Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-144/2025 07.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Abşeron rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 14 iyun 2024-cü il tarixdə, saat 22:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 23:58-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,960 (dörd tam mində doqquz yüz altmış) qram ağ rəngli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xırdalan şəhərində yaşamış, taksi fəaliyyəti ilə məşğul olmuş, dostunun maşını olmuş, gündüzlər dostu, axşamlar isə o, sürmüşdür. Ömür boyu narkotik vasitə istifadəçisi və ya satıcısı olmamışdır. Ona zəng gəlmişdir ki, sizin üçün bank kartı ayrılmışdır, hansı ki, o, həqiqətən o şirkətin müştərisi olmuşdur, ondan kartı haradan götürə biləcəyini soruşmuşlar. O yaşadığı yeri demiş, onlar da AAAF Parkın yaxınlığında olduqlarını, lakin tanımadıqları üçün içəri girə bilməyəcəklərini və onun onlara yaxınlaşmağını istəmişlər. O da kartı götürmək üçün çıxmışdır, bu zaman biri qoluna girmiş, kimliyini soruşanda BMCMİ-nin əməkdaşı olduğunu və onunla idarəyə getməli olduğunu bildirmişdir. Onu təzyiqlərlə İdarəyə aparmışlar, yolda üzərini də axtarmışlar, ancaq üstündən telefon çıxmışdır. Onu götürən əməliyyatçılar öz rəislərinə yığıb demişlər ki, “götürmüşük”. Onu rəislərinin yanına aparmışlar, həmin şəxs ona demişdir ki, “səni 234.4.3-cü maddə ilə göndərəcəyik, çünki sən həbsə getməlisən”. O da “Allah canına dəyməsin”. demişdir. İdarədə olarkən ona fiziki və psixi təzyiqlər göstərilmiş, o, onların yazdığı heç nəyə yenə də imza çəkməmiş, lakin artıq polis əməkdaşları ailə üzvlərinin şəkillərini qarşısına qoyub onları da idarəyə gətirəcəklərini bildirdikdə məcbur qalıb sənədləri imzalamışdır. Nərimanov rayon məhkəməsində də hakimlərə xəsarətlərini göstərmişdir. Ekspertiza da rəy vermişdir ki, narkotik vasitədən əziyyət çəkmir. O, kimə mal satmışdırsa, bir nəfər gətirib sübut eləsinlər. Ona videoçəkilişdə dediklərini əzbərlətmişlər. O, ömür boyu narkotik vasitə görməmişdir. 2023-cü ildə də həmin idarə onu tutmuş, razılaşma əsasında buraxmışdır. Sonra Moskvaya işləməyə getmişdir, dil bilməmişdir deyə qayıtmışdır, burada taksi işləmişdir. Onun cinayət aləmindən də heç kimlə əlaqəsi olmamışdır, niyə onu tutmuşlar, bilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, rayon məhkəməsində də burda dediklərini demişdir. 2021-ci ildə ermənilər Kazanda 11 nəfər onların həmyerlilərini tutmuşdur, öldürmək istəmişlər, onun da Gəncəli bir tanışı olmuş, onun vasitəsilə onları xilas etmişlər. Ondan sonra da onu tutub həmin idarə cəzalandırmışdır. Ondan sonra heç bir əməli olmamışdır. Onun “Rufo Gəncinski” ilə heç bir yaxınlığı olmamış, yaxşılıq etmək üçün Rüfətlə “WhAtsapp” vasitəsilə bu məsələni danışmışdır. Bu məsələni polislərin haradan öyrəndiyini bilməmişdir. Məhkumluğu davadalaş üstündə olmuş, ictimai yerdə kəllə ilə söyüş söyən bir şəxsi vurmuşdur. Müstəntiq sadəcə maddəni çox ağır yazmışdır. Onu 2023-cü ilin oktyabrın 17-si də tutmuşlar, lakin narkotik vasitəni boynuna qoyammamışlar, razılaşmışlar, çıxmışlar. İbtidai istintaq zamanı təzyiqlər altında imza çəkdiyindən həmin ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir xəstəliyinin, o cümlədən ruhi-əsəb xəstəliyinin olmadığını, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini və müalicə almadığını, fərdi əməklə məşğul olduğunu bildirmişdir. 2016-cı ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə cəzasının 01 il 06 aya endirilmişdir. Bundan başqa saxlanılan gün saat 18-19 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerdə bir ədəd şəffaf sellofan büküm gördüyünü, açıb içərisinə baxan zaman ağ rəngli “şüşə” olduğunu, həmin ərazidə yaşayan azyaşlı uşaqların əlinə keçməməsi üçün onu götürərək əynində olan şalvarın sağ yan cibinə qoyduğunu və sonradan atmaq məqsədi ilə üzərində daşıdığını qeyd etmişdir. Heç bir narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmadığını və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin üzərində “şüşə” olmasından heç kimin məlumatının olmamışdır. Təqsirləndirilən şəxs bel hissəsinin aşağı nahiyyəsində əməliyyat izlərinin olduğunu, həmin izlərin saxlanılmazdan 04-05 ay əvvəl xəstəliyi ilə bağlı əməliyyat olduqdan sonra yarandığını bildirmişdir. Hadisə ilə bağlı 14 iyun 2024-cü il tarixdə saat 22:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxsin yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deməsini, polis əməkdaşlarının ondan özünü təqdim etməyini xahiş etdiklərini, o, özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini bildirmişdir. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində psixotrop maddə “şüşə” olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində psixotrop maddə “şüşə” olduğunu bildirib əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı “şüşə” aşkar edilmiş, bundan sonra üzərindən aşkar olunmuş “şüşə”polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir.(iş vərəqi 75-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid ifadəsində göstərdi ki, 14 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin baş əməliyyat müvəkkili X4, kiçik inspektor X2 və o daxil edilmişlər. 14 iyun 2024-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün qrup üzləri birlikdə həmin ünvana getmiş, saat 22:10-da həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmiş, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən polis əməkdaşları ilə baş polis idarəsinə gəlmiş, baş polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində “şüşə” olduğunu bildirib, əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir, bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılan gün yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddənin azyaşlı uşaqların əlinə keçməməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14 iyun 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. ( 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarı ilə əməliyyataxtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.(iş vərəqi 96) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və 17 iyun 2024-cü il tarixli “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokol”-dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 iyun 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 22:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış və götürmə 14 iyun 2024-cü il tarixdə saat 23:58-də başlamış və 15 iyun 2024-cü il tarixdə saat 00:09-da bitmişdir.(iş vərəqi 27-28) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 15 iyun 2024-cü il tarixli 6/3268 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş:Tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,960 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi: 4,960 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,860 qram. (iş vərəqi 41-45) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X6 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024- cü il tarixli 4960 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(iş vərəqi 142-143) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2024-cü il tarixli 2182/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan “metamfetamin” aşkar edilmişdir.(iş vərəqi 144- 147) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2016-cı il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına endirilmiş, Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qərarı ilə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (iş vərəqi 131-132) Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,860 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(iş vərəqi 107-108 ) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə, narkotik vasitə eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağılaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (18, 19, 59, 90-94) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,860 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,860 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-144/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-144/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver