Məhkəmə qərarları › İş №1(124)-144/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-144/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-144/2024 17.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Rusiya Federasiyasında anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivindəki fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 2022-ci ilin iyul ayında instaqram sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb sonuncu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında 1000 manat pul tələb edərək, 2022-ci ilin avqust ayının sonlarında sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 27-nin girişindəki gül qabının içərisinə qoyduğu, həmin günün məzənnəsinə uyğun olaraq 850 manata bərəbər olan 500 ABŞ dolları məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 2022-ci ilin iyul ayında instaqram sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb sonuncu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində 700-800 manat məbləğində pul tələb edərək, 2022-ci ilin sentyabr ayının əvvəllərində sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 27-nin girişindəki gül qabının içərisinə qoyduğu, həmin tarixin məzənnəsinə uyğun olaraq 680 manata bərəbər olan 400 ABŞ dolları məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 2022-ci ilin iyul ayında instaqram sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb sonuncu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının sonlarında 1000 manat pul tələb edərək, 2022-ci ilin sentyabr ayının sonlarında sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 27-nin girişindəki gül qabının içərisinə qoyduğu, həmin tarixin məzənnəsinə uyğun olaraq 850 manata bərəbər 500 ABŞ dolları məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 2022-ci ilin iyul ayında instaqram sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb sonuncu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayında qızıl-zinyət əşyaları tələb edərək, 2022-ci ilin oktyabr ayında sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, bina 27-nin girişindəki gül qabının içərisinə qoyduğu 1 ədəd Rusiya istehsalı olan, 585 əyarlı, paxlava şəkilli, 9 qram çəkidə, bir qramının qiyməti 85 manat, ümumi dəyəri 765 manat olan qızıl üzüyü, 1 ədəd Rusiya istehsalı olan, 585 əyarlı, zəncir formalı, 22 qram çəkidə, bir qramının qiyməti 85 manat, ümumi dəyəri 1870 manat olan qızıl boyunbağını, 1 cüt Rusiya istehsalı olan, 585 əyarlı, qaşsız halda 10 qram çəkidə, bir qıramının qiyməti 85 manat, ümumi dəyəri 850 manat olan sadə qaşlı qızıl sırğanı, 1 ədəd Rusiya istehsalı olan, qaşsız halda 7 qram çəkidə, 585 əyarlı, gül şəkilli, sadə qaşlı bir qramının qiyməti 85 manat, ümumi dəyəri 595 manat olan qızıl üzüyü-ümumilikdə dəyəri 4080,0 manat olan qızıl-zinyət əşyalarından ibarət əmlakını hədəqorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona CM-nin 182.2.2-ci maddəsi ilə elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2022-cİ İlin iyul ayında “instaqram” sosial şəbəkəsində “Ruqeyya Məmmədova” adlı hesabın sahibi ilə tanışlıq yaratmışdır. Sosial şəbəkədə bir müddət ünsiyyət yaratdıqdan sonra “Ruqeyya Məmmədova” adlı hesabın sahibinin əsil adının Zərərçəkmiş şəxs İlqar qızı olduğunu öyrənmişdir. Xanımla sosial şəbəkədə əlaqələri olmuş və bu müddət ərzində Xanım öz foto şəkillərini instaqram sosial şəbəkəsində onun hesabına göndərmişdir. 2022-ci ilin avqust ayında o, pula ehtiyacı olduğu üçün, Xanımı, ona göndərdiyi foto şəkilləri internet saytlarında paylaşıb onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib Xanimdan pul tələb etmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayının ikinci yarısı instaqram sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb ona 1000 manat verməsini tələb etmiş və pulu verməyəcəyi təqdirdə Xanımın ona göndərdiyi foto şəkillərin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb Xanımı rüsvay edəcəyini, Xanımın tanışları, qohumları və eləcə də, tanımadığı internet istifadəçilərinin yanında biyabır olacağını bildirmişdir. Xanım, foto şəkillərini paylaşaraq barəsində rüsvayedici məlumatlar yaymamasını ondan xahiş etmiş və qısa müddət ərzində ona pul verəcəyini bildirmişdir. 2022-ci ilin avqust ayının sonları Xanım instaqram sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq, 1000 manatı olmadığını, ancaq yaşadığı binanın blokundakı gül qabının içərisinə 500 ABŞ dolları qoyduğunu və gedib pulu götürə biləcəyini ona demişdir. Həmin gün günorta saatlarında o, Xanımın yaşadığı ünvana - ünvan 1əbəsinə qalxıb Xanımın blokdakı gül qabının içərisinə qoyduğu 500 ABŞ dollarını oradan götürüb getmişdir. Bir neçə gündən sonra ona pul lazım olduğu üçün, o, 2022-ci ilin sentyabr ayının əvvəlləri dəqiq xatırlamadığı gündə axşam saatlarında təkrar instaqram sosial şəbəkəsində Xanıma mesaj yazaraq eyni qaydada hədə qorxu gəlib ona 700-800 manat pul verməsini tələb etmişdir. Xanım yenə qorxub barəsində rüsvayedici məlumatlar yaymamasını ondan xahiş etmiş və Xanımın yaşadığı binanın blokundakı “həmin gül qabf’na 400 ABŞ dolları qoyacağını, növbəti gün səhər tezdən gedib pulu götürə biləcəyini ona bildirmişdir. O, səhər saatlarında gedib Xanımın yaşadığı binanın blokundakı, gülqabının İçərisindən Xanımın qoyduğu 400 ABŞ dolları pulu götürüb getmişdir. Təxminən 20 gün sonra, yəni 2022-ci ilin sentyabr ayının sonları, dəqiq xatırlamadığı günün axşam saatları o, yenə Xanıma instaqram sosial şəbəkəsində yazaraq, əvvəlki kimi, Xanımın barəsində rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gələrək 1000 manat pul verməsini Xanımdan tələb etmişdir. Xanım yenə qorxub barəsində rüsvayedici məlumatlar yaymamasını xahiş etmiş və Xanımın yaşadığı binanın blokundakı “həmin gül qabı”na 500 ABŞ dolları qoyacağını, növbəti gün səhər tezdən gedib pulu götürə biləcəyini ona bildimişdir. O, səhər saatlarında gedib Xanımın yaşadığı binanın blokundakı, gülqabının içərisindən Xanımın qoyduğu 500 ABŞ dolları pulu götürüb getmişdir. Bundan sonra da, o, Xanımla instaqram sosial şəbəkə vasitəsi ilə əlaqələrini kəsməmişdir. Həmçinin Xanım da, foto şəkillərini yaya biləcəyindən qorxduğu üçün onunla əlaqəni kəsməmişdir. 2022-ci ilin oktyabr ayında o, dəqiq gününü xatırlamadığı axşam saatlarında instaqram sosial şəbəkəsində Xanımla əlaqə saxlayıb yenə eyni qaydada Xanıma hədə-qorxu gələrək ona pul verməsini tələb etdikdə, Xanım, daha pulu olmadığını, pullarının hamısını yəni 1400 ABŞ dollarını ona verdiyini bildirmişdir. O, Xanımdan pul tapıb verməsini tələb etmiş və əks təqdirdə Xanımın şəkillərini internet sayıtlarında paylaşıb Xanımı rüsvay edəcəyini bildirmişdir. Xanım heç bir halda ona pul tapıb verə bilməyəcəyini dedikdə, o, pul əvəzinə, qızıl-zinyət əşyaları verməsini Xanımdan tələb etmişdir. Xanım özünə məxsus qızıl-zinyət əşyalarını-1 ədəd paxlava şəkilli qızıl üzüyü, 1 ədəd zəncir formalı qızıl boyunbağını və İ cüt sadə qaşlı qızıl sırqa və 1 ədəd gül şəkilli, sadə qaşlı qızıl üzüyü- yenə həmin gül qabına qoyacağını bildirib səhər saatlarında gedib götürə biləcəyivi ona demişdir. Səhəri gün o, Xanımın yaşadığı binaya gedib “həmin gül qabı”nm içərisində sellofana bükülmüş olan həmin qızıl-zinyət əşyalarını götürüb getmişdir. Bir neçə gündən sonra, yəni 2022-ci ilin oktyabr ayının kinci yarısı sözügedən qızıl-zinyət əşyalarını Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı” ticarət mərkəzində bir hissəsini Fariz adlı şəxsə, bir hissəsini isə Elgün adlı şəxsə ümumilkdə 680 manata satmışdır. Lakin o, bununla kifayətlənməmiş və qızılların satışından əldə etdiyi pulları xərclədiyi üçün yenə Xanıma mesaj yazaraq ona pul verməsini tələb etmişdir. Ancaq Xanım olan bütün pullarını və qızıl-zinyət əşyalarını ona verdiyini, artıq ona verməyə pulu və ya qızıl zinyət əşyası qalmadığını bildirmişdir. Bundan sonra o, Xanımla əlaqələrini kəsmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsi elan olunduqdan sonra o həmin ifadəsini təsdiq etdiyini bildirmiş, həmçinin vurulan ziyanı ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs qız adı ilə istifadə etdiyi hesabından ona məxsus hesaba dostluq təklifi göndərmiş, o da hesab qız adına olduğu üçün qarşı tərəfin də qız olduğunu zənn etdiyindən həmin təklifi qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla qız adı ilə yazışmış və ondan şəkillərini istəmiş, o da öz şəkillərini Alimə göndərmişdir. Bir müddət sonra Alim həmin şəkilləri internet saytlarında yayacağını deyərək onu şantaj etmiş və ondan pul istəmişdir. O, Alimdən şəkillərini silməyini istəsə də, Alim razı olmayıb ondan pul tələb etmişdir. O da qorxduğundan ilk dəfə yaşadığı evin blokundakı gül qabının içərisinə 400 ABŞ dolları pul qoymuş və Alim də həmin pulu ordan götürmüşdür. Sonra yenə şəkilləri silməyini xahiş etsə də, Alim təkrar pul istəmişdir. O, 500 manat pulu həmin gül qabının içinə qoymuş, Alim yenə də ordan gəlib pulu götürmüşdür. Sonra Alim yenidən 1000 manat pul istəmiş, lakin onun 1000 manat pulu qalmadığından həmin gül qabının içinə 400 manat pul qoymuş, Alim də həmin yerdən pulu götürmüşdür. Lakin Alim hələ də şəkilləri silməmiş, hətta bir müddət sonra ondan qızıl-zinət əşyalarını istəmişdir. O, da öz zinət əşyalarını həmin gül qabının içinə qoymuş və Alim də oradan götürmüşdür. Lakin bir neçə gün sonra Alim yenə ona mesaj yazaraq pul verməsini tələb etmişdir. Ancaq o, bütün pullarını və qızıl-zinyət əşyalarını Alimə verdiyini, artıq Alimə verməyə pulu və ya qızıl-zinət əşyası qalmadığını bildirərək, onun şəkillərini silməsini, barəsində rüsvayedici məlumatlar yaymaq fikrindən daşınmasın xahiş etmişdir. Buna baxmayaraq Alim ondan əl çəkməmiş, o da qorxudğu üçün evdən çıxıb getmiş, lakin bir müddət sonra ailəsi xahiş etdiyi üçün evə geri qayıtmış və baş verənləri ailəsinə danışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Alimə verdiyi pullar ad gününə yığılan pullar, qızıllar isə özünə məxsus olmuşdur. Ona vurulmuş xeyli miqdar ziyandan heç bir ödəniş olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, onun övladı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə heç kimə bildirmədən birgə yaşadıqları evdən çıxıb getmişdir. Xanımın yaşadıqları evdən xəbərsiz getməsindən narahat olaraq həyat yoldaşı ilə birlikdə övladını axtarsalar da, Xanımla əlaqə saxlaya bilməmişlər. Bİr neçə gün sonra instaqram sosial şəbəkəsi vasitəsi İlə Xanımla əlaqə saxlaya bilmiş və evə qayıtmasım xahiş etmişdir. Xanım evə qayıtdıqdan sonra nə üçün xəbərsiz çıxıb getməsini soruşduqda Xanım, 2022- ci ilin iyul ayında “instaqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, Təqsirləndirilən şəxsla sosial şəbəkədə əlaqəsi olduğu müddət ərzində, Alimin istəyi ilə Xanım öz foto şəkillərini Alimin instaqram hesabına göndərdiyini, 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs, Xanımın göndərdiyi foto şəkillərin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb Xanım barəsində rüsvayedici məlumatlar yayacağı ilə bir neçə dəfə Xanımı hədələyib xeyli miqdarda pul və qızıl zinyət əşyaları verməsini tələb etdiyini Xanım valideyinlərinin və eləcə də digər insanların yanında rüsvay olacağından qorxduğu üçün Alimdən Xanımın foto şəkillərini paylaşıb barəsində rüsvayedici məlumatlar yaymamasını xahiş etdiyini və 2022-ci ilin avqust ayının sonları Xanım, instaqram sosial şəbəkəsi vasitəsi ilə Alimlə əlaqə saxlayaraq, yaşadıqları binanın blokundakı gül qabının içərisinə 500 ABŞ dolları qoyduğunu və həmin gün günorta saatlarında Alimin binanın blokundakı gül qabının içərisindən həmin 500 ABŞ dollarını götürüb getdiyini, bu münvalla Təqsirləndirilən şəxs, Xanım haqqında eyni qaydada rüsvayedici məlumatlar yayacağı ilə Xanıma hədə-qorxu gəlib 2022-ci ilin sentyabr ayının əvvəlləri 400 ABŞ dolları, 2022-ci ilin sentyabr ayının sonları, 500 ABŞ dolları aldığını, ancaq Alimin bunlarla kifayətlənməyərək 2022-ci ilin oktyabr ayında instaqram sosial şəbəkəsində Xanımla əlaqə saxlayıb yenə eyni qaydada Xanıma hədə-qorxu gələrək pul verməsini tələb etdiyini Xanım daha pulu olmadığını, pullarının hamısını yəni 1400 ABŞ dollarını Alimə verdiyini bildirdikdə, Alim pul əvəzinə, qızıl-zinyət əşyalarını verməsini tələb etdiyini, belə olan halda Xanım, özünə məxsus qızıl-zinyət əşyalarım-1 ədəd Rusiya istehsalı olan, 9 qram çəkidə, 585 əyarlı, paxlava şəkilli qızıl üzüyünü, 1 ədəd Rusiya istehsalı olan 22 qram çəkidə 585 əyarlı zəncir formalı qızıl boyunbağını və 1 cüt Rusiya istehsalı olan, qaşsız halda çəkisi 10 qram olan, 585 əyarlı, sadə qaşlı qızıl sırqa və 1 ədəd Rusiya istehsalı olan, qaşsız halda çəkisi 7 qram olan, 585 əyarlı, gül şəkilli, sadə qaşlı qızıl üzükdən ibarət komplektinini- yenə həmin gül qabına qoyub bu barədə Alimə bildirdiyini az müddət sonra Alimin gəlib həmin qızıl-zinyət əşyalarını götürüb getdiyini, bir neçə gün sonra Alimin yenə Xanıma mesaj yazaraq pul verməsini tələb etdiyini, əks halda Xanımın şəkillərini paylaşıb barəsində rüsvayedici məlumatlar yayacağını dediyini, ancaq Xanım, bütün pullarını və qızıl-zinyət əşyalarını Alimə verdiyini, artıq Alimə verməyə pulu və ya qızıl-zinyət əşyası qalmadığını bildirərək Alimdən Xanımın şəkillərini silməsini, Xanım barəsində rüsvayedici məlumatlar yaymaq fikrindən daşınmasını xahiş etdiyini, ancaq Alimin Xanımdan “əl çəkmədiyini” yenə pul tapıb verməsini tələb etdiyini, belə olan halda Xanımın Alimə verməyə pulu və ya qızıl-zinyət əşyaları olmadığından Alimin Xanımın şəkillərini internet saytlarında paylaşıb Xanımı rüsvay edəcəyindən qorxduğu üçün xx.xx.2022-ci il tarixdə yaşadıqları evdən xəbərsiz çıxıb getdiyini və bir neçə gün Bakı şəhərində təsadüfən tanış olduğu, hal-hazırda adını və ünvanını dəqiq xatırlamadığı bir qadının evində yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 həyat yoldaşı Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 10-cu mirorayon ərazisində yerləşən “Gold Qayalı” ticarət mərkəzində qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olarkən 2022-cİ ilin oktyabr ayında bir nəfər təxminən 20-22 yaşlarında olan və adının Alim olduğunu bildirən cavan oğlan onun qızıl-zinyət əşyaları satdığı şöbəyə yaxınlaşaraq özünə məxsus bir neçə qızıl bəzək əşyalarını satmaq istədiyini bildirib həmin şeyləri ona satmağı təklif etmiş, o, Alimin satmaq istədiyi qızıl- zinyət əşyalarına baxıb çəkilərini ölçdükdən sonra Alimdə olan 1 ədəd nazik qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü almaq istədiyini bildirmişdir. Alim onunla razılaşmış və o, ümumilkdə 230 manat ödəyərək həmin qızıl bəzək əşyalarını Alimdən almış, sonradan həmin qızıl əşyalarını lom qiymətinə dəqiq xatırlamadığı topdan qızıl alan şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 10-cu mirorayon ərazisində yerləşən “Gold Qayalı” ticarət mərkəzində zərgər işləyir. 2022-ci ilin oktyabr ayında işdə olduğu zaman, orta məktəbdə onunla bir yerdə təhsil alan Təqsirləndirilən şəxslə rastlaşmışdır. Alim özünə məxsus bir-neçə qızıl-zinyət əşyalarını satmaq istədiyini bildirib həmin qızıl-zinyət əşyalarını almasını ona təklif etmişdir. Ancaq o, qızıl-zinyət əşyalarının alqı-satqızı iiə məşğul olmadığını bildirmiş və Alim onu qızı-zinyət əşyaları alan digər şəxslərə yönəltməsini xahiş etmişdir. O, Alimin maddi imkanının aşağı olduğunu və həbsdən yeni çıxdığını bildiyindən Alimin satmaq istədiyi qızı-zinyət əşyalarının Alimə məxsus olmasına şübhə ilə yanaşmış və həmin qızıl-zinyət əşyalarını qanunsuz yolla əldə edə biləcəyini düşündüyü üçün Alimdən bir daha sözügedən qızı-zinyət əşyalarını hər hansı bir qanunsuz yolla əldə edib-etmədiyini soruşduqda, Alim satmaq istədiyi qızıl-zinyət əşyalarının Alimin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Alimi “Gold Qayalı” ticarət mərkəzində qızı-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid4 və Şahid3la tanış edib qızılları həmin şəxslərə sata biləcəyini bildirmişdir. Alim sözügedən qızıl- zinyət şəyalarının bir qismini Şahid3, bir qismini isə Şahid4 satmış və çıxıb getmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxsla onun iş yerində görüşdükdə Alim, Elgün və Farizə satdığı qızıl-zinyət əşyalarının Alimə məxsus olmadığını, həmin qızıl-zinyət əşyalarını instaqram sosial şəbəkəsində tanış olduğu bir xanımdan hədə-qorxu ilə tələb edib aldığını, bu səbəbdən də, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi istintaq edildiyini bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Alim onu aldadaraq ilk öncə sözügedən qızıl-zinyət əşyalarının Alimin özünə məxsus olduğunu bildirmişdir. O, Alimin belə qanunsuz hərəkət eməsini və onu da aldatmasını Alimə irad tutmuş və bir daha onunla əlaqə saxlamamasını demişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaqdakı ifadəsində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Gold Qayalı” ticarət mərkəzində qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu qeyd edərək bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında həmin ticarət mərkəzində zərgər işləyən Şahid5 adlı tanışı yanında bir nəfər təxminən 20-22 yaşlarında olan Alim adlı şəxslə onun qızıl-zinyət əşyaları satdığı şöbəyə yaxınlaşıb Alimi ona təqdim edərək, Alimin qardaşı ilə bir sinifdə oxuduğunu, Alimin yetim olduğunu bildirib, Alimin özünə məxsus bir neçə qızıl bəzək əşyalarını satmaq istədiyini demiş və həmin şeyləri Alimdən yüksək qiymətə almasını ondan xahiş etmişdir. O, Pərvizin iştirakı ilə, Alimin satmaq istədiyi qızıl-zinyət əşyalarına baxıb çəkilərini ölçdükdən sonra Alimdə olan 1 cüt qızıl sırqanı, 1 ədəd qızıl üzüyü almağa razılaşmış və Pərvizdən həmin qızıl-zinyət əşyalarını götrüb, Alimə ümumilkdə 450 manat pul ödəmişdir. Həmçinin Şahid4 ifadəsində Təqsirləndirilən şəxs aldığı qızıl əşyalarını link (lom) qiyməti ilə dəqiq xatırlamadığı topdan qızıl alan şəxslərə satdığını qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə Zərərçəkmiş şəxs ona göndərdiyi şəkilləri internet saytlarında paylaşmaqla onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə ona hədə-qorxu gələrək 1400 ABŞ dollar pulunu və təxminən 4000 manat dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/274,9/349 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinyət əşyalarının 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 4080,0 manat müəyyən edilir. Cinayət işinin materiallarına Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli rəsmi valyuta məzənnələrinin cədvəli əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-cİ il tarixli, 1(060)-101/2020 saylı hökmündən və amnistiya aktiının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cİ maddəsi ilə təqsirli bilinib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli Hökmü ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci İl tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 25 dekabr 1998-ci il tarixli Qərarının 1-1-ci bənidinin izahına görə Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 1-2 bəndinin izahında isə göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Həmin qərarın 3-cü bəndinin izahına görə rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları zorla tələb etmə başa düşülməlidir. Bu halda əmlakı və ya ona olan hüquqları zorla tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Həmin qərarın 8-ci bəndinin izahına görə isə hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunsa da vahid qəsdlə əhatə olunduqda (cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif olunmadıqda), əməlin hansı - “xeyli” və ya “külli” və ya “xüsusilə külli” miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi hər bir epizodda tələb edilmiş və yaxud ələ keçirilmiş əmlaka görə deyil, məqsədin yönəldiyi əmlakın miqdarına görə müəyyən edilməlidir. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, habelə yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 25 dekabr 1998-ci il tarixli qərarında göstərilənlərə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin verdiyi ifadələri, şahid ifadələri və biri-digərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 182.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar