ədəd olmaqla ümumilikdə 50 (əlli) ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,0 qram təşkil edir. Həmin 05 (beş) ədəd konvalyutda hər birində 10 (on) ədəd olmaqla ümumilikdə 50 (əlli) ədəd olan metadon həbləri öz aralarında xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Qeyd: Metadon həblərinin ümumi sayı - 50 ədəd həb, tədqiqata sərf edildi cəmi -5 ədəd həb, qalıq - 45 ədəd həb. (iş vərəqə 43-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X2 xx.xx.2024-cü il tarixli 4399 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə 129-130) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2024-cü il tarixli 2184/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir.(iş vərəqə 136-139) Cinayət işinin materiallarından görünür ki, iş üzrə şəxsi axtarış və götürülmə aparıldığı görüntüləri əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi olan ümumilikdə 50 ədəd həbdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 45 ədədi maddi sübut hesab edilərək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(iş vərəqə 32, 100-102, 140-147, 100-102) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( İş vərəqə: 131) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cı il təvəllüdlü X4 adında azyaşlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. ) Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1 İş vər. 19-20, 69, 88-92) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN- in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi olan ümumilikdə 50 ədəd həbdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 45 ədədi məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi olan ümumilikdə 50 ədəd həbdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 45 ədədi məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-143/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-143/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver