Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-145/2024 02.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, H.Z.Tağıyev küçəsindəki fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən “Tovuz” adlı marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda 02 ədəd şəffaf rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ayrı-ayrılıqda 3.76 qram və 4,88 qram, ümumilikdə 8,640 qram çəkidə külli miqdarda ağ rəngli kristalşəkilli maddələri, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq üzərində saxlamış və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Abşeron Rayon İcra Hakimiyyətinin qarşısında saxlanılaraq Abşeron RPİ-yə gətirilib, idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən həmin 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda 3,76 qram və 4,88 qram, ümumilikdə 8,640 qram çəkidə külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31 yanvar 2023-cü il tarixdə günortadan sonra yardım almaq üçün Abşeron Rayon İcra Hakimiyyətinə getmişdir. Həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin qarşısında onu 3 nəfər mülki geyimli şəxs saxlayıb Abşeron Rayon Polis İdarəsinə gətirib ona hədə qorxu gəlib demişdirlər ki, üzərində narkotik olmasını etiraf etsin. O heç vaxt narkotiklə məşğul olmadığını bildirsə də, polislər onların dediyi ilə razılaşmayacağı təqdirdə evindən 5 kq narkotik vasitə çıxaracaqları ilə onu hədələmişlər. O xəstə atasının olduğuna görə polislərin təklifini qəbul edib ona aid olmayan narkotiki boynuna götürmüşdür. Onun heç bir polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, dindar olması səbəbi ilə ona qarşı belə bir hərəkətə yol verilmişdir. İbtidai istintaq zamanı verilən ifadəni qəbul etmir, çünki həmin ifadəni polis əməkdaşlarının diqtəsi ilə vermişdir. Narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Təzyiqlərə məruz qalması ilə bağlı heç kimə, o cümlədən heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, “Tovuz” adlı marketin yaxınlığında yerləşən zibillikdən keçərkən yerdə 02 ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüşdür. Həmin bükümlərə götürüb baxdıqda həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Onun bədənində ağrılar olduğu üçün həmin psixotrop maddə olan metamfetamini gələcəkdə istifadə etmək məqsədi ilə götürüb əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Abşeron rayon icra hakimiyyətinin qarşısından keçərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya və ya predmet var isə onları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi psixotrop maddələrdən başqa qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdi. Sellofan bükümünə baxış keçirilərkən o, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, şəxsi axtarış zamanı həmin kütlənin özünə məxsus olduğunu, həmin kütlənin xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, “Tovuz” adlı marketin yaxınlığında yerləşən zibillikdən tapdığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olmsı barədə Abşeron rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar əməliyyat müvəkkili Şahid1 raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra 31 yanvar 2023-cü il tarixdə ondan, Şahid1 və əməliyyat müvəkkili Şahid3dən ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 31 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Abşeron rayon icra hakimiyyətinin qarşısında məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim edib ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 02 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin 02 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda ağ rəngli kristalşəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 02 ədəd şəffaf rəngli bükümdə olan psixotrop maddə metamfetamindir. Həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki “Tovuz” adlı marketin yaxınlığında yerləşən zibillikdən tapıb üzərində daşıyaraq saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd edilənlər təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, daha əvvəl onun barəsində əməliyyat aparatına əməliyyat məlumatı daxil olmamışdır. Şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkilli Şahid3 məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1992-ci il təvəllüdlü, Xırdalan şəhər, Quçşuluq yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülümüş psixotrop maddə metamfetaminin tapdığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki “Tovuz” adlı marketin yaxınlığında yerləşən zibilliyə baxış keçirən zaman orada narkotik vasitə və ya hər hansı bir qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi H.Z.Tağıyev küçəsində yerləşən fərdi evdə axtarış keçirilməsinə baxmayaraq həmin evdə narkotik vasitə, psixotrop maddə və o cümlədən qanunla qadağan edilmiş əşya və ya əşyalar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının 01 fevral 2023-cü il tarixli 6/615 saylı rəyindən görünür ki, tədqiqata təqdim edimiş “...Təqsirləndirilən şəxs aşkar olunan kütlələr....” yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 3,76 qram və 4,88 qram olmaqla ümumi təmiz çəkisi 8,640 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 8,640 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 8,540 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 974 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs müayinə zamanı Narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz xalis çəkisi 8,640 qram metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 8,540 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə baxılaraq tədqiq edilən 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edildi ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xidməti otağında müdafiəçisi X5, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etdi. Həmin 02 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi 02 (iki) ədəd şəffaf rəngli bükümdə olan psixotrop maddə metamfetamindir. Metamfetamini xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, “Tovuz” adlı marketin yaxınlığında yerləşən zibillikdən tapıb üzərində daşıyaraq saxlamışdır. Onun psixotrop maddə metamfetamin qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Cinayət işinin materiallarından görünür ki, Abşeron RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01ədəd “Mi” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Mi” markalı mobil telefon işləmir və həmin telefonda işlətmək üçün nömrə yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 02 ədəd sellofan bükümdə təmiz çəkisi 8,640 qram külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 02 ədəd sellofan bükümdə təmiz çəkisi 8,640 qram külli miqdarda psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Məhkəmə kollegiyası polis əməkdaşının iş materialındakı raportunda və qərarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair qeydinin ehtimallara əsaslandığını vurğulayaraq həmin xüsusatın iş materiallarında olan və məhkəmə istintaqında araşdırılan sübutlarla təsdiq olunmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 8,540 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 8,540 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-145/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-145/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver